Qədim türkçülük və bayram
Hər bir xalqın həyatında əlamətdar günlərin qeyd olunması ənənəsi var. Türk xalqlarının da əlamətdar günlərini bildirən anlayışların geniş əhatəli olması belə bir zəngin ənənənin mövcudluğunu göstərməkdədir.
Bunların içində
“toy”, “tuy”, “tuyun”, “düyün”,
“şölən”, “yəğma” və s.
anlayışlarla yanaşı “bayram”, “bəyrəm”
sözü də işlənməkdədir.
Xalqın həyatındakı ən əlamətdar günlərdən
biri də bayramlardır. Hər xalqın
özünə görə bayram adət
və ənənələri olduğu kimi bayram
anlayışının da öz dilində mənası var.
XI əsrdə Kaşqarlı Mahmud bu sözü “bedhrem” kimi “Divan”ında izah edib və
oğuzların onu “bayram”
şəklində işlətdiklərini qeyd
edib. Kaşqarlının verdiyi
izaha görə “bayram
əylənmə, gülmə halıdır”.
Baharın
gəlişi, havaların istiləşməsi, qarların əriməsi,
təbiətin canlanması bütün insanlara olduğu kimi türklərə də dərin təsir edib, həyəcanlandırıb və bu dəyişikliyi müxtəlif mərasimlərlə
qeyd etmələrinə səbəb olub. Türk sözü olan bayram
M.Kaşqarlının “Divan”ında “Bedhrem”
(bayram) - “Bir yerin işıqlarla və çiçəklərlə
bəzənməsi, orada sevinc
içində əylənilməsidir” şəklində izah edilib. Bayram
sözünün əski türkcədəki
forması olan “bedrem”,
“bezrem” heç
şübhəsiz ki, “bezemek”
felindən olmalıdır. Əskidən də keçirilən
bir sıra törənlərdə dekorasiyadan istifadə olunması məlumdur.
Törən keçirilən yer bəzədilir
və təntənəli vəziyyətə gətirilir.
Əskidən də mövcud olan “bəzrəm”lər türk
xalqlarının dillərində indi də
az dəyişikliklə işlənməkdədir.
Məsələn, tatar türklərinin
dilində indi də bu
söz “bəyrəm” şəklindədir.
Bayram adında zənginləşmək
anlamı da var. Bayram yeri çiçəklərlə
bəzədilir, çıraq və məşəllərlə
işıqlandırılırdı ki, bura ürəkaçan bir
yer olsun. Buradakı
işıqlandırma qeydinə görə bayramın axşam vaxtı da davam etməsini, çiçəklərlə
bəzədilməsi qeydi isə
bayramın baharda keçirilməsi
ehtimalını irəli sürməyə imkan
verir.
Tarixi qeydlərə görə türklərin
hunların zamanından bayram və şənlik
keçirdikləri məlumdur. Ayrıca olaraq
hunlar beşinci ayda, yəni yazda “Lunq-cinğ” adlanan yerdə
böyük bir bayram keçirərmişlər. Bu bayramlarda xalq inancları ilə bağlı adətlər
yerinə yetirilir, müxtəlif
yarışlar təşkil edilir, dini adət olaraq
dünyanı yaradan “Gök
Tanrı” və müqəddəs sayılan “yer”
üçün at qurban edilərdi.
Qurban mərasiminin ardınca cıdır yarışları
başlanırmış. Belə yarışlar payız
mövsümündə də təkrarlanırmış.
Hunların keçirdiyi mərasimlərə
bənzər bayram və şənliklərin
keçirilməsi Göytürklər dönəmində də
rast gəlinir. Belə ki, o dönəmdə türklərin hər il müəyyən zamanda
“əcdad mağarasında “atalarına qurban
kəsirdilər. Bayram mərasimləri isə
beşinci ayın ikinci
yarısında “Gök Tenqri”
və “ıduk yer, suv”
üçün qurban
kəsməklə başlanırmış. Qurbandan
sonra da kollektiv şəkildə şənlik olurdu. Bu zaman
oyun oynar, kımız
içər, nəğmələr söyləyərlərmiş.
Araşdırmalarda
450-ci ildə uyğur türklərinin Çinin şimalında böyük
bir bayram mərasimi
keçirmələri haqqında məlumatlara rast
gəlinir. Onların bu bayramda “Gök Tenqri”yə
qurban kəsmələri, sonra
da nəğmə söyləyərək
şənlik etmələri qeyd olunur. 840-cı ildən sonra
Tarım hövzəsinə gəlib oturaq
həyata keçən uyğurlar Buddizmi qəbul etsələr də, əski ənənələrini
unutmamışdılar. X əsrin əvvəllərində
uyğur kağanını ziyarət edən
Çin elçisi Vanq-Yen-Tenin məlumatına görə, uyğurlar üçüncü
ayın doqquzunda, yəni martın 9-da bir şənlik keçirirlərmiş. Bu şənliyin əsas əyləncəsinin
bir-birilərinin üzərinə su atmaq olduğu göstərilir.
Heç şübhəsiz ki, əyləncənin əsas komponenti
olan su
yağış diləyi ilə bağlı arxaik
ritualdan qaynaqlanıb.
Türklər yaza çətin və uzun
qışdan, soyuqdan və məhrumiyyətdən
qurtulub, xilas, rifah və azadlıq kimi
baxırdı.
Yaz bayramına “Yılbaşı” deyilib. “Yılbaşı”nda Günəşi
çıxartmaq, yağış yağdırmaq,
qışı yola salmaq,
yazı qarşılamaqla bağlı olan
bir sıra rituallar keçirilib. Bunların içərisində
“Çilə”, “Xıdır”, “Qodu”,
“İlaxır çərşənbə”, “Novruz”
var. “Novruz”
“Yılbaşı”nın yerinə keçdiyinə görə
xalq inancları ilə bağlı rituallar da onun
mərasim hissəsində cəmlənib, şənlik hissəsi
isə xalq oyun və
tamaşaları ilə bəzədilib. Novruz
bayramı bolluq, xeyirxahlıq, gözəllik
bayramıdır. Bu bayramın təntənəsinə insan
daxili, ruhi
oyanışın təsiri ilə hazırlaşır.
Əsrlərin sınağından çıxmış mənəvi
dəyərlərimizi, adət-ənənələrimizi
özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi,
onların bir-birinə mərhəmət və diqqət
göstərməsi kimi sağlam
bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın,
firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa,
insana məhəbbət bayramıdır.
Dünyanın bir çox ölkələrində
Novruz bayramı böyük
təntənə ilə qeyd olunur. Odur ki, bu əziz
bayram ərəfəsində bütün müsəlman dövlətlərini,
dünya azərbaycanlılarını, hər
bir ölkə vətəndaşını,
onların ailələrini təbrik edir, səadət,
firavanlıq, cansağlığı arzu edir və uğurlar diləyirik.
Novruzunuz mübarək!
Fəxriyyə İkramqızı
İki sahil.- 2014.- 19 mart.- S.21.