“XƏZƏR ADALARI”:

 

Dünyanın ən hündür göydələni, 78 süni ada və “Formula-1”

yarışlarının keçirilməsi üçün xüsusi məkan

 

Azərbaycanlı iş adamları son vaxtlar heyrətamiz layihələrə imza atırlar. Belə layihələrdən biri də dünyada bənzəri olmayan “Xəzər adaları” (“Khazer İslands”) yaşayış və biznes kompleksidir. “Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin müəllifi olduğu layihə üzrə dənizdə 78 süni ada yaradılacaq. 1 milyon 500 min insanın yaşaması üçün nəzərdə tutulan bu adalar 4 min hektar ərazini əhatə edir və ümumilikdə 11 milyon kvadratmetrlik yaşayış binasının tikintisi planlaşdırılır. Şəhərin ərazisində 800 villa tikiləcək, 150 körpü, 150 kilometr qranit yol, 150 xəstəxana, 150 uşaq bağçası, 150 orta, 5 ali məktəb və digər sosial infrastrukturlar yaradılacaq. “Xəzər adaları” bir sözlə, XXI əsrin möcüzəsi sayıla bilər.

 

Dünya mediasında “çılğın layihə” adlandırılan bu proyektlə daha yaxından tanış olmaq üçün “Xəzər adaları”na getməyi qərara aldıq. Sahil qəsəbəsi istiqamətində Bakıdan 23 kilometr cənub-qərbdə yerləşən ərazi ilk baxışdan diqqəti bir o qədər cəlb etməsə də, tikinti sahəsinə daxil olar-olmaz burada qızğın iş getdiyinin şahidi olduq.

“Avesta” Konserninin prezidenti Hacı İbrahimlə görüşüb layihə barədə məlumat verməsini xahiş etdik. O, sahil zolağından 10 kilometr dənizin içinə doğru uzanacaq şəhərin tikintisinə indiyədək 2 milyard 150 milyon dollar sərmayə yatırıldığını bildirərək dedi: “Layihə dörd mərhələdə həyata keçiriləcək və 2035-ci ilə qədər başa çatdırılacaq. İlk mərhələyə 10 milyard dollar, sonrakı mərhələlərin hər birinə isə 30 milyard dollar sərmayə qoyulacaq. 2020-2022-ci illərədək davam etməsi nəzərdə tutulan birinci mərhələdə tikilən binaların satışından əldə edilən vəsait ikinci mərhələyə xərclənəcək. İkinci mərhələ 2022-2028-ci illəri, üçüncü mərhələ 2030-cu ilə qədər olan dövrü əhatə edir”.

Tikinti işlərinə 2011-ci ilin martından başlanılan layihə üzrə birinci mərhələdə 6 süni ada yaradılacaq. Bu adalar bir-birinə 21 körpü ilə birləşdiriləcək. Hazırda üçüncü körpü tikilir. Bu 6 adada 150 min insan yaşayacaq. Layihənin təxminən 10 faizini əhatə edən birinci mərhələdə tikilən ən hündür bina 65 mərtəbədən ibarət olacaq.

Layihəyə əsasən “Xəzər adaları” 100 milyard dollara başa gələcək. Ola bilər ki, bu məbləğ bazar qiymətlərindən asılı olaraq 100 milyard avroya da çatsın. “Bir çoxları bunu eşidəndə heyrətlənir. Ancaq bizə 100 milyard lazım deyil. İlkin investisiya yatırımı 5 milyard dollardan çox olmayacaq. Bunun müqabilində əldə olunan gəlirlər digər ərazilərin inşasına sərf ediləcək. Yəni işlər “sat və tik” prinsipi ilə gedəcək”, - deyə iş adamı vurğulayır.

“Xəzər adaları”nın digər özəlliklərindən biri burada dünyanın ən hündür binasının - “Azərbaycan qülləsi”nin (Azerbaijan Tower) inşasının nəzərdə tutulmasıdır. Hacı İbrahim layihəyə bizim də marağımızı hiss edərək deyir: “Bu göydələn hazırda dünyada ən hündür bina sayılan Bürc Xəlifə qülləsindən 222 metr, tikintisi planlaşdırılan “Kingdom Tower”dən isə 50 metr hündür olacaq. “Azərbaycan qülləsi”ni 6 bina əhatə edəcək. 1050 metrlik bu qülləni “yeddi gözəl” də adlandırırıq. Bu binalar 80, 120, 150 mərtəbə, qüllə özü isə təxminən 200 mərtəbə olacaq. Qüllənin inşasına 2020-ci ildə başlamağı planlaşdırırıq. Onun tikintisi təxminən 7 il çəkəcək. Göydələnin dəyəri 3 milyard dollar hesablanıb və o, bundan qat-qat çox gəlir gətirəcək”.

“Xəzər adaları” bir çox xarici investorların da diqqətini cəlb edir. Səudiyyə Ərəbistanı, İsrail, Yaponiya, Malayziya, İran və digər ölkələrin səfirləri layihə ilə maraqlanıb, ölkələrinin iş adamlarının sərmayə yatırmaq imkanlarını nəzərdən keçiriblər. Bundan başqa, Çexiyanın PSJ şirkəti ilə danışıqlar yekunlaşmaq üzrədir. Şirkət bu layihəyə 390 milyon avro ayıracaq. Türkiyənin “TaşYapı” şirkəti isə burada 102 milyon dollar dəyərində 6 binanın inşasını həyata keçirəcək. Həmçinin qardaş ölkənin Nurol şirkəti də layihədə iştirak etmək niyyətindədir.

Layihəyə tikinti və süni adalar yaratmaq texnologiyası üzrə peşəkar həllər sahəsində dünyada aparıcı mövqe tutan brend şirkətlər cəlb olunub. İri layihələri ilə tanınan Birləşmiş Ərəb Əmirliyi, İngiltərə, Hollandiya və digər ölkələrin mütəxəssisləri öz təcrübələrini və yeni ideyalarını burada nümayiş etdirirlər. Qeyri-adi memarlıq kompleksi adına iddialı olan bu layihə çərçivəsində yaradılacaq süni adalarda binaların təbii fəlakətə dayanıqlığı da diqqətdən kənarda qala bilməz. Bu barədə sualımızı cavablandıran iş adamı deyir ki, tikintini həyata keçirən mütəxəssislər təhlükəsizlik məsələlərinə ciddi nəzarət edirlər. Burada ən son texnoloji avadanlıq və materiallardan istifadə olunur. Binalar 9 ballıq zəlzələyə hesablanıb. Ümumiyyətlə, burada binalar küləklərin sərbəst hərəkəti nəzərə alınmaqla, şahmat sırası ilə inşa olunacaq.

Hər ada mərkəzləşdirilmiş enerji və su təchizatına malik olacaq. Şəhərin enerji təchizatı nanotexnoloji qurğular vasitəsilə həyata keçiriləcək. Burada adi yağış suları belə dənizə axıdılmayacaq, təmizlənərək dövriyyəyə buraxılacaq. Bütün evlər mərkəzləşdirilmiş havalandırma sisteminə qoşulacaq.

“Xəzər adaları”, öz növbəsində, turizmin inkişafına da böyük təkan verəcək. Konsernin rəhbəri qeyd edir ki, şəhər tam hazır olduqdan sonra hər il buraya 15-20 milyon turist cəlb etmək mümkündür. Bu isə təxmini hesablamalara görə 20 milyard dollar gəlir deməkdir.

Layihədə beynəlxalq idman tədbirlərinin keçirilməsi də nəzərə alınıb. “Formula-1 yarışları üçün 70 hektar ərazisi olan ayrıca adanın salınması nəzərdə tutulur. Bundan başqa, “Xəzər adaları”nda cıdır, qolf, tennis meydançaları yaradılacaq, üzgüçülük, qayıq yarışları təşkil olunacaq.

Gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində bu şəhərdə 200 nəfərlik otelin, 15 restoranın, eləcə də ikimərtəbəli örtülü stadionun inşasının yekunlaşdırılması planlaşdırılır.

Söhbət əsnasında adada salınan yollar diqqətimizi çəkir. “Xəzər adaları”nda nəqliyyat məsələləri necə həllini tapacaq? Hacı İbrahim bildirir ki, bura ekoloji təmiz şəhər olacaq. Əsasən tramvaylardan, eləcə də avtomobillərdən, su nəqliyyatından, velosipedlərdən və avtokarlardan istifadə ediləcək. Hər adada 14 zolaqlı və bir-biri ilə kəsişməyən 3 əsas yol salınacaq. Yollar elə qurulacaq ki, işıqfora ehtiyac qalmayacaq. Şəhərin altında ikimərtəbəli qarajlar tikiləcək. Sakinlər avtomobillərini bu qarajlarda saxlayıb evlərinə yeraltı keçidlərlə gedə biləcəklər. Hər 250 metrdən bir piyada keçidi inşa ediləcək.

Daha bir diqqət çəkən məqam ondan ibarətdir ki, adalardan Bakı bulvarına gəmilərlə gedib-gəlmək də mümkün olacaq. Layihədə 150 kilometr uzunluqda bulvarın salınması nəzərdə tutulub. Onun 4 kilometri artıq hazırdır. Bulvarboyu tramvay yolu çəkiləcək.

Söhbətimiz başa çatır. Bizi maraqlandıran bütün suallara cavab alırıq. Sonra “Xəzər adaları”nın maketinə baxırıq. Burada əks olunan göydələnlər, qranit yollar, körpülər, idman meydançaları, stadionlar, şəhəri dörd bir tərəfdən əhatəyə alan bulvar nağıllar aləmini xatırladır. İş adamı düşündüklərimizi sanki gözümüzdən oxuyur. “Məqsədim doğrudan da nağıllar şəhəri yaratmaqdır. İşə elə bu məqsədlə başlamışam. “Xəzər adaları” dünyada bənzəri olmayan bir layihədir. Bizə inam verən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük nailiyyətlərdir. Ölkəmizi qarşıdakı illərdə daha böyük inkişaf gözləyir. Biz də bu tərəqqiyə öz töhfəmizi vermək istəyirik” - deyən Hacı İbrahim, çoxlarına xəyal kimi görünən layihəni gerçəkləşdirməkdə qərarlıdır.

 

Ceyhun Rüstəmov

 

İki sahil.- 2014.- 14 noyabr.- S.20.