Arif Məmmədov:
“Gəncə şəhərinin
arxeoloji
tədqiqində yeni mərhələ başlayıb”
AMEA Arxeologiya
və Etnoqrafiya İnstitutunun İlk orta əsrlər
arxeologiyası şöbəsinin müdiri, Gəncə
arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə elmlər
doktoru, professor Arif Məmmədov ölkəmizin
arxeoloqları içərisində tarix elmləri doktoru və
professor adını ən gənc yaşında alan tədqiqatçıdır.
Yaşı 53-ə qədər
olan arxeoloqlar içərisində
bu adın yeganə sahibi
də odur. Müsahibimizin
elmi fəaliyyət dairəsinə Bərdənin
3000, Salyanın (Muğan-Babazanlı) 2800, Gəncənin 2500 illiyi və hazırkı tədqiqatlarına
görə, daha qədim tarixinin
qeyd edilməsi daxildir.
Söhbətimiz isə Avropanın Gənclər paytaxtı elan edilməklə dünyanın diqqətini
özünə cəlb edən, günü-gündən
gözəlləşən Gəncə şəhərinin arxeoloji tədqiqi sahəsindəki son durumla
bağlıdır.
- Arif müəllim, uzun illərdir, Gəncə şəhərində arxeoloji tədqiqatlar aparırsınız. Bu işlərin əvvəlki elmi tədqiqatlardan fərqi nədədir? Hansı elmi yeniliklər var?
Öncə onu deyim ki,
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin göstərişləri
və sərəncamlarının ardıcıl yerinə yetirilməsi
nəticəsində Gəncədə geniş
abadlıq və quruculuq işləri
aparılmaqdadır. Mövcud prosesdə ən
vacib məqam klassik üslubla müasirliyin sintezidir. Bərpa işləri zamanı tarixdə
Gəncə hörgüsü adı ilə
tanınan Arran memarlıq üslubunun
qorunması xüsusilə təqdirəlayiqdir. Mövcud yanaşma qədim
Gəncənin hər səhifəsini əks etdirən şərəfli
tarixinin bundan sonra da qorunacağına zəmanət
verir.
Gəncədə ilk sistemli tədqiqat
işləri XX əsrin əvvəllərində D.Şərifov
və İ.Cəfərzadə tərəfindən
aparılıb. Bu qazıntılar kəşfiyyat baxımından mühüm əhəmiyyət kəsb etsə
də, şəhərin yaranmasına dair
konkret fikir söyləməyə
əsas vermir. 1981-ci ildən tarix elmləri namizədi Rəfail Əhmədovun
rəhbərliyi ilə yenidən fəaliyyətə başlayan Gəncə arxeoloji
ekspedisiyası şəhərin orta
əsrlər dövrünün öyrənilməsi
sahəsində xeyli işlər gördü. Ancaq onun tarixi ərazilərinin
dəqiqləşdirilməsi və qədim dövr
abidələrinin tədqiqinə diqqət yetirilmədi.
Real nəticələrə gəldikdə, Gəncə arxeoloji ekspedisiyasının 2003-2013-cü illərdə
apardığı arxeoloji
qazıntıların əhəmiyyəti böyükdür.
Əsas cəhət odur ki,
arxeoloji tədqiqatlar zamanı Gəncənin
qədim tarixinin tədqiqinə xüsusi diqqət yetirilib. Bu məqsədlə
təkcə orta əsr şəhər yeri deyil, həm də qədim
Gəncənin əraziləri hesab edilən
ətrafdakı arxeoloji abidələr tədqiqata
cəlb edilib. Ekspedisiyanın
fəaliyyəti zamanı daş dövrünün yeni mərhələsinə
(neolit dövrü) aid daş baltanın və
isgənənin tapılması, Gillikdağ
emalatxanasından və düşərgəsindən dəvəgözü
və çaxmaqdaşı alətlərinin əldə edilməsi
bu ərazidə yaşamış
insanların eramızdan əvvəl VII - VI minilliklərə
aid neolit mədəniyyətinin
yaradıcılarından olduğunu
söyləməyə əsas verir. Gəncə
Dövlət Qoruğunun ərazisindəki
Təndirli deyilən yerdə eneolit
dövrünə aid arxeoloji
tapıntıların varlığı sübut
edir ki, burada neolit dövründə
başlamış həyat tərzi e.ə. V minillikdə, eneolit dövründə də davam
edib, yeni iqtisadi inkişaf üçün zəmin yaranıb.
Arxeoloji tədqiqatlar həmçinin e.ə
IV-III minilliklərdə Gəncənin dağətəyi ərazilərində
məskunlaşmanın artdığını, yeni yaşayış yerlərinin meydana gəldiyini sübuta
yetirir. Bu dövrdə
tuncun kəşfi metallurgiya,
metalişləmə və dulusçuluqda
təkamülün olduğunu da isbatlayır. Məhz e.ə IV-III minilliklərdə
Gəncə eneolit mədəniyyəti əsasında
yaranmış ilk tunc
dövrü mədəniyyəti - Kür-Araz mədəniyyətinin əsas mərkəzlərindən
biri olub. Gəncə ətrafı
kurqan abidələrində aparılan arxeoloji tədqiqatlar burada
dairəvi quyularda adi
dəfnetmə və kremasiya adətlərinin
olduğunu izləməyə imkan yaradır. Buradakı dəfn adətləri
e.ə III minillikdə bölgədə qədim tayfaların
yaşadıqlarını sübut edən
əyani dəlillərdir. Gəncədə Kür-Araz
mədəniyyəti tayfalarının mənəvi mədəniyyəti
burada tədqiq edilən qəbir abidələrində
izlənilib. Qədim Gəncə
tayfalarının dairəvi planlı quyu tipli qəbir abidələrində adi dəfn adətləri ilə yanaşı,
kremasiya-ölülərin yandırılıb
basdırılması adətləri də müşahidə olunub. Ətrafı və üstü
daşlarla örtülmüş
bu tip qəbirlər həm
Gəncə, həm də Qarabağın qədim
tayfaları üçün səciyyəvidir.
Xalqımızın qədim mədəniyyətini
özündə əks etdirən dəfn adətlərindəki
eynilik bu ərazilərdə
yaşamış tayfaların etnik mənsubiyyətcə
də yekcins olduqlarını göstərir.
Arxeoloji tədqiqatların nəticələri
e.ə IV-I minilliklərdə Yaxın Şərq
və Ön Asiyanın ticarət mərkəzini
əlaqələndirən əsas karvan
yollarının da Gəncədən keçdiyini göstərir ki,
bu da Gəncənin bu ticarət yolu üzərində
inkişaf tapdığını və bütün Cənubi Qafqazda
mühüm mədəniyyət mərkəzlərindən
biri olduğunu təsdiqləyir.
Gəncə ətrafında Makedoniyalı
İsgəndərin adına kəsilmiş gümüş
pul dəfinəsinin tapılması
artıq antik dövrdə ərazidə
yüksək dərəcədə inkişaf
etmiş sənətkarlıq və ticarət
mərkəzi kimi tanınan iri şəhərin olduğunu
isbat edir. Gəncə
şəhərinin əsasının e.ə IV əsrdə
Makedoniyalı İsgəndər tərəfindən
qoyulması ilə bağlı əfsanəvi məlumatlar da vardır. Hətta N.Gəncəvinin İsgəndərnamə
poemasında İsgəndərlə Nüşabənin görüşü zamanı yeni
bir şəhərin əsasının qoyulduğu da bildirilir. Həmin dövrdə Bərdə
şəhəri mövcud olduğundan
və Nüşabə də onun
hökmdarı kimi
tanındığından, yeni əsası
qoyulan şəhərin Gəncə olduğunu ehtimal etmək olar. Lakin Makedoniyalı
İsgəndərin Şimali Azərbaycanda
olmadığı haqda məlumatları əsas
götürsək, onda bu
fikir yalnız ehtimal xarakteri daşıya bilər. Həm
də həmin dövrdə Gəncə artıq şəhər
kimi mövcud olduğundan, burada şəhərin
əsasının qoyulmasından yox, tam dağıntılara məruz qalmış
şəhərin yerdəyişməsindən, yaxud bərpasından söhbət gedə bilər.
Gəncə arxeoloji ekspedisiyasının Gəncə
Dövlət Tarixi-Mədəniyyət Qoruğunun
ərazisinə daxil olan
Şəhər burnunda apardığı
arxeoloji qazıntıların nəticələri
yazılı məlumatları təsdiqləyir. Hələ
eramızın əvvəllərində yaşamış Strabonun məlumatlarını əsas
götürsək, antik dövrdə Kür çayı gəmiçilik üçün yararlı olduğundan,
bütün iri
yaşayış məntəqələri həmin çay boyunca yerləşmişdi.
Arxeoloji
qazıntılar zamanı çayda hərəkət
edən gəmilərin yan alması üçün “buxta”
qalıqlarının, müsafirlərin və yüklərin
yerləşdirilməsi üçün
nəzərdə tutulan hücrələrin,
sənətkarlıq məmulatları və alətlərinin
tapılması deyilənlərin sübutudur.
Digər tərəfdən, ilk
insanların məşğuliyyətində ovçuluq
və yığıcılıqla yanaşı
balıqçılığın da mühüm yer tutduğunu və bunun üçün Kür
çayı sahillərindəki Gəncə Qoruğu
ərazisində bütün
imkanlarının olduğunu, eləcə
də şəhərin yaranması və gələcəkdə
böyüməsi üçün geniş düzənlik ərazinin vacibliyini nəzərə alsaq,
qədim Gəncə dağlıq yerlərdə deyil, məhz bu ərazilərdə
təşəkkül tapıb. Gəncə arxeoloji ekspedisiyasının
apardığı arxeoloji kəşfiyyat
işləri zamanı “Şəhər burnun”dan əvvəlki Gəncənin yeri hesab etdiyimiz
ərazi də müəyyənləşdirilib ki, bu da
onun antik dövrdən
əvvəlki tarixinin dəqiqləşdirilməsi
baxımından önəmlidir. Yeni
müəyyənləşdirilmiş ərazidə arxeoloji tədqiqat işlərinə
başlanılması həm də antik və
daha qədim dövrlərdə Gəncənin
ətrafına hasar çəkilməsi
ilə bağlı fikirlərə aydınlıq gətirməyə
imkan verəcək.
- Sonrakı dövrdə Gəncənin arxeoloji tədqiqi ilə bağlı hansı xüsusiyyətləri vurğulamaq mümkündür?
Ərəb
işğalları dövründə Gəncə
Albaniyanın əsas şəhərlərindən biri kimi öz
mövqeyini saxlaya bildi. 943-944-cü illərdə slavyanların
hücumları nəticəsində Bərdə şəhəri
güclü dağıntılara məruz
qaldığından ticarət yolları şimaldan
cənuba keçmiş və Bərdə
əlaqə nöqtəsi
kimi öz əhəmiyyətini
itirdi. Həmin dövrdə
iqtisadi, siyasi və mədəni
mərkəz kimi Gəncənin mövqeyi artdı, onun ətraf
qala divarları möhkəmləndirildi, Keşikçi qala, Gülüstan qalası, Qızıl qala, Balçılı qalası, Köşkü qalası və s. kimi müdafiə
istehkamları tikildi.XI əsrdə Şəddadilər
dövründə güclənən Gəncə
Arranın nəhəng şəhərinə çevrildi.
XI-XII əsrlərdə Gəncə ölkənin siyasi, iqtisadi və mədəni
həyatında mühüm rol oynayan şəhər kimi məşhurlaşdı.
Atabəylərin
hakimiyyəti dövründə Gəncə həm müsəlman,
həm də xristian Alban
İntibah mədəniyyətinin mərkəzi
oldu. Müsəlman
İntibahının Əbül-üla Gəncəvi, Nizami Gəncəvi, Qivami
Gəncəvi, Məhsəti (Rəziyyə) Gəncəvi, xristian alban mədəniyyətinin
David Alavik, Smbat Sparapet, Xetun Patmiç, Mxitar Qoş, Kirakos Gəncəli, Böyük
Vardan albanlı və s.
kimi nümayəndələri Gəncədə
yaşayıb yaradıblar. Bu dövrdə
Alban katalikosluğunun
mərkəzinin Qarabağdakı Gəncəsər və Berdakur məbədlərindən, Gəncə
ətrafındakı dağlarda yerləşən
Mahrasa məbədinə
köçürülməsi də deyilənləri təsdiq
edir.
Arxeoloji tədqiqatlar onu da
sübut edir ki, monqol
işğalları dövründə Gəncə və ətraf
ərazilərdə əkinçiliyin tənəzzülü
və heyvandarlığın inkişafı ilə əlaqədar
tərəkəmələr xeyli
varlandılar. Öz mal-qara
sürülərini monqollardan qorumağa çalışan tərəkəmə
elbəyiləri
(feodalları) dağlıq ərazilərə çəkilir,
əlverişli yerlərdə özlərinə qəsrlər
tikdirir, əlavə müdafiə hasarları
çəkdirirdilər. XIII-XIV əsrlərdə tikilmiş Zurnabad
qalası da bu məqsədlə
inşa olunmuş qurğulardan hesab edilir.
Ümumən
Gəncə arxeoloji ekspedisiyası
2003-2013-cü illərdə orta əsr Gəncə
şəhəri ərazisində qala
divarlarının daha qədim
qalıqlarını, VII-VIII əsrlərə aid
yeddi aşırımlı körpünün tağlarını, 4,5 m dərinlikdəki su kəməri
xətti qalıqlarını və s.
aşkarlayıb. Ekspedisiya həmçinin
dulus və kərpic kürəxanalarında,
N.Gəncəviyə hədiyyə edilən Həmidünya kəndinin
yerləşdiyi Beşran təpəsində,
Qızıl qalada, Çillikdağda,
Təndirlidə, Zurnabad qalasında,
Balçılı Qız qalasında, Keşikçidağ
məbədlərində, mağaralarında, qülləsində və nekropolunda, Mahrasa məbədində, Göybulaq
məbədində, Topal Hasanlı kəndində,
İsgəndər təpəsində və s.
ərazilərdə arxeoloji tədqiqat və
kəşfiyyat işləri aparıb, şəhərin qədim
tarixini özündə əks etdirən
maddi-mədəniyyət qalıqlarını üzə
çıxara bilib.
Arxeoloji qazıntıların nəticələri Gəncə ərazisində
neolit dövründən başlayaraq
son orta əsrlərə
qədərki dövrdə maddi-mədəniyyətdəki varisliliyi və ənənəviliyi izləməyə
imkan verib, burada yaşayan əhalinin
tərkibinin yekcins olduğunu
təsdiqləyib. Habelə
ortaya şəhərin daha
qədim tarixinə dair yeni
faktlar qoyub. Bütün bunlara görə
qətiyyətlə demək mümkündür
ki, Gəncə şəhərinin arxeoloji tədqiqində yeni
mərhələ başlayıb.
- Arif müəllim, Sizin Gəncə şəhərinin tarixi ilə bu qədər dərindən məşğul olmanızın səbəbləri nədədir? Gəncə şəhərində gələcəkdə aparılacaq arxeoloji tədqiqatlar barədə nə deyə bilərsiniz? Gəncədə bu işi davam etdirə biləcək mütəxəssislər varmı?
- Bu, ilk növbədə
pafoslu səslənməsin, Vətən sevgisi və Gəncə şəhərinə
olan istəklə bağlıdır.
Bölgədə doğulmuşam.
Artıq 30 ildir, həmin ərazidə tədqiqatlar
aparıram. Gəncə tarixilik
nöqteyi-nəzərdən önəmlidir. Şəhər
Cənubi Qafqazın iki qonşu
respublikasının müəyyən ərazi
iddialarının nəzərə çarpması
baxımından da həssas strateji mövqedə yerləşir. Ona görə burada ətraflı
və dəqiq tədqiqatların davam
etdirilməsi olduqca mühüm
şərtdir.
Hər bir alimin gördüyü
iş onun yetişdirdiyi kadrlar və
əsərləridir. 2008-2010-cu illərdə mən həm də
AMEA Gəncə Regional Elmi
Mərkəzdə Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri
vəzifəsində işləmişəm. Bu
müddət ərzində Gəncə şəhərinin tarixi-arxeoloji tədqiqi ilə bağlı dörd dissertasiya işi götürülüb,
müdafiə olunub. Dissertasiya
müəlliflərindən ikisi Gəncə
şəhərində, ikisi Gəncə ətrafındakı
elmi müəssisələrdə fəaliyyətlərini
davam etdirirlər. Yeddi
dissertant və doktorant da müvafiq
mövzular üzrə
elmi işləyirlər. Təkcə Gəncə şəhərinin
tarixi ilə bağlı 50-dən artıq
elmi əsərin müəllifiyəm.
O ki qaldı arxeoloji tədqiqatlara, arxeologiya lisenziyalı sahədir. Mərkəzləşmiş qaydada AMEA Arxeologiya
və Etnoqrafiya İnstitutunun nəzarəti
ilə aparılır.
Tarixçi hansısa arxiv
sənədini işləyərkən
səhvə yol versə, onu gələcəkdə başqası
düzəldə bilər,
ancaq arxeoloji abidə dağıldısa,
onu yenidən bərpa etmək, öyrənmək mümkünsüzdür.
Hələlik Gəncə
arxeoloji ekspedisiyası
mənim rəhbərliyimlə
hər il
mövsümi olaraq fəaliyyətini davam etdirir. Gəncədə olan kadrlarımız
da arxeoloji tədqiqatlara cəlb olunurlar.
- Gəncə Regional Elmi Mərkəzin bazasında
AMEA Gəncə bölməsi
yaradılmışdır. Şübhəsiz ki, bölmənin
real fəaliyyət göstərməsi
üçün işini
dərindən bilən
mütəxəssislərə ehtiyac var. Siz necə, gələcəkdə
Gəncə şəhərində
fəaliyyətinizi davam
etdirmək istərdinizmi?
- Bakıda yaşasam
da, Gəncə tarixinin işlənilməsi
ilə həmişə
məşğulam və
hər ilin müəyyən dövrünü
Gəncə şəhərində
oluram. Digər tərəfdən, zənnimcə, hər bir elm adamı həm də müsəlləh əsgər
olmalıdır. Təklif və
tələb hara olunsa, orada işləməyi
bacarmalıdır.
Əvəz Rüstəmov
İki
sahil.- 2014.- 1 may.- S.19.