Azərbaycan Respublikasının Konstitusiyası
müasir dövrün
ən demokratik prinsip və
müddəalarını özündə ehtiva edir
Bakı
Dövlət Universitetinin Konstitusiya hüququ
kafedrasının baş müəllimi Elşad Nəsirovun
www.yap.org.az saytına müsahibəsi
-
Elşad müəllim, məlum olduğu kimi, 12 noyabr tarixi Azərbaycan
Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.
İlk növbədə, Azərbaycanın konstitusion
inkişaf tarixi və ölkəmizdə konstitusionalizm ənənələrinin
təşəkkülü barədə düşüncələrinizi
bilmək istərdik...
- Öncə onu qeyd etmək istəyirəm
ki, müasir dövrdə bu və ya digər ölkələrdə
dövlətin və cəmiyyətin əsaslarını
müəyyənləşdirən, əsas prinsiplərini
özündə təsbit edən, bütövlükdə,
qanunvericilik sisteminin bazası rolunu oynayan konstitusiyalar
mövcuddur. Ümumiyyətlə, hazırki mərhələdə,
demək olar ki, hər bir dövlətin konstitusiyası var.
Ola bilər ki, bu, yazılı – məcəllələşdirilmiş,
ola bilər ki, yazılmamış konstitusiya olsun. Məsələn,
Böyük Britaniyanın Konstitusiyası yazılmamış
– şifahi konstitusiya adlandırılır, amma bu, o demək
deyil ki, bu ölkənin konstitusiyası yoxdur. Çünki
Böyük Britaniya konstitusionalizmin beşiyi və
parlamentarizmin yarandığı ilk ölkələrdən
biridir, ona görə də bu ölkənin faktiki olaraq
Konstitusiyası mövcuddur – bu, konstitusion adətlərin,
statutların, məhkəmə presedentlərinin məcmusundan
ibarətdir.
Dünyada ilk yazılı – müasir anlamda
konstitusiyanın qəbulu 1787-ci ildə Amerika Birləşmiş
Ştatlarının (ABŞ) Konstitusiyasının qəbulu
ilə hesablanır. Baxmayaraq ki, hüquq ədəbiyyatında
ondan əvvəlki dövrdə də konstitusiyaların
mövcud olduğu göstərilir, amma onlar müasir anlamda
konstitusiya anlayışının özünü - əsasını
və mahiyyətini ifadə etmir. Çünki müasir
anlamda konstitusiya cəmiyyətin və dövlətin
hüquqi vəziyyətini müəyyənləşdirir, onların
qarşılıqlı əlaqədə hüquqi yerini,
bir-birinə təsirini, eyni zamanda, hüquqla dövlətin əlaqəsini
təsbit edir, insan və vətəndaşın hüquq və
azadlıqlarını nəzərdə tutur. Ona görə də
hesab olunur ki, ABŞ Konstitusiyasının qəbulundan sonra
konstitusion inkişafın ilk mərhələsi
başlayıb.
Azərbaycan Respublikasının tarixinə nəzər
salsaq, görərik ki, ölkəmizin konstitusion inkişaf
tarixi o qədər də uzun bir dövrü əhatə
etmir. Bu, onunla bağlı olub ki, dünyanın demokratik
dövlətlərinin formalaşdığı, parlamentarizm və
konstitusionalizmin təşəkkül tapdığı bir
tarixi dönəmdə Azərbaycan Rusiya və İran
arasında Gülüstan və Türkmənçay
müqavilələri ilə iki yerə parçalanıb, əsarət
altına düşüb. Xüsusilə də Şimali Azərbaycan
Rusiya imperiyasının tərkibinə qatılıb, Azərbaycanda
imperiyanın bir əyaləti kimi “parçala və hökm
sür” siyasəti yürüdülüb. Daha sonra isə
Rusiyanın özündə belə monarxiyanın mövcud
olduğu, konstitusiyanın olmadığı bir şəraitdə,
təbii ki, onun müstəmləkə ərazisi olan Azərbaycanda
bir əyalət kimi konstitusiya mövcud ola bilməzdi.
Bəzən tarixçilər tərəfindən
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul
edilmiş İstiqlal Bəyannaməsi konstitusiya kimi xarakterizə
olunur. Amma o, müasir anlamda konstitusiya kimi səciyyələndirilə
bilməz, çünki yuxarıda sadaladığım həmin
məsələlər orada ehtiva olunmamışdı.
Azərbaycanın
Konstitusiyasının ilk qəbulu məhz SSRİ
dövrünə təsadüf edir. 1921-ci il may ayının
19-da I Ümumazərbaycan Qurultayı tərəfindən
1918-ci il RSFSR Konstitusiyasının əsasında
hazırlanmış Azərbaycan SSR-in Konstitusiyası qəbul
olundu. Bu,
ümumilikdə, Azərbaycanın dövlətçilik
tarixinin bir mərhələsidir və burada bir çox
hüquq və azadlıqlar da öz əksini
tapmışdı, mərkəzi dövlət - hakimiyyət
orqanlarının təşkili və fəaliyyətinin əsasları
müəyyən olunmuşdu.
Azərbaycanın sayca ikinci
Konstitusiyası 1927-ci ilin mart ayında qəbul olundu. Bu
Konstitusiyanın qəbul olunmasını şərtləndirən
bir sıra məsələlər var idi: birincisi, Azərbaycanın
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tərkibinə
qatılması və onun tərkibində SSRİ-nin tərkibinə
qatılması; ikincisi, 1924-cü ildə SSRİ-nin
Konstitusiyasının qəbul olunması;
üçüncüsü, bu Konstitusiyaya uyğun olaraq
1925-ci ildə Azərbaycanın birinci Konstitusiyasına onun təxminən
60 faizini əhatə edən dəyişikliklərin edilməsi.
Onu da qeyd etmək istəyirəm ki, bundan sonra
Azərbaycanın tərkibinə qatıldığı
Zaqafqaziya Federasiyasının öz Konstitusiyası qəbul
edildi. Deməli, Azərbaycan faktiki olaraq
Federasiyanın tərkibində ikili tabeçilikdə - ikili
federativ sistemdə fəaliyyət göstərirdi. Yəni ölkəmiz ZSFSR-in tərkibində idi, bu
federasiyanın tərkibində isə SSRİ-nin tərkibinə
qatılmışdı. Bu nöqteyi-nəzərdən,
Zaqafqaziya Federasiyasının öz Konstitusiyasının qəbulu
Azərbaycanın sayca ikinci Konstitusiyasının qəbulunu
şərtləndirmişdi. Həmin
Konstitusiyada 1921-ci ilin Əsas Qanunundan ciddi şəkildə fərqlənən
məsələlər yox idi. Bu Konstitusiya
daha çox Sovet hakimiyyətinin əsaslarını təsbit
edən Əsas Qanun kimi yadda qaldı. Bununla
yanaşı, bir sıra yeniliklər də mövcud idi.
Belə ki, Konstitusiyada Naxçıvan Muxtar
Respublikasının hüquqi statusunu, Dağlıq
Qarabağın, eləcə də məhkəmə
orqanlarının hüquqi vəziyyətini müəyyənləşdirən
fəsillər nəzərdə tutulmuşdu. Onu da deyim
ki, 1921-ci il Konstitusiyasında Azərbaycanın
dövlət rəmzləri ilə bağlı məsələlər
dəqiqliyi ilə öz həllini tapmamışdı və
Azərbaycanın özünün ayrıca bayrağı da
mövcud deyildi, eləcə də dövlət himni
haqqında müddəa təsbit olunmamışdı. Amma
1927-ci il Konstitusiyasında Azərbaycan
dövlətinin bayrağı formasında bir maddə müəyyənləşdirilmişdi.
Daha sonra 1936-cı ilə SSRİ
Konstitusiyasının qəbulu 1937-ci ildə Azərbaycan
SSR-in sayca üçüncü Konstitusiyasının qəbul
olunmasına gətirib çıxardı. SSRİ Konstitusiyasına müvafiq olaraq 1937-ci ildə
qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasında bir
sıra yeniliklər nəzərə çarpırdı.
İlk növbədə, dövlət hakimiyyəti
orqanlarının sistemində müəyyən dəyişikliklər
oldu. Belə ki, bu zamana qədər Azərbaycanda ali
dövlət hakimiyyət orqanı Ümumazərbaycan Sovetlər
Qurultayı, onun Mərkəzi İcraiyyə Komitəsi, Xalq
Komissarları Soveti nəzərdə tutulurdusa, bundan sonra
Ümumazərbaycan Sovetlər Qurultayı ləğv olundu,
onun əvəzinə Azərbaycan SSR-in Ali Soveti
yaradıldı, Ali Sovetin Rəyasət Heyəti
formalaşdırıldı, Mərkəzi İcraiyyə Komitəsi
bir qurum kimi ləğv edildi, Xalq Komissarları Soveti isə
icra - sərəncam orqanı kimi saxlanıldı. O,
1943-cü ildən etibarən Nazirlər Soveti adını
almağa başladı. İkincisi, ilk dəfə
olaraq vətəndaşlıq hüququ, vətəndaşların
sosial-iqtisadi hüquqları, Konstitusiya dəyişikliklərinin
edilməsi ilə bağlı bir çox müddəalar
öz əksini tapdı, yəni müəyyən qədər
təkmilləşmə prosesi getmişdi.
Azərbaycan SSR-in sayca dördüncü
Konstitusiyası 1978-ci ilin 21 aprel tarixində 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul
edildi. Onu da diqqətə çatdırmaq istəyirəm
ki, bu Konstitusiyanın qəbul olunmasında Ulu öndər
Heydər Əliyevin müstəsna rolu olmuşdu.
1937-ci il Konstitusiyasının ilkin mətnində
Azərbaycanın dövlət dili Türk dili olaraq ifadə
olunmuşdu. Sonra Azərbaycanı millətçilikdə
ittiham edərək 1951-ci ildə bu müddəa oradan
çıxarıldı və Konstitusiyanın 50-ci illərdə
nəşr olunan versiyalarında türk dili
anlayışı yox idi, rus dili dövlət dili kimi təsbit
olunurdu. Məhz Ümummilli lider Heydər Əliyevin tələbi
ilə 1978-ci il Konstitusiyasında dövlət
dili kimi Azərbaycan dili təsbit olundu. Bu Konstitusiyada, həmçinin
Dağlıq Qarabağ və onun orqanlarının hüquqi
statusu “Yerli dövlət hakimiyyəti orqanları” fəslinin
içərisində verilmişdi, yəni ona ayrıca –
xüsusi önəm verilmirdi. Hansı ki, əvvəlki
konstitusiyalarda buna ayrıca fəsil həsr olunmuşdu, onun
hüquqi statusu şişirdilirdi. Bu da, təbii
ki, Ulu öndərin Azərbaycan xalqı və dövləti
qarşısındakı tarixi xidmətlərindən biri idi.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu
Konstitusiya digərlərindən daha təkmil və geniş
idi - 11 bölmə, 22 fəsil və 185 maddəni əhatə
edirdi. Burada ictimai, siyasi sistemin, iqtisadi
quruluşun əsaslarından, vətəndaşlıq
hüququndan bəhs olunurdu, vətəndaşların
hüquq və azadlıqları, vəzifələri ilə
bağlı ayrıca bölmə və fəsillər nəzərdə
tutulmuşdu, dövlət hakimiyyəti orqanlarının
hüquqi vəziyyəti məsələləri geniş
şəkildə təsbit olunmuşdu. Bundan
başqa, SSRİ və Azərbaycan SSR-in
qarşılıqlı əlaqəsi, İttifaqın,
respublikanın ayrıca və birgə səlahiyyətləri
kimi məsələlər öz əksini tapmışdı.
- 1995-ci
ildə qəbul olunmuş ilk milli Konstitusiyanın Azərbaycanın
hüquqi, demokratik dövlət kimi formalaşmasındakı
rolunu, həmçinin onun hazırlanıb qəbul
olunmasında Ulu öndər Heydər Əliyevin fəaliyyətini
necə xarakterizə edərdiniz?
- Azərbaycan Respublikasının ilk milli demokratik
Konstitusiyası ölkəmizin müstəqillik dövründə
- 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi
əsasında qəbul edildi. Bu Konstitusiyanın
qəbulunu şərtləndirən tarixi şərait
çox mürəkkəb və keşməkeşli
dövrü əhatə edirdi. Təbii ki,
SSRİ-də 1980-ci illərin ikinci yarısından
başlayan demokratikləşmə prosesi, yenidənqurma siyasəti,
nəticə etibarilə, ittifaqın dağılmasına və
onun ərazisində müstəqil dövlətlərin
yaranmasına istiqamətlənmişdi. Amma
bu prosesdə böyük çətinliklərlə üzləşən
dövlətlər də oldu, o cümlədən həmin
tarixi şəraitdə Dağlıq Qarabağ probleminin
yaradılması Azərbaycan Respublikasının da mürəkkəb
situasiya ilə üzləşməsini şərtləndirdi.
Bir məqamı xüsusilə qeyd etmək istəyirəm
ki, Azərbaycan SSR-in 1978-ci il
Konstitusiyasına 12 noyabr 1995-ci il Konstitusiyası qəbul
olunana qədər 400-dən artıq əlavə və dəyişikliklər
edilmişdi. Bəs bu nə ilə şərtlənirdi?
Artıq XX əsrin 90-cı illərində SSRİ
dağılır, Kommunist Partiyasının hegemon rolundan imtina
olunur, milli dirçəliş, xalq hərəkatı,
müstəqil, suveren dövlətin yaradılması prosesi cərəyan
edir, bu kontekstdə SSRİ-də, o cümlədən Azərbaycan
SSR-də yeni dövlət – hakimiyyət strukturları meydana gəlir,
prezidentlik institutu formalaşır, bundan bir qədər
öncə Konstitusiya Nəzarəti Komitəsi deyilən bir
qurumun formalaşdırılması nəzərdə tutulurdu.
Daha sonra 30 avqust 1991-ci ildə Azərbaycan SSR-in Ali Soveti
ölkənin dövlət müstəqilliyini elan etdi və
18 oktyabr 1991-ci il tarixində Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi haqqında
Konstitusiya Aktı qəbul edildi. Konstitusiya
Aktı Azərbaycan Respublikasının Konstitusiyası hesab
edilməsə də, demokratik prinsipləri, hüququ aliliyi məsələsini,
bütövlükdə, konstitusion müddəaları
özündə təsbit edirdi.
Qeyd edim ki, həmin tarixi şərait
olduqca mürəkkəb idi – daxildə hakimiyyət uğrunda
mübarizə gedirdi, Ermənistanın ölkəmizə
qarşı ərazi iddiaları və təcavüzü
müşahidə olunurdu, bütövlükdə, siyasi
situasiya kəskin idi. Əlbəttə,
bütün bunlar üstqurum elementlərində təzahür
edirdi. Yəni mövcud vəziyyət
konstitusiya quruluşu məsələsinə, Əsas Qanunun qəbuluna,
dövlət quruculuğu məsələsinə ciddi təsir
göstərirdi. Xüsusilə də,
AXC-“Müsavat” cütlüyünün hakimiyyəti
dövründəki siyasi hərc-mərclik hüquqi bazaya
neqativ təsir edirdi. Bu cütlüyün hakimiyyəti
dönəmində Azərbaycanda yeni bir konstitusiyanın qəbul
olunmasına cəhd edildi, amma situasiya onu göstərdi ki,
başı hakimiyyət uğrunda mübarizəyə
qarışmış siyasi qüvvə yalnız xalqa müəyyən
vədlər verməklə məşğul idi və belə
bir konstitusiyanın qəbul olunmasına nail olmaq imkanı və
iqtidarında deyildi. Məhz belə bir şəraitdə
ilk növbədə sabitlik və təhlükəsizliyi təmin
etmək lazım idi.
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin
xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə
qayıdışından sonra bütün bu məqsədlərə
nail olundu, öncə ictimai-siyasi sabitlik təmin edildi,
müstəqil dövlət quruculuğu prosesi başlandı,
dövlət müstəqilliyi və suverenliyi bərpa olundu.
Qeyd edim ki, 1995-ci ilin may ayında Ulu öndər Heydər
Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyası
formalaşdırıldı. Komissiyada millət
vəkilləri, peşəkar iqtisadçılar, filosoflar,
hüquqşünaslar, cəmiyyətin nüfuzlu şəxsləri,
yetərincə siyasi bazası olan siyasi partiyaların nümayəndələri
təmsil olunurdular. Həmçinin
Konstitusiya Komissiyasının nəzdində İşçi
Qrupu fəaliyyət göstərirdi. Komissiya
Konstitusiya layihəsini hazırladı, həmin ilin oktyabr
ayında ümumxalq müzakirəsinə
çıxarıldı.
Nəhayət, 12 noyabr 1995-ci il tarixində Azərbaycan
Respublikasının ilk milli demokratik Konstitusiyası
ümumxalq səsverməsi əsasında qəbul edildi. Bu Konstitusiyanın qəbulunu həm də siyasi,
iqtisadi, sosial və mədəni sahələrdə baş verən
fundamental dəyişikliklər, yeniliklər şərtləndirirdi.
Bu Konstitusiya müstəqil dövlət quruculuğu
prosesi fonunda mövcud şəraiti tənzimləyəcək,
cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi
sferalarında baş verən köklü dəyişiklikləri
özündə ehtiva edəcək, qanunvericiliyin təkmilləşdirilməsi
istiqamətində hüquqi baza rolunu oynayacaq mütərəqqi
bir Əsas Qanun idi.
- Bəs Konstitusiyanın mütərəqqiliyi və təkmilliyi
nə ilə özünü göstərirdi?
- Konstitusiya öz sistemi, strukturu ilə, ayrı-ayrı
bölmələrin və fəsillərin bir-birini
tamamlaması ilə, konstitusion nizama salmanın predmetinə
daxil olan məsələlərin hüquqi tənzimi etibarilə
tam təkmil və mütərəqqi idi. Burada dövlət
hakimiyyətinə münasibətdə hüququn aliliyi,
hakimiyyətin mənbəyi, xalq suverenliyi, xalq hakimiyyətinin
mənimsənilməsi və məhdudlaşdırılmasının
yolverilməzliyi məsələləri, eləcə də
hakimiyyət bölgüsü mexanizmi, insan hüquq və
azadlıqlarının ali dəyərlər
kimi tanınması və təmin olunması məsələsi,
bu hüquq və azadlıqların dövlətdaxili və
beynəlxalq müdafiəsi müxanizmlərinin təsbiti
öz əksini tapmışdı.
Konstitusiyada, həmçinin dövlətin
əsasları məsələsi təsbit olunmuşdu, Azərbaycan
demokratik, dünyəvi, unitar və respublika idarəetmə
formasına malik olan dövlət kimi elan olunmuşdu. Əsas Qanunun ikinci fəslinə nəzər
yetirdikdə görürük ki, orada dövlətin əsasları,
onun hüquqi dövlət kimi xarakterizə olunması ilə
bağlı müddəalar öz əksini tapıb. Məsələn, VII maddənin II hissəsində
göstərilir ki, dövlət hakimiyyəti daxili məsələlərdə
yalnız hüquqla, beynəlxalq münasibətlər çərçivəsində
isə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
irəli gələn öhdəliklərlə məhdudlaşır.
Bu, bir tərəfdən, hüququn dövlət hakimiyyətinin
fövqündə durmasını, hakimiyyətin hüquqla məhdudlaşmasını,
dövlət suverenliyi məsələsini, digər tərəfdən,
beynəlxalq münasibətlər sferasında dövlətin
öz suverenliyindən qismən imtina etməsini, beynəlxalq
hüququn subyekti kimi bundan irəli gələn öhdəliklər
çərçivəsində dövlət hakimiyyətinin
məhdudlaşmasını nəzərdə tuturdu. Bu, özlüyündə, çox mütərəqqi
bir müddəadır.
Eyni zamanda, VII maddənin III hissəsində hakimiyyət
bölgüsü nəzərdə tutulub, göstərilib ki,
Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin
bölünməsi prinsipi əsasında
formalaşdırılır, qanunvericilik hakimiyyətini Azərbaycan
Respublikasının Milli Məclisi həyata keçirir, icra
hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur,
məhkəmə hakimiyyətini Azərbaycan
Respublikasının məhkəmələri həyata
keçirir. Hakimiyyətin qolları öz səlahiyyətləri
çərçivəsində müstəqildir, biri digərinin
fəaliyyətinə müdaxilə edə bilməz, lakin biri
digərinin fəaliyyətinə Konstitusiyanın müəyyənləşdirdiyi
çərçivədə nəzarəti həyata
keçirir.
Bununla yanaşı, Konstitusiyada bir
sıra yeni institutlar da təsbit olunmuşdu. Məsələn, insan hüquq və
azadlıqları insanın təbii hüquqlarını
tanımış oldu – Konstitusiyanın 24-cü maddəsində
qeyd edilir ki, hər kəsin doğulduğu andan ayrılmaz,
pozulmaz, toxunulmaz hüquq və azadlıqları var, bu
hüquq və azadlıqlar onların cəmiyyət və digər
şəxslər qarşısında öhdəliklərini
ehtiva edir. Bu, insan hüquqlarının təbii
mənşəyə malik olmasını tanıyır, eyni
zamanda, təbii hüquq nəzəriyyəsinin konstitusion təsbiti
deməkdir. Bu, onu ifadə edir ki, insana hüquqlar
dövlət tərəfindən bəxş olunmur, bu
hüquqlar təbii şərtlərdən – insanın zəkaya,
iradəyə, təfəkkürə malik olan ali
varlıq olmasından irəli gəlir. Dövlət
bu hüquqları tanımalı və təmin etməlidir.
Bu məqamda onu da qeyd edim ki, Azərbaycan
Konstitusiyasının bir mütərəqqi xüsusiyyəti
də digər dövlətlərin konstitusiyasından fərqlənir
ki, burada hər bir maddənin öz adı var. Məsələn,
dünya dövlətlərinin konstitusiyalarına nəzər
salsanız, görərsiniz ki, orada sadəcə maddələrin
nömrəsi göstərilir, sonra isə onun məzmunu
verilir, beləliklə, məzmuna nəzər saldıqdan sonra
maddənin hansı məsələ ilə bağlı
olması aydın olur. Və ya maddənin məzmununda
hansısa çatışmazlıqlar olur. Bu mənada
da, 12 noyabr 1995-ci il tarixində qəbul
edilmiş Azərbaycan Respublikasının Konstitusiyası
olduqca təkmildir.
Digər tərəfdən, həmin
Konstitusiyada insan hüquq və azadlıqlarının təminatı,
müdafiə mexanizmi ilə bağlı dünyanın
demokratik dövlətlərinin təcrübəsində olan
bütün müddəalar öz əksini
tapmışdır. Bu kontekstdə daha bir
maraqlı faktı qeyd etmək istəyirəm. Azərbaycan Konstitusiyasının 148-ci maddəsində
qanunvericilik sisteminə daxil olan aktlar hüquqi qüvvə
baxımından düzülüb. Orada Konstitusiya,
referendumla qəbul olunan aktlar, qanunlar, Prezident fərmanları,
Nazirlər Kabinetinin qərarları və mərkəzi icra
hakimiyyəti orqanlarının öz səlahiyyətləri
çərçivəsində qəbul etdiyi qərarlar yer
alıb. Bunlar iyerarxiya formasında verilib, yəni
yuxarı pillədə olan hüquqi qüvvəsinə
görə özündən aşağıda olandan
üstündür. Orada, həmçinin
göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr
Azərbaycanın qanunvericilik sisteminin tərkib hissəsidir.
Yəni Azərbaycan hər hansı bir beynəlxalq müqaviləyə
tərəfdar çıxır – qoşulursa, parlament onu
ratifikasiya edirsə, həmin beynəlxalq hüquqi akt Azərbaycanda
hüquq tətbiq edən orqanlar, məhkəmə
üçün adi qanunlardan biri kimidir, istənilən vaxt
onu tətbiq edə bilər, ona istinad etməlidir, bir sözlə,
qanunvericiliyin tərkib hissəsidir. Eyni zamanda,
151-ci maddədə həmin beynəlxalq hüquqi aktlarla Azərbaycan
qanunvericilik sisteminə daxil olan aktlar arasında ziddiyət
olarsa, məsələnin necə həll olunması öz əksini
tapıb. Göstərilir ki, belə bir
ziddiyyət yaranarsa, bu zaman beynəlxalq müqavilələr tətbiq
olunur. Bu, əlbəttə, beynəlxalq
hüququn üstünlüyünün tanınmasıdır.
Amma burada vacib bir məqam var: Konstitusiya və referendumla qəbul
olunan aktlar istisna olunur. Deməli, beynəlxalq
müqavilə ilə Konstitusiya arasında ziddiyyət
yaranarsa, o zaman Azərbaycanın Əsas Qanunu tətbiq
olunmalıdır. Bu, xalq suverenliyinin ən
yüksək səviyyədə tanınmasıdır.
Digər bir məqama da diqqət çəkmək istəyirəm:
Konstitusiyanın 12-ci maddəsi bütövlükdə
dövlətin ali məqsədinə həsr
olunub. Orada göstərilir ki, insan hüquq və
azadlıqlarını, Azərbaycan Respublikası vətəndaşlarının
layiqli həyat səviyyəsini təmin etmək Azərbaycan
dövlətinin ali məqsədidir. O da
qeyd olunur ki, bu Konstitusiyada təsbit olunan insan və vətəndaş
hüquq və azadlıqları Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq hüquqi aktlara uyğun olaraq tətbiq olunur. Yəni
bu, onu ifadə edir ki, Azərbaycan dövləti insan hüquq
və azadlıqlarına konstitusion qaydada o dərəcədə
önəm verir ki, əgər Azərbaycanın tərəfdar
çıxdığı insan hüquqları sahəsindəki
beynəlxalq hüquqi aktla Azərbaycan Konstitusiyası
arasında hansısa bir ziddiyyət olarsa, həmin beynəlxalq
hüquqi aktlar əsas tutulur. Çünki o,
insan hüquq və azadlıqlarını nəzərdə
tutur. Bir sözlə, Konstitusiyanın bu
cür incəlikləri kifayət qədərdir və orada
çox mütərəqqi müddəalar öz əksini
tapmışdır.
Bununla yanaşı, 1995-ci il
Konstitusiyasının digər müsbət xüsusiyyətlərindən
biri konstitusiya nəzarət institutunun – Konstitusiya Məhkəməsinin
yaradılmasıdır. Qeyd etmək
lazımdır ki, Konstitusiya Məhkəməsi dövlət
hakimiyyəti mexanizmində xüsusi yerə malikdir, digər
hakimiyyəti budaqları ilə qarşılıqlı əlaqə
və təsirdə təsir imkanları daha çoxdur, hətta
hakimiyyət budaqları arasında yaranan mübahisələrin
həlli Konstitusiya Məhkəməsinin səlahiyyətinə
aiddir. Bu, onu ifadə edir ki, hakimiyyət
bölgüsündə çəkindirmə və
tarazlaşdırma mexanizmi və sistemində Konstitusiya Məhkəməsinin
önəmli yeri var. Digər tərəfdən, bu qurum
qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaqla, qanunlara
şərh verməklə, hətta vətəndaşların
birbaşa müraciəti əsasında bunu yerinə yetirməklə,
bütövlükdə, Konstitusiyanın özünün
aliliyini qoruyur.
-
Elşad müəllim, sirr deyil ki, cəmiyyət və
dövlət inkişaf etdikcə Konstitusiyanın daha da təkmilləşdirilməsi
zərurəti meydana çıxır. Bu
baxımdan, 2002 və 2009-cu illərdə ümumxalq səsverməsi
nəticəsində Azərbaycan Konstitusiyasına edilmiş əlavə
və dəyişikliklərin hüquqi-demokratik dövlət
quruculuğu prosesindəki önəmini hansı amillərlə
izah edərdiniz?
- 1995-ci il Konstitusiyası nə qədər
təkmil və mütərəqqi olsa da, ötən zaman
müddətində ona əlavə və dəyişikliklərin
edilməsi ilə bağlı iki dəfə ümumxalq səsverməsi
– referendum keçirilib. Öncə 24 avqust 2002-ci il tarixində Konstitusiyaya 24 maddədə 29 əlavə
və dəyişiklik edildi. Bundan sonra 2009-cu il
mart ayının 18-də Azərbaycan Konstitusiyasının 25
maddəsinə 30-dan artıq əlavə və dəyişiklik
edilmiş oldu.
Əlbəttə, bu dəyişiklikləri şərtləndirən
bir sıra amillər var. Ən əsas faktor budur ki, müasir
dövrdə Azərbaycan dövlətinin siyasi, sosial, iqtisadi
inkişaf dinamikası o qədər sürətlidir ki, o,
Avropa ölkələrinin vaxtilə demokratikləşmə
prosesində 100 ilə keçdiyi yolu 10 ilə keçə
bilir.
24 avqust 2002-ci il tarixində
Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər
yeni dövrün çağırışlarını
özündə ehtiva edirdi. Belə ki, 1995-ci ildə
Konstitusiyanın qəbul olunmasından bu dövrə qədər
Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, bir
sıra beynəlxalq təşkilatlara, xüsusilə də
Avropa Şurasına üzv olması, Avropa Şurası
çərçivəsində qəbul edilmiş beynəlxalq
aktları, o cümlədən Avropa İnsan Hüquqları
Konvensiyasını təsdiq etməsi, bununla bağlı
müəyyən öhdəliklər götürməsi, həm
də cəmiyyətinin özünün inkişafı bu dəyişiklikləri
zəruri edirdi. Məhz bu dövrdə vətəndaşların
Konstitusiya Məhkəməsinə birbaşa müraciət
etmək hüququ tanındı, insan hüquqlarının məzmunu,
eləcə də seçki sistemi təkmilləşdirildi,
Konstitusiyanın özünə əlavə və dəyişikliklərin
edilməsi mexanizmində müəyyən dəyişikliklər
edildi.
Bu kontekstdə konstitusion inkişafın
ikinci mərhələsi 18 mart 2009-cu ildə ümumxalq səsverməsi
nəticəsində Konstitusiyaya bir sıra əlavə və
dəyişikliklərin edilməsi ilə bağlı oldu. Bu dəyişikliklərin özü də
Konstitusiyanın bir çox müddəalarının təkmilləşdirilməsinə
xidmət edirdi. Azərbaycan dövlətinin
sosial-iqtisadi bazası daha da güclənmiş, onun vətəndaşların
hüquq və azadlıqlarına bu sferada təminat vermək,
sosial dövlət prinsiplərini təsbit etmək
imkanları daha da genişlənmişdi. Bütün
bu məsələlərin həm də konstitusion əsasda təsbit
olunması məsələsi ortaya
çıxmışdı. Bu isə, nəticə
etibarilə, cəmiyyətin inkişafı demək idi. Məhz belə bir şəraitdə Konstitusiyaya əlavə
və dəyişikliklər edilməklə insan hüquq və
azadlıqlarının təminatının daha da gücləndirilməsi,
bu hüquqların məzmununun genişləndirilməsi və
digər məsələlər vasitəsilə Əsas Qanun
daha da təkmilləşdirildi.
Bütövlükdə isə,
bütün bu əlavə və dəyişikliklərin hər
biri Konstitusiyanın təkmilləşməsinə xidmət
etmiş oldu.
Yekun olaraq qeyd etmək istəyirəm ki,
Azərbaycan Respublikasının Konstitusiyası müasir
dövrün ən demokratik prinsiplərini, müddəalarını
təsbit edən ən təkmil konstitusiyalardan biridir. Bu Konstitusiya hüquqi, demokratik, konstitusion dövləti
inkişaf etdirmək üçün yetərincə
hüquqi bazanı təsbit edib.
İki
sahil.- 2014.- 12 noyabr.- S.11; 19.