Üçrəngli bayrağımız dövlətçiliyimizin
rəmzidir
Milli
Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP
Siyasi
Şurasının
üzvü Musa Quliyevin www.yap.org.az saytına müsahibəsi
-
Musa müəllim, 9 noyabr tarixi Azərbaycanda Dövlət
Bayrağı Günü kimi qeyd olunur. Sizcə, hər
hansı xalq üçün bayraq nə anlam
daşıyır?
- Dövlətimizin üçrəngli
bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin
rəmzidir. Bayraq tarixən hər bir
xalq üçün
müqəddəs olub. İnsanlar
öz dövlətlərinin
bayraqlarına həmişə ehtiramla
yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə
müqəddəs hesab edilib.
Bu mənada
ölkəmizdə Dövlət Bayrağı Gününün
qeyd olunması həm dövlətimiz, həm
də xalqımız üçün olduqca əlamətdar bir
hadisədir, eyni zamanda
keçib gəldiyimiz yola,
tarixə qısa bir nəzər salmaq imkanıdır. Bayraq
bizim müstəqilliyimizi dərk etməyimiz,
onun qədrini – qiymətini bilməyimiz
baxımından tapındığımız, kölgəsinə
sığındığımız müqəddəs bir varlıqdır.
Müstəqil Azərbaycanın
ilk müstəqil bayrağı bildiyiniz kimi 1918 – ci ildə Gəncə şəhərində
qəbul olunub. O zaman Şərqdə ilk demokratik respublika olan müstəqil Azərbaycanın Nazirlər
Şurası Bakı şəhəri daşnak
– bolşevik qüvvələri tərəfindən
işğal olunduğuna
görə Gəncə şəhərində yerləşirdi.
İlk bayraq kimi 24 iyun 1918 – ci il tarixində
qırmızı rəngli ay və səkkizguşəli
ulduzdan ibarət bayraq
qəbul olunmuşdu və qeyd
edilmişdi ki, bu bayraq müvəqqətidir.
Daha sonra 9 noyabr 1918 – ci il tarixində müqəddəs
üçrəngli bayrağımız qəbul olundu və dalğalanmağa
başladı. Təbii ki, bu
məqamda üçrəngli bayrağımızın
ideologiyasının yaradıcısı Əli bəy
Hüseynzadəni xatırlamaq lazımdır. Əli bəy
Hüseynzadənin türkçülük,
müasirlik, islamlaşmaq
ideyaları üçrəngli bayrağımızda öz əksini tapıb. Bu
bayraq həm də, Azərbaycan dövlətinin
öz inanclarına, öz
dəyərlərinə sadiqliyindən xəbər verirdi. Amma təəssüflər
olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü
uzun olmadı, bu
bayrağımız zirvələrdə dalğalanmadı.
Amma görünür, Tanrının lütfü bizdən ötrü
imiş ki, üzərindən
uzun illər keçəndən sonra Azərbaycan yenidən öz
müstəqilliyinə qovuşdu, yenidən
üçrəngli bayrağımız dalğalanmağa
başladı. Biz yenidən
bayrağımızla fəxr etmək, onunla
qürur duymaq imkanı əldə etdik.
Belə ki, 17 noyabr 1990 – cı il tarixində Ümummilli lider Heydər Əliyevin təklifi ilə
üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin qərarı ilə
Naxçıvan Muxtar Respublikasının
dövlət bayrağı kimi qəbul olundu. Həmin qərardan sonra Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin
binasının önündə Azərbaycan Xalq
Cümhuriyyətinin müqəddəs üçrəngli
bayrağı dalğalandı. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Sovetinə təklif olundu
ki, üçrəngli
bayrağımız Azərbaycanın dövlət
bayrağı kimi qəbul edilsin. Daha sonra
üçrəngli bayraq
bütövlükdə Azərbaycanın dövlət
bayrağı kimi qəbul olundu.
- Azərbaycan Respublikasının Dövlət bayrağı qanunvericilik səviyyəsində necə qorunur?
- Bilirsiniz
ki, parlament tərəfindən
«Azərbaycan Respublikasının Dövlət bayrağı
haqqında» qanun qəbul edildi.
8 iyun 2004 – cü il tarixində isə Milli
Məclis "Azərbaycan Respublikası Dövlət
bayrağının istifadəsi qaydaları haqqında" qanun qəbul etdi. Həmçinin,
«Dövlət bayrağı haqqında Əsasnamə» də qəbul
edildi. Buna qədər
bayraqdan necə gəldi istifadə olunurdu. İctimai – siyasi təşkilatlar, müxtəlif qurumlar dövlət bayrağını harda gəldi asırdılar. Bu
da dövlətçilik təcrübəsinin
zəif olmasından, insanlarda dövlətçilik
şüurunun kifayət qədər yetkin olmamasından irəli gəlirdi. Ona görə də, vacib
idi ki, belə bir qərar qəbul olunsun.
Bu qərarlarla biz Azərbaycan
bayrağının müqəddəsliyini, Azərbaycan
bayrağının dəyərini bir daha anlamış, dərk etmiş
olduq. Bayraq bir simvoldur. Bu simvolun arxasında isə
milli dövlətçiliyimiz, milli şüurumuz, milli mənliyimiz, milli
özünüdərkimiz dayanır. Bu mənada
həmin qərar böyük əhəmiyyətə
malik idi.
- 9 noyabrın təqvimə Dövlət Bayrağı Günü kimi daxil edilməsinin siyasi əhəmiyyəti nədən ibarətdir?
- 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev
“Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi
haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli
Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Həmin gün Əmək Məcəlləsinin
105-ci maddəsinə edilən əlavəyə əsasən,
bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Həmin gün kimliyindən, düşüncəsindən,
iqtisadi – sosial səviyyəsindən
asılı olmayaraq, bütün
vətəndaşlar bir
anlığına düşünəcəklər ki, mən niyə evdəyəm? Bu istirahət hüququnu mənə
nə verib? Bu kimi sualları özünə verdikdən sonra o, öz
ailə üzvlərinə, ətrafına, yaxınlarına
üçrəngli bayrağımız haqqında məlumat
verəcək.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il
noyabrın 17-də Bakıda Dövlət Bayrağı
Meydanının yaradılması barədə Sərəncam
imzalayıb. Onu da qeyd edim ki,
Dövlət Bayrağı Meydanı hər dövlətdə
yoxdur. Dövlət Bayrağı
Meydanının yaradılmasının özü
bayrağa xüsusi bir münasibətin ifadəsidir. Yəni, meydanda insanlar
gəzir, öz asudə vaxtlarını keçirir, qonaqlar gələndə
həmin meydanı ziyarət edirlər və bu
da insanların yaddaşına
bayrağın əbədi həkk olunmasına, insanlara milli dövlətçilik
şüurunun aşılanmasına xüsusi stimul verir. Təməli 2007-ci ilin dekabrında qoyulan Meydan üçün seçilmiş yerdə dalğalanan
üçrəngli əzəmətli Dövlət Bayrağının
paytaxtın müxtəlif nöqtələrindən
görünməsi də ayrıca bir xüsusi önəm daşımaqdadır.
Yəni, ölkə paytaxtında olan, yaşayan, qonaq gələn
hər kəsdə bu Meydan
haqqında dolğun təəssüratlar
yaranacaq. Bayraq
Meydanının yaradılması haqqında verilən qərar
Azərbaycan dövlətçilik tarixində verilən ən
önəmli qərarlardan biridir. Siz düşünün, ümumi
ərazisi 60 hektar olan
meydanda dalğalanan
bayrağın Ginnes dünya
rekordları təşkilatı tərəfindən 2010-cu il mayın 29-da dünyanın ən hündür bayraq dirəyi
olduğunu təsdiq etməsi də bizim üçün
ayrıca bir şərəfdir. Biz bu Dövlət
Bayrağı Meydanı vasitəsi ilə dünyaya
“Biz varıq!” mesajını verdik. Artıq imzamızın millətlərin
imzaları içində olmasını sübut
etdik. Bunun bariz bir sübutu idi ki, Prezident İlham
Əliyev dəfələrlə ölkənin birinci
xanımı, dövlət rəsmiləri birgə dəfələrlə
açılışdan öncə həmin meydana
baş çəkir və görülən
işlərlə şəxsən maraqlanırdı. Nəhayət,
2010-cu il sentyabrın 1-də isə
ölkə başçımızın iştirakı ilə
Dövlət Bayrağı Meydanının təntənəli
açılış mərasimi keçirildi.
Təbii ki, bu müstəqillik
asanlıqla əldə olunmayıb. Bu
bayrağın dalğalanması üçün
nə qədər qanlar tökülüb,
nə qədər insanlar şəhid olub. Dünya ictimaiyyəti
də xalqımızın öz
bayrağına, öz atributlarına bu qədər sayğılı olduğunu görür. Ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycan
müstəqilliyi əbədidir, daimidir,
dönməzdir və üçrəngli bayrağımız
da daim zirvələrdə
dalğalanacaq. Bu
baxımdan, mən düşünrəm ki,
Dövlət Bayrağı Günü
ölkəmiz üçün ən tarixi günlərdən biridir.
Bu münasibətlə mən bütün xalqımızı təbrik edirəm.
Qeyd etmək istəyirəm ki, Azərbaycan Xalq
Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim
azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə
və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikası müstəqilliyini
bərpa etdikdən sonra Azərbaycanın
Dövlət bayrağı milli müstəqilliyimizin
simvolu kimi ölkəmizin
bütün vətəndaşları üçün müqəddəs dövlətçilik
rəmzlərindən birinə çevrilib.
Bizim də borcumuzdur ki, bu bayrağın əbədi
dalğalanması üçün əlimizdən
gələni edək, Vətənin müstəqilliyinin əbədi
olması üçün
çalışaq.
- Üçrəngli bayrağımız bu gün mötəbər beynəlxalq təşkilatların da qarşısında dalğalanır. Bu da çox qürurverici məqamdır...
- Bəli, bu gün qürurla
deyə bilirik ki,
dövlətimizin bayrağı dünyanın mötəbər
təşkilatlarının qarşısında
dalğalanır. Son illər Azərbaycanın
beynəlxalq müstəvidə nüfuzunun
əhəmiyyətli dərəcədə
artdığını nəzərə alsaq,
bayrağımızın bütün səviyyələrdə
yüksəldiyini əminliklə deyə bilərik. Təkcə
dövlət tədbirlərinə deyil,
mötəbər idman
yarışlarında da, humanitar,
mədəni tədbirlərdə dövlət
bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir.
Amma əvvələr, müstəqilliyimizin
ilk illərində belə deyildi.
Mən deputat olduğum
ilk illərdə Milli
Məclisin ATƏT Parlament
Assambleyasında nümayəndə heyətinin üzvü idim. Həmin vaxtlarda beynəlxalq tədbirlərdə
iştirak məqsədilə xaricə gedəndə
müxtəlif ölkələrin nümayəndələri
yaxamızdakı dövlət bayrağının təsvir olunduğu döş
nişanına baxırdılar və hansı ölkədən
olduğunu soruşurdular.
Bəziləri Azərbaycan haqqında elə də məlumatlı
deyildi. Üçrəngli bayraqla bizi
tanıyırdılar.
İndi isə tamam fərqli
mənzərədir. Azərbaycan güclü
dövlətdir və dünyada
özünməxsus yer tutur.
Hazırda mən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
Parlament Məclisində nümayəndə
heyətinin üzvüyəm. Bu təşkilata
üzv olan 12 dövlətin
nümayəndə heyətləri hər hansı təklif irəli
sürmək istəyərkən Baş
Assambleyanın iclasından əvvəl bizimlə əlaqə
saxlayırlar, Azərbaycan tərəfinin fikrini
soruşurlar. Biz dəstəklədiyimiz
halda həmin təkliflər assambleyaya çıxarılır. Digər təşkilatlarda
da Azərbaycanın mövqeyi
nəzərə alınır. Baxmayaraq ki, ölkəmizə qarşı müəyyən
qüvvələr özlərinin korporativ,
siyasi maraqları naminə bizə böhtan atırlar, təzyiq göstərmək
istəyirlər, amma bütün
bunların hamısı əbəsdir. Belə bir
atalar məsəli var
ki, barlı ağaca daş atan çox
olar. Məsələn, Ermənistan kimi ölkə kimin nəyinə
lazımdır? Belə bir dövlətin mövcudluğu hiss olunmur. Ermənistandan Azərbaycana
qarşı müəyyən məqamlarda istifadə olunur. Hansı dövlət sürətlə inkişaf edir, güclü dövlətdir bir
çoxları istəyir ki, onunla dost olsun.
Bəzi xarici dairələr isə inkişaf edən ölkələri öz təsir dairəsində saxlamaq
üçün təzyiqlər göstərmək
istəyirlər. Azərbaycana qarşı haqsız tənqidlərin
kökündə də məhz bu amil dayanır.
Biz müstəqil Azərbaycanla fəxr edirik. Buna görə də,
Ümummilli liderimiz
Heydər Əliyevin ideyalarına, Onun
müəyyənləşdirdiyi siyasətə borcluyuq. Bu siyasət Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Bir sözlə, Dövlət Bayrağı Gününün təsis olunması bizim öz müstəqilliyimizə,
dövlətçiliyimizə olan ehtiramdan irəli gəlir. Bununla
xalqımız dövlətimizin qüdrətini dünyaya nümayiş
etdirməkdədir.
- Musa müəllim, bu gün gənc nəslin müstəqil dövlətimizin atributlarına, o cümlədən bayrağımıza olan münasibətini necə qiymətləndirirsiniz?
- Bizim
gənc nəsillərimiz kifayət qədər vətənpərvər
böyüyür. Azərbaycan gəncliyi
öz dövlətini sevir
və tarxini dərindən öyrənir.
Təbii ki, gənclərin vətənpərvər
ruhda tərbiyələnməsi, dövlət
bayrağını sevməsi ailədən və təhsildən
başlayır. Onlar həm ailədə bu yöndə tərbiyə almalı, həm
də, məktəbdə onlara bütün bunların önəmi
aşılanmalıdır. Bəzən yerli-yersiz
ölkənin təhsil sistemi haqqında tənqidlər
olur. Dünyada da belədir ki, islahatlar mərhələ-mərhələ həyata
keçirilməlidir. İlk növbədə,
bu islahatlar üçün baza
olmalıdr. İqtisadi islahatlar
aparılmadan onun üzərində sosial-humanitar islahatlar aparmaq mümkün deyil.
Azərbaycan dövləti
müstəqillik əldə etdikdən sonra
bu islahatlar başladı.
Siyasi islahatlar, iqtisadi islahatlar sonra isə sosial və humanitar islahatlar getməlidir. Bəzən pensiya, səhiyyə,
təhsil sistemini tənqid edənlər olur. Onların bir hissəsi
bilməyərəkdən olan
tənqidlərdir. Eləcə də,
populist tənqidlər də
var. Mövcud olan problemləri dövlət
qurumları da bilir. Amma həmin problemlərin həllinin zamanı, məqamı var. Bu gün
biz məktəblərin maddi-texniki
bazasını yaratmasaq
təhsildə keyfiyyət
necə ola
bilər? Uçuq binalarda yüksək
təhsil vermək mümkün deyil. Ona görə də, ilk növbədə, müasir
tələblərə cavab
verən təhsil infrastrukturu yaradılır.
Təbii
ki, bunun ardınca biz təhsildə
daha keyfiyyətli dəyişikləri, islahatları
müşahidə edəcəyik.
Hazırda bu proses də gedir. Eyni zamanda, təhsil
müəssisələrində vətənpərvərlik yüksək
səviyyədə təbliğ
olunur. O cümlədən,
kütləvi informasiya
vasitələrində təbliğ
olunur, maarifləndirmə
işləri aparılır.
Hər hansı tədbirlə əlaqədar böyük
zallara girəndə görürük ki, bütün gənclər
dövlət himnini oxuyur. Amma mənim nəslimin
yarısı isə himni əzbərdən bilmir. Sevindirici haldır ki,
gənclərimizin hamısı
bunu bilir, onlar dövlət bayrağına yüksək
ehtiram bəsləyirlər.
Bu da vətənpərvərliyin
bariz nümunəsidir.
Bayrağımız, himnimiz, gerbimiz
məktiəblərdə, digər
təşkilatlarda təbliğ
olunur. Söhbət təkcə bayrağı
tanımaqdan getmir.
Söhbət vətəni, bayrağı
insanlara sevdirməkdən
gedir. Bu mənada gənclərimizin
tərbiyəsini yüksək
qiymətləndirirəm.
İki
sahil.- 2014.- 8 noyabr.- S.9.