Milli varlıq və mənəviyyat xəzinəsi Novruz

 

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, yazın gəlişi onun yeniləşdirici ovqatına uyğun, yurdumuzun hər bir guşəsində aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, insanların rifahını yaxşılaşdıran çoxsaylı nailiyyətlərlə səciyyələnir

 

Daim qeyd olunduğu kimi, bir dövləti, xalqı dünyada tanıdan onun siyasəti ilə yanaşı, milli mənəvi dəyərləri, adət-ənənələri, mədəniyyəti və elmi potensialıdır. Zəngin tarixə, adət-ənənələrə malik olan Azərbaycan xalqı daim öz tarixi kökləri, milli mənəvi dəyərləri, tarixi ilə fəxr etmişdir. Tarixi çox qədim olan Novruz bayramının xalqımız tərəfindən hər il böyük təntənə ilə qeyd olunması da bu bağlılıqdan qaynaqlanır.

 

Dövlət başçısı İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində də bu amili xüsusi qeyd edir ki, milli varlıq və mənəviyyat xəzinəsi olan Bahar bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır. Kainatın dəyişməz ahəngi və əbədi qanunları ilə bağlı bu el bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür. Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə milli mənəvi dəyərlərimizin qorunması, inkişafı əsas istiqamətlərdən biri olmuşdur. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan istifadə etməyi bacarmışdır. Novruzun qədim köklərə malik olduğunu bəyan edən ümummilli lider Heydər Əliyev bu bayramın imperiyanın sərt rejimi dövründə respublika miqyasında yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra xalqımız bu bayramı daha böyük təntənə ilə qeyd etməyə başladı. Novruza ümumxalq mahiyyəti verən ulu öndər Heydər Əliyev bayram şənliklərində hər zaman xalqla bir yerdə olmuş, milli birliyin və həmrəyliyin vacib amil olduğunu önə çəkərək onları bu prinsipləri yüksək səviyyədə qorumağa çağırmışdır. Novruzun bu gün də yüksək səviyyədə qeyd olunması Heydər Əliyev siyasətinin uğurlu davamının təsdiqidir. Azərbaycancanlıq ideyasının təbliği, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyinin, həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Dövlət başçısı İlham Əliyevin Azərbaycan xalqına təbrikində də bildirilir ki, bizimlə birgə baharı azərbaycançılıq düşüncəsi işığında minlərlə soydaşımız ölkəmizin hüdudlarından uzaqlarda qarşılayırlar.

Novruz yeni ili, baharın ilk gününü qarşılamaq deməkdir. Ölkə Prezidentinin bayram təbrikində də qeyd edildiyi kimi, yazın gəlişi onun yeniləşdirici ovqatına uyğun, yurdumuzun hər bir guşəsində aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri və insanlarımızın rifahını əsaslı surətdə yaxşılaşdıran çoxsaylı nailiyyətlərlə səciyyələnir. Hər il bayram şənliklərinə qatılan Prezident İlham Əliyev xalq-iqtidar birliyinin sarsılmazlığını nümayiş etdirməklə yanaşı, gələcəyə böyük inamla addımlamağa əsas verən digər amilləri də açıqlayır, qarşıda duran vəzifələrə diqqət yönəldir. Özünün də vurğuladığı kimi, hər bir bayram tədbiri ötən ilin təhlili, həmçinin yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bir sözlə, bu tədbirlər bir hesabat xarakteri daşıyır.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra böyük inkişaf yoluna çıxan Azərbaycan son on ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində biri-birindən əhəmiyyətli uğurlara imza ataraq, Cənubi Qafqazın parlayan ulduzu, dünyanın on xoşbəxt ölkəsindən biri imicini qazanıb. Bu fikir dövlət başçısı İlham Əliyev tərəfindən daim önə çəkilir ki, qazanılan uğurların əsasında da məhz ölkədə həyata keçirilən siyasətin xalq tərəfindən dəstəklənməsi dayanır. Bu birlik, həmrəylik verilən hər vədin konkret əməli işdə öz təsdiqini tapması fonunda günbəgün möhkəmlənir, sarsılmaz olur. Prezident İlham Əliyev bildirir: “Bizim bütün işlərimiz konkret xarakter daşıyır. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik. Ancaq nəyi deyiriksə ona da əməl edirik... Əsas odur ki, insanlar üçün hər bir yerdə, hər bir şəhərdə, hər bir kənddə yaşamaq, işləmək, istirahət etmək üçün normal, yaxşı şərait yaradılsın.” Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətin alternativsizliyi beynəlxalq miqyasda da faktlar əsasında təqdir olunur. Ölkəmizin beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruması deyilənlərin təsdiqidir. Bir məqamı da qeyd edək ki, Azərbaycan ötən il Ümumdünya İqtisadi Forumuna ev sahibliyi etməklə iqtisadi forumların mərkəzi kimi də tanındı və mövqeyini möhkəmləndirdi.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bir dövləti dünyada tanıdan siyasəti ilə yanaşı mədəniyyəti, milli mənəvi dəyərləridir. Azərbaycan müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən dövlət olaraq daim dəyərlərinin qorunması, təbliği istiqamətində biri-birindən əhəmiyyətli addımlar atır. Ölkəmizin beynəlxalq əhəmiyyətli humanitar forumlara ev sahibliyi etməsi də müxətlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynamasından və bu mövqeyini günbəgün möhkəmləndirməsindən irəli gəlir. Dövlət başçısı İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumların açılışlarında bu fikri hər zaman xüsusi qeyd edir ki, Bakıda Humanitar Forumların keçirilməsi təsadüfi deyil. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir diyar olmuşdur. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər bu gündavam edir. Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, bu meyillər gələcəkdə daha da gücləndiriləcək və Azərbaycan uğurlu inkişafını davam etdirəcək. İstər Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, istərsə də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransda, həmçinin Milli Məclisdə Nazirlər Kabinetinin ilk hesabatında səsləndirilən rəqəmlərə diqqət yetirsək, hər sahə üzrə konkret proqramların uğurlu icrası nəticəsində böyük inkişafa nail olunduğunu görərik. Cənab İlham Əliyev bildirir: “Ölkəmizin uğurlu inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi və gözəl perspektivlər deməyə əsas verir ki, qalan problemlər, nöqsanlar, çatışmazlıqlar da aradan qaldırılacaqdır... Çünki bizim məqsədimiz ölkəmizi inkişaf etdirməkdir, Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir.” Dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu hədəflərə çatmağın yolları müəyyənləşdirilib. Əldə olunan sosial-iqtisadi göstəricilər təsdiqləyir ki, ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Ötən il ÜDM 6 faiz, qeyri-neft sektoru 10 faiz artıb. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatıb. Bu, ÜDM-nin 70 faizini təşkil edir. Strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula nisbətinə görə Azərbaycan dünyanın 20 ölkəsi arasındadır. 110 min yeni yeri açılıb ki, onların 80 mini daimi yeridir. İşsizliyin səviyyəsi 5, yoxsulluğun səviyyəsi 5,3 faizə enib. Ölkə iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulub. Sahibkarlığın inkişafı həm bölgələrdə, həm də şəhərlərdə uğurlu inkişafı təmin edir. Son illər ərzində sahibkarlara 1 milyard 200 milyon manat güzəştli kredit verilib. İnfrastruktur layihələri regional inkişaf proqramlarının əsas tərkib hissəsidir. Dövlət başçısı bildirir: “Azərbaycanda böyük infrastruktur layihələri həyata keçirilməklə, biznes mühitini yaxşılaşdırmaqla, xarici investorları ölkəmizə dəvət etməklə biz demək olar ki, iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Təsadüfi deyildir ki, bu gün Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkə kimi tanınır. Siyasi sabitlik baxımından Azərbaycan bir çox ölkələr üçün örnəkdir, nümunədir.”

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı-Novruz münasibətilə ümumxalq şənliyində iştirak edən dövlət başçısı İlham Əliyevin çıxışında bir daha uğurlarımıza diqqət yönəldərək, bu fonda qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olacağımıza əminliyini ifadə etmişdir.

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Dövlətimizin uğurlu siyasəti nəticəsində artan beynəlxalq dəstək münaqişənin tezliklə öz ədalətli həllini tapacağına inamı artırır.

Təbii ki, uğurlar yeni hədəflərin müəyyənləşdirilməsində stimul rolunu oynayır. Qarşıdakı on ilin əsas hədəfi Azərbaycanı inkişaf etmiş dövlətlər sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Bu məqsədə nail olmaq üçün bütün əsaslar mövcuddur. Harda yaşamasından asılı olmayaraq bütün soydaşlarımız günbəgün güclənən, qüdrətlənən Azərbaycanın vətəndaşı olmaqdan qürur hissi keçirir, ölkəmizin daha da çiçəklənməsinə, müasirləşməsinə töhfə verməyə çalışır.

Bütün dünya azərbaycanlılarını birlik və həmrəylik, xoş ovqat rəmzi olan Novruz bayramı münasibətilə təbrik edirik!

 

Yeganə Əliyeva

 

İki sahil.- 2014.- 20 mart.- S.5.