Babək rayonunun Güznüt kəndində
genişmiqyaslı quruculuq işləri
aparılıb
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada quruculuq işləri geniş vüsət alıb. Aparılan tikinti işləri təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə infrastrukturun tamamilə yeniləşməsinə səbəb olub. Bu yeniləşmə son illər Babək rayonunda da uğurla həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, noyabrın 3-də Babək rayonunun Güznüt kəndində yeni sosial obyektlər istifadəyə verilib.
Güznüt kənd məktəbinin binası yenidən qurulub
Muxtar respublikada
yüksək elmi potensiala və biliyə malik ixtisaslı
kadrların hazırlanması qarşıda duran başlıca
vəzifələrdəndir. Artıq muxtar respublikada təhsilin
keyfiyyəti və əhatəliliyi əhəmiyyətli dərəcədə
artıb, müasir təhsil şəbəkəsi
yaradılıb. Babək rayonunun Güznüt kənd tam orta məktəbinin
binasında da əsaslı yenidənqurma işləri
aparılıb.
Noyabrın 3-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov məktəb binasında yaradılan şəraitlə
tanış olub.
Bildirilib ki, 324
şagird yerlik məktəbdə 3-ü elektron lövhəli
olmaqla 18 sinif otağı, kimya-biologiya və fizika
laboratoriyaları, kompyuter otağı, kitabxana, idman zalı, hərbi
kabinet, şahmat sinfi və bufet vardır.
Sinif otaqlarına
baxış zamanı qeyd olunub ki, məktəb-valideyn
münasibətlərinin düzgün qurulması nəticəsində
şagirdlər tədris prosesində çətinlik çəkmir,
keçilən dərsləri daha yaxşı mənimsəyirlər.
Məktəbin kompyuter otağında internetə
çıxışı olan 19 kompyuter qoşulub. Bildirilib
ki, informasiya texnologiyalarının inkişafı hər bir
ölkənin intellektual və elmi potensialının vacib
göstəricilərindən hesab olunur. Digər bir tərəfdən,
informasiya texnologiyalarının təhsildə tətbiqi
müasir biliklərə və bacarıqlara yiyələnmiş
yeni nəslin formalaşmasına birbaşa təsir göstərir.
Ona görə də muxtar respublikanın təhsil sistemində
informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi
diqqət mərkəzində saxlanılır.
Məktəbin elektron
dərsliklərlə təminatı və elektron lövhəli
siniflərin istifadəyə verilməsi dərslərin virtual
tədrisinə şərait yaradacaq. Distant tədris mərkəzinə
qoşulan məktəbdə muxtar respublikanın digər təhsil
ocaqları ilə tədris mübadiləsinin
aparılması, eləcə də muzeylərlə əlaqələrin
qurulması təmin edilib. Baxış zamanı ümumtəhsil
məktəbləri ilə “Xan Sarayı” Dövlət
Tarix-Memarlıq Muzeyi arasında “Naxçıvan
xanlığı” mövzusunda dərs nümayiş olunub.
Ali Məclisin
Sədri pedaqoji kadrların informasiya texnologiyaları üzrə
hazırlığının artırılması,
bütün fənlər üzrə elektron dərsliklərin
hazırlanması, interaktiv tədris imkanlarından geniş
istifadə olunması, xüsusilə distant təhsilin
inkişaf etdirilməsi ilə bağlı
tapşırıqlar verib.
Məktəbin kitabxana fondunda 5 mindən
artıq kitab var. Şagirdlərə mütaliə vərdişlərinin
aşılanması onların asudə vaxtının səmərəli
təşkili baxımından mühüm əhəmiyyət
daşıyır.
Şahmat sinfində lazımi
avadanlıqlar qoyulub. Məktəbdə
“Şahmat” fənninin tədrisi şagirdlərin zehni
inkişafına, məntiqi düşünmə qabiliyyətlərinə
əhəmiyyətli təsir göstərir. Bütün bunların nəticəsidir ki,
şagirdlərin digər fənlərdən təlim göstəriciləri
də nəzərəçarpacaq dərəcədə
artıb.
Fizika kabinəsinə və kimya-biologiya
laboratoriyasına baxış zamanı dəqiq elmlərin tədrisində
fənlərarası əlaqənin əhəmiyyəti
vurğulanıb. Bildirilib ki, fiziki, kimyəvi
və bioloji hadisələri özündə cəmləşdirən
mövzuların qarşılıqlı şəkildə
öyrədilməsi şagirdlərin bilikləri daha
dolğun mənimsəməsinə imkan verir.
Hərbi kabinetdə və idman zalında
da tədris üçün hər cür şərait
yaradılıb.
Məktəbin müəllimləri ilə
görüşən Ali Məclisin Sədri aparılan yenidənqurma
işlərindən sonra Güznüt kənd tam orta məktəbində
yaradılan şərait nəticəsində tədrisin
düzgün təşkil olunacağına əminliyini bildirərək
deyib: Məktəblərdə gələcəyimiz
hazırlanır. Bu gələcək yalnız təhsilli
deyil, həm də vətənpərvər gənclərdən
ibarət olmalıdır. Hər bir
şagird, ilk növbədə, əsl vətəndaş kimi
yetişdirilməli, gələcəkdə ölkəmizin
inkişafında yaxından iştirak etməlidir. Son illər məktəbdə nizam-intizamın və
müəllim tələbkarlığının olması
nailiyyətlərin qazanılmasına imkan vermişdir. Məktəbin
məzunları ali və orta ixtisas məktəblərində,
Heydər Əliyev adına hərbi liseydə təhsil
alırlar.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə
görə məktəbin kollektivinə təşəkkür
edib, onlara təhsildə uğurlar arzulayıb.
Müəllimlər yaradılan şəraitə
görə minnətdarlıq edib, qarşıya qoyulan vəzifələrin
icrası üçün səylə
çalışacaqlarını bildiriblər.
Güznüt
kəndində müasir
idarəetmə sistemi yaradılıb
Həmin gün Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
Güznüt Kənd Mərkəzinin
açılışında da iştirak edib.
Tədbirdə çıxış edən Babək
Rayon İcra Hakimiyyətinin başçısı Elçin
Hüseynəliyev deyib ki, ümummilli lider
Heydər Əliyevin adı ilə bağlı olan quruculuq və
inkişaf siyasəti muxtar respublikamızda uğurla davam
etdirilir. Babək rayonunda görülən
işlərin timsalında da bunu görmək
mümkündür. Aparılan quruculuq tədbirləri
nəticəsində rayon mərkəzi ilə yanaşı, kəndlər
də müasirləşir, inkişaf edir. Artıq Güznüt kəndi də muxtar respublikanın
abad yaşayış məntəqəsinə çevrilib.
Kənd tamamilə qazlaşdırılıb,
daimi elektrik enerjisi ilə təmin olunub, müasir rabitə
sistemi və geniş zolaqlı internet şəbəkəsi
yaradılıb. Kənddə geniş
abadlıq işləri aparılıb, yeni kənd və xidmət
mərkəzləri, həkim ambulatoriyası tikilib, məktəb
binası əsaslı şəkildə yenidən qurulub.
Elçin Hüseynəliyev yaradılan şəraitə
görə rayon ictimaiyyəti adından minnətdarlıq
edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov kənddə aparılan quruculuq işləri
münasibətilə sakinləri təbrik edərək deyib:
Bu gün Babək rayonunun Güznüt kəndi muxtar
respublikanın müasir kəndlərinin sırasına daxil
olur. Bu, Azərbaycanın iqtisadi
inkişafının göstəricisi olmaqla bərabər, həm
də ölkəmizdə ulu öndər Heydər Əliyevin
siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir.
Sabitlik hər bir ölkənin inkişafında
başlıca şərtdir. Çünki
sabitlik və inkişaf olan yerdə quruculuq tədbirləri də
aparılır. Bu gün ölkəmizdəki
sabitlik və inkişafın fonunda genişmiqyaslı quruculuq
tədbirləri həyata keçirilir. Azərbaycanda
müxtəlif sahələrin inkişafını nəzərdə
tutan dövlət proqramları qəbul edilir, aparılan
quruculuq işlərindən əhalinin bütün təbəqəsinə
pay düşür. Bu işlərin həyata
keçirilməsi isə ümumilikdə ölkəmizin
abadlaşmasına xidmət edir.
Ali Məclisin Sədri deyib: Hər bir kənd
abadlaşdıqca rayonlar, rayonlar abadlaşdıqca isə
ölkəmiz abadlaşır, inkişaf edir. Bu
gün Güznüt kəndinin abadlaşması yalnız Babək
rayonunun bir hissəsinin deyil, ümumilikdə ölkəmizin
inkişafının göstəricisidir. Bütün
bu tədbirlər insanların rahat yaşamasına, problemlərinin
vaxtında həll olunmasına, gündəlik
ehtiyaclarının ödənilməsinə
hesablanmışdır. Güznüt kəndində
istifadəyə verilən məktəb binası, kənd mərkəzi,
həkim ambulatoriyası, xidmət mərkəzi, yenidən
qurulan kənd yolu, su və rabitə sistemləri sakinlərin
rahatlığına xidmət edəcəkdir.
Kəndin müasir görkəminin qorunub
saxlanılmasının və
abadlaşdırılmasının vacibliyinə diqqəti
çəkən Ali Məclisin Sədri deyib: Rayonda fəaliyyət
göstərən aidiyyəti dövlət qurumları və
kənd əhalisi bu məsələni daim diqqət mərkəzində
saxlamalıdır. Dövlət qurumları evlər
tikilərkən arxitektura qaydalarına və keyfiyyətə
riayət edilməsini, sakinlər tikilənlərin və
qurulanların qorunub saxlanılmasını diqqət mərkəzində
saxlamalı, kəndin abadlaşmasında bundan sonra da
yaxından iştirak etməlidirlər.
Ali Məclisin Sədri Güznüt kəndində
quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyinə
və sakinlərin rahat yaşayışının təmin
olunacağına əminliyini bildirib,
açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, iki mərtəbədən ibarət
olan kənd mərkəzində inzibati ərazi dairəsi
üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası
ərazi ilk təşkilatı və bələdiyyə
üçün iş otaqları, kitabxana, polis sahə və
baytarlıq məntəqələri, rabitə və mədəniyyət
evləri, 75 yerlik iclas zalı var.
Mərkəzin kitabxanası zəngin fonda
malikdir. Burada 2 minə yaxın bədii ədəbiyyat
toplanıb. Rabitə evində isə 512
nömrəlik müasir avtomat telefon stansiyası
quraşdırılıb, poçt xidmətinin fəaliyyəti
təmin olunub.
Ali Məclisin Sədri kənddə əhalinin
məşğuliyyəti və məskunlaşması ilə
maraqlanıb, müvafiq tapşırıqlar verib.
Kənddə baytarlıq xidməti də
nümunəvi təşkil olunub. Baytarlıq
məntəqəsində soyuducu, lazımi dərman
preparatları və avadanlıqlar qoyulub. Baxış
zamanı kənddə mal-qaranın cins tərkibinin
yaxşılaşdırılmasının əhəmiyyəti
vurğulanıb.
Kənd mərkəzinin binası, eyni
zamanda, kəndin simasına yeni görkəm verir. Binanın yerləşdiyi ərazidə
yaşıllaşdırma işləri görülüb,
müasir işıqlandırma sistemi
quraşdırılıb.
Güznüt
kənd həkim ambulatoriyası
yeni
binada fəaliyyət göstərəcək
İnsanların
sağlamlığının qorunması muxtar respublikada həyata
keçirilən səhiyyə islahatlarının əsasını
təşkil edir. Son illər kənd
yaşayış məntəqələrində tibbi xidmətin
keyfiyyətinin yüksəldilməsi sahəsində görülən
tədbirlər bu baxımdan mühüm əhəmiyyət
daşıyır.
Noyabrın 3-də Güznüt kəndində
həkim ambulatoriyasının açılışı olub.
Açılışı bildirən lent kəsildikdən
sonra Ali Məclisin Sədrinə səhiyyə ocağında
yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, ikimərtəbəli ambulatoriya 11 otaqdan
ibarətdir. Burada stomatoloji kabinə,
palata, aptek, doğuş, peyvənd, baş həkim, mama, tibb
bacısı, qeydiyyat, ginekoloq və manipulyasiya otaqları
vardır.
Kabinə və otaqların hər biri
müasir səhiyyə avadanlıqları və lazımi dərman
vasitələri ilə təmin olunub. Bu da
ambulatoriyada müayinə və müalicə işinin
günün tələblərinə uyğun qurulmasına
şərait yaradır. Burada səyyar tibb
avadanlıqlarının qoyulması isə lazımi
tibbi-profilaktik tədbirlərin vaxtında həyata
keçirilməsinə imkan verir. Hazırda
səhiyyə müəssisəsində 8 tibb işçisi
çalışır.
Ali Məclisin Sədri kənddə
tibbi-profilaktika xidmətinin düzgün təşkil
olunması, dispanserizasiyanın aparılması və əhali
arasında səhiyyə maarifinin gücləndirilməsi ilə
əlaqədar tapşırıqlar verib.
Kənddə
yeni xidmət mərkəzi tikilib
Həmin gün Güznütdə yeni xidmət
mərkəzinin də açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov mərkəzin
açılışını edib.
Bildirilib ki, burada sakinlərin zəruri məişət
ehtiyaclarının və gündəlik tələbatlarının
ödənilməsi üçün ərzaq və sənaye
malları mağazaları, bərbərxana, qadın gözəllik
salonu və ət satışı yeri fəaliyyət göstərir. Mərkəzdə 5 nəfər işlə təmin
olunub.
Xidmət mərkəzi ilə
tanışlıqdan sonra Ali Məclisin Sədri kənd sakinləri
ilə görüşüb.
Kənd ağsaqqalı Heydər Mirzəliyev
sakinlər adından minnətdarlıq edərək deyib ki, bu
gün Güznüt kəndi qəsəbə görkəmi
alıb. Kənddə insanların rahat
yaşayışı üçün hər cür şərait
vardır. Artıq ölkəmizin sürətli
inkişafı hər bir sakinin həyatında hiss olunur.
Qurub-yaratmaq əzmi ilə çalışan insanlar daim
dövlətin diqqətini üzərlərində hiss edirlər.
Bütün bunlar Ümummilli Lider tərəfindən
əsası qoyulan siyasi xəttin həm ölkəmizdə, həm
də muxtar respublikamızda uğurla davam etdirilməsinin nəticəsidir.
Ali Məclisin Sədri deyib ki, bu gün
Güznüt kəndində uşaqların yaxşı təhsil
alması, sakinlərə lazımi tibbi xidmətin göstərilməsi,
onların sosial problemlərinin həlli üçün
kompleks tədbirlər həyata keçirilir. Bundan başqa, kənddə əhalinin keyfiyyətli
rabitə xidməti ilə təmin olunması, dayanıqlı
elektrik enerjisi və təbii qazın verilməsi, içməli
və suvarma su təminatı istiqamətində müvafiq tədbirlər
görülüb. Dövlətimiz tərəfindən
fərdi təsərrüfatların inkişafı daim dəstəklənir,
güzəştli şərtlərlə kreditlər verilir.
Bütün bunlar isə yaşayış məntəqələrinin
inkişafı ilə yanaşı, kəndlə şəhər
arasındakı fərqin aradan qaldırılmasına, eləcə
də kəndin gələcək inkişafına xidmət
edir. Ona görə də sakinlər
yaradılan bu şəraitdən səmərəli istifadə
etməli, ölkəmizin inkişafına öz töhfələrini
verməlidirlər.
Kənddə aparılan abadlıq işləri ilə
tanışlıq zamanı Ali Məclisin Sədrinə məlumat
verilib ki, 800 metrlik kənddaxili avtomobil yoluna asfalt örtük
salınıb, 2 su keçidi tikilib, 400 metr uzunluğunda beton
kanal çəkilib. Həmçinin
rabitə dirəkləri yenilənib, 600 metr fiber-optik, 600 metr
yeraltı və 2 min 400 metr məsafədə yerüstü
kabellər çəkilib. Elektrik dirəkləri və 4
kilometrdən çox elektrik xətti də dəyişdirilib,
yeni tikililərə 350 metr məsafədə qaz xətti
çəkilib. Kəndin su təchizatı da
yaxşılaşdırılıb, 300 metrlik içməli
su xətti çəkilib, yeni drenaj sistemi qurulub.
İki
sahil.- 2014.- 4 noyabr.- S.5.