Rusiya-Türkiyə münasibətləri:
qlobal geosiyasət kontekstində
Krımın ilhaqı bütövlükdə geosiyasətin dinamikasında ciddi dəyişikliklərə yol açır. Analitiklər məsələyə müxtəlif aspektlərdə qiymət verirlər. Təhlillər göstərir ki, geosiyasi məkanda vəziyyət kəskin surətdə dəyişə bilər. Həmin kontekstdə Rusiya-Türkiyə münasibətlərinin keçmişi və bu günü maraq doğurur. Yanaşmalar fərqlidir, lakin etiraf edilir ki, bu məsələ indi daha da aktuallaşıb. O cümlədən, Ukrayna ətrafında baş verən proseslərin fonunda onun geosiyasi əhəmiyyəti yeni səviyyəyə yüksəlib. Bu cür vəziyyətin qlobal geosiyasətə və böyük dövlətlərin əməkdaşlıq strategiyalarına necə təsir göstərə biləcəyi üzərində düşünmək olar.
Tarixin dərsləri: Krım uğrunda
savaşlara bu gündən baxış
Krımın Rusiyaya
birləşdirilməsi Qara dəniz hövzəsinin müasir
tarixində ciddi dəyişikliklərə yol aça bilər.
Bütövlükdə Ukraynada cərəyan edən hadisələr
prizmasından məsələ birbaşa qlobal geosiyasətlə
əlaqədar görünür. Ekspertlər hesab edirlər
ki, bu cür gedişat Qara dənizlə yanaşı,
Yaxın Şərq və ona yaxın olan regionlarda
böyük geosiyasi proseslərə təkan verə bilər.
Problemə Türkiyə-Rusiya
münasibətlərinin tarixi təkamülü aspektində
də yanaşmalar müşahidə edilir. “Foreign Affairs”
jurnalında Akın Ünverin bununla bağlı maraqlı məqaləsi
dərc olunub. Müəllif XVIII əsrdən başlayaraq əvvəlcə
Osmanlı-Rusiya imperiyası, sonra isə Türkiyə-Rusiya
münasibətlərində Krım və bütövlükdə
Qara dənizin oynadığı rolu analiz edib (bax: Akin Unver.
Ankara to Black Sea. Turkey and Russia’s Age-Old Struggle for Regional
Supremacy / “Foreign Affairs”, 12 may 2014).
Məqalədə Krımın Rusiya tərəfindən
ilhaqının 340 ildir mövcud olan fəaliyyət planına
uyğun olduğu vurğulanır. Yekaterinanın zamanında
Moskvanın Qara dəniz vasitəsi ilə Aralıq dənizinə
və oradan da daha geniş ərazilərə çıxmaq məqsədini
qarşıya qoyduğu vurğulanır. 1783 və
1853-1856-cı illər rus-türk müharibələri faktiki
olaraq yarımadanın taleyini həll edib. Hazırda Krımla
bağlı baş verənləri həmin hadisələrdən
kənarda təsəvvür etmək doğru olmazdı.
Regionda geosiyasi proseslərin dinamikası da məhz həmin məqamla
sıx əlaqəlidir. Belə ki, müasir mərhələdə
söhbət böyük məkanda aparılan geosiyasi
mübarizədən gedir (bax: əvvəlki mənbəyə).
Bu tezislər müstəvisində Qara dəniz hövzəsinin
geosiyasətinə üç aspektdən yanaşmaq olar.
Birincisi, Rusiya qonşularının özündən zəif
olduğuna əsaslanaraq ərazilərini genişləndirmək
xəttini seçib. İkincisi, Qara dənizdə
hegemonluğa can atır. Üçüncü, Bosfor
boğazının statusuna yenidən baxılması məsələsini
gündəmə gətirə bilər (bax: əvvəlki mənbəyə).
Belə çıxır ki, Türkiyə Rusiyanın
Ukrayna məsələsində inad etməsinin arxasında yeni
geosiyasi maraqlarının dayandığına inanır. Qara dəniz,
Aralıq dənizi, Yaxın Şərq, Afrika və
Avropanı əhatə edə biləcək həmin dəyişikliklər
ümumiyyətlə, müasir tarixi mərhələdə
prinsipial dəyişikliklərə səbəb ola bilər. O
cümlədən, enerji təhlükəsizliyi sisteminin
formalaşdırılması tamamilə fərqli bir müstəviyə
gələ bilər. Sonuncu məqam, şübhəsiz, Azərbaycanı
da maraqlandıran geosiyasi faktorlar sırasındadır.
Moskva Qara dənizdə hərbi və geosiyasi
üstünlüyə nail olmaqla, region dövlətlərini
nəzarətə almış olur. Onunla həmin bölgədə
rəqabət apara biləcək yeganə dövlət
Türkiyədir. Lakin analitiklər hesab edirlər ki, Qərb
olmadan müasir mərhələdə Ankaranın Moskvaya
qarşı durmaq gücü yoxdur. Məsələnin bu
cür qoyuluşu avtomatik olaraq ABŞ-Türkiyə, Türkiyə-Aİ
münasibətlərinin aktuallığını yada
salır. Bu istiqamətdə isə vəziyyət heç də
tam qaneedici deyil. Ankarada hesab edirlər ki, İngiltərə və
Fransa əvvəlki dövrlərdə olduğu kimi Türkiyəni
müdafiə etməyə bilər. Amerika da sona qədər
Türkiyənin yanında qismən ola bilər.
Lakin bu fikirlərlə razılaşmamaq da
mümkündür. Çünki məqalə müəllifinin
bəhs etdiyi məqamlar mövcuddursa, onda Qara və Aralıq
dənizləri, Yaxın Şərq və Afrika yalnız
Türkiyənin məsələsi deyil. Hətta Ankaradan da əvvəl
Qərbin geosiyasi problemidir. Sirr deyil ki, Türkiyə qlobal səviyyədə
əsas söz sahiblərindən biri deyil. Ola bilsin ki, onun bu
cür statusa potensialı çatır, lakin hazırkı
tarixi gerçəkliklər göstərir ki, Ankaranın bu
istəyinə həm Qərb, həm Rusiya, həm də
Çin qarşıdır. Bu səbəbdən, əgər
Kremlin yuxarıda sadaladığımız məkanlarla
bağlı hansısa planları varsa, onun reallaşmaması
üçün Qərb həvəslə Türkiyə ilə
əməkdaşlıq edə bilər.
“Cənub
dəhlizi”nə təhlükə:
qlobal
geosiyasətdə yeni oyun qaydası?
Bununla yanaşı, məsələnin diqqəti
çəkən başqa aspekti vardır. Biz, enerji təhlükəsizliyi
məsələsini nəzərdə tuturuq. Məqalə
müəllifi (Akın Ünver) hesab edir ki, Moskva Krımı
ilhaq etməklə “Cənub dəhlizi” layihəsinin
reallaşmasına birbaşa təhlükə yaradır.
TANAP, TAP və digər beynəlxalq əhəmiyyətli layihələrin
taleyi sual altına düşür. Belə ki, Rusiya Sevastopol
limanına nəzarəti ələ keçirib, sonra isə
Bosfor boğazının statusunu dəyişə bilsə, gəmilərinin
maneəsiz olaraq Aralıq dənizinə çıxmasına
imkan əldə edir. Türkiyə Bosfordan keçən
heç bir rus gəmisinə qadağa qoya bilmədiyi halda,
prosesin bu istiqamətdə inkişaf etməsi ehtimalı
yüksəkdir.
Problemin başqa tərəfi son zamanlar çox pisləşən
Türkiyə-Suriya münasibətlərinə
bağlıdır. Rusiyanın Tartusda hərbi bazası var. Bəşər
Əsədin vətəndaş müharibəsində qalib gəldiyi
halda Moskvanın həmin hərbi obyekti bir neçə dəfə
gücləndirməsinə qarşı
çıxmayacağı aydındır. Dəməşq
Tehranın da bu məsələdə marağını nəzərə
almaya bilər. Çünki hazırda İranın Suriyaya
yardım etməsi məhdudlaşıb. Hətta Tehranın
“Hizbullah”a maliyyə dəstəyində çətinlik
çəkdiyi bildirilir. Eyni zamanda, Tehranın Qərblə
yaxınlaşması ehtimalı istisna edilmir. Bunlara görə,
Suriya Kremlin hərbi planlarına yaşıl işıq
yandıra bilər.
Rusiyanın Sevastopol-Tartus geosiyasi məkanında hərbi
gücünü artırması Kiçik Asiyanı faktiki
olaraq nəzarətə alması anlamına gəlir (bax: əvvəlki
mənbəyə). Krımın ilhaqından sonra “Exxon”,
“Chevron” və “Shell”in Ukrayna sahillərində neft-qaz kəşfiyyatı
işləri aparmasına təhlükənin meydana gəldiyini
ekspertlər vurğulayırlar. Daha geniş miqyasda isə
söhbətin “Cənub dəhlizi”ndən getdiyi ifadə
edilir. Moskva bu layihəni təcrid edə bilər. Geosiyasi
aspektdə problemin bu tərəfi olduqca əhəmiyyətlidir.
Məsələ ondan ibarətdir ki, hadisələrin bu
cür gedişatı qlobal miqyasda enerji təhlükəsizliyi
sisteminin bütövlükdə yeni məzmun kəsb edə
biləcəyini göstərir. Rusiya Qərbin nəzərdə
tutduğu planları alt-üst etmiş olur. Xəzər
hövzəsindən Avropaya nəql edilə biləcək
bütün enerji daşıyıcıları üzərində
Moskvanın nəzarət edə bilməsi tamamilə fərqli
vəziyyət yaratmış olur. Onda Gömrük
İttifaqı və Avrasiya inteqrasiya proseslərinin perspektivi
də yeni səviyyəyə qalxmış olur.
Rusiyanın bütün bunları həyata keçirməyə
gücünün çatıb-çatmayacağı
başqa mövzudur. Çünki Qərb ona qarşı
sanksiyalarını getdikcə daha da sərtləşdirir.
Əgər proses bu istiqamətdə davam etsə, Moskvanın
öz geosiyasi nüfuzunu artırmaq cəhdləri ciddi maneələrlə
üzləşəcək. Çin-Rusiya əməkdaşlığının
da müəyyən həddə qədər mümkün ola
biləcəyi vurğulanır. Səbəb ondan ibarətdir
ki, Pekin Moskvaya dəstəyinin qarşılığında
elə güzəştlər tələb edə bilər ki,
bu, Kremlə Krımdan daha baha başa gələ bilər.
Ekspertlər burada Çinin Ukrayna məsələsinə
görə hələlik Rusiya ilə sıçrayış
xarakterli müqavilələrdən çəkindiyini qeyd
edirlər. Belə ki, çinli ekspertlər F.Yuytsyun və
U.Enyuan Pekinin Ukrayna probleminə görə ehtiyatlı davrana
biləcəyini söyləyirlər. Rusiya EA-nın Uzaq Şərq
İnstitutunun Çini iqtisadi və sosioloji araşdırma Mərkəzinin
rəhbəri Anderey Ostrovski daha konkret mövqe bildirir. O,
“Ukrayna məsələsinin Çin üçün çox
incə və mürəkkəb olduğunu” vurğulayır.
Eyni zamanda, Pekinin Moskvanın dəstəyi olmadan enerji problemlərini
həll etdiyini deyir. Belə ki, Rusiya ilə Çin
arasında qaz sahəsində əməkdaşlıq
haqqında danışıqların 2006-cı ildən getməsinə
baxmayaraq, hələlik proses yekunlaşmayıb. Bundan
başqa, Pekinin “bəzi siyasi məsələlərə
görə əl-qolu bağlıdır” (bax: Vizit Putina v
Kitay: obsujdenie Ukrainı i qazovoqo kontrakta / “Moskovskiy
Komsomoleü”, 16 may 2014).
Bunlar həqiqətən də Krım və
bütövlükdə Qara dəniz məsələsinin
qlobal geosiyasətdə aktual yer aldığını göstərir.
Böyük dövlətlər arasında mübarizə yeni
səviyyəyə qalxır. Bir tərəfdən,
Moskvanın Aralıq dənizi və Yaxın Şərqə
daha aktiv müdaxilə etməsi, digər tərədən isə
Çinin artıq Avrasiya məkanında açıqca Qərblə
qarşı-qarşıya gəldiyi müşahidə edilir.
Bundan sonra Pekin “Şərq müdrikliyi” ilə hadisələrə
qarışmadan proseslərin daxilində olmaq
strategiyasını çətinliklə yerinə yetirəcək.
Belə görünür ki, qlobal geosiyasət yeni oyun
qaydalarının şahidi ola bilər. Bunun fonunda
dünyanın enerji təhlükəsizliyi məsələsi
də yeni məzmun kəsb etmiş olur.
İki
sahil.- 2014.- 23 may.- S.18.