Azərbaycan regionun güclü

sənaye mərkəzinə çevriləcəkdir

 

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin www.yap.org.az saytına müsahibəsi

 

- 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib. Ölkə sənayesinin daha da inkişafı istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Sənayenin inkişafı ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Dövlət başçısının məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsidir ki, iqtisadiyyatın digər sahələri kimi, yeni mərhələyə qədəm qoymuş Azərbaycan sənayesi də uğurla inkişaf edir.

Bildiyiniz kimi, dövlət başçısının müvafiq sərəncamlarına əsasən, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilmiş, ölkə sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin koordinasiyası, sənayeləşmənin sürətləndirilməsi, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə olunması məqsədilə “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının icrası uğurla davam etdirlir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı sənayenin gələcək inkişaf üçün prioritetliyini bir daha vurğulamış, bu istiqamətdə müvafiq tapşırıqlar vermişdir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, hazırda sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi-təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər həyata keçirilir.

2014-cü ildə ölkədə 20-dən çox orta və iri sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilmişdir. Bu müəssisələr arasında “Norm” sement zavodu, Gəncədə Alüminium yarımfabrikat istehsalı zavodları, Azərbaycan kağız və karton istehsalatı kombinatı, Sumqayıtda yağ fabriki, Sumqayıt mis emalı zavodu, Sumqayıt Tekstil Parkının yeni fabrikləri, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları, Suraxanı Günəş Elektrik Stansiyası, Qəbələdə Gilan qida şəhərciyi, Ağdaşda yem emalı və quru meyvə istehsalı müəssisələri, müxtəlif regionlarda istismara verilmiş kərpic, asvalt, metal konstruksiya zavodları, meyvə-tərəvəz emalı və s. müəssisələrini qeyd etmək olar. Bundan başqa, hazırda dövlətin güzəştli kredit dəstəyi ilə özəl sektor tərəfindən 30-dan çox sənaye müəssisəsi qurulmaqda və genişləndirilməkdədir. Bunlardan tikinti materiallarının istehsalı, metal konstruksiyalar, maşınqayırma, transformator istehsalı, qida sənayesi avadanlıqları, karton tara istehsalı, yeyinti və yüngül sənaye sahəsində fəaliyyət göstərən müəssisələrin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Qısa müddət ərzində istifadəyə verilmiş bu sənaye obyektlərinın açılışında Prezident İlham Əliyevin iştirakı, tapşırıq və tövsiyələrini verməsi ölkənin qeyri-neft sənayesinin inkişafına ən yüksək səviyyədə diqqət və qayğının göstəricisidir.

Yeni müəssisələrin yaradılması ilə yanaşı, Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliliyi də sürətlə artır. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində zəruri ərzaq məhsulları ilə yanaşı, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur, bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir.

Həyata keçirilən düşünülmüş siyasət, rəqabətədavamlı, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılması ixracın genişlənməsinə yeni imkanlar yaradır. Hazırda bir sıra sənaye müəssisələrinin məhsulları xarici bazarlara çıxarılır, analoji məhsullarla rəqabət aparır.

Görülmüş tədbirlərin nəticəsidir ki, bu ilin 9 ayı ərzində qeyri-neft sənayesi 6% artmış, ÜDM-in 44,3%-i sənayedə istehsal olunmuşdur. Sənaye məhsulunun 80,7%-i özəl bölmənin payına düşmüşdür.

“Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili”elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, beynəlxalq təcrübə araşdırılmaqla sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı təkliflər hazırlanmış və bu işlər davam etdirilir. Yeri gəlmişkən, bu ilin 9 ayı ərzində müvəkkil kredit təşkilatları vasitəsilə müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin yaradılması üzrə 20 investisiya layihəsinin maliyyələşdirilməsinə 55,5 milyon manat güzəştli kredit vəsaiti ayrılmışdır. Maliyyələşdirilmiş layihələr hesabına 670-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sənaye müəssisələri ilə aparılan işlərin gücləndirilməsi məqsədilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 8 işçi qrup yaradılmışdır. 2014-cü ilin ötən dövrü ərzində işçi qrupların iclasları keçirilmişdir ki, bu, müvafiq sahələrin inkişafını yaxından izləməyə, eləcə də ortaya çıxan və obyektiv həlli tələb olunan məsələləri vaxtında müəyyən etməyə və həllinə nail olmağa imkan verir.

“Sənaye ili” çərçivəsində Azərbaycanın sənaye potensialı və yeni yaradılan müəssisələrlə tanışlıq məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən KİV nümayəndələrinin Bakının Suraxanı, Qaradağ rayonlarına və Sumqayıt şəhərinə məlumat turları təşkil edilmişdir. Hazırda sənaye sahəsinə, eləcə də bu sahədə ixtisaslı kadr potensialına dair internet portallarının yaradılması istiqamətində işlər aparılır.

Bundan başqa, 26-27 noyabr tarixlərində Bakıda “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Konfrans keçiriləcəkdir. Konfransda dünyanın bir sıra ölkələrinin dövlət qurumlarının, beynəlxalq təşkilatların, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

- Sənayeləşmə siyasətinin başlıca istiqamətlərindən biri də yeni mexanizmlərin tətbiqidir...

- Tamamilə doğrudur. Sənaye iqtisadiyyatın dinamik inkişaf edən və qlobal çağrışlara uyğun olaraq daim yenilənən, yeni yanaşma və mexanizmlərə açıq olan sahədir. Ölkəmizdə həyata keçirilən dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini şərtləndirir. Azərbaycanda rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq məqsədi ilə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində işlər davam etdirilir.

Xüsusilə vurğulamaq istəyirəm ki, dövlət başçısının iştirakı ilə 2013-cü ildə təməli qoyulmuş Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün ayrılmış ərazidə mövcud olan köhnə qurğular sökülmüş, torpaq istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Parkın ərazisi 166,6 hektardan 295,5 hektara kimi genişləndirilmişdir. Sənaye Parkının Baş Planına əsasən, SKSP-nin ərazisinə fiberoptik kabelin çəkilişi tamamlanmışdır. Əraziyə xarici qaz xəttinin, içməli su xəttinin çəkilişi başa çardırılmış, daxili məişət tullantı suları və kanalizasiya xəttinin çəkilişi 70%-ə yaxın, xarici kanalizasiya xətti 45%-dən çox, ərazidaxili yağış suyu şəbəkəsinin tikinti quraşdırma işləri 90%, kimyəvi tullantı su xətlərinin tikinti və quraşdırma işləri 85%-dən çox yerinə yetirilmişdir. Ərazidaxili yeraltı kommunikasiya xətləri üçün nəzərdə tutulmuş yeraltı texniki qalereyanın quraşdırma işlərinin 90%-i yerinə yetirilmişdir. Sənaye Parkının Sosial zonasında yerləşəcək 16 mərtəbəli inzibati binanın və Peşə Tədris Mərkəzinin tikintisinə isə yaxın zamanlarda start veriləcəkdir. Sənaye Parkının 1-ci fazasının infrastrukturunun tikintisinin 2015-ci ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Azertexnolayn” MMC-nin dövlət başçısı cənab İlham Əliyev tərəfindən açılışı olan Polad boru zavodu fəaliyyət göstərir. Eyni zamanda, daha iki zavodun inşasına başlanmışdır. SKSP-nin digər rezidenti olan “SOCAR Polymer” MMC tərəfindən istehsal məqsədilə bütün avadanlıqların gətirilməsi başa çatdırılmışdır. Müəssisənin istehsal prosesinə 2016-cı ildə başlaması planlaşdırılır.

Sənaye parkına investorların cəlb olunması, xarici sənaye parkları ilə qarşılıqlı təcrübə mübadiləsi istiqamətində də işlər aparılır. Artıq Kanada, Almaniya, Yunanıstan, Fransa, İtaliya və Türkiyədən olan potensial şirkətlər tərəfindən 20-dən artıq investisiya təklifi daxil olmuş və onlar Sumqayıt Kimya Sənaye Parkının rezidenti olmaq niyyətini bildirmişlər. Layihələr əsasən, qablaşdırma, tikinti, tibbi və digər sahələrdə kimya məhsullarının, o cümlədən polimerlərin istehsalını nəzərdə tutur.

Balaxanı Sənaye Parkının yaradılmasında məqsəd isə təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqdır. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Balaxanı Sənaye Parkında xarici infrastrukturun yaradılması istiqamətində işlər demək olar ki, başa çatdırılmışdır. Yaxın zamanlarda sənaye parkında istehsal sahələrinin tikintisinə başlanılacaqdır. Sənaye Parkında fəaliyyət göstərmək üçün 3 rezident qeydiyyata alınmışdır. Hazırda sənaye parkına digər müəssisələrin cəlb olunması istiqamətində işlər davam etdirilir.

Paytaxt Bakı ilə yanaşı, ölkə regionlarında da sənaye potensialının gücləndirilməsi tədbirləri diqqət mərkəzində saxlanılır. Belə ki, Gəncə və Mingəçevir şəhərlərində də müasir sənaye parklarının yaradılması nəzərdə tutulur.

- Prezident İlham Əliyev sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında Fərman imzalayıb. Bu sahədə görüləcək işlər barədə məlumat verməyinizi xahiş edirik.

- Regionlarda sahibkarlığın inkişafında və yerli potensialdan səmərəli istifadə olunmasında vacib istiqamətlərdən biri də ölkənin müxtəlif şəhər və rayonlarında sənaye məhəllələrinin yaradılmasıdır. Belə məhəllələrin yaradılması yeni iş yerlərinin açılması, istehsalın genişləndirilməsi, sənaye ilə əlaqəli xidmətlərin inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 8 oktyabr 2014-cü il tarixli Fərmanı bu baxımdan əhəmiyyətlidir. Fərmandan irəli gələn tapşırıqların icrası istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sənaye məhəllələrinin təşkili üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi öyrənilmiş, artıq “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsi hazırlanaraq, aidiyyəti üzrə dövlət qurumlarına təqdim edilmişdir. Hazırda Nazirliyin əməkdaşları respublikanın müxtəlif bölgələrində sənaye məhəlləsinin yaradılması imkanlarını araşdırırlar.

Sənaye məhəllələrinin yaradılması iqtisadiyyatın şaxələndirilməsi və sənayeləşmə siyasətinin tərkib hissəsi olmaqla, sənaye sahələrinin inkişafı, resurslardan səmərəli istifadə edilməsi, sənaye fəaliyyəti subyektlərinin dəstəklənməsi, sənaye sahəsində əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayacaqdır.

- Şahin müəllim, Azərbaycan sənayəsi hazırkı səviyyəyə çatmaq üçün böyük bir inkişaf yolu keçmişdir. Bu inkişaf yoluna birgə nəzər salmaq istərdik.

- Doğru qeyd etdiniz. Dünyada ilk dəfə Bakıda 1848-ci ildə neftin sənaye üsulu ilə hasilatı Azərbaycanda sənayeləşmənin başlanğıcı hesab olunur. XIX əsrin ikinci yarısında neft hasilatının əhəmiyyətli dərəcədə artması, Bakının 11,5 mln. ton neft istehsalı ilə dünyada birinci yerə yüksəlməsi sənayeləşmə prosesinə böyük töhfə vermiş, bu da öz növbəsində Azərbaycanda neftlə əlaqəli infrastrukturun və sənaye sahələrinin yaranmasına səbəb olmuşdur. Azərbaycan bu sahədə bir sıra yeniliklərə imza atmış, 1859-cu ildə ilk neftayırma zavodu, 1877-ci ildə ilk neft tankeri, 1907-ci ildə isə Xəzər dənizi ilə Qara dənizi birləşdirən regionda uzunməsafəli ilk neft boru kəməri istifadəyə verilmişdir. Neft sənayesi digər sənaye sahələrinin inkişafına töhfə vermiş, ölkədə maşınqayırma, yüngül və yeyinti sənaye sahələrinin əsası qoyulmuşdur.

Qısa müddətdə yerli sənayeçi iş adamları təbəqəsinin formalaşması, qərbin kapital, texnologiya, mütəxəssis, cənubun ucuz işçi qüvvəsi dünyanın ən iri neft mərkəzinin unikal bir şəhər kimi sürətlə sənayeləşməsinə təsir etmişdir. XX əsrin əvvəllərində Bakı sənaye şəhərinin bütün atributlarını daşıyan, inkişaf səviyyəsinə görə neft hasil edilən digər şərq şəhərlərindən əhəmiyyətli dərəcədə fərqlənən bir məkanına çevrilmişdi.

Bakının neft mərkəzi kimi əhəmiyyəti 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra da davam etdi, Azərbaycan sənayesi SSRİ sənayesinin mühüm hissələrindən biri olmaqla ikinci dünya müharibəsində neft və neft emalı məhsullarının 75%-ni təmin etməklə həlledici rol oynayırdı. 1948-ci ildə isə dünyada ilk dəfə dənizdə neftin çıxarılması da məhz Azərbaycanda baş vermiş, “Neft daşları” salınmışdır.

XX əsrin ortalarından etibarən yeni sənaye şəhərlərinin, o cümlədən Mingəçevir və Sumqayıtın əsası qoyulmuşdur. Bununla yanaşı, bu dövrdə Azərbaycan sənayesində əhəmiyyətli rol oynayan bir sıra obyektlərin - Mingəçevirdə su anbarı və elektrik stansiyası, Daşkəsəndə filizsaflaşdırma kombinatı, Gəncə və Sumqayıtda alüminium istehsalı, Qaradağda sement istehsalı müəssisələri istifadəyə verilmişdir.

Azərbaycanda sürətli sənayeləşmə siyasətinin əsası isə ötən əsrin 70-80-ci illərində Ümummilli Liderimiz tərəfindən qoyulmuş, məhz Heydər Əliyevin müstəsna xidmətləri sayəsində ölkəmizdə güclü sənaye potensialı formalaşmışdır. O dövrdə sənayenin inkişafına irihəcmli vəsaitlər yönəldilmiş, çoxsaylı sənaye müəssisələri qurulmuş, ölkə üçün ənənəvi olmayan yeni sənaye sahələri yaradılmışdır. Bu dövrdə Azərbaycanın sənayesi keçmiş İttifaqın bütün respublikalarından fərqli olaraq illik 8%-lik templə inkişaf edərək 1982-ci ildə 1969-cu illə müayisədə 2,7 dəfə artım nümayiş etdirmişdir. Həmin illərdə istifadəyə verilmiş neft maşınqayırması kompleksi, Dərin Özüllər, məişət kondisionerləri, radio-quraşdırma, elektron-hesablama maşınları zavodları və digər iri müəssisələr nəinki respublikanın, hətta keçmiş SSRİ-nin bu sənaye məhsullarına olan tələbatının böyük hissəsini ödəyir, həmçinin bir çox xarici ölkələrə ixrac olunurdu.

Sovet İttifaqının süqutu ilə başlayan və müstəqilliyin ilk illərində davam edən böhran şəraitində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayedə də tənəzzül yaşanmış, bir tərəfdən planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, digər tərəfdən Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində sənaye istehsalının həcmi və çeşidi kəskin azalmışdır. 1990-cı illərin əvvəllərində ölkənin bir çox aparıcı iri sənaye obyektləri fəaliyyətini dayandırmış, ÜDM 1987-ci ilin 41%-i səviyyəsinə enmişdi.

Məhz Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, sənaye sektorunda da yeni inkişaf mərhələsi başlandı.

- Heç şübhəsiz ki, bu il 20 illiyini qeyd etdiyimiz “Əsrin müqaviləsi” sənayenin inkişafına böyük təkan verdi...

- Müstəqil Azərbaycanda sənayenin yenidən canlanma tarixi Xəzər dənizində yerləşən Azərbaycan neft yataqlarının istismarı ilə əlaqədar imzalanan hasilatın pay bölgüsü müqaviləsi ilə başladı. Ümummilli Lider Heydər Əliyevin böyük səyləri nəticəsində 1994-cü ilin 20 sentyabr tarixində imzalanmış “Əsrin müqaviləsi” ölkədə neft-qaz sənayesini inkişaf etdirməklə yanaşı, qeyri-neft sənayesinin inkişafına da təkan verdi. Bu il “Əsrin müqaviləsi”nin 20 ili tamam olsa da, onun siyasi və iqtisadi əhəmiyyəti uzun illər aktualığını qoruyacaq.

Heydər Əliyevin rəhbərliyi ilə sənaye sahəsində görülən məqsədyönlü tədbirlərin nəticəsində 1997-cı ildən başlayaraq sənaye istehsalında artım qeydə alındı. Bu dövrdə sənayenin inkişafında, ilk növbədə neft-qaz sektoruna cəlb edilən xarici investisiyalar həlledici rol oynamış, bu sahənin inkişafı istər birbaşa, istərsə dolayı olaraq sənayenin digər sahələrinin yenidən canlanmasına töhfə vermişdir. Həmin dövrdə eyni zamanda qiymətlərin liberallaşdırılması, sənaye müəssisələrinin özəlləşdirilməsi həyata keçirilmiş, bazar iqtisadiyyatı institutlarının əsası qoyulmuşdur. Şahdəniz qaz hasilatı, Bakı-Tbilisi-Ceyhan boru kəməri, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRASEKA) və digər bir sıra nəhəng layihələrinə də məhz həmin illərdə başlanılmışdır. Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illəri Azərbaycan sənayesinin böhrandan sonra bazar iqtisadiyyatı şəraitində sağlam təməllər üzərində yenidən canlanması illəri kimi xarakterizə etmək olar.

Ümummilli Liderimizin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda sənayeləşmə templəri yüksəlmiş, sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən olunmuş, sənaye istehsalı üçün xüsusi əhəmiyyət kəsb edən enerji təminatı məsələlərinin həlli istiqamətində operativ tədbirlər həyata keçirilmiş, Azərbaycan təbii qaz və elektrik enerjisinin idxalçısından ixracatçı ölkəyə çevrilmiş, sənayenin infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Bakı-Tbilsi-Ceyhan, Bakı-Tbilsi-Ərzurum boru kəmərləri istifadəyə verilmiş, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri inkişaf etdirilmişdir. Bakı-Tbilisi-Qars dəmiryolu isə yaxın vaxtlarda istifadəyə veriləcək.

Bu dövrdə elektrik stansiyalarının enerji gücləri 50%-dən çox artırılmış, ölkənin demək olar ki, bütün əsas yol, nəqliyyat, rabitə infrastrukturu yenidən qurulmuşdur. 2004-2013-cü illərdə Azərbaycan üçün ənənəvi olan yeyinti, yüngül və mebel sənayesi, tikinti materialları, metallurgiya, maşın və avadanlıq istehsalı, neft-kimya sahələrində yeni istehsal sahələri inkişaf etdirilmişdir. Əsas yeyinti məhsulları ilə, önəmli tikinti materialı olan sementlə özünütəminat tam təmin edilmiş, metallurgiyanın, maşınqayırmanın və neft-kimyanın inkişafı diqqət mərkəzində saxlanılmışdır. Bununla yanaşı, ənənəvi olmayan istehsal sahələri, alternativ enerji qurğu və avadanlıqları, avtomobil, silah və hərbi texnika, gəmi istehsalı yaradılmışdır. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində 2004-2013-cü illərdə sənaye istehsalı 2,7 dəfə artmışdır.

Ümumilikdə, Azərbaycanda yaradılmış əlverişli mühit, siyasi və makroiqtisadi sabitlik, güclü sənaye potensialı, zəngin təbii ehtiyatlar, zəruri infrastruktur, yüksək ixtisaslı kadrların mövcudluğu sənayenin sürətli inkişafına tam əsas yaradır.

Heç şübhəsiz ki, dövlət başçısının məqsədyönlü, Vətənimizin sürətli inkişafını gələcəkdə də təmin edəcək uzaqgörən siyasəti ölkəmizin siyasi-iqtisadi qüdrətini daha da artıracaq, Azərbaycan yaxın illərdə regionun güclü sənaye mərkəzinə çevriləcəkdir.

 

İki sahil.- 2014.- 15 noyabr.- S.11.