Ayaz Orucov: “Azərbaycanın dövlət müstəqilliyinin qorunması

kimi tarixi missiyanı məhz ulu öndər gerçəkləşdirə bildi

 

Bugünkü müstəqil, qüdrətli respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin yarımçıq qalmış ideyalarının, qarşısıalınmış inkişafının davamıdır

 

Müsahibimiz Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru Ayaz Orucovdur. Ayaz müəllimlə söhbətimiz böyük təntənə ilə qarşıladığımız 28 May Reıpublika günü ilə bağlıdır.

 

-Ayaz müəllim, 28 may Respublika Gününün tarixi əhəmiyyəti və xalqımızın həyatındakı rolu nədən ibarət olmuşdur?

-Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısa müddətdə müstəqillik ideallarına qovuşmuşdur. Ümummilli lider Heydər Əliyev 2001-ci ildə 28 may Respublika Günü münasibətilə təşkil olunmuş rəsmi qəbuldakı dərin məzmunlu nitqində demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar. 1917-ci ildə baş vermiş oktyabr inqilabı, rus-çar imperatorluğunun dağılması və o zaman onun ərazisində müxtəlif proseslərin meydana çıxması Azərbaycanın istiqlaliyyətinin elan edilməsi və Xalq Cümhuriyyətinin yaradılması üçün şərait yaratdı”.

Qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hüquqi sənədi 1918-ci il mayın 28-də elan olunmuş İstiqlal Bəyannaməsi olmuşdur. Konstitusiya aktı statusuna malik bu sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, dövlətin əsas fəaliyyət prinsipləri əksini tapmışdı. Hökumətin və ali qanunverici orqanın səlahiyyətlərini eyni zamanda icra edən Milli Şuranın ilk mühüm addımlarından biri 1918-ci il iyunun 4-də qardaş Türkiyə ilə hərbi-siyasi müqavilə imzalaması oldu. Osmanlı imperiyası ilə hərbi sahədə strateji əməkdaşlığı nəzərdə tutan belə bir müqavilənin bağlanması Azərbaycan dövlətçiliyinin beynəlxalq aləmdə təsdiqi və Azərbaycan xalqının müstəqilliyinin saxlanılmasında zəruri addım idi. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, respublika ərazisinin müəyyən hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik birləşmələrinin nəzarəti altında idi. Birinci Dünya müharibəsindən, habelə Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən istifadə edən ermənilər mənfur iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuş, Azərbaycanın bəzi bölgələrini, o cümlədən Bakını işğal etmişdilər.Vəziyyətin gərginliyi həm də onunla bağlı idi ki, hələ 1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəzləyən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhaliyə qarşı soyqırımı siyasətinə başlamışdılar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmış, 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanlar isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşdular. Vəziyyətin gərginləşdiyini görən Osmanlı hökuməti özünün ağır durumuna baxmayaraq, 1918-ci ilin iyununda qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı altında hərbi qüvvələrini Azərbaycana göndərdi. Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənən Qafqaz İslam Ordusunun hərbçiləri Gəncə ermənilərini tərksilah etdilər, Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi döyüşlərində daşnak-bolşevik birləşmələrinə ağır zərbələr endirdilər. Nəhayət, rəşadətli Qafqaz İslam Ordusu ağır döyüşlərdə eser-menşevik və daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Qəhrəman Azərbaycan-türk əsgərlərinin şücaəti, qanı bahasına Bakı və digər rayonların azad olunması ilə AXC hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Cümhuriyyət hökumətinin xalqda milli özünüdərki gücləndirməyə xidmət edən mühüm addımlarından biri də 1918-ci il iyunun 27-də “Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında” qərarın qəbulu idi. Həmin qərar Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə dair ilk sənəd idi. Bu qərarla Azərbaycan-türk dili bütün ölkə ərazisində dövlət dili elan edildi.

Eyni zamanda 28 mayda uzun qərinələr boyu əzab burulğanında çırpınan məmləkətimizin ilk istiqlal bəyannaməsi qəbul edilmişdi. Həmin gün Şərqdə ilk dəfə olaraq azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı elan olundu. Şura üzvləri bəyannaməni ayaq üstə, sevinc içərisində qəbul etdilər.Ancaq azadlıq və xoşbəxtlik rəmzi olan milli bayrağımız cəmi 23 ay dalğalandı.

1920-ci ildə ilk müstəqilliyimiz əldən çıxdıqdan sonra 1991-ci ilədək imperiya bayrağı altına sığınmaq məcburiyyətində qaldıq. Lakin haqq yolumuzdan dönmədik. Libasımızı dəyişsək də, məslək və əqidəmizi dəyişmədik. Ruh düşkünlüyünə qapılmadıq. 71 il ərzində Azərbaycan böyük zəfər yolu keçdi.

-Ayaz müəllim demək olarmı ki, 1969-cu ildən sonra məhz ulu öndərin sosialist Azərbaycanına rəhbərliyə gəlməsi ilə milli oyanış, özünü dərk prosesləri başladı.

Təbii ki, həmin dövrdəki uğurlar ilk növbədə 1969-cu ildə hakimiyyət kürsüsünə qalxmış qüdrətli şəxsiyyətin- Heydər Əliyevin titanik zəhmətinin, siyasi uzaqgörənliyinin, xalqı öz ətrafında vahid bir əqidə bayrağı altında birləşdirmək bacarığının nəticəsi idi. Məhz inkişafdan qalmış bir aqrar respublikanın qısa müddətdə sənaye respublikasına çevrilməsi, əhalinin sosil rifahının yüksəlməsi, SSRİ kimi nəhəng bir ölkədə söz sahibi olmağımız Heydər Əliyev şəxsiyyəti ilə bağlı idi. Eyni zamanda, Azərbaycanın ötən əsrin ikinci onilliyinin əvvəlində itirdiyi müstəqilliyini əsrin sonuncu onilliyinin əvvəlində - 1991-ci ildə yenidən qazanmaq imkanı yarandı .Lakin dövlət müstəqilliyimizin ilk üç ilində dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hərc-mərclik və hakimiyyətsizlik baş alıb gedirdi. Sənaye və kənd təsərrüfatı istehsalının səviyyəsi günbəgün azalır, manatın məzənnəsi sürətlə aşağı düşür, çörək və digər ən zəruri ərzaq məhsulları üçün uzun növbələr yaranır, vaxtilə tam gücü ilə işləyən nəhəng müəssisələrin qapılarından qara qıfıllar asılır, minlərlə təcrübəli mütəxəssis öz yerləri ilə vidalaşmaq məcburiyyətində qalırdı. Respublikanın bölgələrində separatçılıq əhval-ruhiyyəsi güclənir, insanlar təqiblərə məruz qalır, hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verirdi. Bir tərəfdən də erməni silahlı dəstələrinin ölkədəki hakimiyyətsizlikdən istifadə edib Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğala məruz qoymaları respublikamızı və xalqımızı çıxılmaz vəziyyətdə qoymuşdu. Azərbaycanın əsl müstəqilliyi 1993-cü ildən Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı.

-Ayaz müəllim, bu bir tarixi həqiqətdir ki, müstəqil dövlətimizin uzun müddətdən sonra yenidən bərpası və onun qorunub saxlanması bir tarixi missiya idi. Həmin tarixi missiyanı isə məhz ulu öndər həyata keçirməklə ölkəmizə daim müstəqillik, qarşısıalınmaz inkişaf, firavanlıq gətirdi.

-Ulu öndər heç də təsadüfən demirdi ki, müstəqilliyi qazanmaq qədər də onu qoruyub saxlamaq çətin və mürəkkəb işdir. Onun ikinci dəfə hakimiyyətə qayıdışı zamanı dövlətimiz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Azərbaycan qurdlar süfrəsində bir dadlı loxmaya çevrilmişdi. Məhz onu bu bəladan quratmaq üçün müdrik və qətiyyətli lider gərək idi. Tanrı bu lideri vaxtında xalqımıza yetirdi. Onun sistemli şəkildə həyata keçirdiyi fundamental dəyişikliklər sayəsində qısa bir zaman çərçivəsində atəşkəsə nail olundu. Azərbaycanı parçalamaq ehtirası ilə qovrulan separatçı qüvvələrin, dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı qətiyyətlə alındı. Ölkədə güclü qanunverici baza yaradıldı. Siyasi, iqtisadi, hüquqi, demokratik islahatlar həyata keçirildi, onun təsisatları yarandı və bu islahatlar həyatın bütün sahələrində ölkənin tərəqqisinə güclü təkan verdi. Gəlin açıq etiraf edək ki, heç bir dövlət torpaqlarının 20 faizi düşmən tapdağında olan, əhalisinin hər 9 nəfərdən biri qaçqın və məcburi köçkünə çevrilən, hər an dəhşətli hücum təhlükəsi qarşısında qalan bir ölkəyə daxil olub, onunla iqtisadi əlaqələr qurmağa, oraya güclü sərmayələr yatırmağa özündə cəsarət tapmazdı. Ancaq dünyanın ən nəhəng şirkətləri heç nədən çəkinməyərək Azərbaycana böyük inamla qədəm qoydular. Bu inamın banisi öz ölkəsini və xalqını qorumaq iqtidarına malik olan Heydər Əliyev idi. O qüdrətli şəxsiyyət 1994-cü ilin sentyabrında planetimizin ən nəhəng şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalamaqla ölkəyə uğur gətirən yeni neft strategiyasını həyata keçirməyə başladı. Həmin müqavilə regionda Azərbaycanın geostrateji mövqeyini xeyli gücləndirdi, dünyanın aparıcı dövlətləri ilə əlaqələrinin daha da möhkəmlənməsinə güclü təkan verdi. Bu, ölkəmizin müstəqil dövlət kimi siyasiiqtisadi diplomatiya sahəsində manevr etmə imkanlarını genişləndirdi, iqtisadi böhrandan hələ xilas olmamış məmləkətimizə xarici investisiyaların cəlb edilməsi yolunda yaşıl işıq yandırdı. “Əsrin müqaviləsi” sözün əsl mənasında müstəqilliyimizin toxunulmazlığının və əbədiyaşarlığının təsdiqi idi. Həmin beynəlxalq layihə bu gün məhsulları dünyanın onlarca ölkəsinə ixrac edilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin polad bünövrəsi oldu. Hazırda bu kəmərlərlə Azərbaycandan əcnəbi ölkələrə neftqaz, əvəzində isə həmin ölkələrdən respublikamıza valyuta axmaqdadır.

-Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyası məhz davamlı iqtisadi inkişafdan, demokratik islahatlardan keçdi deyə bilərikmi?

-Bilirsinizmi, iqtisadi inkişafın nəticələrini əhalinin sosial rifahına yönəltmək qətiyyətli və müdrik dövlət başçılarına xas olan dəyərli keyfiyyətdir. Sosial rifah halının yüksəlişi, firavanlığın təmiantı, eyni zamanda, demokratik dəyərlərin inkişafını öz ardınca gətirən mühüm amildir. Bu mənada, yüksək iqtisadi inkişafa nail olan Azərbaycan dövləti üçün demokratik islahatları sürətləndirmək zəruri şərt idibiz bunu həyata keçirdik. O ki qaldı dünya Birliyinə inteqrasiyaya bu da həm iqtisadi yüksəlişin, həm də demokratik iknikşafn bir diqtəs idi. Avropanın humanistdemokratik dəyərlərinə inteqrasiya yolu tutan Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olub, onun tam hüquqlu üzvləri arasında öz layiqli yerini tutdu, ölkəmizin NATO, Avropa Birliyi və dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatların işində yaxından iştirakı, çoxsahəli əməkdaşlığın qurulması müstəqillik yolları ilə inamla addımlayan Azərbaycanın əbədiyaşarlığına xidmət edən dəyərli işlərdir.Eyni zamanda, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan əsas hədəf də ölkəmizi inkişaf etmiş dövlətlər sırasında görmək, yüksək gəlirli ölkəyə çevirməkdir.

Dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında, sorğu mərkəzlərinin apardıqları sorğuların nəticələrində Azərbaycanın hər zaman yüksək göstərici əldə etməsi onu deməyə əsas verir ki, inkişaf, tərəqqi dövlətimizin siyasətində əsas yer tutmaqla yanaşı, bu istiqamətdə əhəmiyyətli addımlar atılmış və bunun nəticəsi olaraq ölkəmizə beynəlxalq baxış yüksək səviyyədədir. Prezident İlham Əliyevin məhz fədakar zəhməti sayəsində artıq bölgədə lider dövlətə çevrilmiş Azərbaycan dünya iqtisadi sisteminə inamla inteqrasiya etməkdədir. Son 10 il ərzində Azərbaycanın strateji valyuta ehtiyatları artaraq 50 milyard dolları ötüb. 2003-2013-cü illərdə iqtisadiyyatımıza 140 milyard dollar investisiya yönəldilib ki, bunun da yarıdan çoxu daxili investisiyadır. İnamla demək olar ki, Azərbaycan son 10 ildə bəzi ölkələrin heç 100 ildə belə keçə bilmədiyi şərəfli bir yol keçib.

- Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının ən sürətli dövrünü yaşayır. Və bu dövrü bir iqtisadçı alim kimi necə dəyərləndirirsiniz?

-Bu gün Azərbaycan əgər inkişaf etmiş böyük dövlətlərin zirvə görüşlərinə dəvət olunursa, dövlətmizin rəhbəri cənab İlham Əliyev dünya liderləri ilə dünyanın qlobal problemlərinin həlli müzakirələrində nəinki iştirak edir, hətta dəyərli tövsiyələrini veririsə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin qarantına çevrildiksə bunlar, insanlarımızda artıq azərbaycanlı olmaq qüruru yaradır.

Fərəhlidir ki, vaxtilə öz iqtisadiyyatını dirçəltmək üçün xarici investisiyalara möhtac olan Azərbaycanın özü bu gün digər ölkələrin iqtisadiyyatına investisiya qoyan bir ölkəyə çevrilib. Bu gün regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Düşünürəm ki, gələcək 10 illər ərzindədə Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara nail olacaqdır.

 

Elçin Zaman

 

İki sahil.- 2014.- 23 may.- S.9.