Avropa İttifaqı: geosiyasi iddialar

xarici siyasətin problemləri

 

II yazı

 

Qlobal miqyasda mürəkkəb geosiyasi proseslərin intensivləşdiyi bir dövrdə Avropa İttifaqı kimi bir təşkilatın taleyi maraq doğurur.

Xüsusilə, son illər onun dərin böhranla üzləşməsi məsələni daha da aktuallaşdırır.

Hazırda bir sıra regionlarda gərginlik mövcuddur, silahlı toqquşmalar baş verir. Hətta bəzi ölkələrin ərazi bütövlüyünə qəsdlər olur. Belə bir şəraitdə Aİ-nin hansı xarici siyasət kursunu seçməsindən çox şey asılıdır. Analitiklər bununla bağlı öz proqnozlarını verirlər.

Müxtəlif yanaşmalar mövcuddur. Onların sırasında iki strateji xətt ayrıca vurğulanır. Belə görünür ki, Avropa hələlik konkret çıxış yolu tapmayıb.

"Realist Avropa": "parçalanmış çöküş"dən çıxış yolu?

Yeni mövqe tərəfdarları "Realist Avropa gücü" modelini təklif edirlər. Onlar "Normativ Avropa gücü" xəttinin təşkilatı "yumşaq, yavaş, parçalanmış bir çöküş"ə sürüklədiyini iddia edirlər. Həmin məqam müasir mərhələdə Aİ-nin xarici siyasətinin əsas problemi hesab edilir (bax: Timothy Garton Ash. With this timid choice of leaders, the EU may have the faces it deserves / "The Guardian", 25 noyabr 2009). Bu yanaşmanın tərəfdarları "realist olmaq" dedikdə, Avropanın dünya gücünə çevrilməsi zərurətinin dərkini nəzərdə tuturlar. Təşkilatın xarici siyasətinə bu aspektdə baxanda maraqlı məqamları izləmək mümkündür.

Hər şeydən əvvəl, Avropa İttifaqının hərbi güc tətbiq etməsi məsələsi ön plana çıxır. "Realistlər" artıq bu addımı atmağın zamanı çatdığını deyirlər. Yaxın Şərq və Ukrayna hadisələri bunun əyani təsdiqi kimi təqdim olunur.

Həmin prizmadan Almaniyanın son aylar Aİ-nin hərbi güc tətbiq etməli olduğunu vurğulayan ideyaları yada düşür. Bu ilin əvvəlində keçirilən beynəlxalq təhlükəsizliyə həsr olunmuş tədbirdə Berlin özünün gücə arxalanan iddialarını irəli sürmüşdü. Belə çıxır ki, "realist" yanaşma təkcə analitik və ekspertlərin dairələrinə aid deyil.

O da məlumdur ki, Almaniyanın yeni dünya liderliyi iddialarına böyük dövlətlərin heç biri isti yanaşmadı. Vaşinqton sözdə Berlini dəstəklədiyini ifadə etsə də, konkret işə gəldikdə, fərqli mövqe tutdu.

Məsələn, Ukrayna məsələsində ABŞ-ın Almaniyanın geri çəkilməsini istədiyi haqqında informasiyalar yayılır. Bunun təsdiqi kimi almanların adamı sayılan V.Kliçkonun prezidentliyə namizədliyini irəli sürməməsi göstərilir. Əlavə olaraq, Vaşinqtonun Berlinin təklif etdiyi "sərt hərbi reaksiya" təklifini qəbul etmədiyi haqqında da danışılır.

Buradadaxilində uzun illərdir ki, özünü göstərən Britaniya, Fransa və Almaniya arasında bir sıra beynəlxalq məsələlərə fərqli baxışların mövcudluğunu da unutmaq olmaz. Hətta təşkilatdaxili islahatlarda belə həmin ölkələr arasında ortaq fikir yoxdur. Berlin inteqrasiyanı iqtisadi-maliyyə müstəvisində dərinləşdirməkdə maraqlıdırsa, Paris və London daha geniş sahədə prosesin aparılmasının tərəfdarıdır.

Ayrıca, Aİ-nin pul vahidi avroya münasibətdə bir-birinə uyğun gəlməyən yanaşmalar özünü göstərməkdədir. Bundan başqa, Almaniya Aİ-nin BMT TŞ-də daimi yer almasında maraqlıdırsa, Britaniya və Fransanı bu, qane etmir.

Ekspertlər onu da vurğulayırlar ki, "Ərəb baharı"nda Aİ-nin aktiv iştirak edə bilməməsinin əsas səbəbi Fransa ilə Almaniyanın məsələyə fərqli yanaşmasındadır (bax: Ольга Потемкина. Европейский союз как игрок на международной арене. ''Российский совет по международным делам'', 23 oktyabr 2012).

Perspektivli geosiyasət: yeni konsepsiya mövcuddurmu?

Ekspertlərin fikrinə görə, bütün bunlar Aİ-nin 2014-cü ildə yeridəcəyi siyasətə də öz təsirini göstərməlidir. Təşkilatın qlobal siyasətdə aktiv olub-olmaması burada əsas məsələlərdən biri hesab edilir.

Çünki Aİ-də hələ də üzv-dövlətlərin öz maraqlarına üstünlük verməsi meyli qalmaqdadır. Vahid mövqedən çıxış etmək əvəzinə, onlar şəxsi maraqlarını təmin etməyə can atırlar. Xüsusilə, böhranlı məsələlərə münasibətdə təşkilat üzvləri ehtiyatlı davranırlar. Bu mənada, 2014-cü ilin çətin dövr adlandırılması iki amil ilə izah edilir.

Birincisi, bu il Aİ-də ciddi kadr dəyişiklikləri olmalıdır. Parlamentdə seçkilər keçirilməli, təşkilatın xarici siyasət idarəsinə yeni şəxs seçilməlidir (K.Eştonun səlahiyyət müddəti bitir). Gözlənilən dəyişikliklərdən biriAvropa Komissiyasına yeni sədrin seçilməsi ilə bağlıdır.

Bu proses Aİ-nin strateji məqsədlərinə zərər vurmasa da, cari problemlərin həllində çətinliklər yarada, məsələn, Ukraynanın böhrandan çıxarılması işini ləngidə bilər. Ekspertlərin rəyinə görə, bütövlükdə 2014-cü ildə Aİ-nin "xarici siyasətində bəzi durğunluqlar və sınmalar baş verə bilər" (bax: Karen E.Smith. AB Dış Politikası: Sorunlar ve Öncelikler / USAK, "Analist", yanvar, 2014).

İkincisi, təşkilata üzv olan dövlətlər arasında xarici siyasətdə vahid mövqe formalaşdırmaq imkanları məhdud görünür. Bu il onların koordinasiyalı fəaliyyət göstərə biləcəyinə inam yoxdur.

Burada əsas amillərdən biri kimi həmin dövlətlərin "Avropa dəyərləri"nə əməl etməyən ölkələrlə əməkdaşlığa meyl etməməsi göstərilir (bax: əvvəlki mənbəyə). Belə bir mövqe Aİ-nin dünyanın böyük geosiyasi gücləri ilə də münasibətlərində müəyyən çətinliklər yaradır. Bu sırada bir sıra məqamlara nəzər salmağa ehtiyac görürük.

Corc Fridman Ukrayna məsələsində Qərbin Rusiya ilə vahid mövqedən apardığı danışıqların perspektivi kontekstində yazır: "Avropada elə bir fiqur yoxdur ki, Avropa dövlətləri adından bu vacib məsələ üzrə çıxış edə bilsin. Britaniyalılar britaniyalıların, fransızlar fransızların, almanlar almanların, polşalılar isə polşalıların adından danışırlar. Avropalılarla danışıqlar aparanda onlara əvvəlcə öz aralarında razılaşmağa imkan vermək lazımdır.

Müzakirələrdən sonra ayrı-ayrı ölkələr və ya deyək ki, Avropa İttifaqı, müşahidəçilər göndərə bilər. Ancaq söhbət güc siyasətindən gedəndə, Avropa mücərrəd anlayış kəsb edir" (bax: George Friedman. Russia and the United States Negotiate the Future of Ukraine / Stratfor, "Geopolitical Weekly", 1 aprel 2014).

"Startfor"un qurucusu bundan belə nəticə çıxarır ki, Vaşinqton təkbaşına Moskva ilə müzakirələr aparmalıdır. Şübhəsiz ki, bu mövqe Aİ-nin qlobal güc olmaq niyyətlərinə heç də uyğun deyil. Lakin 2014-cü ildə bu aspektdə hansısa dəyişikliyin ola bilməsi ehtimalı çox azdır. Həmin səbəbdən, ABŞ-la Aİ arasında geosiyasi ziddiyyətlərin qalacağını proqnozlaşdırmaq olar. Bu aspektdə Avropada son dövrlərdə baş qaldıran "realistlər"in Aİ-nin dünya lideri olması iddiasına Amerikanın reaksiyası maraqlı ola bilər.

Məsələ bundadır ki, avropalı "realistlər"in mövqeyi ABŞ-ın üstünlük verdiyi qüvvələr balansı strategiyasına uyğun gəlmir. Amerikalılar həmin konsepsiya çərçivəsində hərbi güc tətbiqini doğru saymırlar. C.Fridman hesab edir ki, beynəlxalq problemlərin həllində "təhdidlə müharibə arasında fəaliyyət variantları tapılmalıdır" (bax: George Friedman. U.S. Defense Policy in the Wake of the Ukrainian Affair / "Geopolitical Weekly", 8 aprel 2014). "Realistlər" isə hərbi amilə diqqət yetirməyi təklif edirlər ki, bu da məhz yuxarıda qeyd edilən mövqeyə uyğun gəlmir.

Bundan əlavə, müasir dövrdə milli maraqların gözlənilməsi ilə beynəlxalq normalara əməl edilməsi arasında müəyyən ziddiyyətlər müşahidə edilir. O cümlədən, əraziləri güc vasitəsi ilə zəbt etməyin qarşısının alınması məqsədi ilə daha geniş beynəlxalq normaları yaratmaq cəhdi göstərilir. Lakin, aşkar faktdır ki, hələ də hərbi işğala rast gəlinir. Buna misal olaraq Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, İraq, Əfqanıstan və son olaraq Krım hadisələrini göstərmək olar.

Bu kontekstdə Fərid Zəkəriyyənin bir qeydi çox maraqlıdır. O yazır: "Növbəti onillik ərzində yeni inkişaf edən güclərin özünü necə aparmasından bu normalar ya yeni səviyyəyə qalxacaq, ya da yoxa çıxacaqdırlar" (bax: Fareed Zakaria. The tension between global norms and national interests / "The Washington Post", 11 aprel 2014).

Yuxarıda deyilənlər belə bir qənaətə gəlməyə imkan verir ki, Aİ kimi qlobal geosiyasi güc olmaq iddiasında olan təşkilatların özlərinin beynəlxalq hüquqi normalara necə əməl edəcəklərindən çox şey asılı olacaqdır. Hələlik isə təəssüf ki, biz daha çox "ikili standart"dan danışmalı oluruq.

Krım hadisələrinə Qərb dövlətlərinin reaksiyası fonunda bu, özünü daha qabarıq surətdə göstərir.

İndi Amerika başda olmaqla Avropa ölkələri beynəlxalq hüquq normalarının pozulduğunu vurğulayırlar. Lakin Dağlıq Qarabağ məsələsində onlardan bu cür reaksiya olmadı. Səbəb nədir?

Digər tərəfdən, əgər hazırda Avropa İttifaqı qlobal geosiyasi güc olmaq üçün hərbi vasitədən istifadəni "realist yanaşma" kimi təqdim etmək arzusundadırsa, onda eyni davranışa görə Rusiya və ya Çini ittiham etmək süni humanistlik təsiri bağışlayır. Belə şərtlər daxilində dünyada sabit geosiyasi nizam yaratmaq, düşünürük ki, imkan xaricindədir. Problemin başqa bir aspekti Avropa İttifaqının özünün gələcək taleyi ilə əlaqəlidir.

Məsələ ondan ibarətdir ki, bəzi proqnozlara görə, bu təşkilat ya çox zəifləyər, ya da tamamilə dağıla bilər. Görünür, Avropada bir sıra siyasətçilər və hərbi dairələr bu ssenarini istisna etmirlər.

Bu səbəbdən, xarici siyasətə radikal elementlər daxil etmək meylinə düşürlər. Lakin belə bir dəyişikliyin nə dərəcədə "realist" olduğu mübahisəli məsələdir. Bizcə, burada qlobal səviyyədə mövcud geosiyasi vəziyyəti daha da gərginləşdirmək ehtimalı var. Maraqlıdır ki, Aİ-də həmin aspektdə danışmaq istəmirlər.

Belə nəticə çıxarmaq olar ki, "Realist Avropa gücü" ideyası da çıxış yolu deyildir. Əlavə olaraq, əgər həmin kursu bütün böyük dövlətlər seçmiş olsa, bəşəriyyət yeni fəlakətlərlə üzləşə bilər. Əslində, hazırda bunun əlamətləri özünü göstərir.

Dünyanın müxtəlif regionlarında müşahidə edilən silahlı toqquşmalar, bir sıra ölkələrin ərazi bütövlüyünə qəsdlər, beynəlxalq hüquq normalarına "ikili standart"la yanaşmalar belə qənaətə gəlməyə əsas verir. Bəlkə də bu, indi yalnız Avropa İttifaqının deyil, böyük dövlətlərin hər birinin xarici siyasətinin ən mühüm problemlərindəndir.

 

Kamal Adıgözəlov

 

İki sahil.- 2014.- 9 may.- S.46.