İKT iqtisadiyyatın
aparıcı
sahələrindən
birinə çevrilmişdir
Azərbaycan
Respublikasının rabitə və yüksək texnologiyalar
naziri, akademik Əli Abbasovun www.yap.org.az saytına müsahibəsi
-
Əli müəllim, Azərbaycan xalqı bugünlərdə
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının
91-ci ildönümünü böyük təntənə ilə
qeyd etdi. Ulu öndərimizin dövlətimiz və
xalqımız qarşısındaki xidmətləri haqda
fikirlərinizi bilmək istərdik...
- Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, xalqımızın
ümummilli lideridir. O, bütün bu
illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində
daşımış, onu bir
dövlət və xalqımızı bir
millət kimi tarixin
ağır və sərt sınaqlarından
çıxarmış, müasir Azərbaycan
adlandırdığımız müstəqil məmləkəti,
onun bugünkü həqiqətlərini,
işıqlı sabahının etibarlı bünövrəsini
yaratmışdır. Bu illər ərzində
Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının
bütün sahələrində
dirçəliş Onun adı ilə
bağlıdır.
XX əsrin
60-cı illərinin sonundan başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin
başlıca ideya-siyasi istiqaməti
xalqın milli özünüifadəsinin
bütün forma və
vasitələrinin geniş vüsət
alması, milli qürur
hissinin güclənməsi və milli şüurun yüksəlişinə
təkan verən sürətli
inkişaf strategiyasının gerçəkləşdirilməsi
ilə səciyyəllənmişdir. Heydər
Əliyevin təməli həmin dövrdə qoyulmuş
azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş,
milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək,
dünya azərbaycanlılarının həmrəyliyi
üçün möhkəm zəmin
yaratmışdır. O, şərəfli həyat və
fəaliyyəti ilə tarixi min illərlə hesablanan,
dünyanın zəfər salnaməsinə şanlı səhifələr
yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir.
Bu gün qədirbilən
hər bir Azərbaycan vətəndaşının
qəlbində Ulu öndərin ölməz
işıqlı obrazı yaşayır.
Xilaskarlıq
missiyası Ümummilli liderimizin
genişmiqyaslı fəaliyyətinin birmənalı olaraq əsasını təşkil etmişdir. Heyrətamiz idarəçilik
istedadına, mətin iradəyə və misilsiz
əzmkarlığa malik Ulu
Öndər Azərbaycanda siyasi hakimiyyətə
ilk gəlişində ölkəmizi tənəzzül
burulğanından çıxararaq qısa vaxt
ərzində qabaqcıl və nüfuzlu
ölkə səviyyəsinə yüksəldə bilmişdir.
1969-cu ildə Heydər
Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən
sonra respublikada köklü dəyişikliklər baş vermişdir. Onun təşəbbüsü ilə həyata
keçirilmiş layihələr, tikilmiş müəssisələr bu gün də
xalqımıza, dövlətimizə xidmət göstərir.
Heydər Əliyevin rəhbərliyi ilə o
illərdə sosial-iqtisadi həyatın bütün sahələrində sürətli
inkişaf və yüksəliş dövrü başlamış, güclü sənaye potensialı
yaradılmışdır. Müasir mərhələdə
Azərbaycan Respublikasının dinamik
inkişafı məhz həmin illərdə təməli qoyulmuş möhkəm zəminə əsaslanır.
Respublikada digər sahələrdə olduğu kimi, informasiya və kommunikasiya
texnologiyaları sahəsinin müasir dövrün tələblərinə uyğun qurulması da Ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır.
Ötən
əsrin 70-ci illərində Heydər Əliyev
respublikamızın inkişaf perspektivlərinin
sənaye potensialının gücləndirilməsi, xüsusən
də elmtutumlu sahələrin genişləndirilməsi
ilə birbaşa bağlı olduğu qənaətinə gələrək,
bu sahəyə böyük
diqqət göstərmiş
və bugünkü inkişafın təməlini
qoymuşdur.
- Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan rabitə və informasiya texnologiyaları sahəsində nə kimi nailiyyətlər qazanmışdır?
- Heydər Əliyevin
səyi nəticəsində respublikamızda rabitə, elektronika sənayesi, informasiya
texnologiyaları, kosmik tədqiqatlar sahəsi
formalaşdırılmışdır. "Nord",
"Ulduz", EHM kimi
elm-istehsalat birlikləri, "Azon", "Büllur",
"Peyk" və s.
elektron və cihazqayırma zavodları
işə salınmışdır. Müxtəlif elmi-tədqiqat
institutlarının nəzdində "Kristal",
"Registr", "Tellur",
"Kibernetika", "Biotex",
"Mikroelektronika", "Kaskad" xüsusi konstruktor büroları fəaliyyət
göstərməyə başlamışdır. Qeyd edilməlidir ki, belə
innovativ müəssislər təkcə
Bakıda deyil, həmçinin
Naxçıvanda, Mingəçevirdə, Gəncədə,
Sumqayıtda, indiki Tərtər və Şirvanda da
yaradılmışdır.
Ulu öndərin birbaşa köməyi
ilə Azərbaycana ilk böyük
elektron hesablama
maşını - BESM-6 gətirilmiş və bu
hadisə idarəetmədə ilk tətbiqlərdən
olan respublika
avtomatlaşdırılmış idarəetmə sistemi - "RASU Azərbaycan"ı yaratmağa və respublika
iqtisadiyyatı üçün ciddi hesablamalar tələb
edən müxtəlif məsələlərin
avtomatlaşdırılmış həllinə imkan vermişdir.
Heydər
Əliyev həmçinin, bu sahədə
çalışacaq kadrların yetişdirilməsinə xüsusi diqqət göstərmişdir. İndiki Bakı Dövlət Universiteti,
Dövlət Neft Akademiyası, Azərbaycan
Texniki Universiteti,
Dövlət İqtisad Universiteti,
Sumqayıt Dövlət Universiteti, Lənkəran
Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti
kimi ali təhsil
müəssisələrində İKT ixtisasları üzrə
mütəxəssislərin hazırlanması üçün
maddi-texniki baza
yaradılmış, respublikadan kənarda
kadrların hazırlanması geniş
vüsət almışdır.
Azərbaycan
xalqının çoxəsrlik tarixində ən böyük nailiyyəti, sözsüz
ki, müstəqillik yolundan
dönməməsidir. Lakin müstəqilliyimizin bərpasından sonrakı ilk illər ölkəmiz üçün
çox ağır olmuş,
müstəqil inkişafımız şübhə altına
alınmışdır. Əgər xalqın iradəsi ilə
1993-cü ildə Heydər Əliyev müstəqil Azərbaycanın
Prezidenti kimi hakimiyyətə
gəlməsəydi, ölkəmiz böyük
fəlakətlərlə üzləşəcəkdi. Bu çətin, ağır şəraitdə
atılmış cəsarətli və müdrik
addım Azərbaycanın bugünkü uğurlu inkişafının əsasını
qoymuşdur. O ildən Azərbaycan
böyük və şərəfli yol keçmişdir.
Ölkədə dövlət quruculuğu
prosesi başlamış, köklü
siyasi və iqtisadi islahatlar ardıcıl qaydada
həyata keçirilmiş, qanunvericilik bazası zənginləşdirilmiş,
vətəndaş cəmiyyəti
formalaşdırılmış, Azərbaycan dünya
miqyasında özünü
tanıtdıra bilmiş və nüfuzlu beynəlxalq təşkilatlara üzv olmuşdur. Sosial, iqtisadi, siyasi, mədəni, bir
sözlə, bütün sahələrdə
yüksək göstəricilər və nəticələr əldə
edilmişdir. Məhz Heydər Əliyevin demokratik dəyərlərə, bazar iqtisadiyyatı prinsiplərinə söykənən
islahatları sayəsində Azərbaycana böyük
həcmdə investisiyaların gətirilməsinə nail olunmuşdur.
Ovaxtkı ağır şəraitdə Heydər Əliyev tərəfindən
neft strategiyasının
reallaşdırılmağa başlanılması Azərbaycanın
iqtisadi müstəqilliyinin və xoşbəxt
gələcəyinin qarantı olmuşdur.
Onun fəaliyyəti, səyləri nəticəsində
bu gün Azərbaycan
inkişafda olan, müasir, dünyəvi, demokratik
ölkədir.
Müstəqilliyin bərpasından
sonrakı ilk illərdə Ümummilli lider Heydər
Əliyev İKT sahəsində də inkişafa
nail olmaq üçün böyük
işlər görmüşdür. Ulu öndər
Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk rabitə
sisteminin açılışını etmiş, Onun səyi ilə
ölkədə "Baksell", "Azərsell",
"AzEvroTel", "Ultel"
birgə müəssisələrinin fəaliyyətə
başlaması ilk xarici
investisiyaların məhz telekommunikasiya sahəsinə
yatırılmasına səbəb olmuşdur.
Azərbaycanda
internetin inkişafı da
Heydər Əliyevin İKT siyasətinin əsas istiqamətlərindən
biri olmuşdur.
1993-cü ildə Azərbaycanın yüksək domen adı - ".az" domeni ICANN-da (İnternetdə
domen adların və ünvanların
verilməsi üzrə təşkilat) qeydiyyata
alınmış və bir il sonra ölkənin
internetə çıxışı təmin olunmuşdur. Azərbaycanda telekommunikasiya,
poçt infrastrukturu
modernləşdirilmiş, yeni texnologiyalar tətbiq edilmiş,
radio-televiziya yayımı dünya
standartları səviyyəsinə
çatdırılmış, ilk beynəlxalq
telefon stansiyası və elektron
ATS-lər qurulmuşdur. Bu
fəaliyyətin nəticəsi olaraq
ölkəmiz bir çox
sahəvi beynəlxalq təşkilatlara, o
cümlədən Beynəlxalq Telekommunikasiya
İttifaqına və Ümumdünya Poçt İttifaqına üzv
qəbul edilmişdir. Bir
sözlə, 1993-2003-cü illərdə Azərbaycanda İKT
davamlı yüksəliş dövrünü
yaşamışdır.
- Əli müəllim, Ulu öndər Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi strateji kurs hazırda hansı səviyyədə davam etdirilir?
- Ulu
öndər Heydər Əliyevin İKT siyasəti uzun müddətə hesablanmışdır. Ümummilli lider 2003-cü
il 17 fevral tarixində
"Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə
Milli Strategiya
(2003-2012-ci illər)"nı təsdiq etməklə ölkəmiz
BMT-nin keçirdiyi Minilliyin sammitinin qərarına
müvafiq olaraq
İKT sahəsi üzrə Milli Strategiya
qəbul etmiş ilk
ölkələr sırasında qərarlaşmışdır,
Cənubi Qafqazda isə birinci
olmuşdur. İlk dəfə
olaraq bu sənəddə
innovasiyayönlü inkişaf
və biliklər iqtisadiyyatının
formalaşdırılması zərurəti önə çəkilmişdir.
Bu strategiya son 10 ildə İKT sahəsində həyata
keçirilən fəaliyyətin əsas istiqamətlərini
müəyyən etmiş və onun həyata keçirilməsi ölkədə
informasiya cəmiyyətinin bərqərar
olmasına əlverişli zəmin yaratmışdır.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
strateji kursu uğurla davam etdirən
ölkə rəhbəri cənab İlham
Əliyevin başçılığı ilə Azərbaycan
bu gün sürətlə
inkişaf edən müasir
dövlətdir və iqtisadi inkişaf templərinə görə dünya miqyasında lider
ölkədir. Son 10 ildə
iqtisadiyyatımız üç dəfə
artmışdır və rəqabətqabiliyyətliyinə
görə Davos İqtisadi
Forumu tərəfindən dünyada
39-cu, Şərqi Avropa və MDB məkanında
isə 1-ci yerlə qiymətləndirilir. Ölkədə infrastrukturun müasirləşdirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi,
neft amilindən asılılığın
azaldılması, regionların sosial-iqtisadi
inkişafı, sahibkarlığın dəstəklənməsi
və biznes imkanlarının
yaxşılaşdırılması, güclü
insan kapitalının
formalaşdırılması istiqamətində mühüm addımlar
atılmışdır. Beynəlxalq kredit agentlikləri əksər ölkələrin
kredit reytinqlərini aşağı
saldığı bir vaxtda
Azərbaycanın kredit reytinqləri
qalxmışdır. Ölkədə rəqabətqabiliyyətli
şirkətlərin sayı artır və hazırda
iqtisadiyyatımızın 80 faizi özəl
sektorda formalaşır. Azərbaycanın
ildən-ilə artan iqtisadi
qüdrəti ölkəmizə olan
marağı yüksəltməklə yanaşı, beynəlxalq
və regional əməkdaşlıq sahəsində
mövqelərimizi möhkəmləndirmişdir. Artıq Azərbaycanın
dünyanın bir çox
ölkəsinə nümunə ola biləcək
milli iqtisadi inkişaf modeli
tanınır. Bütün bu uğurlar
Ümummilli lider Heydər
Əliyevin düşünülmüş,
millətin, dövlətin mənafeyinə cavab
verən və elmi əsaslara söykənən
inkişaf konsepsiyasının Prezident İlham Əliyev
tərəfindən uğurla həyata
keçirilməsi nəticəsində mümkün
olmuşdur.
Dövlət
başçısının rəhbərliyi altında iqtisadi və sosial sahələrin
bütün istiqamətlərində
davamlı artım tempinə nail olan ölkəmiz İKT sahəsində də
dünyanın sürətlə inkişaf
edən ölkələri sırasına yüksəlmişdir.
- Azərbaycanda İKT sahəsinin qeyri-neft sektorunda yerini necə qiymətləndirirsiniz? Bu sahədə əldə olunan nəticələr beynəlxalq hesabatlarda necə əksini tapır?
- İKT
son illər sürətlə inkişaf edərək iqtisadiyyatın
aparıcı sahələrindən birinə çevrilmiş,
respublikanın iqtisadi, sosial
və mədəni inkişafına, dövlət idarəçiliyinin
təkmilləşdirilməsinə və bütövlükdə
ictimai həyatın demokratikləşməsinə
mühüm töhfələr vermişdir.
İKT cəmiyyətimizin həyatına fəal
nüfuz edir, əhalinin
70%-i internet, onların yarısı isə
genişzolaqlı internet istifadəçisinə
çevrilmişdir və bu
göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi
Asiyada liderdir. Ölkə
əhalisinin 98%-nin yaşadığı ərazilər rəqəmli
televiziya ilə əhatə olunmuşdur və Azərbaycan
indi rəqəmsal efirə keçməyə
tam hazırdır. Respublikada
internet mediasının inkişafı və
müasir texnologiyalardan
istifadə geniş vüsət alır, ən
yeni 3G, 4G xidmətləri təqdim edilir və nəticədə hazırda hər
100 nəfərə 110 mobil abunəçi
düşür. İKT sahəsində əlverişli
biznes, investisiya mühiti mövcuddur və
həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində
özəl sektorun fəaliyyəti ildən-ilə
genişlənməkdədir. Bunun təzahürüdür ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən
Dünya İqtisadi Forumu (DİF) tərəfindən
hazırlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014” (“The Global Information
Technology Report 2014”)
adlı illik hesabatda
ölkələrin informasiya
texnologiyaları sahəsində inkişafını əks
etdirən “Şəbəkələşmə
hazırlığı indeksi” göstəricisinə
görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə
irəliləyərək 148 ölkə arasında 56-cı
yerdən 49-cu yerə yüksəlib.
Hər zaman MDB ölkələri arasında yüksək
mövqelərdə yer alan
Azərbaycan bu reytinq
cədvəlinə əsasən bir çox aparıcı ölkələri də
qabaqlayıb. Sevindirici haldır ki, Azərbaycan “Ölkənin əhali yaşayan ərazisində mobil
telefon şəbəkəsinin əhatəsi”
reytinqinə görə dünyada 1-ci yerdə
qərarlaşıb. Bu da
ölkənin tamamilə mobil şəbəkə
siqnalı ilə təmin olunması deməkdir.
Eyni zamanda “Şəbəkələşmə
hazırlığı indeksi”nin formalaşmasına təsir edən İKT-nin əsas komponentlərinə görə
Azərbaycan hər 100 nəfər arasında internet
istifadəçilərinin sayına görə 148 ölkə
arasında 59-cu, genişzolaqlı internet
abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub
saxlayır. Bundan əlavə, şirkətlərin
innovasiya qabiliyyətinə görə
ölkəmiz MDB-də ən yüksək, ümumən dünyada isə 35-ci pilləni tutur.
Hesabatda diqqət çəkən məqamlardan biri də odur ki, yuxarı orta gəlirli
ölkələrlə müqayisədə Azərbaycan orta göstəricidən daha
yaxşı nəticə qazanmış və hökumətin
gələcəklə bağlı İKT sektoruna
yanaşması üzrə 6-cı yeri tutmuşdur.
MDB-də lider olmaqla,
ölkəmiz İKT sektorunun təbliğində
hökumətin uğuruna görə 8-ci,
hökumətin xidmətlərinin səmərəliliyində
İKT-dən istifadə üzrə isə 11-ci yeri tutur.
Hesabata əsasən, Azərbaycan Avropada İtaliya (58-ci yer), Polşa (54), Slovakiya (59) və Monteneqronu
(52), eləcə də qonşu ölkələrdən
Türkiyə (51), Gürcüstan (60) və
İranı (104) qabaqlamışdır. Həmçinin, Azərbaycan
dünya nəhənglərindən Çin (62), Braziliya (69) və
Meksikanı (79) da arxada
qoyub.
- 2013-cü il Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmişdi. Həmin il ölkəmizin ilk telekommunikasiya peykini orbitə buraxıldı. Bu prosesin davamı olaraq hazırda nə kimi işlər görülür?
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev məhz İKT sahəsinin
ölkənin hazırkı və perspektiv
inkişafındakı rolunu və qeyri-neft sektorunun gücləndirilməsi
baxımından əhəmiyyətini nəzərə alaraq, "2013-cü ilin
Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya
texnologiyaları ili" elan
edilməsi haqqında" sərəncam imzalamışdır. "İKT
ili" uğurlu nəticələrlə
yadda qalmış və
bütövlükdə ölkənin inkişafı
baxımından mühüm dövr olmuşdur. Ölkə
rəbbərinin 2013-cü il 29 mart tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə
bağlı Tədbirlər Planı"
çərçivəsində cəmiyyətin İKT-dən
istifadə imkanlarının genişləndirilməsi, təhsildən
səhiyyəyə, idarəetmədən biznesə, iqtisadiyyatdan sənayeyə qədər bir çox sahədə İKT-nin ən yeni nailiyyətlərinin
tətbiqi və inkişafı istiqamətində mühüm tədbirlər görülmüşdür.
"İKT ili"ndə
müstəqil Azərbaycan dövləti ilk
telekommunikasiya peykini
orbitə qaldırmaqla tarixi
uğurlarından birinə nail olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
bu hadisəni xalqımızın, dövlətimizin
böyük nailiyyəti
adlandırmışdır. Dövlət
başçısı demişdir: "Bu, doğrudan da tarixi bir
gündür, böyük
nailiyyətdir, dövlətimizin böyük
qələbəsidir. Bu hadisə onu göstərir ki,
müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli
inkişaf edir və biz artıq kosmik klubun üzvüyük".
Bu gün "Azərspace
- 1" peyki Avropa, Afrika, Mərkəzi Asiya və
Yaxın Şərq regionlarında 50-dən artıq ölkəyə
yüksək keyfiyyətli peyk xidmətlərini
uğurla göstərir. Onun
vasitəsilə 60-dan çox yerli və xarici teleradio kanallarının yayımı və
müxtəlif rabitə kanallarının təşkili həyata
keçirilir. Peykin yerüstü idarəetmə əsas və ehtiyat mərkəzləri
yaradılmışdır və azərbaycanlı mütəxəssislər
tərəfindən müvəffəqiyyətlə idarə olunur. "Azərspace - 1" respublikada kosmik sənayenin
inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş
tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio
yayımı xidmətlərinə olan tələbatın
ödənilməsinə şərait yaradacaq,
iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və
s. sahələrdə inkişafa
təkan verəcəkdir. 2016-cı ilə Yer səthinin monitorinqi peykinin, 2017-ci ildə ikinci
telekommunikasiya peykinin
orbitə çıxarılması
planlaşdırılır. Bütün bunlar respublikamıza İKT sahəsində daha böyük infrastruktur layihələrini gerçəkləşdirməyə
möhkəm zəmin yaradır.
Azərbaycan İKT
sahəsində təkcə region üçün deyil, həm
də beynəlxalq aləm üçün
əhəmiyyətli olan tədbirlərin
fəal iştirakçısı və təşkilatçısıdır.
Buna misal olaraq ölkəmizdə
hər il keçirilən "Bakutel" beynəlxalq sərgi və
konfransı Xəzəryanı və Qafqaz
regionlarında ən iri telekommunikasiya
və informasiya texnologiyaları sərgilərindən
birinə çevrilmişdir və ildən-ilə
onun əhatə dairəsi və
iştirakçılarının tərkibi genişlənir.
"BakuTel-2013" sərgi və konfransının ölkəmizdə
elan edilmiş
"İKT ili" çərçvəsində
keçirilməsi onun əhəmiyyətini
daha da
artırmışdır. Bu sərgi və konfransın gedişində dövlət
başçısının iştirak etdiyi Dünya Azərbaycanlılarının
I Virtual Konfransının, həmçinin
Kibertəhlükəsizlik üzrə konfransın, Azərbaycan-ABŞ
İKT Forumunun və digər mötəbər
tədbirlərin keçirilməsi İKT üzrə beynəlxalq
əlaqələrin genişlənməsinə və təşəbbüskarı
olduğumuz layihələrin həyata
keçirilməsinə yeni təkan vermişdir.
"İKT
ili"ndə keçirilmiş və Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90 illiyinə
həsr olunmuş "Mən azərbaycanlıyam"
onlayn bilik
yarışması cəmiyyətdə xüsusi
maraqla qarşılanmışdır. 6 ay davam edən bu onlayn yarışmada 230
mindən çox insan
iştirak etmiş və
intellektual oyunlara 8 milyondan çox müraciət olunmuşdur.
- Əli müəllim, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilmişdir. Bu müddətdə İKT sahəsi üzrə əsas vəzifələr nədən ibarətdir?
- Azərbaycanda həyata
keçirilən yeni inkişaf
strategiyasının başlıca istiqamətləri ölkədə
davamlı və yüksək iqtisadi
artıma, sosial rifaha nail olunması və iqtisadiyyatın şaxələndirilməsidir.
Bunun üçün hazırkı mərhələdə
təbii ehtiyatlar amilinin
azaldılması, qeyri-neft sektorunun
yüksək inkişaf tempinin
təmin olunması, iqtisadiyyatda
innovasiyaların tətbiqinin genişləndirilməsi, bir sözlə, vətəndaşların
gündəlik rahat həyatı üçün lazım olan
bütün imkanların yaradılması
qarşımızda duran əsas vəzifələrdir.
Azərbaycan
Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun
inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə
artırılması mühüm hədəf
kimi müəyyənləşdirilmiş və bu hədəfin
reallaşdırılmasında İKT sektorunun
rolu və potensialı önə çəkilmişdir.
Ölkə rəhbəri bu konsepsiya ilə respublikada innovasiyayönümlü və biliyə əsaslanan
iqtisadiyyatın qurulması hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunması üçün
İKT sahəsinin üzərinə yeni vəzifələr
qoymuşdur.
Konsepsiyada müəyyən edilmiş
əsas hədəfə çatmaq üçün növbəti 10 ildə
İKT sektorunun həcminin 4-4,5 dəfə
genişləndirilməsi və orta illik artım tempinin təqribən
15-20 faiz həddində olması nəzərdə
tutulur. Bu dövrdə
ölkənin İKT sahəsinə 4 milyard
dollara yaxın investisiya
qoyulması gözlənilir.
Azərbaycanın
uzunmüddətli inkişafının, milli
məhsulların dünya bazarlarında layiqli yer tutmasının
təmin edilməsi üçün
innovasiyalı iqtisadiyyatın yaradılması istiqamətində
elm, təhsil və informasiya-kommunikasiya
texnologiyalarının qarşılıqlı surətdə inkişaf etdirilməsi mühümdür.
Ölkədə rəqabətədavamlı və yüksək ixrac
potensiallı, innovativ İKT sənayesinin
yaradılması məqsədilə Azərbaycan
Respublikası Prezidentinin müvafiq
fərmanları ilə Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar
Parkı yaradılmışdır.
İnformasiya Texnologiyalarının
İnkişafı Fondu İKT sektorunda fəaliyyətin
stimullaşdırılmasına, innovativ
sahibkarlığın inkişaf etdirilməsinə,
yerli və xarici
investisiyaların cəlb olunmasına, tətbiqi elmi-tədqiqat
işlərinin genişləndirilməsinə xidmət edir. Yola
saldığımız "İKT ili"ndə Azərbaycan
Respublikası Prezidentinin fərmanı ilə
fondun əsasnaməsi təsdiq edilmiş və onun fəaliyyətinin
təşkili ilə bağlı bütün
işlər başa
çatdırılmışdır. Bu fond
İKT üzrə yeni innovasiya
şirkətlərinin yaradılmasına, rəqabətqabiliyyətli
İKT məhsul və xidmətlərinin istehsalı və
onların dünya bazarlarına
çıxışına maliyyə və təşkilati dəstək
verəcək, innovativ təşəbbüsləri
qrantlar, kreditlər və investisiyalarla
təmin edəcəkdir.
Azərbaycanda
İKT sənayesinin, məhsul və xidmətlərinin rəqabət
və ixrac imkanlarının
artırılmasına yönəlmiş Yüksək Texnologiyalar Parkı bu sahədə
iqtisadi potensialın gücləndirilməsi,
elm, təhsil və biznesin
səylərinin birləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Yüksək Texnologiyalar Parkı İKT
iqtisadiyyatının inkişafı naminə elm
və istehsal arasındakı əlaqələri
gücləndirəcək, elmtutumlu məhsulların,
informasiya cəmiyyətinin tələblərinə
uyğun yeni bilik və texnologiyaların yaradılmasını
genişləndirəcəkdir.
Ölkəmizin regional informasiya xidmətləri
mərkəzinə çevrilməsi və tranzit
informasiya xidmətləri
imkanlarının genişləndirilməsi istiqamətində
mühüm addımlar atılır. Bu gün Azərbaycan
"Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) kimi nəhəng bir layihənin
təşəbbüskarı və koordinatoru
olaraq dünyanın diqqətini
özünə cəlb edir. Avropa ilə Asiyanı birləşdirəcək
və ümumi uzunluğu
11 000 kilometr təşkil edəcək TASİM-in yaradılması ideyası BMT-nin bir neçə qətnaməsi
ilə dəstəklənmişdir. Bunlardan 2013-ci il sentyabrın 4-də, BMT Baş
Assambleyasının 67-ci sessiyasında Azərbaycan
Respublikası tərəfindən irəli sürülmüş
Avrasiya Rabitə Alyansının
yaradılmasına dair qətnamənin
yekdilliklə qəbul olunması bu layihənin
həyata keçirilməsinə dünya
ölkələrinin artan dəstəyinin
bariz təzahürüdür.
TASİM layihəsinin
reallaşdırılması regionda informasiya cəmiyyətinin inkişafı,
yüksəksürətli internetin və onunla bağlı olan xidmətlərin
yayılması, İKT ilə bağlı və elmtutumlu sənayelərin qurulması, ticarətin
və iqtisadi diversifikasiyanın genişlənməsi
və sair müsbət effektlər verəcəkdir.
Azərbaycanın digər beynəlxalq İKT təşəbbüsü
- Avropa-Fars İnformasiya
Magistralı (EPEG) keçən ildən gerçəkləşdirilmişdir.
Bu ildən bütün
ölkə ərazisi üzrə genişzolaqlı internetin inkişafını nəzərdə
tutan böyük bir layihənin həyata keçirilməsinə
başlanılır. Dövlət Neft Fondunun dəstəyi ilə start
götürəcək bu layihənin
başlıca məqsədi Azərbaycanın bütün
yaşayış məntəqələrini yüksəksürətli
internetlə təmin etməkdir. Layihə üç il müddətində
reallaşdırılacaqdır və layihənin həyata
keçirilməsindən əsas gözləntilər ölkə
ərazisində 30-100 Mbit/s
genişzolaqlı xidmətlərə çıxış
imkanı yaratmaq və genişzolaqlı internet istifadəçilərinin
sayını 85 faizə çatdırmaqdır ki, bu da
Azərbaycana bu göstərici
üzrə də dünyanın inkişaf
etmiş ölkələrinin səviyyəsinə
çatmağa imkan
verəcəkdir.
Azərbaycanda "Elektron hökumət"in
formalaşdırılması Ümummilli lider Heydər Əliyevin təsdiq etdiyi Milli Strategiya
ilə müəyyənləşdirilmiş mühüm
vəzifələrdən biridir. Bu sahədə
görülən işlər nəticəsində dövlət
idarəçiliyinin müasir prinsiplər
əsasında həyata keçirilməsinə, vətəndaş-məmur
münasibətlərinin yeni müstəvidə
qurulmasına, şəffaflığın təmin
olunmasına, informasiya tələbatının
dolğun ödənilməsinə
şərait yaranmışdır. Bu gün
Avropa Birliyi ölkələrində
əhaliyə və biznes sektoruna
göstərilən əsas elektron xidmət
növləri Azərbaycanda da həyata
keçirilməkdədir. Ölkəmizdə elektron
vergi və gömrük
bəyannamələri təqdim olunur,
sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, daşınmaz əmlakla
bağlı sənədlərin verilməsi,
müxtəlif fəaliyyət növlərinə
lisenziyaların alınması, pensiya və
sosial yardımların təyinatı və
s. üzrə tələb olunan
sənədlərin elektron formada qəbulu həyata keçirilir
və bu say gündən-günə
artır. Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılması və
onların elektron xidmətlərindən
"bir pəncərə" prinsipi əsasında istifadənin təşkili
məqsədilə www.e-gov.az "Elektron hökumət" portalı fəaliyyət
göstərir və hazırda burada 45
dövlət orqanının 320-dək elektron
xidməti istifadəçilərə təqdim olunur. Ölkədə elektron
imzanın tətbiqi uğurla həyata keçirilir. Dövlət orqanlarının hüquqi və fiziki şəxslərin
elektron imza ilə təmin
edilməsi üçün Açıq Açar İnfrastrukturu və
Milli Sertifikat Xidmətləri
Mərkəzi yaradılmışdır və indiyədək
20 000-ə yaxın elektron imza
verilmişdir.
Azərbaycan hökuməti
tərəfindən ölkədə informasiya
təhlükəsizliyinin təmin edilməsi məsələsi
diqqət mərkəzində saxlanılır. Bu sahədə fəaliyyətin
təkmilləşdirilməsi, dövlət orqanlarının
informasiya resursları və sistemlərinin
mümkün təhdidlərdən
qorunması, kibertəhlükəsizlik üzrə ümummilli hazırlığın və
maarifləndirmənin yüksəldilməsi məqsədilə
ölkədə Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi
Dövlət Agentliyi və Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət
göstərir.
Bütün bunlardan göründüyü kimi,
Ulu öndər Heydər Əliyevin və
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin konkret hədəflərə hesablanmış
məqsədyönlü siyasətlərinin həyata
keçirilməsi ölkəmizin İKT sahəsində də
öncül mövqelərə
çıxmasını və müasir
dövlətə çevrilməsini təmin etmişdir.
Bu isə öz
növbəsində aydın şəkildə göstərir ki, müstəqil Azərbaycan dövlətinin
gələcək tarixi də İKT-nin davamlı inkişafı ilə əlamətdar
olacaq və ölkəmiz bu
sahədə daha möhtəşəm uğurlara imza
atacaqdır.
Iki
sahil.- 2014.- 15 may.- S.10.