Tarixi təsdiqləyən Azərbaycan həqiqətləri

 

Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması bu həqiqətlərə işıq salır, erməni yalanları ifşa olunur

 

“Zaman hakim, tarix isə yaddaşdır” deyiblər. Tarix faktlara əsaslanır, saxtakarlığı sevmir. Ən əsası tarix yazılmır, yaradılır. Azərbaycan xalqı zəngin, qəhrəmanlıq səhifələri ilə dolu olan tarixi ilə hər zaman qürur duyub. Özünə saxta tarix yazan, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiaları irəli sürən ermənilər isə fakt qarşısında acizliklərini gizlətməkdə hər zaman çətinlik çəkirlər. Zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən ermənilər yalan təbliğatları ilə özləri barədə “yazıq, məzlum, döyülən və əzilən bir millət” obrazını yaratsalar da, əbəs yerə deyilmir ki, tarix həmişə hər şeyi öz yerinə qoyur.

 

Belə ki, Azərbaycan dövlətinin real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı nəticəsində ermənilərin əsil siması açıqlanır, dünya ictimaiyyətinə çatdırılır.

Bu günün reallıqları hər zaman bizlərdən əvvəlki illərin təhlilini aparmağı, düzgün dəyərləndirmələr etməyi tələb edir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı hər bir sahənin inkişafı ilə yanaşı, tariximizin də öyrənilməsinə, yeni-yeni araşdırmaların genişləndirilməsinə böyük imkanlar yaratdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz ölkə ziyalıları ilə keçirməsi də səbəbsiz deyildi. Dahi şəxsiyyət həmin görüşündə tariximizin saxtalaşdırılmasına yol verməməyi, ermənilərin yalan təbliğatının qarşısına əsaslı faktların qoyulmasını bir tələb kimi irəli sürdü, tariximizlə bağlı sanballı nəşrlərin ortaya qoyulmasının vacibliyini bəyan etdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonrakı dövrdə fəaliyyətinin əsas istiqamətlərindən biri məhz Azərbaycan ətrafında yaradılan informasiya blokadasının aradan götürülməsi idi. Dahi şəxsiyyətin xarici ölkəyə hər bir səfəri ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin açıqlanmasında, dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadı. Tarixi faktlar əsasında bəyan edildi ki, ermənilərin özlərinə saxta tarix yazıb, apardıqları yalan təbliğatın əksinə olaraq soyqırıma məruz qalan onlar yox, azərbaycanlılardır. Ulu öndər Heydər Əliyev ermənilərin tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törətdikləri soyqırımından geniş bəhs etməklə, bu reallığı ortaya qoydu ki, yalan üzərində qurulan təbliğat heç zaman inandırıcı və uzunömürlü ola bilməz. Baxmayaraq ki, Ermənistanda “erməni soyqırımı” abidəsi ucaldılaraq, bundan siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Bu ölkəyə səfər edən hansısa dövlət rəsmisinin abidəni ziyarət etməsi “erməni soyqırımı”nın tanıdılması kimi təqdim edilir. Təbii ki, bu məsələdə də dünyanın ikili siyasəti öz problemlərini yaratmaqdadır. Dünyanın iri güc mərkəzlərindən olan Fransa dövlətinin heç bir araşdırma aparmadan “erməni soyqırımı”nı tanıması, hətta digər ölkələri də bu addımı atmağa sövq etməsi ikili yanaşma deyilmi? Rəsmi Bakı daim dünyanın ikili siyasətinin yaratdığı problemləri diqqətə çatdırır və bəyan edilir ki, nə qədər ki, bu yanaşma mövcud olacaq, hansısa məsələnin ədalətli həllindən danışmaq mümkünsüzdür. Lakin bu fikir də bəyan edilir ki, dünyanın bu yanaşması bizi ruhdan salmamalı, daim mövqeyimizin müdafiəsi istiqamətindən səylərimizi artırmalıyıq.

Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması da dövlətimizin ədalətli, tarixi həqiqətlərə əsaslanan mövqeyinin göstəricisidir. Bu sənədin imzalanması ilə bir daha tariximizin faciəli səhifələrinə işıq salındı, əsil həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırıldı. Həmin ildən 31 martın istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması, erməni vəhşiliklərinin faktların dili ilə dünyaya bəyan edilməsi bu günümüzün yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yol açır. İdeoloji təbliğat, bu mübarizədə qələbə münaqişənin həllində əsas amillərdən biridir. Tarixi faktlar də təsdiqləyir ki, azərbaycanlıların kütləvi şəkildə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından qovulması və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. “Böyük Ermənistan” yaratmaq arzusundan ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə mane olaraq azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. Azərbaycanlılar dünya ictimaiyyətinə “zalım xalq” kimi təqdim olunmuşdur. 1918-ci ilin mart ayından etibarən ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışdılar. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrdə xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Erməni vəhşilikləri 1948-1953-cü illərdə də davam etmişdir. Belə ki, ermənilər azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular. Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. Yazının əvvəlində də qeyd etdiyim kimi, “yazıq, məzlum erməni xalqı”nın surətini yaradaraq regionda baş verən hadisələr məqsədli şəkildə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi. Budur, ermənilərin tarix boyu göstərdikləri səylər.

1988-ci ildə ermənilərin əsassız torpaq iddiası yenidən baş qaldırdı. Ortaya atılan qondarma Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qanunsuz qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.

Bu fakt inkaredilməzdir ki, cinayət cəzasız qalanda növbəti cinayətlərə yol açır. Bir məqamı da qeyd etməliyik ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı beynəlxalq hüququn əsas prinsipidir. Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal olunması, dünyanın 25 ildən artıq bir dövrdə bu məsələyə biganə yanaşması, ən əsası işğalçıya müxtəlif adlar altında maddi və mənəvi dəstək olması hansı hüquqa sığır? Arxiv materiallarının araşdırılması, dünya arxivlərinin açılması məsələsi gündəmə gətiriləndə ermənilərin və onlara havadarlıq edən dövlətlərin müxtəlif bəhanələrlə bundan yayınmaları və bu addımın gərəksizliyi barədə qeyri-ciddi fikirlər səsləndirmələri də faktların olmamasının, ermənilərin özlərinə saxta tarix yazmalarının göstəricisidir. Dövlət başçısı İlham Əliyev tarixi faktlara əsaslanaraq bildirir: “Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma faktları əsasında qərar qəbul edirlər.” Ölkə Prezidenti bu yalan təbliğata qarşı öz siyasətimizi, həqiqətlərimizi, ən əsası gücümüzü ortaya qoymağın vacibliyini bəyan edir. Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, bütün dünyaya yaymaq harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının gündəlik işi olmalıdır.

Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Faciə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələri ilə Xankəndi şəhərində yerləşdirilmiş Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə törədildi. Hücumdan əvvəl, fevralın 25-i şəhər toplardan və ağır zirehli texnikalardan atəşə tutulmuş, nəticədə böyük dağıntılar və yanğınlar baş vermişdir. Fevralın 26-sı şəhər tamamilə alova bürünmüşdür. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutmuşdur. Bu qırğın nəticəsində 613 nəfər həlak olmuşdur. Onlardan 63-ü uşaqlar, 106-sı qadınlar, 70 nəfəri qocalar olmuşdur. 8 ailə tamamilə məhv edilmişdir. Ermənilərin sağ qalmış insanlara verdikləri işgəncələr, başlarının dərisini soymaları, uşaqların gözlərini çıxarmaları insanlığa sığmayan hərəkət, vəhşilik, cinayətdir. Budur, erməni diasporunun və onların havadarlarının dünyaya “yazıq, məzlum, əzilən millət” kimi təqdim etdikləri ermənilərin əsil siması.

Bunlar bizim yaşadığımız faciələrdir. Dövlət başçısı İlham Əliyev bildirir ki, bütün tarixi həqiqətlər işıq üzü görməli, ölkə və dünya ictimaiyyətinə çatdırılmalıdır.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxışı zamanı bu əsas məqamı diqqətə çatdırmışdır: “Tarix elmləri ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir. Biz bu məsələyə çox böyük diqqət göstəririk. Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət cavab verərək qısa müddət ərzində bu bölgənin tarixi ilə bağlı çox gözəl və real faktlara əsaslanmış əsərlər yaratmışlar. Başlıcası, İrəvan xanlığının tarixi ilə bağlı yaradılmış əsərlər xüsusi məna daşıyır. Çünki əfsuslar olsun ki, dünya birliyi demək olar bilmirdi ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır.”

Möhtərəm Prezidentimiz İlham Əliyev həmin çıxışında bu reallığı da bəyan etmişdir: “Biz təşəbbüslərimiz, tarixə müraciətimiz və konkret dəlillərlə, faktlarla mövqeyimizi əsaslandırmışıq ki, İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilmişdir. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi... Yəni, bütün bu tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Ona görə bu kitabların xarici dillərdə nəşri xüsusi məna daşıyır.”

Bu fakt inkaredilməzdir ki, bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Dövlət başçısının qeyd etdiyi kimi, hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür. “Biz bütün bunları bilməliyik. Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır. Biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir... Bu, bizim torpağımızdır. Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir” söyləyən möhtərəm Prezidentimiz bu istiqamətdə görülən işləri daha da gücləndirməyi qarşıya mühüm vəzifə kimi qoydu: “Bu məsələlərə nəinki alimlərimiz, hesab edirəm ki, ictimaiyyətin üzvləri də internet vasitəsilə fəal qoşulmalıdırlar. Nəzərə alsaq ki, həqiqət və tarixi ədalət bizim tərəfimizdədir, bu, bu gün də lazımdır, gələcək üçün də.”

Təbii ki, bu gün hər bir Azərbaycan ziyalısının qarşısında duran əsas vəzifə faktlara əsaslanan təbliğata dəstək olmaqla yanaşı, eyni zamanda gənclərimizi düzgün tərbiyə etmək, onlarda vətənpərvərlik hisslərini artırmaq, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirmək, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı öyrənməyi aşılamaqdır. Bu gün Bakı Dövlət Universitetində “Qafqaz xalqları tarixi” kafedrası, eyni zamanda onun nəzdində “Erməni araşdırmaları” laboratoriyası fəaliyyət göstərir. Biz ermənilərin tariximizi təhrif etmək cəhdlərinə hər zaman tutarlı, faktlara söykənən tədqiqatlarımızla cavab verməliyik. Düşünürəm ki, “Qafqaz xalqları tarixi” kafedrası, eyni zamanda “Erməni araşdırmaları” laboratoriyası bu istiqamətdə öz dəyərli sözünü və töhfəsini verəcək.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xidmətləri böyükdür və bunu xüsusi vurğulamaq istərdim. Heydər Əliyev Fondu tərəfindən hazırlanan vəsaitlər-kitablar, albomlar, video disklər dünyanın müxtəlif ölkələrində Azərbaycanlıların soyqırımı günü, həmçinin Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə təbliğat vasitəsi kimi istifadə edilir, beynəlxalq ictimaiyyətə çatdırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət-Qarabağa azadlıq” kampaniyası dəstəklənərək hər il 26 fevral tarixi İKT ölkələrində humanitar fəlakət qurbanlarının xatirələrinin anma günü kimi qeyd olunur. 31 mart Azərbaycanlıların soyqırımı günündə də bu tədbirlər davamlılığı ilə diqqət çəkir. Məqsəd Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır.

Dövlət başçısı cənab İlham Əliyev həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri önə çəkərək, daim bu əminliyi ifadə edir ki, gün gələcək soyqırımı törədən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. Azərbaycanın işğal altındakı bütün bölgələri azad olunacaq və soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Bu əminliyi yaradan əsas amil isə ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanımızın günbəgün güclənməsi, iqtisadi və siyasi qüdrətinin artmasıdır. Hər il və hər ay bizi qələbəyə yaxınlaşdırır. Hər il və hər ay Azərbaycan daha da güclü, Ermənistan daha da gücsüz olur. Azərbaycan bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.

 

İradə Hüseynova,

YAP Siyasi Şurasının üzvü,

tarix elmləri doktoru, professor,

BDU-nun “Qafqaz xalqları tarixi” kafedrasının müdiri

 

İki sahil.- 2014.- 29 mart.- S.7; 11.