Ali qanunumuz ölkədə sabitliyin, vətəndaşların

yüksək səviyyədə yaşamasının təminatçısıdır

 

12 noyabr Konstitusiya Günüdür!

 

Hər kəs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir

 

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bayram tədbirləri hesabat xarakteri daşıyaraq, keçilən yolun təhlili, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetlərin açıqlanması baxımından xüsusi əhəmiyyət kəsb edir. Müstəqil Azərbaycan dövlətinin uğurlarından və perspektivlərdən bəhs edərkən ulu öndər Heydər Əliyevin aforizmə çevrilən bu fikrini xatırlatmağa böyük zərurət duyulur: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.”

Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa edən Azərbaycan bu sevinci yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşamağa başlamışdır. Bu günümüzü müstəqilliyimizin ilk illəri ilə müqayisə etsək, Azərbaycanın hazırda inkişafın hansı səviyyəsində olduğunu daha aydın görmüş olarıq. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonra demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunu tutan ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin uğurlu daxili siyasəti Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. O, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prisiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.

Qeyd etdiyimiz kimi, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurətə çevrildi. Bu məqsədlə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq yeni Konstitusiyanın qəbulu ilə Azərbaycanda dövlət quruculuğunun əsası qoyulmuşdur. Azərbaycan Konstitusiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir.

Artıq Konstitusiyanın qəbulundan 19 il ötür. Ötən dövrə qısa baxış bu reallığı ortaya qoyur ki, ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan müstəqil dövlətimiz bu istiqamətdə bütün maneləri dəf edərək, həyata keçirdiyi uğurlu islahatları ilə dünyanın diqqətindədir. “Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu, bizim strateji kursumuzun mahiyyətini təşkil edir və biz heç vaxt bu yoldan dönməyəcəyik” söyləyən ulu öndər Heydər Əliyev ölkənin hərtərəfli inkişafını, insan hüquqlarının qorunmasını və müdafiəsini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxlayaraq bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Ümummilli lider eyni zamanda bildirirdi ki, Konstitusiya yaratmaq üçün tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik. 1995-ci il noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Milli Konstitusiyamız demokratikləşmə prosesinin daha da sürətlənməsinə yol açdı. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, Konstitusiya-əsas qanun ölkədə sabitliyi təmin etməlidir. Hər kəs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. 23 illik müstəqillik tariximizdə görülən işlər də subut edir ki, Azərbaycan ulu öndərin müəyyənləşdirdiyi demokratik dəyərlərə daim sadiq qalmış, inkişaf etdirmiş, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə diqqətlə yanaşmışdır. İqtisadiyyatı hərtərəfli inkişaf etdirməklə əhalinin sosial müdafiəsinin təminatına qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev insanların hüquq və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi önə çəkirdi. 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanda, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda ölkədə insan hüquqlarının qorunması, beynəlxalq standartlara tam uyğunlaşdırılması üçün çox mühüm icra mexanizmləri nəzərdə tutulurdu. Bu sahədə müəyyən təcrübə toplamış beynəlxalq təşkilatlarla əməkdaşlıq, ölkədə hüquqi bazanın təkmilləşdirilməsi, kadr hazırlığına diqqətin artırılması, müxtəlif konvesiyalara, sazişlərə qoşulma müsbət nəticəsini göstərdi.

Son 10 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı insan hüquq və azadlıqlarının qorunması sahəsində də özünü qabarıq şəkildə göstərir. Belə ki, görülən işlərin məntiqi nəticəsi olaraq insan hüquqlarının qorunmasının keyfiyyətcə yeni mərhələ üzrə davam etdirilməsi, təkmilləşdirilməsi üçün nəzərdə tutulan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı qarşıya daha mühüm vəzifələr qoydu. Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə təsdiq olunmuş Fəaliyyət Planının tələblərinə əsasən respublikada köklü islahatlar aparılmış, ictimai müzakirələr keçirilmişdir. Lakin inkişafımızın davamlı, dinamik sürətinə uyğun iqtisadiyyatın şaxələndirilməsi, insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması üçün əlavə islahatların zəruriliyi qarşıya yeni prioritetlər qoydu. Dövlət başçısının 18 iyun 2007-ci il tarixili sərəncamı ilə 18 iyun- İnsan hüquqları gününün təsis edilməsi də bu sahəyə diqqətin bariz nümunəsidir. Dövlətin siyasətində insan amilinə yüksək dəyər beynəlxalq təşkilatların hesabatlarında da yüksək dəyərləndirilir. Müstəqil dövlətimizin dünyanın nüfuzlu təşkilatlarından olan Avropa Şurası ilə əlaqələrinin yüksələn xətt üzrə inkişafı da deyilənlərə əyani sübutdur. Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə daha geniş sferanı əhatə edən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edildi. Ölkəmizdə həyata keçirilən demokrtik islahatları dəstəkləyən AŞPA-nın qəbul etdiyi “Azərbaycanda demokratik təsisatların inkişafına dair” qətnamədə yüksək dəyərləndirilən insan amilinə diqqət dövlət siyasətinin başlıca prioritetlərini əks etdirən Milli Fəaliyyət Proqramında da əksini tapır.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2014.- 12 noyabr.-S.6.