Üçüncü Bakı Beynəlxalq
Teatr Konfransı başa çatıb
Üçüncü Bakı Beynəlxalq
Teatr Konfransı noyabrın 6-da işini başa
çatdırıb.
AzərTAc xəbər verir ki, konfransın
sonuncu günü plenar iclaslara Azərbaycan Teatr Xadimləri
İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov,
teatr tənqidçisi, “Peterburq teatr jurnalı”nın baş
redaktoru Marina Dmitrevskaya, teatr tənqidçisi, sənətşünaslıq
namizədi Aydın Talıbzadə, Hindistandan Beynəlxalq
Uşaq Teatrları Festivalının direktoru Ayşa Rau
moderatorluq ediblər.
Gün ərzində “İran ənənəvi
teatrı: təziyələrdə rəng və hərəkətin
rəmzi rolu”, “Multikulturalizm-universal dəyərlər sistemində
teatrın yeri”, “XXI əsrin teatrında söz əməl
kimi”, “Qloballaşmış dünyada teatr”, “Multikulturalizm
İtaliyada” və digər mövzularda məruzələr
dinlənilib.
Vurğulanıb ki, Üçüncü
Bakı Beynəlxalq Teatr Konfransının “Teatr sənətinin
multikulturalizm-universal dəyərlər sistemində yeri”
mövzusu fundamental bir məsələni gündəmə gətirib.
Teatr mədəniyyət çarxını
fırladan millərdən biridir. Mədəniyyət
özü isə siyasi nəzəriyyə və təcrübədən
təcrid oluna bilməz. Beləliklə, mədəniyyət
çarxının müxtəlif milləri, o cümlədən
dillər, memarlıq, musiqi, rəngkarlıq, folklor tarixi və
s. mövcuddur. Bütün bu millər çarxı irəli
apararkən bəşəriyyətin ən önəmli xüsusiyyətlərini
multikulturalist dəyərlərə qovuşdurur.
Qeyd olunub ki, XXI əsrdə ortaya
çıxan yeni reallığa bəzən
üçüncü reallıq da deyirlər. Bu, bir növ
teatr dilinə rəqəmsal tərcümə imkanları olan
kiber dünyadır. Bu reallıq özü ilə teatr
dünyasına multimedia, rəqəmsal instalyasiya gətirib.
Müasir teatr zamanın diktə etdiyi mövzulara müraciət
edir. Bu sıraya müharibələr, qeyri-sabit həyat, təhtəlşüurda
saxlanılan niyyətlər, arzular, gizli əməllər və
eyiblər, gender bərabərliyi və digər mövzular
aiddir.
Hər hansı ölkənin özünəməxsusluğunu
itirmədən qloballaşma prosesinə qoşula bilməsinə
imkan yaradan komponentlər mövcuddur. Ən yaxşı olanı özünə
hopdurmaq və özündə olanı
digərlərinə göstərməyə, verməyə
hazır olmaq, hamıya münasibətdə
açıq olmaq, hər kəsə anlaşıqlı
ola biləcək ortaq
və qlobal məsələləri tapmaq və onu ifadə etmək
bacarığı vacib şərtlərdəndir.
Üçüncü Bakı Beynəlxalq Teatr
Konfransına yekun vuran
mədəniyyət və turizm nazirinin müavini Ədalət
Vəliyev iki gün ərzində
aparılan müzakirələrin əhəmiyyətindən,
eləcə də Azərbaycan teatrının inkişaf
yolundan söz
açıb. Bildirib ki, Azərbaycan xalq teatrı peşəkar səviyyədə
1873-cü ildə yaradılıb. Lakin əsl
intibah isə 2006-cı ildən
başlanıb. Həmin ildə postsovet məkanında
ilk dəfə “Teatr və
teatr fəaliyyəti haqqında” qanun qəbul olunub.
Sonrakı illərdə isə “Azərbaycan teatr
sənətinin inkişaf etdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı, “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramı bu sahənin
inkişafına əhəmiyyətli təsir göstərib. Bu səkkiz il müddətində
Azərbaycan teatrı beynəlxalq teatr təşkilatlarında
uğurla təmsil olunur,
bu təşkilatların Bakıda illik toplantıları keçirilir.
Vurğulanıb
ki, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu
tərəfindən həyata keçirilən irimiqyaslı
layihələr ölkə mədəniyyətinin
inkişafına və dünyada təbliğinə
əvəzsiz töhfələr verməkdədir.
Nazir müavini onu da qeyd
edib ki, teatrın
yaxşı olması üçün bu sənətə böyük
sevgi olmalıdır. Bu
sevgi insanın daxilindən gəlməlidir.
Bu zalda oturan, eləcə də mədəniyyətə
xidmət edən minlərlə insan yer üzündə sülhün,
bərabərliyin, əmin-amanlığın elçiləridir.
Gəlin birlikdə dilimizdən, dinimizdən asılı olmayaraq bu missiyanı böyük sevgi ilə
yerinə yetirək.
Hər birinizi 2016-cı ildə keçiriləcək,
növbəti, Dördüncü Bakı
Beynəlxalq Teatr Konfransına dəvət
edirəm.
İki
sahil.- 2014.- 7 noyabr.- S.3.