Azərbaycanın təcrübəsi
öyrənilir
“The
Business Year” nəşrinə müsahibəsində ölkə
iqtisadiyyatı, daxili və xarici siyasətimizlə
bağlı açıqlama verən dövlət
başçısı bildirir ki, gələcək
planlarımız daha böyük, çoxşaxəli və
qlobal əhəmiyyətlidir
Şərqi
Avropada, Cənubi Qafqaz və MDB-də iqtisadi sahədəki
liderliyini qoruyan müasir Azərbaycan təhlükəsizlik,
sabitlik və firavanlıq məkanına çevrilmişdir.
Son illərdə baş verən müsbət dəyişikliklər
regionun sosial-iqtisadi inkişafına da təsirsiz
ötüşməmişdir. Bütün bunlar sabitliyin
qorunub saxlanmasında, həyat tərzinin
yaxşılaşmasında maraqlı olan ölkə əhalisinin
əhval-ruhiyyəsini daha da yüksəldir.
Son on ildə ölkəmiz böyük tərəqqi yolu
keçmiş siyasi, iqtisadi, demokratiya, diplomatiya sahəsində mühüm
dəyişikliklər baş vermişdir ki,
sadaladığımız nailiyyətlər Prezident
İlham Əliyevin davam
etdirdiyi islahatlar
proqramının uğurla həyata
keçirilməsi sayəsində mümkün
olmuşdur. İqtisadi sahədə
qazandığımız liderlik Azərbaycanın
beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə
şərait yaratmışdır. Bu gün
ölkəmizi nəinki tanıyırlar, onunla
hesablaşırlar, çünki Azərbaycan
beynəlxalq sabitliyin möhkəmlənməsi,
tərəfdaşlarımızın enerji
təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq koordinatlar sistemində mühüm
rol oynayan Cənubi Qafqaz regionunun inteqrasiya potensialının inkişafı üçün başlıca
fiqurlardandır.
Sivilizasiyalararası
dialoq məkanı kimi
nüfuz qazanan tolerant ölkəmizə artan
marağın təməlində də daim
əsas tutulan dinamik inkişaf, ölkə əhalisinin sosial müdafiəsinin etibarlı təminatına
yönəlmiş xalq-iqtidar birliyi, insan amilinə diqqət,
vətəndaş- məmur münasibətlərinin ədalət
prinsipinə əsaslanması kimi şərtlər
dayanır.
“The Business Year”
nəşrinə verdiyi müsahibəsində
inkişafımızın təməl prinsiplərindən söz açan Prezident İlham Əliyev
Azərbaycanın iqtisadi
potensialının azad iqtisadiyyat
üzərində qurulması ilə əldə olunan nailiyyətlərdən söz
açmış, iqtisadi və siyasi islahatların paralel
tətbiqinin səmərəsini
çox illik təcrübədə
özünü doğrultmasını
inkişafımızın Azərbaycan modelinin
uğuru adlandırmışdır. Dünya təcrübəsindən də bəllidir
ki, demokratik
inkişafı olmayan ölkələrdə
iqtisadiyyatın tərəqqisi bir tərəfli
olmaqla istənilən nəticəni verməyəcəkdir.
Azərbaycanın qısa müddətdə dünya
birliyində belə uğur qazanmasının
əsas səbəbi vətəndaşların dövlətin
daxili və xarici siyasətini
dəstəkləməsi, iqtidarla birlik və həmrəylik nümayiş
etdirməsidir.
Müsahibədə qeyd olunduğu kimi, ötən il Azərbaycanda
keçirilən prezident seçkilərində
cənab İlham Əliyevin
qazandığı qələbəni şərtləndirən
amillər isə yetərincədir. Xalq-iqtidar birliyinin
sarsılmazlığı, ümummilli lider Heydər Əliyev ideyalarının ləyaqətlə
davam etdirilməsi, sabitlik
şəraitində ictimai-siyasi həyatda
qazanılan uğurlar, əhəmiyyətli
qlobal layihələrin reallaşmasında
Azərbaycanın tutduğu mövqe, ölkədə yaradılan sağlam biznes və şəffaf
investisiya proqramlarının beynəlxalq
təşkilatlar tərəfindən dəstəklənməsi...
Seçkilərlə bir
sıra informasiya agentliklərinə
müsahibəsində bu məqamlara
aydınlıq gətirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin açıqlamasında qeyd olunduğu kimi tam demokratik
şəraitdə təşkil olunan prezident seçkilərində Azərbaycan seçicisi ümumi səsvermə
yolu ilə ölkənin gələcəyi
barədə öz seçimini
etdi. Seçkilər ərəfəsində
Azərbaycanda ictimai-siyasi hadisələri
təhlil edən tanınmış “beyin
mərkəzləri”nin açıqlamalarında da ən şanslı namizəd kimi cənab İlham
Əliyevin adı çəkilirdi. Yüksək
vətəndaşlıq və elektoral fəallıq
şəraitində keçən seçkilərdə namizədlərə
münasibətini bildirən insanlar səs
verərkən başa
düşürdülər ki, ölkənin
gələcəyi, sosial-iqtisadi
islahatların sonrakı gedişi, Azərbaycan
iqtidarının titanik səyləri
nəticəsində əldə edilmiş
sabitliyin və inkişafın taleyi ilk növbədə
xalqın düzgün mövqeyindən
asılıdır.
Cənab
İlham Əliyev dövlətə
başçılıq etdiyi illərdə
dəfələrlə siyasi bəsirət
və uzaqgörənlik nümayiş etdirmiş, fəaliyyət qabiliyyətini,
mürəkkəb məsələləri dəqiq həll etmək
bacarığını təsdiqləmişdir. Buna görə də
ölkə vətəndaşları İlham
Əliyevə etimad göstərməklə
tərəqqiyə, layiqli həyata, sosial rifaha və aydın
gələcəyə səs verdilər. Müsahibəsində
bu məqamlara aydınlıq gətirən
Prezident İlham
Əliyevin vurğuladığı kimi
seçkiləri müşahidə edən AŞPA, Avropa Parlamenti, ATƏT ,
İƏT, MDB ölkələri və digər mötəbər
təşkilatlar seçki prosesini birmənalı olaraq
yüksək qiymətləndirmiş, onun
azad, ədalətli və şəffaf
keçdiyini bəyan etmişlər. Bu da onu
göstərir ki, seçki
və onun nəticəsi ilə
bağlı Azərbaycan xalqının və beynəlxalq birliyin rəyləri üst-üstə düşmüşdür. Azərbaycan
xalqı öz seçimi
ilə həm bu günədək həyata
keçirilən siyasətə, həm də Prezident
İlham Əliyevin gələcək fəaliyyətinə
öz dəstəyini ifadə etmişdir. Andiçmə mərasimində Azərbaycanın
müstəqilliyi, insanların firavan həyatı
naminə çalışacağını bildirən Prezident İlham
Əliyevin vurğuladığı kimi on ildə Azərbaycanda ictimai-siyasi
proseslər müsbət istiqamətdə getmiş,
demokratiya yolu ilə uğurla addımlamışdır.
Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Söz, mətbuat,
sərbəst toplaşmaq, vicdan
azadlığı təmin edilmiş demokratik proseslər müsbət istiqamətdə
getmişdir. İqtisadi
uğurlarla bərabər, siyasi
islahatların davamlı aparılması da
ölkəmizin uğurlu
inkişafını şərtləndirir.
Azərbaycanda dinlərarası,
millətlərarası münasibətlər bir
örnəkdir. Keçirilən çoxsaylı beynəlxalq
tədbirlər, forumlar, konfranslar
Azərbaycanı dünyaya tolerantlıq məkanı,
dözümlülük, multikulturalizm
mərkəzi kimi təqdim etmişdir. Prezident İlham Əliyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması
ilə bağlı imzaladığı fərman da bəşəri dəyərlərə sadiqlik nümunəsidir. Təsadüfü deyil ki, Azərbaycanın bu sahədəki təcrübəsi öyrənilir.
Maraq doğuran müsahibədə
fikirlərini statistik rəqəmlərlə
diqqətə çatdıran Prezident İlham Əliyev bildirir ki, Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə
dünyanın lider ölkələrindən
birinə çevrildi və gücləndi:
“Düşünülmüş
proqramlar əsasında həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində
ümumi daxili məhsul
3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri
16 dəfə artdı, strateji valyuta ehtiyatlarının həcmi isə 50 milyard dolları keçdi.
Ölkə iqtisadiyyatına qoyulan
investisiyaların həcmi isə 170 milyard
dolları ötmüşdür.”
Azərbaycanın
uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq agentlikləri
tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət
Qabiliyyəti İndeksi 2013-2014”
hesabatına əsasən, dünya ölkələrinin
rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutmuşdur.
Xarici siyasət sahəsində də uğurlu nəticələrə nail olunmuşdur. “Bu illər ərzində dünyada
mövqelərimiz möhkəmlənmiş, Azərbaycan beynəlxalq
münasibətlər sistemində öz layiqli yeri olan,
rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanmışdır. Bizdə
keçirilən çoxsaylı beynəlxalq tədbirlər əyani
şəkildə təsdiq edir ki, ölkəmiz artıq regionun
siyasi, iqtisadi və mədəni
mərkəzi kimi qəbul edilir”
söyləyən Prezident İlham
Əliyevin açıqlamasında vurğulandığı kimi dünyada sosial gərginliyin, işsizliyin
və yoxsulluğun artması fonunda Azərbaycanda sürətli
inkişaf, tərəqqi, əhalinin
rifahının yüksəlməsi, ictimai-siyasi
sabitlik, milli həmrəyliyin
möhkəmlənməsi, inkişafımızın gələcək
istiqamətlərini müəyyən edən başlıca
amillərdir ki, bu
prioritetlər “ “Azərbaycan 2020- gələcəyə
baxış” İnkişaf Konsepsiyasında
olduğu kimi qəbul
olunan “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın da
əsas mahiyyət və məqsədidir. Elmin
inkişafı, yeniliklərin istehsalata tətbiqi,
müasir dövrün
çağırışlarını nəzərə almaqla daha mühüm
enerji, nəqliyyat, infrastruktur
layihələrinin hazırlanması inkişafımıza təsir
edən amillərdəndir. Azərbaycan qlobal transmilli və
çoxşaxəli regional layihələrin
təşəbbüskarıdır. “Ölkəmizin həyata
keçiridiyi enerji
siyasəti təkcə bizim üçün deyil, həm
də regionumuz və dünya
üçün mühüm
əhəmiyyat kəsb edir” kimi fikirləri ilə qlobal
enerji layihələrindən söz açan Prezident İlham Əliyev bildirir ki, “Şahdəniz-2” dünyanın enerji xəritəsində yeni
vəziyyətin yaranmasına səbəb olacaq
və tarixə “XXI əsrin kontraktı” kimi
düşəcəkdir.
Bunun üçün
İKT sahələrinin genişləndirilməsini
başlıca vəzifə kimi diqqətə
çatdıran Prezident İlham
Əliyevin imzaladığı “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün
Milli Strategiya”da perspektivlər əksini tapmışdır.
Ötən
ildən “Azərspase-1” süni peykini orbitə çıxarmaqla kosmik ailənin üzvünə çevrilən,
dünyada ilk dəfə
tətbiq olunan, Azərbaycan brendi kimi tanınan və əhaliyə
25 növ hüquqi
xidmət göstərən, qısa müddətdə bir milyondan artıq
müraciəti yerinə yetirən “ASAN xidmət”in fəaliyyətinin
genişləndirilməsinin əsasında da
İKT-nin inkişafı kimi
mühüm məsələlər
dayanır. İKT-nin inkişafına
yönəldilmiş 3 milyard dollardan artıq vəsait hesabına rabitə
və informasiya sahəsinin inkişafı
8,2 dəfə artmışdır.
Təbii ki, görülən işlər
qarşıya məqsəd kimi qoyulan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi
istiqamətində nəzərdə tutulan
vəzifələrin həllinə imkan
yaradacaqdır. Cari ilin “ Sənaye ili”
kimi elan olunmasında da məqsəd dövlət nəzarətində
olan və ölkədə
coğrafiyası genişlənən qeyri-neft
sektorunda sənayenin istehsal
potensialının artırılması, xarici
bazarlara çıxışın sürətləndirilməsi,
xarici ölkələrlə birgə fəaliyyət
göstərən iri müəssisələrin
sayının artırılmasıdır.
Azərbaycanın xarici siyasət sahəsində
qazandığı nailiyyətləri müsahibəsində
açıqlayan Prezident İlham
Əliyev bu sahədə də çox uğurlar
qazanıldığını bildirir. “Bu gün Azərbaycan
müstəqil siyasət yürüdən, qlobal
siyasi proseslərə və beynəlxalq
münasibətlər sisteminə öz
baxışı olan, mövqeyi
nəzərə alınan bir dövlət
hesab olunur” söyləyən
Prezident İlham
Əliyev Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qəbulunu xarici siyasətimizin
dünya birliyində dəstəklənməsi,
beynəlxalq aləmdə böyük nüfuza sahib olması kimi şərtləndirir. Azərbaycan
ATƏT, AŞPA, Aİ, İƏT kimi qurumlarla iki və çox tərəfli münasibətlərə
hörmət və ehtiramla yanaşır.
Keçən il Avropa
İttifaqı ilə vizaların sadələşdirilməsi
ilə bağlı imzalanan saziş Aİ ilə Azərbaycan arasında
qarşılıqlı strateji tərəfdaşlığın
ən səmərəli formatını yaratmaq
imkanlarını artıracaq. “Eurovision”
mahnı yarışmasının ölkəmizdə mütəşəkkilliklə
keçirilməsi, Birinci Avropa
Oyunları üçün Azərbaycanın
seçilməsinin özü xarici siyasətimizin, respublikada
mövcud olan təhlükəsizliyin
və sabitliyin təzahürüdür.
Azərbaycanın altı ay müddətinə
AŞPA Nazirlər Komitəsinə rəhbərliyi kimi etimada layiq
görülməsi də xarici siyasətimizin
növbəti uğurudur. Danılmaz
faktdır ki, Azərbaycan qlobal
təhlükəsizliyə, dünyada sülhün bərqərar olmasına, sivilizasiyalar və mədəniyyətlərarası
dialoqun inkişafına layiqli
töhfəsini verir. Hazırda Azərbaycan
Cənubi Qafqaz regionunun
siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir.
Bakı şəhərinin mühüm
beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə
halını almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı
çərçivəsində Fələstinə yardım
məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və
digər yüksək səviyyəli qlobal
tədbirlərin keçirilməsi buna sübutdur. Avropa və Asiya ölkələri ilə
ənənəvi tərəfdaşlıq münasibətlərini
davam etdirmək, Qoşulmama
Hərəkatı ölkələri, Latın Amerikası və
Afrika dövlətləri ilə siyasi, iqtisadi və humanitar əməkdaşlığın
gücləndirilməsi xarici siyasətimizin
prioritetlərindəndir. Təsadüfi deyil
ki, son dövrlərdə
Latın Amerikasının bir sıra
ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində
Azərbaycanın haqlı mövqeyinə dəstək verir. Artıq dünyanın 10
ölkəsi 1992-ci ildə erməni silahlı birləşmələri
tərəfindən Xocalıda törədilmiş qətliamı
soyqırımı aktı kimi
tanımış, həmin dövlətlərin parlamentləri
müvafiq qərarlar qəbul etmişlər.
Deyilənlər bir daha göstərir ki, ölkəmizin daxili və
xarici siyasətinin əsasında Azərbaycan
dövlətçiliyinin, xalqının milli
maraqları, mənafelərin qorunması kimi
ümdə məsələlər dayanır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həllində də siyasətimizin müsbət nəticə
verəcəyinə daim əmin olan Prezident İlham Əliyevin vurğuladığı kimi danışıqlar prosesini
hər cür bəhanələrlə pozmağa, status-kvonu saxlamağa çalışan Ermənistanın
cəhdləri boşa çıxacaq.
Sonda haqq-ədalət, Azərbaycanın
prinsipiallığı, tutduğu ədalətli
mövqe qalib gələcək,
münaqişə Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həllini tapacaq.
Xuraman
İsmayılqızı
İki sahil.- 2014.- 21 may.- S.3.