50 il səmada

 

Milli  Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki  Aviasiya Muzeyinin stendlərindən ağ-qara fotolar boylanır. Bu şəkillərdə XX əsrin səması, sevgisi, romantizmi, hərb və sülhü əks olunur. Çöhrələrdə aşıb-daşan gənclik eşqi, yenilməz iradə, sonsuz səmalarda qanad açmaq arzusu bu fotoşəkilləri dəmir əsrin obrazına çevirir. Qəhrəman Azərbaycan şahinləri bu muzey sakitliyində indi xatirələrlə təkbətək qalıblar...

Stendlərin birindən Azərbaycan Mülki Aviasiyasının canlı əfsanələrindən olan Əzimbala Əzimovun portreti asılıb. Onunla burda görüşməyi  vədələşmişik. Hələ vaxta var. Mülki Aviasiya Muzeyinin  direktoru, əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova ilə söhbətləşirik. Məşhur fransız yazıçısı, təyyarəçi Ekzüperinin sözləri yadıma düşür. “İnsanların planeti” əsərinin ön sözündə o deyir: “Hava yolları salmaq üçün alət olan təyyarə insanı intəhasız məsələlərlə üzləşdirir”. Bu işıqlı zaldakı, zamanın müxtəlif dövrlərini ehtiva edən təyyarə modellərinə baxa-baxa anlayıram ki, doğrudan da Ekzüperi demişkən, təyyarə idrak alətidir. Əslində, bu muzey idrakın bir parçası, insan zəkası və rəşadətindən danışan bir epizoddur.

Firəngiz xanım Əzimbala Əzimov haqqında danışır: “O, nadir adamdır. Azərbaycan Mülki Aviasiyasının flaqmanlarından biridir. Düz 50 ildir ki, aviasiyadadır. Bu müddətdə o, 28 min 500 saat uçuşda olub. Bütün MDB məkanında bu göstərici birincidir. Ə.Əzimov indi Aviasiya Akademiyasında dərs deyir, həm də uçuş heyətlərinin məsləhətçisidir”.

Biz zamandan danışırıq. 28500 saatın ənginliyinə baxıram, insan ömrünün bu sonsuz səmanın səthində 28500 saat uzunluğunda bir cığır cızmasını anlamaq istəyirəm. Bir azdan bu məğrur yerişli, şux görkəmli insan ilə üzbəüz əyləşib söhbət edəndə o, maraqlı bir epizodu misal çəkib, anlamaq istədiyim həqiqətə aydınlıq gətirəcək:  “Qatı buludlardan bir az yuxarı qalxanda, qəribə bir mənzərə yaranır. Səndən aşağıda qalan buludların  üfüqlə kəsişdiyi yerə qədər səmanın parlaq işartısından başqa heç nə görünmür. Mən gənc pilotlara deyirəm: Baxın bu mənzərəyə və bilin ki, bu möcüzəni görmək üçün yaşamağa və uçmağa dəyər”.

Lap əvvələ qayıdırıq. Sonsuz səmalardan yerə enirik. O yer ki, bizə güc verir, bizə özümüzü tanıdır. Hər şey ötən əsrin ikinci yarısından başlayır. Artıq dünyanı sarsıdan, simasını dəyişən müharibə başa çatıb.

1948-ci ilin sentyabrı... Bakının Əmircan qəsəbəsində bir oğlan uşağı dünyaya göz açdı. Adını Əzimbala qoydular. Babası ilə nənəsinin himayəsində böyüdü. Abşeronun qədim adətlərindən biridir - ata-anaya kömək olsun deyə, uşaqlardan birini  baba ilə nənə öz öhdəsinə götürür. Qocalar ona torpağa sevgi ilə yanaşmaq kimi çətin bir elmi öyrədirdilər. Bir az qabağa gedib deyim ki, elə indi də Əzimbala müəllimin gözoxşayan bağ-bağçasında torpaq elminin izləri çox açıq-aydın görünür. Amma torpağa nə qədər bağlı olsa da, onun qəlbi daha çox sirli-sehrli səmaya sarı boylanırdı. Bəlkə də bu, daha çox qədim Xilənin, indiki Əmircanın üstündən tez-tez ötüb keçən təyyarələrin cazibəsi idi. Hər insanın taleyində bir gün, bir həlledici məqam olur. Səmaya qapı açan o gün Əzimbalanın yaddaşında əbədi həkk olundu.

1958-ci ilin 18 avqustu. Hər il olduğu kimi o gün də bütün SSRİ-də Aviasiya bayramı kimi təmtəraqla qeyd olunurdu. Zabrat aerodromunda keçirilən bayram şənliyində Əzimbalanın atası “Lİ-2” təyyarəsinə bilet aldı. Sevinci yerə-göyə sığmayan 10 yaşlı Əzimbala   ilk dəfə idi ki, səmadan dünyaya baxacaqdı. Bir neçə dövrə vurandan sonra “Lİ-2” yerə endi. Ancaq o, təyyarədən yerə düşmək istəmirdi. Atası bu dəfə ona “PO-2”də uçmaq üçün bilet aldı. Bu təyyarənin Əzimbala üçün ən böyük gözəlliyi onun kabinəsinin şüşəsiz olması idi. Yerin əsrarəngiz görünüşü və səmanın parlaq rəngləri onun qəlbini  sehrləmişdi. Elə bu sehrin işığında 1961-ci ildə Bakı aeroklubuna gəldi. Üç il sonra - mayın 9-da  Qala aerodromunda ilk dəfə paraşütlə tullanaraq özünü sınadı. Qələbə günü - mayın 9-da başlanan bu sınaq sonrakı illərdə 109 dəfə təkrarlandı. 1965-ci ilin “Krılya Rodinı” jurnalının 9-cu sayında Əzimbala Əzimovun fotoşəkli çap olundu. Bu cümlələr də həmin jurnaldan götürülüb: “208 nömrəli məktəbin 10-cu sinif şagirdi Əzimbala Əzimovun planerdə ilk sərbəst uçuşu uğurla keçdi”. Amma bu pafoslu cümlənin əks tərəfində qonşularının nənəsinə dediyi belə sözlər var idi: “Ay qonşu, gözünün ağı-qarası bir uşaqdı, onun aeroplanda nə işi var?” Nənəsi isə deyib: “Allah saxlayanda, saxlayır”.

1969-cu ildə Ə.Əzimov Sasovo Mülki Aviasiya Uçuş məktəbini bitirib. Bəzən zamanı ehtiva edən rəqəmlərə biz sadə bir riyazi işarə kimi baxırıq. Əslində isə, bu, böyük bir ömrün  ağlı-qaralı səhifələridir.

O, 1969-cu ildən Zabrat aviodəstəsində 2-ci pilot, sonra isə komandir vəzifəsində çalışır. Bu, o vaxtlar idi ki, ulu öndərimiz  Heydər Əliyev təzəcə hakimiyyətə gəlmişdi. Artıq sənaye, tikinti, kənd təsərrüfatı və digər sahələrdə böyük bir canlanma başlamışdı. Elə həmin coşub-çağlayan vaxtlarda Ə.Əzimovun komandiri olduğu aviodəstə pambıqçılıq rayonlarına səfərbər olunmuşdu. Aviasiyaçıların bu köməyi nəticəsində pambıqçılıqdakı irəliləyişlər artıq göz qabağında idi.

Bu romantik nəslin keçdiyi həyat yolu, onların şərəfli zəhməti bu gün də dillərdə şirin bir söhbət mövzusudur. Onlar Vətənin xoş  gələcəyi üçün fədakarlıq göstərirdilər. İndi də o dövrün inkişaf sıçrayışının xronikasına baxanda, bu əməksevər insanlara ürəyində bir minnətdarlıq duyğusu baş qaldırır. Onda Ə.Əzimov yazıçı Həmid Axundlunun qızı Şəfəq xanımla təzəcə ailə qurmuşdu. Evlərində iki oğul balası böyüyürdü. Amma bütün bunlara baxmayaraq, o, zəhmətlə, sabahkı günün uğurları ilə nəfəs alırdı. Xalqın ümummilli lideri Heydər Əliyevin respublikanı birincilər sırasına çıxarmaq  çağırışına səs verən və Ə.Əzimovun da təmsil olunduğu bu nəsil Azərbaycan tarixinin parlaq səhifələrini yazdı. 1972-ci ildə 24 yaşlı Ə.Əzimov “Şərəf nişanı” ordeni ilə təltif olundu. Ömrün parlaq anları bir-birini əvəzləyirdi. Gənc olsa da, kollektivdə böyük nüfuz qazanmışdı. Peşəkarlığı, insanlara qayğıkeşliyi, ən əsası isə yüksək əxlaqi keyfiyyətləri onu hamının gözündə ucaltmışdı.

1974-cü ildə tale onu böyük aviasiyaya gətirdi. Əvvəlcə Bakı Birləşmiş Aviadəstəsində “İl-18” təyyarəsinin 2-ci pilotu, sonra isə komandiri vəzifəsinə təyin olundu. İndi onun məsuliyyəti beşqat artmışdı. Artıq o, kiçik bir heyətin yox, bütün sərnişinlərin məsuliyyətini daşıyırdı. Amma bu məsuliyyətin arxasında Ə.Əzimovun bir şəxsiyyət kimi özünütəsdiqi dayanırdı. Ən çətin anlarda düzgün qərar vermək bacarığı və cəsarəti onun əsas keyfiyyətlərindən idi. Qısa bir zamanda Ə.Əzimov “TU-154” təyyarəsinin, sonra isə aviaeskadrilyanın komandiri vəzifəsinə seçilir. O, sovetlər məkanında ilk azərbaycanlı təyyarəçi idi ki, çətin hava şəraitində uçmaq üçün imtahan verərək 2-ci kateqoriyanı almışdı.  Onun xatirələrində belə bir epizod vardır: “1986-cı ilin fevralında Moskvada Sovet İttifaqı Kommunist Partiyasının qurultayı keçirilirdi. Qurultay ərəfəsində hava çox sərt və tutqun idi. Ağır hava şəraiti ilə bağlı müttəfiq respublikalardan qurultay nümayəndələrinin Moskvaya gəlişi gecikirdi.  O vaxt SSRİ mülki aviasiya naziri V.Buqayev, təbii ki, bundan çox narahat olmuşdu. Biləndə ki, Azərbaycan nümayəndələri artıq Moskvadadır, heyrətlənmişdi. Elə həmin gün də Bakıdan gələn təyyarə heyətinin mükafatlandırılması barədə göstəriş verir. Məhz onun təqdimatı ilə Ə.Əzimov həmin vaxt “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur.

Mükafat onu izləyən şöhrət Ə.Əzimovun həyatında heç nəyi dəyişmir. O, sadə həyat tərzi sürür. Dost-tanış, yaşadığı Əmircan qəsəbəsinin sakinləri onu xeyirxah insan kimi tanıyır, böyük hörmət bəsləyirlər. Zəhmətlə yaşanan ömür-gün onun insana, torpağa olan sevgisini bir az da cilalayıb. Yenə də qəsəbənin qayğıları ilə yaşayır. Yenə də bağçadakı ağaclara, gül-çiçəyə qulluq etməkdən zövq alır. Ekzüperinin sözləri yadıma düşür: “Yer bizə özümüzü anlamağa kömək edir. Heç bir kitab onun kimi kömək edə bilməz. Çünki yer bizə müqavimət göstərir. Adam özünü maneələrlə mübarizədə tanıyır”.

Bu sözlərin hikmətini anlamaq üçün Ə.Əzimovun həyətində öz əli ilə saldığı səliqəli bağçaya, düzəltdiyi müxtəlif təyyarə modellərinə baxmaq kifayət edir. Onun intellekti və zəhmətsevərliyindən övladlarına da pay düşüb. Oğlu Şəhriyar təyyarəçi kimi Avropa və Asiyanın böyük şəhərlərinə uçur. Səkkiz yaşlı nəvəsi Əzim rəngkarlıqla məşğul olur, gözəl şahmat oynayır. Hərdən babasını udmağı ilə fəxr edir. Əzimbala müəllim deyir ki, atama 40 il əvvəl iki məsələdə söz vermişəm: “Birincisi - halal yaşamaq, ikincisi - həyatı zəhərləyən içki və siqaretdən uzaq durmaq. Bu and mənim üçün müqəddəsdir. Övladlarım da ona əməl edirlər. İnanıram ki, bu qiymətli mirasa nəvələrim də sadiq qalacaqlar. Elə insanlar var ki, onların dilində söz əməlin, xeyrin təsdiqidir - Əzimbala müəllimin timsalında olduğu kimi.

Onun həyatı gənc pilotlar üçün də nümunədir. 1991-ci ildə Leninqrad Mülki Aviasiya Akademiyasını mühəndis-təyyarəçi ixtisası üzrə bitirən Ə.Əzimovun indiyə qədər yüzlərlə kadrın hazırlanmasında əvəzsiz xidmətləri olub. Onun tələbələrinin uçuş coğrafiyası, demək olar ki, bütün Yer planetini əhatə edir. Bir maraqlı məqamı da qeyd etmək yerinə düşər. Pilotlar Əmircan ilə Bülbülə qəsəbələri arasındakı gölə “Əzimbala gölü” deyirlər. Bu göl ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş zolağı arasında 7 kilometrlik məsafə vardır. O, istiqamət və enmə bucağını naviqasiya cihazı ilə yox, məhz təbiətin bu nişanı ilə hesabladığı üçün gölə bu adı veriblər.

Əlli ildir ki, o, səmanı fəth edir. Ə.Əzimovun ağır və çətin günləri də olub. 1986-cı ildə komandiri olduğu “TU-154” təyyarəsi Domadedova uçuş zolağından qalxma anında 2-ci mühərrikdə qəza vəziyyəti yaranır. Lakin son anda Əzimbala müəllimin böyük peşəkarlığı və ekstremal vəziyyətdə düzgün qərar qəbul etməsi 164 nəfər sərnişinin həyatını xilas edir. Ay yarım ondan əvvəl İrkutsk hava limanının yaxınlığında baş vermiş belə bir hadisə faciə ilə nəticələnmişdi.

Onun bu rəşadəti Moskva tərəfindən “QAZ-24” markalı avtomobillə mükafatlandırılır. Amma onun ən böyük mükafatı xilas edilmiş insanların həyatı idi. Qəzadan sonrakı günlərdə rastlaşdığı, hətta tanımadığı adamların üzündəki təbəssüm ona bir dünya sevinc bəxş edirdi. Əzimbala müəllimə elə gəlirdi ki, bu təbəssümdə onun da payı vardır. Çünki hələ sarsıntısı çəkilib getməmiş o günlərdə xilas etdiyi adamların sevinci ilə nəfəs alırdı, qəzadan sağ-salamat qurtaranların evlərində yanan işığın istisini ürəyində hiss edirdi.  1995-ci ildə daha ağır bir aviaqəza baş verdi. Burada da komandirin ustalığı, cəsarəti minlərlə insanı ölümün cəngindən aldı. Axşam saat 19.00 radələrində Çindən qayıdan “Boinq-717”nin heyəti silsilə problemlərə yol açan təkər kilidlənməsi ilə üz-üzə gəldi. Təyyarə Maştağa qəsəbəsinə, evlərin üstünə düşə bilərdi. Bu fəlakətin ağlagəlməz ölçüləri, dağıdıcı gücü heyəti qorxuya salmışdı. Bu çətin anda Ə.Əzimov düzgün qərara gələrək, təyyarəni qəsəbədən aralıdakı qamışlığa endirməyi bacarır. Özü ciddi xəsarət alsa da, insanların həyatını xilas edir. Maştağa camaatı minnətdarlığını bildirmək üçün, demək olar ki, hər gün xəstəxanada onu ziyarət edirdi. Sonralar “Boinq” şirkətinin nümayəndələri Ə.Əzimovun məharəti qarşısında heyranlıqlarını gizlədə bilmirdilər. Çünki 1978-ci ildə Çikaqoda analoji aviaqəzada yüzlərlə insan həlak olmuşdu. Əzimbala müəllim deyir ki, o günün axşamı, o gərgin anlarda, demə, anası namaz qılırmış. Ümumiyyətlə, Əzimbala müəllim haqq dünyasına qovuşan anası və nənəsindən danışanda kövrəlir, gözləri yaşarır, qəhər onu boğur, sözü yarımçıq qalır. Bu hal Əzimbala müəllimi adamın gözündə daha da ucaldır.

Yer üzündə ləyaqətlə yaşanan ömürdən işıqlı izlər qalır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 1 iyun tarixli Sərəncamı ilə Əzimbala Xanbaba oğlu Əzimov “Şöhrət” ordeni ilə təltif olunub. Bu mükafat Ə.Əzimovun əlli illik səma ömrünə düşən şöhrət işığıdır. Mülki Aviasiya Muzeyində Əzimbala müəllimə verilən fəxri fərmanlar, qol saatı ən dəyərli eksponat kimi qorunub saxlanılır. Çünki o, canlı əfsanədir. Muzeyin direktoru Firəngiz xanım deyir ki, mayın 9-da Mülki Aviasiya Muzeyində Ə.Əzimovun 50 illik səma ömrünə həsr olunmuş böyük tədbir keçiriləcəkdir. Əzimbala Əzimovun səmadakı ilk sınağı da, məhz əlli il əvvələ - mayın 9-a təsadüf edir.

 

Qorxmaz Şıxalıoğlu

                           

İki sahil.-2014.- 3 may.- S.22.