Uğurlu inkişaf strategiyasının müəllifi
Milli
Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir
Süleymanovun www.yap.org.az saytına müsahibəsi
-
Tahir müəllim, bu gün respublikamızın hər bir
guşəsində müstəqil Azərbaycan dövlətinin
qurucusu ümummilli lider Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümü yüksək səviyyədə
qeyd olunur, tarixi paralellik aparılıb keçilən yol
geniş təhlil olunur. Azərbaycanımızın bu
gününü dünəni ilə müqayisə etdikdə
sizdə hansı qənaət yaranır?
- Ötən
dövrün təhlilini aparmadan öncə bu qənaətimi
böyük qətiyyətlə və inamla qeyd etmək istərdim
ki, 1993-cü ildə dahi şəxsiyyət Heydər
Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətdən
danışmaq qeyri-mümkün
idi. Müstəqil Azərbaycan ulu öndərin şah əsəridir.
Bu gün böyük fəxr hissi ilə qeyd
edirik ki, Azərbaycan ümummilli lider Heydər Əliyevin
düzgün müəyyənləşdirdiyi siyasətin
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi nəticəsində ən yüksək zirvələri
fəth edir, yeni-yeni hədəflərə çatmaq
üçün səylər göstərir, gələcəyə
böyük nikbinliklə baxmaq üçün böyük əsaslar
mövcuddur. Ölkənin gələcəyini
düşünən lider gördüyü işlərlə,
ideyaları ilə hər zaman xalqın böyük məhəbbətini
qazanır, əvəzolunmaz şəxsiyyət kimi tarixə
qızıl hərflərlə yazılır.
Bu reallığı
da qeyd edək ki, müstəqil dövlətimizin 1993-cü
ildən sonra qazandığı uğurlar məhz ulu öndər
Heydər Əliyevin hakimiyyətinin birinci dövründə,
1969-1982-ci illərdə gördüyü işlərin
davamı kimi dəyərləndirilir. Məlum
olduğu kimi, Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosunun və şəxsən Baş katib Mixail
Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti
olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər
Əliyev ilk əvvəl Bakıda, sonra isə
Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan
Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,
Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur.
Ulu öndər Heydər Əliyevin Naxçıvanda
yaşadığı illərə nəzər saldıqda
aydın görünür ki, bu gün fəxrlə qeyd
etdiyimiz yeniliklərin, islahatların təməli məhz o
çətin illərdə qoyulub.
Ulu öndər Heydər
Əliyevin «Müstəqillik qədər çətin yol
yoxdur. Müstəqilliyin əldə olunması
nə qədər çətindirsə, onun
saxlanılması, daimi, əbədi olması bundan da çətindir»
tezisi öndə saxlanılaraq müstəqilliyimizin
qorunması və möhkəmləndirilməsi istiqamətində
mühüm addımlar atıldı. Uzaqgörən siyasətçi
yaxşı bilirdi ki, azadlıq, müstəqillik olmayan yerdə
inkişaf, yenilik barədə danışmaq
qeyri-mümkündür. Yanvar hadisələri
törədiləndə Moskvadakı Azərbaycan nümayəndəliyinə
gedərək qırğını müstəqil bir dövlətin
süverenliyinə qarşı törədilmiş siyasi aksiya
hesab edən ümummilli lider Heydər Əliyev
Naxçıvanda işləyərkən faciəyə siyasi
qiymət verilməsini, günahkarların cəzalandırılmasını
qəti tələb etdi.
Ulu öndər Heydər
Əliyevin Naxçıvanda gördüyü işlər, həyata
keçirdiyi islahatlar xüsusi əhəmiyyət kəsb
edirdi. Azərbaycanın gələcəyi naminə müəyyənləşdirilən
perspektivlərin reallaşması isə 1993-cü ildən,
ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra
mümkün oldu.
Azərbaycan
xalqının ən mühüm arzularından biri azad,
müstəqil yaşamaq, öz təbii sərvətlərinin
əsil sahibinə çevrilmək idi. 1991-ci ilin oktyabrın
18-də Müstəqillik Aktının qəbul olunmasına
baxmayaraq, xalqımız bu sevinci ulu öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra
yaşamağa başladı. Müstəqilliyin ilk illərində
Azərbaycanın başına gələn ağır bəlaların,
torpaqlarımızın Ermənistan tərəfindən
işğalının əsas səbəbi, hətta dövlət
müstəqilliyinin uçuruma çatdırılması məhz
Vəzirov, Mütəllibov kimi «rəhbərlərin»,
AXC-Müsavat başçılarının ölkənin,
xalqın taleyinə biganəliyi, səriştəsiz fəaliyyətlərinin
məntiqi nəticəsi idi. Azərbaycan
parçalanmaq, bir dövlət olaraq dünya xəritəsindən
silinmək təhlükəsi ilə üz-üzə
qalmışdı. Belə bir çətin vəziyyətdə
xalq üzünü öz xilaskarına- ulu öndər Heydər
Əliyevə tutdu. Ümummilli lider xalqın tələbinə,
dövlət müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq 1993-cü ilin iyun ayında
Bakıya gəldi. İyunun 15-də onun respublika rəhbəri
seçilməsi ilə müstəqil dövlətçilik
tarixinin ikinci dövrü başlandı. Uğurlu daxili siyasət
nəticəsində ölkədə sabitlik yaradıldı.
Ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik olmadan heç
bir sosial-iqtisadi islahatlardan, uğurlardan danışmaq olmaz.
Ölkədə sabitliyin, normal biznes mühitinin
yaradılması investisiya axınının sürətlənməsinə
stimul verdi. Dünyanın tanınmış şirkətləri
ilə neft müqavilələri imzalandı. 1994-cü ilin 20
sentyabrında «Əsrin müqaviləsi»nin imzalanması ilə
Azərbaycanın iqtisadi inkişafında, dünya iqtisadi
sisteminə inteqrasiyada yeni bir mərhələnin əsası
qoyuldu. Bu müqavilədən sonra onlarla sazişin
imzalanması Azərbaycanın gələcəyinə olan
inamı bir daha nümayiş etdirdi. Ulu öndər
Heydər Əliyev bildirirdi ki, iqtisadiyyatı güclü olan
dövlət hər şeyə qadirdir. Ölkəmizin malik
olduğu təbii resurslardan səmərəli istifadə
iqtisadiyyatın inkişafına stimul oldu. Çoxlarına əfsanə
kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin
reallaşdırılması istiqamətində atılan
addımlar Azərbaycan dövlətinin müstəqil siyasətinin
təsdiqi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirildi.
Təbii ki, iqtisadi imkanlar genişləndikcə, bu
özünü ölkəmizin beynəlxalq münasibətlər
sistemində yeri və rolunda nümayiş etdirdi. «Azərbaycanın
qapıları ölkəmizə xoş niyyətlə ayaq
basan iş adamlarının üzünə
açıqdır» söyləyən ulu öndər Heydər
Əliyev qoyacaqları investisiyaların təhlükəsizliyinə
tam əmin olmalarını da bəyan edirdi. Bu ölkə
iqtisadiyyatına 160 milyard dollar investisiya qoyulduğunu
böyük fəxrlə qeyd ediriksə, bu, məhz həmin
dövrdə ölkəmizə qarşı yaradılan
inamın nəticəsidir.
Bu
gün daha çox səsləndirilən fikirlərdən
biri Azərbaycana marağın artması, dostlarının
sayının çoxalmasıdır. Ölkəmiz hər
zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii
resurslara görə dünyanın diqqət və
marağında olub. Lakin
bu diqqət zaman keçdikcə, daha dəqiq desək, Azərbaycan
ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi
siyasət nəticəsində uğurla inkişaf etdikcə
daha da artamağa başlayıb. Müstəqilliyimizin ilk illərinə
diqqət yetirdikdə bu fərqi daha aydın görmək
olur. O zaman Azərbaycanla iqtisadi əlaqələrin
qurulmasında maraqlı olan dövlətlər, şirkətlər
qoyacaqları investisiyaların təhlükəsizliyinə tam
əmin deyildilər. Çünki ölkədə xaos,
anarxiya, özbaşınalıq baş alıb gedirdi.
1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə
qaydışı Azərbaycanın qarşısında
yeni-yeni imkanlar açdı, uğurların təməlini
qoydu.
Qeyd
etdiyimiz kimi, dahi şəxsiyyətin adı Azərbaycan
tarixinə qızıl hərflərlə yazılıb.
Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin bir səhifəsi
deyil, tariximizin özü, xalqımıza, ölkəmizə
böyük nüfuz qazandıran, adını inkişaf
etmiş ölkələr sırasına daxil edən bir şəxsiyyətdir. Böyük
dövlət xadimi, təcrübəli siyasətçi,
fenomenal hafizəyə malik şəxsiyyət Heydər
Əliyev haqqında dünya dövlətlərinin rəhbərləri,
siyasətçiləri də yüksək fikirlər söyləmiş,
onun müstəqil Azərbaycanımız, xalqımız
üçün gördüyü işlərə kənardan
bir baxış keçirmişlər. Həmin fikirlərə
diqqət yetirəndə onların hər birinin konkret
dövrü əhatə etdiyinin şahidi oluruq. Bu fikirlər
arasında Azərbaycanın dünya iqtisadi məkanına
inteqrasiyasında və iqtisadi inkişafında xüsusi əhəmiyyət
kəsb edən «Əsrin müqaviləsi»nin imzalanmasında
ulu öndərin rolu xüsusi yer tutur. Heç
bir ölkənin təkbaşına iqtisadi inkişafa malik
olmasının mümkünsüzlüyünü önə
çəkən ulu öndər Heydər Əliyev
dünyanın qabaqcıl ölkələri, şiirkətləri
ilə təcrübə mübadiləsinin əhəmiyyətini
diqqətə çatdırdı, bu gün artıq dost
ölkədən etibarlı tərəfdaş ölkəyə
çevrilməyin əsası qoyuldu.
Bu fikir möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən xüsusi qeyd
olunur ki, dünyada təbii resurslarla zəngin çox ölkələr
var. Lakin bu resurslar heç də hər zaman uğur gətirmir.
Belə ki, təbəqələşmə prosesi sürətlə
gedir. Lakin Azərbaycan iqtisadi prioritetlərini və neft
strategiyasını müəyyən edərkən həm
müsbət, həm də mənfi təcrübəni öyrənib.
Neft-qaz gəlirlərinin insanlar arasında bərabər
bölünməsi ictimaiyyətdə böyük rəğbətlə
qarşılanır. 1999-cu ilin dekabrında Dövlət Neft
Fondunun yaradılması da ulu öndər Heydər Əliyevin
uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli
lider bildirirdi ki, neft Azərbaycanın ən böyük
sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə
deyil, həm də gələcək nəsillərə mənsubdur.
Təbii resurslarımıza son dərəcə qənaətlə
və qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun
qarşısında mühüm vəzifə kimi qoyulurdu.
İqtisadi tərəqqi
hər bir inkişafın təməl daşıdır. Ulu
öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi
siyasət Azərbaycanı iqtisadi möcüzələr
ölkəsi kimi tanıtmaqla yanaşı, hərtərəfli
inkişafa stimul oldu. Hər sahə üzrə konkret Dövlət
Proqramlarının qəbuluna və uğurlu icrasına zəmin
yaradan iqtisadi inkişaf fonunda Azərbaycanın adı bu
gün dünyanın 10 xoşbəxt ölkəsi
sırasında çəkilir.
- Son on ildə Azərbaycanın keçdiyi yolu necə şərh edərdiniz?
- Qeyd etdiyimiz kimi, təməl
möhkəm olanda binanın əzəmətli görünməsi
üçün lazım olan bütün işləri həyata
keçirmək mümkündür. Azərbaycan da
qazandığı uğurları ilə yüksək mərtəbəli
binanı xatırladır. Dahi şəxsiyyət Heydər
Əliyevin əsasını qoyduğu milli inkişaf
strategiyası Azərbaycanın uğurlarının
davamlılığının təmin olunmasında əsas
mexanizmdir.
Gündən-günə
daha da qüdrətlənən ölkəmiz, eyni zamanda bu
uğurların qazanılmasına əsas verən siyasət
barədə biri-birindən maraqlı, diqqətçəkən
fikirlər söylənilir. Ümumi rəy budur ki, xalqın
etimadını qazanan, hər bir vədini konkret əməli işi ilə sübut edən dövlət
başçısına milyonların sevgisi şəksizdir. Cənab İlham Əliyevin 2003-2008-ci illərdə
hər bir sahə üzrə həyata keçirdiyi tədbirlər,
uğurlu layihələr 2008-ci ildə, 2008-2013-cü illərdə
gördüyü işlər isə 2013-cü il prezident
seçkisində qələbəsinə zəmin yaratdı.
Ötən 10 ildə atılan addımlar onun hər kəsin
Prezidenti olduğunu təsdiqləyir. Kimliyindən, siyasi əqidəsindən
asılı olmayaraq bütün insanların problemləri,
qayğıları onu düşündürən
başlıca məsələdir. Hər zaman bildirir ki,
dövlətin həyata keçirdiyi siyasətin əsasında
vətəndaş amili dayanır.
2003-cü ildə
keçirilən andiçmə mərasimində «Azərbaycanı
qüdrətli dövlətə çevirmək
üçün ən başlıcası ölkədə
Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu
siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm»
söyləyən cənab İlham Əliyev «Azərbaycan gələcəkdə
çox zəngin və qüdrətli ölkəyə
çevriləcəkdir» bəyan edərək, sonrakı illərdə
atdığı addımları ilə bu vədinə
sadiqliyini bir daha nümayiş etdirdi. Möhtərəm
Prezidentimiz İlham Əliyevin Azərbaycanın müstəqillik
tarixində qazandığı uğurların fonunda təsdiqlədiyi
«Azərbaycan 2020: gələcəyə baxış»
İnkişaf Konsepsiyası məhz dayanıqlı
inkişafın yol xəritəsidir. Qarşıdakı
illər üçün əsas hədəf Azərbaycanı
inkişaf etmiş ölkələr sırasında görmək,
yüksək gəlirli ölkəyə çevirmək, bu
günə qədər üç dəfədən çox
artan ümumi daxili məhsulu daha iki dəfə
artırmaqdır. Dövlət başçısı hər
zaman bildirir ki, qazanılan uğurlarla kifayətlənməməliyik,
hər zaman irəliyə doğru addımlamalıyıq.
Modernləşmə, yeniləşmə dövlət siyasətinin
əsasını təşkil edir. Günümüzün əsas
tələblərindən biri kimi təhsilin, elmin və
iqtisadiyyatın birliyinin yaradılması önə çəkilir.
Son on ilin
uğurlarının ümumiləşdirimiş ifadəsi
olaraq Azərbaycan Cənubi Qafqaz bölgəsi
iqtisadiyyatının 85 faizinə sahib olmaqla əsil söz
sahibi olduğunu təsdiqləyir. Regionun parlayan ulduzu kimi beynəlxalq
maliyyə qurumlarının hesabatlarında ön yerdə
dayanır.
- Tahir müəllim, ölkənin hərtərəfli inkişafında regionların malik olduğu potensialdan səmərəli istifadə əsas yer tutur. Regional inkişaf proqramları bu məqsədə hansı töhfələri verir?
- Möhtərəm
Prezidentimiz İlham Əliyev ilk gündən iqtisadi
artımın qeyri-neft sektorunun hesabına olmasını
önə çəkərək, regionların malik olduğu
potensialdan istifadəyə xüsusi önəm verdi. Bildirdi
ki, regionların inkişafı qeyri-neft sektorunun
inkişafı deməkdir, ölkənin hərtərəfli
inkişafı deməkdir. Regionların sosial-iqtisadi
inkişafı ilə bağlı 2004-2008-ci illər
üçün birinci Dövlət Proqramının
uğurlu icrası ikinci Proqramın, ikinci Proqramın
uğurla həyata keçirilməsi isə
üçüncü Proqramın qəbulunu zərurətə
çevirdi. Bu gün böyük fəxr hissi ilə qeyd
edirik ki, Azərbaycanın hər bir bölgəsi quruculuq
meydançasını xatırladır, inkişaf, tərəqqi
geniş vüsət alıb. Rayonlar arasında sağlam rəqabət
ölkənin hərtərəfli inkişafına stimul verir. Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət proqramlarının
icrasına həsr olunmuş konfransda dövlət
başçısı bu əminliyi ifadə etmişdir ki,
üçüncü proqram da vaxtında icra olunacaq və beləliklə,
ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcək.
Bu
günlərdə Nazirlər Kabinetinin 2014-cü ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında səsləndirilən rəqəmlər
də iqtisadiyyatın inkişafın hansı səviyyəsində
olduğunu açıqladı. Dövlət başçısı
İlham Əliyev bir daha ölkəmizin ayrı-ayrı sahələrdə
qazandığı uğurlara diqqət yönəldərək,
qarşıdakı dövr üçün məqsəd və
vəzifələri açıqladı. «İlin sonuna qədər
görüləsi işlər çoxdur» söyləyən
Prezident İlham Əliyev onların hamısının
yüksək səviyyədə icra olunmasının
vacibliyini bildirdi. Bu fikir xüsusi vurğulandı ki, bu günə
qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə
qeyri-neft sektorunun inkişafı istiqamətində atılan
addımlar bugünkü reallıqları təmin edir.
İqtisadiyyat 2,5 faiz, qeyri-neft sektoru 8,8 faiz artıb. Bunu müsbət hal kimi dəyərləndirən
ölkə Prezidenti qeyd etdi ki, məqsədimiz neft amilindən
uğurla istifadə edib Azərbaycanın bütün sahələrini
inkişaf etdirməkdən ibarət olmuş və bu məqsədə
çatmışıq: « İqtisadiyyatın şaxələndirilməsi
bizim əsas prioritetimizdir. Hesab edirəm
ki, biz buna nail ola bilmişik. Çünki artıq uzun
müddət ərzində qeyri-neft sektorumuz sürətlə
artır.» ÜDM-də özəl bölmənin
payının 85 faiz təşkil etməsi bu sahəyə diqqətin
bariz nümunəsidir. İstehsal olunan emal məhsulları
başqa ölkələrə ixrac edilir.
«İstehsal sahələri hər bir ölkənin
inkişafında aparıcı rol oynayan bir sahədir» söyləyən
dövlət başçısı İlham Əliyev bildirir
ki, görülən işlərin bir məqsədi var- Maliyyə
imkanları artsın və insanlar daha yaxşı
yaşasınlar.
Qeyri-neft sektorunun,
sahibkarlığın inkişafı istiqamətində
davamlı tədbirlər həyata keçirilir, fərman və
sərəncamlar imzalanır. Bu məqsədlə yaradılan
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
iş adamlarına ayrılan güzəştli kreditlərin həcmi
artırılır, əlavə imtiyazlar müəyyənləşdirilir.
Dövlət başçısı İlham
Əliyev müşavirədə bu mühüm vəzifəni
xüsusi vurğuladı ki, istehsalı mümkün olan
bütün məhsullar Azərbaycanda istehsal edilməlidir və
biz idxaldan asılılığımızı
azaltmalıyıq: «İlk növbədə, iqtisadiyyatı
inkişaf etdirmək və yeni iş yerlərini yaratmaq
üçün. Eyni zamanda, biz ixrac imkanlarımızı da
artırmalıyıq. Mən əminəm ki,
indi kənd təsərrüfatı ilə bağlı
aparılan islahatlar – məhsuldarlığın
artırılması, subsidiyalarda şəffaflığın
təmin edilməsi, kənd təsərrüfatı
texnikasının daha da böyük həcmdə
alınması və digər tədbirlər nəticəsində
bizdə daha da böyük ixrac potensialı yaranacaq və
bizim artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd
təsərrüfatı məhsullarını həzm edə
bilməyəcəkdir.»
«Azərbaycanda
yaradılmış gözəl investisiya iqlimi ölkəmizə
investisiyaların gətirilməsinə kömək göstərmişdir»
bildirən Prezident İlham Əliyevin vurğuladı ki, Azərbaycan
birbaşa xarici sərmayələrin qoyuluşuna görə
MDB məkanında liderlik rolunu qoruyub saxlayır:
«İnvestisiyalar ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir
və güclü iqtisadi potensialımızın
artırılmasına yönəlibdir.» Son on ildə ölkə
iqtisadiyyatına qoyulan investisiyaların həcmi 160 milyard
dollardır. Yatırılan investisiyaların
böyük həcmi qeyri-neft sektorunun payına
düşür. Dövlət başçısı
bildirir: «Şadam ki, daxili investisiyalar artıq bir neçə
ildir ki, xarici investisiyaları üstələyir.
Çalışmalıyıq ki, ölkə iqtisadiyyatına
qoyulan vəsait artsın və bu vəsait bizim iqtisadi siyasətimizlə
tam uzlaşsın.» Göründüyü
kimi, əsas məqsəd odur ki, respublikada idxalı əvəzləyən
məhsulların istehsalı sürətlənsin, ərzaq məhsulları
ilə bağlı bütün problemlərin həllinə
diqqət artırılısın. Ərzaq
məhsulları istehsalında məhsuldarlığın
artırılması məqsədilə mütəmadi olaraq
elmi tədqiqatlar aparılır, yeni texnika və
texnologiyaların kənd təsərrüfatı
istehsalına tətbiqi, innovasiyaların istehsal sahələrinə
gətirilməsi problemin həllində əsas vasitə kimi
istifadə olunmaqdadır. Bu sahədə
dövlətin sahibkarlara göstərdiyi maddi, mənəvi,
hüquqi dəstəyin rolu əvəzsizdir. Qarşıda duran başlıca vəzifələrdən
biri də məhsul istehsalçılarının zəruri kənd
təsərrüfatı texnikaları və texnoloji
avadanlıqlarla təchizatını
yaxşılaşdırmaqdan, keyfiyyətli məhsul
yetişdirməkdən, onun itkisiz
yığılmasını təmin etməkdən ibarətdir.
Bu tədbirlərin həyata keçirilməsində
ölkə Prezidentinin «Aqrar bölmədə lizinqin genişləndirilməsi
sahəsində əlavə tədbirlər haqqında» sərəncamının
böyük əhəmiyyəti olmuşdur. Həmin sərəncama əsasən «Aqrolizinq»
Açıq Səhmdar Cəmiyyəti
yaradılmışdır. Dövlət
başçısı İlham Əliyevin «Aqrar sahədə
dövlət lizinq şirkətlərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi sahəsində əlavə
tədbirlər haqqında» sərəncamı da bu sahədə
həyata keçirilən dövlət siyasətinin
ardıcıl xarakter daşıdığının təsdiqidir.
Sənəd «2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı»na uyğun olaraq aqrar sahədə istehsalın
artırılması, kənd təsərrüfatı
texnikasından daha səmərəli istifadə ilə
bağlı görülən tədbirlərin sürətləndirilməsi
məqsədinə xidmət edir. Dövlət
başçısı İlham Əliyevin 16 yanvar 2014-cü il tarixli «Kənd təsərrüfatı və
ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi
sahəsində əlavə tədbirlər haqqında» sərəncamı
da bu sahəyə diqqətin göstəricilərindəndir. Sərəncamda qeyri-neft sektorunun, o cümlədən
kənd təsərrüfatının inkişafının
dövlət tərəfindən iqtisadi siyasətin prioritet
istiqamətlərindən biri kimi müəyyən edildiyi bir
daha önə çəkilir.
Göründüyü kimi, regionların
malik olduğu potensialdan səmərəli istifadə ölkənin
hərtərəfli inkişafını sürətləndirir. Bu onu göstərir ki, iqtisadi siyasət çox
böyük dəqiqliklə, həssaslıqla aparılır.
Qeyri-neft sektorunun inkişafı uğurlu neft
siyasətinin məntiqi davamı kimi dəyərləndirilir.
Ulu öndər Heydər Əliyev
iqtisadiyyatın inkişafında neft-qaz amilinə önəm
verməklə bugünkü inkişafa yol açdı.
Neft gəlirlərinin idarə olunmasında
şəffaflıq prinsipinin yüksək səviyyədə
qorunması mühüm sosial-iqtisadi layihələrin
icrasını sürətləndirir. Bu
gün böyük inam hissi ilə qeyd edirik ki, Azərbaycan ən
böyük maliyyə vəsaiti tələb edən layihələri
icra etmək imkanındadır.
İki sahil.- 2014.- 7 may.- S.22; 27.