“Yaponların
tanımadığı, sürətlə
inkişaf edən
ölkə - Azərbaycan”
Tokioda bələdçi kitabı
nəşr olunub
Bu günlərdə Yaponiyanın
paytaxtı Tokioda tanınmış
iqtisadçı-ekspert, “World Investors TV” internet
televiziyasının prodüseri Kazuyasu İşidanın “Yaponların
tanımadığı, sürətlə inkişaf
edən ölkə - Azərbaycan” adlı kitabı nəşr
olunub. “Pan
Rolling” nəşriyyatında yapon dilində dərc edilmiş
256 səhifəlik kitab bu
ölkənin oxucularına Azərbaycanın tarixi,
mədəniyyəti, coğrafi mövqeyi, müasir iqtisadi inkişafı, turizm
potensialı və biznes imkanları barədə
məlumat verən ilk bələdçi
nəşrdir.
AzərTAc-ın
Yaponiyadakı xüsusi müxbiri
kitabın müəllifi ilə görüşərək ondan müsahibə alıb. Həmin müsahibəni
təqdim edirik.
- Hörmətli Kazuyasu İşida, Sizi Yaponiyada Azərbaycanla
bağlı televiziya verilişlərinin
aparıcısı, müxtəlif seminarların təşkilatçısı,
çoxsaylı məqalələr müəllifi kimi tanıyırlar. Azərbaycan mövzusuna belə xüsusi
diqqət yetirməyinizin səbəbləri barədə nə
deyə bilərsiniz?
- Azərbaycanın sürətli inkişafı və bunun dünyanın hər yerində böyük maraqla izləndiyi barədə çox eşitmişdim. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olması, lakin bununla yanaşı, ölkə rəhbərliyinin qeyri-neft sektorunu inkişaf etdirmək istiqamətində atdığı addımlar diqqətimi xüsusilə cəlb edirdi. Ölkənizə ilk səfərim zamanı mən xalqınızın səmimiliyinin, qonaqpərvərliyinin şahidi oldum. Eyni zamanda burada yapon xalqına olan böyük məhəbbət və maraqla qarşılaşdım.
Məni Azərbaycana cəlb edən iki cəhəti xüsusilə vurğulamaq istərdim. Bunlardan birincisi sizin xalqınız, ikincisi isə zəngin tarixiniz və bu tarixə bağlılığınızdır. Yaponiyanı da dünyada yaxşı mənada tanıdan məhz bu xüsusiyyətlərə malik olmasıdır. Bu, Yaponiya və Azərbaycanı birləşdirən, fəxr olunası, qürur doğuran cəhətlərdir.
Bütün bunları yapon oxuculara çatdırmaq üçün mən Azərbaycanla bağlı internet televiziyamızda xüsusi verilişlər hazırlamağa, ölkəniz haqqında məqalələrlə çıxış etməyə başladım.
- Bəs necə oldu ki, Azərbaycan
haqqında kitab yazmaq
qərarına gəldiniz?
- Hiss etdim ki, Azərbaycan kimi əsrarəngiz ölkə haqqında yalnız seminarlar təşkil etmək, məqalələr yazmaq azdır. Həmçinin Azərbaycanın Yaponiyada sadə kütlə arasında yaxşı tanınmadığını nəzərə alaraq, mən dünyanın iqtisadi böhranla qarşılaşdığı bir vaxtda sürətlə inkişaf edən ölkəniz haqqında kitab yazmaq qərarına gəldim. Səmimi deyim ki, Azərbaycana çoxsaylı səfərlərimdə ölkənizə, onun insanlarına qarşı yaranmış məhəbbət hissi məni buna sövq etdi. Vurğulamaq istəyirəm ki, mənimlə birlikdə Azərbaycana səfər edən yapon dostlarımın əksəriyyətində də ölkənizə qarşı böyük sevgi var. İstədim ki, bu məhəbbəti və hörməti həm yaponlarla, həm də Azərbaycandakı dostlarımızla bölüşüm.
- Kitabda
Azərbaycan yapon oxuculara
əsasən hansı prizmadan təqdim olunur?
- Kitabda yapon oxuculara əsasən Azərbaycan haqqında ümumi informasiyanın, ölkənizin coğrafi mövqeyi, tarixi, mədəniyyəti, iqtisadiyyatı, həyata keçirilən beynəlxalq səviyyəli, nəhəng layihələr, Azərbaycanda biznes imkanları, eləcə də sürətli inkişaf barədə son məlumatların çatdırılmasına çalışmışam. Nəşrdə mənimlə birlikdə Azərbaycana səfər etmiş yapon dostlarımın ölkəniz haqqında rəyləri verilmiş məqalələri də yer alıb.
- Yeri gəlmişkən, müsahibəmizdə
iştirak edən “Wstar
Co.Ltd” şirkətinin prezidenti
Tomohiro Vatanabenin kitabda dərc edilmiş məqaləsi
barədə məlumat verə bilərmi?
- Mən iş adamıyam. Rəhbərlik etdiyim şirkət əsasən dünyada yaxşı tanınan yapon mərmərəbənzər mal ətinin – vaqyunun istehsalı, ondan milli yeməklərin hazırlanması sahəsində ixtisaslaşıb. Azərbaycana səfərimin məqsədi həm gözəl ölkənizlə tanış olmaq, həm də yapon milli mətbəxini Azərbaycanda daha yaxşı tanıtmaqdır. Səmimi deyim ki, Azərbaycana olan sevgim məni yapon qəlbini ölkənizdə daha yaxşı tanıtmağa sövq edir. Mən məhz yaponların “Şabu-şabu”, “Yakunike” və digər milli yeməkləri vasitəsilə əsl yapon ruhunu ölkənizə çatdırmaq istəyirəm.
Məqaləmə gəldikdə isə mən əsasən çox dadlı və rəngarəng mətbəxiniz haqqında yapon oxuculara məlumat verməyə çalışmışam. Bu gözəl yeməklərin dadı ilə tanış olmaq üçün onları Azərbaycana səfərə dəvət etmişəm.
-Kitabda müasir Azərbaycan tarixində ümummilli lider Heydər Əliyevin rolu və Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan nəhəng quruculuq işlərinə də geniş yer ayrılıb. Bu barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, liderlik çox çətin məsələdir və heç də hər rəhbər güclü lider ola bilmir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsiyyətinə onun mənsub olduğu xalqın güclü lideri kimi çox böyük hörmətim var. Məhz güclü liderlik xüsusiyyətlərinə malik olduğuna, böyük qətiyyətinə və cəsarətinə görə Heydər Əliyev Azərbaycanı çox ağır vəziyyətdən qurtararaq sürətli inkişaf yoluna çıxarıb. Prezident İlham Əliyev isə Ümummilli Liderin inkişaf strategiyasını böyük bacarıqla reallığa çevirir. Onun rəhbərliyi altında Azərbaycan kimi kiçik dövlətin həyata keçirdiyi nəhəng beynəlxalq layihələr yalnız böyük hörmətə layiqdir. Təəssüf ki, dünyanın bir çox ölkələrində, o cümlədən Yaponiyanın özündə bu gün belə qətiyyətli liderlər yoxdur. Düşünürəm ki, bu gün Azərbaycanın sürətli inkişafı, qazandığı uğurlar məhz onun qətiyyətli liderlərinin sayəsində mümkün olub. Azərbaycanın gücü məhz güclü liderlərlə ağıllı ideyalara malik gənclərin birliyindədir.
- Kitab
üçün materialları toplayarkən
hansı mənbələrdən istifadə etmisiniz
və kitab əsasən hansı oxucu auditoriyası üçün
nəzərdə tutulub?
- Materialların toplanmasında mənə göstərdiyi köməyə görə Azərbaycanın Yaponiyadakı səfirliyinə, Azərbaycan Dövlət Teleqraf Agentliyinin və Azərbaycan Televiziyasının Tokiodakı bürolarına xüsusi minnətdarlığımı bildirmək istərdim. Düşünürəm ki, məhz onların təqdim etdiyi məlumatlar nəticəsində kitab daha zəngin və maraqlı alınıb. Bundan əlavə, Azərbaycanın digər internet resurslarından, informasiya mənbələrindən də istifadə olunub.
Kitab əsasən gənc menecerlər, şirkət rəhbərləri, biznesmenlər üçün nəzərdə tutulsa da, Yaponiya cəmiyyətinin Azərbaycanla maraqlanan digər üzvləri də ondan istifadə edə bilərlər. Xüsusən universitet tələbələri burada Qafqazın zəngin mədəniyyətə və tarixə malik olan, bu gün sürətli inkişafı ilə dünyanın diqqətini cəlb edən Azərbaycan haqqında ətraflı məlumat ala bilərlər.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio
İki sahil.- 2014.- 14 noyabr.- S.19.