Üç rəngli bayrağımız

varlığımızın rəmzidir

 

9 noyabr Azərbaycan Dövlət Bayrağı günüdür!

 

İlham Əliyev: Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq

 

Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində də müqəddəsliyi ilə seçilir. Qədim, zəngin qəhrəmanlıq tarixinə malik Azərbaycanda da dövlət bayrağı “tuğ” adlandırıldığı dövrlərdən etibarən həmişə müqəddəs sayılmış, ucadan uca hesab edilmişdir. Elə buna görə də ən əlamətdar günlərdə belə sevincimizin ilk şahidi, müjdəçisi də üçrəngli bayrağımız olmuşdur.

Dövlət başçılarının andiçmə mərasimlərində Qurani-Kərimlə birgə bayrağımızı öpüb, xalqa , milli- mənəvi dəyərlərə sadiq qalacağına söz verməsi onu göstərir ki, üç rəngli bayrağımız da müqəddəs kitabımız qədər əzizdir. Elə bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı çəkilməsin. Azərbaycannın dövlət himnində də ölkə vətəndaşlarına üçrəngli bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı arzulanır. Bayraq hər bir dövlətin, millətin əsrdən əsrə, nəsildən nəslə ərmağan olan, varlığını bildirən müqəddəs əmanəti, varlıq simvoludur. Döyüşlərdə bayrağımızı silahı kimi canı, qanı ilə qoruyan igidlərimiz tarix yaradıblar. Beynəlxalq yarış, müsabiqə və olimpiadalarda əzəmət rəmzi olan üçrəngli bayrağımızı ən uca zirvələrə qaldıran idmançılarımız, sənətkarlarımız bununla da Azərbaycan adlı bir məmləkətin varlığını bütün dünyaya bəyan edirlər.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Prezident seçilən ümummilli lider Heydər Əliyev andiçmə mərasimində demişdir: “ Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının, ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaxşı yaşaması üçün lazımi şərait yaratmaq-bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam.”

Hər bir dövlətin yaşam tarixi onun mövcudluğu ilə ölçülür, varlığın təsdiqləyən rəmzlər kimi bayraqlar da həmin tarixdən “vətəndaşlıq vəsiqəsi” qazanır, müqəddəsləşir, bir millətin qürür, iftixar mənbəyinə çevrilir.

“Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzdir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun” söyləyən milli müstəqilliyimizin qarantı, ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, müstəqil dövlət ikimi varlığımızı təsdiqləyən tarixi hadisələrin sevincini yaşadıqca qürur mənbəyimiz olan üçrəngli bayrağımız fərəhli anlarımızın əsas atributu kimi daim yüksəklərdə dalğalanacaq. “Dünən var idik, bu gün yaşayırıq, sabah da olacağıq” sözlərini dünyaya çatdıran bayrağımız əbədiyyət, müqəddəslik simvolu, qürur mənbəyimizdir. Azadlıq uğrunda canlarından keçən şəhidlərimizin ruhunu yaşadan bayrağımız dünya birliyində bizi tanıdan, təmsil edən siyasi pasportumuz, mənəviyyatımız, milli təfəkkür və məfkurəmizdir.

 

Rənglərinin dili ilə məramını ifadə edən

müqəddəs bayrağımız kimliyimizdir

 

Milli yaşam fəlsəfəsi olan bayrağımızın rəngləri ilə bağlı ideyaları ümummilli lider Heydər Əliyev dühası ilə əbədiləşdirdi. “Türkləşmək, müasirləşmək, islamlaşmaq” ideyasını rənglərində əbədiləşdirən bayrağımız Azərbaycan dövlətinin sadiq qaldığı ənənələrini yaşadır. Türkləşmək, milli ənənələrin dirçəlməsi, milli təfəkkür və azərbaycançılıq ideologiyasının, adət-ənənələrimizin, tariximizin yaşadılması kimi ideyaların xalqımızın milli maraqlarına uyğun qorunub, saxlanılması və inkişafı üçün gördüyü işlər ulu öndərin vətənə, xalqına bağlılığından irəli gəlir.

Türkçülük ideyalarının rəmzi olan bayrağımızdakı mavi rəngə uyğun türkçülük ideyasını möhkəmləndirən, 1990-cı ildə dünya Azərbaycanlılarının həmrəyliyi gününü təsis etməklə azərbaycançılıq məfkurəsinin formalaşmasına nail olan ulu öndər sonrakı illərdə verdiyi sərəncamlarla milli- mənəvi dəyərlərimizin qorunub saxlanılmasına da geniş imkan yaratdı.

Ölkədə demokratik islahatlara başlamaqla qırmızı rəngin rəmzinə uyğun müasirliyin, dünya birliyinə inteqrasiyanın təməlini qoydu. Ölkəmizin dinamik inkişafı ilə bağlı müəyyənləşdiridiyi prinsiplərə, yeni dövrün reallıqlarına uyğun konsepsiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirməsi ilə Azərbaycanın dünya birliyində mövqeyi, möhkəmləndi, liderlik səviyyəsinə yüksəldi.

“Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin, və mədəniyyətlərin təmas, ünsiyyət yeri olmuşdur” söyləyən ulu öndərin islami dəyərlərə bağlılığı bayrağımızın yaşıl rənginə uyğun xidmətləri, xeyixah əməlləri yaşanır. İslamı milli kimliyimizin parçası kim dəyərləndirən ulu öndərin xidmətləri sayəsində ibadətgahlarımıza diqqət artırıldı. Prezident İlham Əliyevin vurğuladığı kimi, ən böyük məscidlərdən birinin Azərbaycanda inşası milli varlığımıza bağlılığın ifadəsidir.

 

Üçrəngli bayrağımızın bərpası

müstəqilliyimizin əbədiliyini təmin etdi

 

Prezident İlham Əliyev 17 noyabr 2007-ci ildə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması ilə bağlı sərəncamı ilə müstəqilliyin əbədiliyi ideyalarını reallaşdırdı, bayrağımıza dünya xalqlarının etiramını, məhəbbətini artırdı. Varılığımızı təsdiqləyən bayrağımızla bağlı bu tarixin seçilməsi təsadüfü deyildi.

...1990-cı ildə doğma vətəni Naxçıvana qayıdaraq Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə fədakarlığını vətəndaş yanğısı və məsuliyyəti ilə davam etdirən ümummilli lider Heydər Əliyevin gördüyü işlərin hər biri bir salnamə kimi tariximizə yazılsa da onların arasında gələcək taleyimizi müəyyənləşdirən, daha mühüm əhəmiyyəti ilə seçilənləri də az deyildir. Ən böyük azərbaycanlı olduğunu 17 noyabr 1990-cı ildə təcrübəli dövlət xadimi kimi sədrlik etdiyi Naxçıvan MSSR Ali Məclisinin sessiyasında irəli sürdüyü təklifi ilə bildirən ulu öndər Heydər Əliyevin təklifi ilə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 24 iyun 1918-ci ildə qəbul olunmuş, üzərində ağ rəngli aypara və səkkizgüşəli ulduz təsviri olan bayrağın, gerbin və dövlət himninin bərpası ilə bağlı möhtəşəm qərar qəbul olundu. Bununla da Azərbaycanın müstəqilliyinin, əbədiliyinin, milli dövlətçiliyimizin təməli qoyuldu. Bütün qitələrdə, müxtəlif dövlətlərdə məskunlaşan 50 milyonluq Azərbaycan xalqı böyük qürur hissi ilə bildirdi ki, vətəndaşı olduğu ölkənin adı dövlətlər arasında fəxrlə çəkilir, üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT-nin Avropa Şurasının, ölkəmizi başqa resrublikalarda təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə göz oxşayır, dalğalanır.

Ginnesin rekordlar kitabına düşən bayrağımız böyüklüyü və təkrarolunmazlığı ilə fərqlənir

Bütün tarixi, əlamətdar günlərdə, dövlət başçılarının rəsmi səfərlərində, beynəlxalq tədbirlərdə, yarışlarda, olimpiadalarda Azərbaycanın adını yüksəldiyi ucalıqlardan dünyaya çatdıran da varlığımızı təsdiqləyən bayrağımızdır. Azərbaycan bayrağı bütün dövlət təşkilatlarının, respublikamızdan kənarda ölkəmizin varlığını təsdiqləyən diplomatik korpusların, nümayəndəliklərin binaları üzərində müstəqilliyimizin rəmzi kimi dalğalanır, beynəlxalq tədbirlərdə dünya dövlətlərinin bayraqları arasında Azərbaycanın simvolu kimi dayanır. Öyündüyümüz bayrağımızın belə yüksəkliklərdə görünməsi Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin tərənnümüdür.

Bu tarixi günün əhəmiyyətini nəzərə alan, ümummilli lider Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyev daha mühüm bir sənədə imza atdı. 17 noyabr 2007-ci ildə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzaladı. Qürur mənbəyimiz olan bu meydanın inşasına başlanıldı.

Azərbaycanın beynəlxalq aləmdə yüksək imicə malik ölkəyə çevrildiyini 1 sentyabr 2010-cu ildə Dövlət Bayrağı Meydanının təntənəli açılışındakı çıxışında qeyd edən Prezident İlham Əliyev müstəqilliyimizin dövlət atributlarının əks olunduğu meydanın yaranmasında əsas məqsədin respublikanın daha da güclənməsinə, tanınmasına, dünya birliyində mövqeyinin möhkəmlənməsinə yönəldiyini vurğulamışdır.

Dövlət Bayrağı Meydanının açılışını Azərbaycan xalqının həyatında unudulmaz hadisə kimi qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, Dövlət Bayrağı Meydanı Bakının mədəniyyət, siyasi mətinlik mərkəzi, insanların istirahət güşəsi, gənclərimizi qəhrəmanlığa səsləyən igidlik məktəbidir. Son iyirmi ildə əldə etdiyimiz uğurlarla öyünən ölkə vətəndaşları bu meydanda qürur hissi ilə gəzirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi hər bir azərbaycanlı bu ölkənin vətəndaşı adını daşıdığı üçün fəxr edir, öyünür.

Milli məfkurəsini, təfəkkürünü əsrlərdən bəri qoruyan bütün xalqlar kimi azərbaycanlıların da ən böyük arzusu azadlığına qovuşmaq, dövlətlər içərisində qüdrətli, suveren ölkə kimi tanınmaq olub.

Azərbaycan bayrağı Qərblə Şərq, sivilizasiyalar arasında körpü olan Azərbaycan mədəniyyətinin, incəsənətinin, ən başlıcası isə tərəqqimizin, müasirliyimizin, bəşəri ideyalara sadiqliyimizin qələbəsi idi.

Olimpiadalarda idmançılarımızın qələbəsini, “qızıl uğurunu” yüksək pillədən dünyaya çatdıran Azərbaycan bayrağı hələ neçə-neçə möhtəşəm idman və musiqi bayramlarında, 2015- ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında yenə də əllərdə gəzəcək, azərbaycanlı qaliblərin mətinliyi ilə ölkəmizə uğur qazandıracaq.

Azərbaycanın adının ən möhtəşəm tədbirlərdə ön sıralarda çəkilib, bayrağına hörmətlə yanaşılması ölkədə aparılan düşünülmüş siyasətin, qazanılmış nailiyyətlərin rəmzidir. Siyasi, iqtisadi qələbələrimizə şahidlik edən bu zaman keçidi qələbələr ili kimi tarixə yazılıb.

Bu gün Azərbaycan möhkəm əsaslar üzərində uğurla inkişaf edir. Ölkə daxilində gedən bütün proseslər müsbət istiqamətdə irəliləyir.

Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş uğurlarımızın əsas şərtidir. Azərbaycanda iqtisadi, siyasi islahatlar bu möhkəm təmələ əsaslanır və təkmilləşir. Ölkədə demokratikləşmə prosesləri çox uğurla davam etdirilir. Qarşısında duran bütün vəzifələr icra edilir. Dünya ölkələrini düşündürən və narahat edən iqtisadi və maliyyə böhranının hər yerdə ağır fəsadlar yaratmasına baxmayaraq Azərbaycan bu sınaqdan da şərəflə çıxdı.

Dövlət Bayrağı Meydanının açılış mərasimindəki çıxışında “Biz bu məqsədə çatacağıq. Azərbaycan beynəlxalq arenada özünə layiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi ölkəmiz liderlik mövqeyini daha da gücləndirəcək.

Xarici ekspertlərin postsovet məkanında, bölgədə və ümumiyyətlə, inkişaf etmiş ölkələr sırasında yüksək yer tutan Azərbaycanın gələcəyi haqqındakı proqnozları belədir: “Azərbaycanın gələcəyi Azərbaycanın indiki vəziyyətindən daha da parlaq olacaqdır.”

Çünki ölkəmizdə bütün millətlərin nümayəndələri, müxtəlif dini konfessiyalara məxsus insanlar mehribanlıq, dostluq şəraitində yaşayır milli mənsubluğundan asılı omayaraq Azərbaycan Bayrağı hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs toxunulmazdır.

Biz bu gün müstəqil ölkə kimi böyük qürur hissi ilə yaşayırıq. Fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq. Ölkədə müstəqil siyasət aparılır. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu, böyük xoşbəxtlikdir, böyük sərvətdir.

Bu gün atılan addımlar və irəli sürülən təşəbbüslər onilliklərdən sonra özünü göstərəcəkdir. Bütün prioritetlər bir məqsədə yönəldilir: 20 il, 50 ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir. Ölkəmizin uğurlu inkişafı hansı resurslar əsasında təmin ediləcək.

Dövlət Bayrağı Meydanında dalğalanan üçrəncli bayrağımız sadalanan və sadalanmayan bütün uğurlarımızın qarantı, müjdəçisidir. “Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir”vurğulayan Prezident İlham Əliyevin söylədiyi kimi bu ərazi Bakının mədəniyyət, Azərbaycanın siyasi mərkəzinə çevrilib.

Dövlət başçısı adına layiq görülən Prezident İlham Əliyev andiçmə mərasimində məhz bu bayraq altında xalqına daim sədaqətlə xidmət edəcəyini bildirmiş, Azərbaycanı iqtisadi qüdrəti ilə seçiləcək ölkə səviyyəsinə qaldıracağı vədini vermiş və andına sadiq qalmışdır. Bu gün Azərbaycan adlı bir məmləkət bütün Avropanı qazandığı iqtisadi nailiyyətlərilə fəth edirsə bu daim uca tutduğumuz bayrağımıza sədaqət rəmzidir. Amma müstəqilliyimizin, suverenliyimizin ifadəsi olan bayrağımızın dalğalanacağı daha bir ünvan bizi gözləyir. Bu ünvanı Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə fəth edəcəyini bildirən xalq dövlət başçısının bu sözlərinin reallaşacağına tam əmindir : “ Prezident İlham Əliyev: “ Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan əraz bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2014.- 8 noyabr.- S.2; 6.