Türkiyənin yeni Avropa

strategiyası: üç istiqamətdə islahatlar

 

Uzun illərdir ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi gündəmdədir. Lakin məsələ hələlik həllini tapmayıb. Meydana müxtəlif ziddiyyətlər çıxır. Aİ bəhanələrlə məsələnin həllini uzadır.

 

Təşkilatın 2014-cü il Türkiyə hesabatı bunların fonunda ekspertlərin marağına səbəb olub. Rəsmi Ankara onu “tarazlı və obyektiv” adlandırıb. Bununla yanaşı, tərəflər arasında ciddi fikir ayrılıqlarının da olduğu məlumdur. Bu baxımdan Türkiyənin Aİ strategiyası hansı məqamları özündə birləşdirir? Yaxın perspektivdə bu ölkənin həmin təşkilata üzv olması ehtimalı mövcuddurmu? Bu kimi sualların aktuallığı şübhə doğurmur. Eyni zamanda, Ankaranın Aİ-yə üzvlüklə bağlı yeni strategiya hazırlaması bu məsələyə müəyyən aydınlıq gətirə bilər.

 

Problemin həlli: Ankara

və Brüsselin mövqeləri

 

Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi sanki Yaxın Şərqin geosiyasi problemlərinin kölgəsində qalıb. Zaman-zaman tərəflər arasında müəyyən məsələlər üzrə müzakirələr aparılır. Bütövlükdə Ankaraya ümid verə biləcək hadisə baş vermir. Əksinə, qarşılıqlı ittihamlar intensivləşir. Mütəxəssislər Türkiyənin Aİ-yə daxil olması şansını yüksək qiymətləndirmirlər. Bir sıra ekspertlər hətta bunun mümkün olmayacağı qənaətindədirlər. Onun iki səbəbini vurğulayırlar.

Birincisi, Aİ reallıqda Ankaranı öz sıralarında görmək istəmir. Çünki Türkiyə sosial-iqtisadi və mədəni potensialına görə böyük imkanlara malikdir. Onun Aİ-yə üzv olması Avropanın güclü dövlətləri üçün müəyyən sıxıntılar yarada bilər. İkincisi, Türkiyənin özü bu təşkilata üzv olmaqla, sürətlə inkişaf edən və regionda söz sahibi olan dövlət kimi hansısa təşkilatda ikinci dərəcəli rol oynamaq istəmir.

Ekspertlərin bu rəylərinin əsası var. Uzun illərdir ki, Türkiyə müxtəlif bəhanələrlə Aİ-yə qəbul edilmir. Bununla yanaşı, məsələnin aktuallığını itirdiyini düşünmək doğru olmazdı. Türkiyə rəsmiləri dəfələrlə bildiriblər ki, onlar üçün Aİ-yə üzvlük prioritetdir. Xarici siyasətdə bu məqam aparıcı yerlərdən birini tutur. Buna görə də “müzakirə sürəci” deyilən bir proses mövcuddur. Bunun cərəyan etmə mexanizmini mütəxəssislər təhlil edirlər.

Hazırda Türkiyənin aşağıdakı üç istiqamətdə Aİ-nin meyarlarına uyğunlaşmalı, bu sahələrdə daha səmərəli çalışmalı olduğu bildirilir - siyasi islahatlar, sosial-mədəni yeniləşmələr və kommunikasiyaların intensiv inkişafı (bax: Furkan Şenay. Türkiye’nin AB Süreci’nde Yeni İletişim Stratejisi / “SETA Perspektif”, 2014, ¹75). Sonuncu məqama daha çox önəm verilir. Burada Türkiyənin informasiya, təbliğat və təşviqat sahəsində prinsipial dəyişikliklər etməli olduğu vurğulanır.

Bunları təbii ki, qəbul etmək olar. Ancaq Türkiyə üçün siyasi islahatların aparılması ciddi əhəmiyyət daşıyır. Aİ-nin bu sahədə Ankaranı ittiham etməsi heç kimə sirr deyil. İnsan haqlarının qorunması, məhkəmə prosesinin aparılması, jurnalistlərin hüquqlarının təmini və s. kimi məsələlərdə Türkiyəyə olan iradlar az deyil. Onların reallığı əks etdirib-etdirməməsi başqa bir mövzudur. Məsələ burasındadır ki, Aİ bu şərtləri qoyur və onların yerinə yetirilməsini tələb edir.

Ədalət naminə demək olar ki, Ankara bunlara etiraz etmir. Ölkənin özünəməxsus tarixi inkişaf yolunun olduğunu nəzərə alaraq o, bir sıra məqamlarda Brüsselin tələblərini qəbul etmir. Xüsusilə, insan haqlarının müdafiəsi, milli azlıqların hüquqlarının təminatı, söz azadlığı ilə bağlı Türkiyə öz arqumentlərini müdafiə edir. Rəsmi Ankara ölkənin parçalanmasına yol verməyəcəyini bəyan edir.

Maraqlıdır ki, Aİ-nin genişlənməyə məsul şəxsi Ştefan Füle bu il oktyabrın 8-də təşkilatın Türkiyə ilə bağlı məruzəsi kontekstində vurğulayıb: “Türkiyə ilə Avropa İttifaqının hər zamankından daha çox bir-birinə ehtiyacı vardır” (bax: Fatma Yılmaz-Elmas. 2014 İlerleme Raporu: Türkiye Gündeminin Neresinde? / www.usak.org.tr, 9 oktyabr 2014). Bu o deməkdir ki, Aİ Yaxın Şərqdə müşahidə edilən geosiyasi dəyişikliklər fonunda Türkiyəni özündən uzaqlaşdıra bilməsə də, onu üzv qəbul etmək fikrində də deyil.

 

Kommunikasiya və informasiya imkanları:

Ankara daha da fəallaşır

 

Bu müstəvidə Türkiyə ilə müzakirələrin strategiyası nədən ibarət ola bilər? Hər şeydən əvvəl onu deyək ki, Ankaranın Brüssel üçün əhəmiyyəti yalnız Yaxın Şərq məsələsi ilə məhdudlaşmır. Burada Qafqaz və Mərkəzi Asiya faktorunu, Rusiya məsələsini unutmaq olmaz. Türkiyə Xəzər hövzəsinin neft-qaz ehtiyatlarının Avropaya nəqlində ciddi rol oynaya bilər. Bu ölkə bir neçə istiqamətdən Avropaya gedən enerji marşrutlarının üzərində yerləşir. Moskva ilə yaranmış böhran Brüsseli Ankaraya daha da yaxınlaşdırır. Bunlara görə Ş.Fülenin yuxarıda gətirdiyimiz fikri heç də təsadüfi deyil. Problem Aİ-nin üzv qəbul etmək istəmədiyi bir dövlətlə nə dərəcədə əməkdaşlıq etmək istəməsindədir. Bu məqam hələlik tam aydınlaşmayıb.

Bunlara rəğmən, Aİ-nin 2014-cü il Türkiyə hesabatını rəsmi Ankaranın “tarazlı və obyektiv” qiymətləndirdiyini demək lazımdır (bax: əvvəlki mənbəyə). Bu, bir qədər gözlənilməz təsir bağışlaya bilər. Məsələyə başqa aspektdə yanaşdıqda isə Türkiyənin məntiqli davrandığı aydın olur.

Ankara dünya miqyasında söz sahibi olmaq üçün siyasi və iqtisadi islahatları genişləndirməyin vacibliyini anlayır. Bu istiqamətdə hökumət konkret proqramlar da işləyib. Lakin bu problem yalnız ölkədə sabitlik olduğu halda öz həllini tapa bilər. Türkiyəni qarışdırmaq istəyənlərin də məqsədi məhz cəmiyyətdəki sakitliyi pozmaqdan ibarətdir. Onların bir qolunun Aİ-yə üzv olan dövlətlərə gedib çıxdığı haqqında Türkiyə rəsmiləri fikir bildiriblər. Deməli, Ankaranın istəyi ölkə daxilində sabitliyi pozmağa çalışan qüvvələrə Avropanın dəstək verməməsidir. Təəssüf ki, bu məsələdə hələlik bir irəliləyiş yoxdur.

Digər tərəfdən, Yaxın Şərqdə baş verən geosiyasi proseslər Türkiyənin regiondakı rolu ilə əlaqədar bir sıra çətinliklər yaratdı. Əvvəlcə rəsmi Ankara xarici siyasətində “qonşularla sıfır problem” adlı formuldan istifadə etməyə başladı. Sonra isə bölgədə kənar qüvvələrin təsiri artdı və Türkiyənin formalaşdırmaq istədiyi mənzərə yaranmadı. Bundan dərhal Ankaranın əleyhinə istifadə olundu və ölkənin nüfuzu bir qədər kölgədə qaldı. Aydın oldu ki, regionda tam mənada liderə çevrilmək üçün Türkiyəyə etibarlı tərəfdaşlar lazımdır.

Aİ də həmin dövrdə müəyyən çətinliklərlə üzləşdi. Onun Rusiya və Çinlə münasibətlərində problemlər meydana gəldi. Ən maraqlısı isə ABŞ-Aİ əlaqələrində “qara ləkələr” aşkarlanması oldu. Məsələn, Vaşinqtonun Aİ dövlət rəhbərlərini gizli dinlədiyi məlum oldu. Buna Berlin kəskin reaksiya verdi. Ancaq Ukrayna məsələsi vəziyyəti daha da gərginləşdi.

Bütün bunlar sanki Türkiyə ilə Aİ-ni təbii müttəfiq etmiş olur. Onlar bir-birlərinə dəstək verməlidirlər. Görünür, bu səbəbdən Aİ ölçülü-biçili hesabat hazırlamaq qərarı verib. Bununla yanaşı, Brüssel Türkiyə ilə bağlı strateji mövqeyini dəyişmək fikrində deyil.

Ankaraya gəldikdə isə, onun öz planları var. Artıq “Yeni Türkiyə” ifadəsi işlənməkdədir. Daha qərarlı, demokratik, güclü və qlobal miqyasda söz sahibi olan bir ölkədən bəhs olunur. Hakimiyyətin daxili iğtişaşlara sərt reaksiyasının kökündə də həmin qətiyyət dayanır.

Yuxarıda deyilənlərin fonunda Türkiyənin yeni Aİ strategiyası çox maraqlı və aktual təsir bağışlayır. Belə görünür ki, Ankara həmin təşkilatla münasibətlərini növbəti səviyyəyə qaldırmaqda qərarlıdır. Siyasi, sosial-iqtisadi və kommunikasiya sahələrində nəzərdə tutulan yeniləşmələr ölkənin inkişafına yeni təkan verə bilər. Burada əsas rolu informasiya təminatının oynayacağı bildirilir. Rəsmi Ankara Türkiyə cəmiyyətini Avropaya inteqrasiyanın ölkə üçün faydalı olacağına inandırmalıdır. Bu, cəmiyyətdə rəyi dəyişdirmək anlamına gəlir və çoxsaylı işlər tələb edir. Yeni strategiyada insanlarda Avropa standartlarına yüksəlməyin faydalı olduğuna inamın formalaşdırılması ciddi yer tutur ki, bu da dərin düşünülmüş yanaşmadır. Başqa bir tərəfdən, Türkiyə Avropadakı imicini dəyişməkdə qərarlıdır. Bunun üçün avropalıların rəyini öyrənmək məqsədi ilə ölkənin müxtəlif təşkilatlarının xaricdəki fəalliyyətlərini genişləndirməsi nəzərdə tutulur. Aparılan tədqiqatların nəticəsi olaraq dövlət konkret proqramları həyata keçirəcəkdir.

Göründüyü kimi, Türkiyə yalnız Aİ-yə üzv olmaq xatirinə deyil, daha çox dünya miqyasında qəbul ediləcək demokratik və güclü dövlət yaratmaq üçün çalışır. Bu strategiya perspektivli görünür. Rəsmi Ankaranın həmin istiqamətdə fəaliyyətini yeni səviyyəyə qaldırdığı halda, bu fəaliyyət uğurlu olacaqdır. Lakin bəzi xarici qüvvələr buna imkan verəcəklərmi? Bu sualın cavabı tam aydın deyil.

 

Kamal Adıgözəlov

www.newtimes.az

 

İki sahil.- 2014.- 4 noyabr.- S.14.