İlham Əliyev: Azərbaycan ordusunun

peşəkarlığı, döyüş qabiliyyəti artır

 

Azərbaycan əsgərinin şücaəti ... erməni təlaşı

 

Ermənistan Silahlı Qüvvələrinin Yerevan yaxınlığındakı “Erebuni” hərbi aerodromunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsus “Mi-24” tipli iki ədəd helikopterin Azərbaycan qoşunlarının müdafiəsinin ön xəttində yerləşən mövqelərinə hucum edərək atəş açması düşmənin məğlubiyyəti ilə nəticələnib. Düşmənə layiq olduğu cavabı verən Azərbaycan əsgəri İlkin Muradov həmin helikopterlərdən birini vuraraq məhv edib, digər helikopter isə atəş zonasını tərk etməyə məcbur qalıb.

 

Yalan iddaları ilə həmişə özünə haqq qazındırmağa çalışan Ermənistan vurulan helikopterin qondarma Dağlıq Qarabağa məxsusluğunu iddia etsə də əslində məhv edilən helikopter işğalçı dövlətə məxsusdur. Ölən ekipaj üzvləri- Sergey Saakyan, Sarkis Nazaryan, Azat Saakyan Ermənistan vətəndaşlarıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqların intensivləşdiyi bir zamanda Ermənistanın belə təxribatlara əl atması bütün dünya ictimaiyyətini narahat edir.

Fransanın prezidenti F. Ollandın təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünün nəticəsi olaraq “ Böyük Sülh sazişi” layihəsi üzərində işləmək üçün konkret addımların atıldığı bir zamanda təcavüzkar dövlətin Azərbaycanın işğal olunmuş ərazilərində çoxlu sayda canlı qüvvə və hərbi texnikanın yerləşdirilməsi ilə hərbi təlimlərə başlaması düşmənin növbəti təxribatından xəbər verirdi. Ermənistana məxsus helikopterin Azərbaycan ərazisində vurulması da bu təxribatın nəticəsi idi. ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər başçılarının birgə bəyanatında səslənən, Paris danışıqlarında bir daha irəli sürülən status- kvonun yolverilməz olduğu barədə təklifləri özünün məhvi kimi başa düşən Ermənistanın “ helikopter cəhdi” bir daha göstərir ki, rəsmi İrəvan işğalçılıq siyasətinə, qeyri-konstruktiv mövqeyinə sadiqdir.

Bəlli oldu ki, Paris görüşünün nəticəsi olaraq “Böyük Sülh sazişi” layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə, çoxsaylı hərbi qüvvə və müxtəlif növ texnika ilə işğal olunmuş ərazilərdə, o cümlədən qoşunların təmas xəttində hərbi təlimlərə başlaması Ermənistanın növbəti təxribatlarındandır.

Göründüyü kimi, Ermənistan rəhbərliyi dünya təcrübəsində mövcud olan bütün normalara zidd davranır, danışıqlar prosesini pozmaq məqsədilə təxribatlarını davam etdirir. Hazırda Ermənistan və erməni lobbisi həm də informasiya təxribatına keçərək baş vermiş hadisənin məsuliyyətini Azərbaycanın üzərinə yıxmağa çalışır. Ancaq hazırkı gərginlik Ermənistanın işğalçı siyasətinin, danışıqlar prosesini yenidən pozmaq cəhdinin məntiqi nəticəsidir və mövcud vəziyyətə görə məhz Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

Soçidə, Parisdə keçirilən görüşlərdən və ABŞ-ın dövlət katibi Con Kerri ilə aparılan danışıqlardan sonra belə təəssürat yarandı ki, problemin həlli istiqamətində hərəkət vardır. Ermənistan rəsmiləri hətta bəyanatlar vermişdilər ki, danışıqlardan razıdırlar. Amma ermənilərin belə vəziyyətdə tez-tez təxribatlar törətməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı qərəzli mövqe formalaşdırması, görünür, onlara və təcavüzkarı dəstəkləyənlərə çox lazım idi. Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində 40 minlik qoşunla təlim keçirməkdə, qoşunların təmas xəttindən keçərək Azərbaycan tərəfdə təxribat törətməkdə Ermənistanın məqsədi nə idi?!

Məqsəd aydındır. Danışıqlar prosesində irəliləyiş olması, guya Azərbaycanın münaqişənin həllini istəməməsi ilə bağlı fikir formalaşdırmaq və işğalçılıq siyasətlərinə haqq qazandırmaq, tərəfdaşları vasitəsilə Azərbaycan ilə bağlı mənfi fikir formalaşdırmaq. Amma təxribatlar hansı məqsədlərlə edilirsə edilsin, ermənilər öz niyyətlərinə nail olmayacaqlar. Çünki beynəlxalq hüquq normalarında qeyd olunduğu kimi işğal altındakı ərazilərini azad etmək Azərbaycanın haqq işi, əsas hədəfidir. Xatırladaq ki, bu cür təxribatlar dəfələrlə törədilsə də sonda məğlub tərəf elə Ermənistan olub.

...Cari ilin iyul-avqust aylarında erməni silahlı qruplarının təmas xəttində törətdikləri təxribatlara görə təcavüzkara layiqli cavab verən Azərbaycan ordusu hərbi hazırlığı və təmin olunmuş avadanlığı ilə fərqləndi. Hadisə ilə bağlı Ağdamın “N” saylı hərbi hissənin zabit heyəti ilə görüşən, müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyən “Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq” söyləyən Ali Baş Komandan İlham Əliyev bildirdi ki, Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.

O hadisələr zamanı xəbərdarlıq kimi səslənən “Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilibdir. Ordumuzda ən güclü artilleriya qurğuları vardır. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar - bütün bunlar bu gün Azərbaycan ordusunun potensialını təşkil edən amillərdir” sözlərindən Ermənistan nəticə çıxarmalı, hərəkətlərini götür-qoy etməli idi.

Görünür müstəqil siyasəti olmayan və diktələrlə idarə olunan Ermənistan Azərbaycan ordusunun qüdrətini və şücaətini tam dərk etmək qabiliyyətdə deyil.

Avqust hadisələrində Ermənistanın düçar olduğu durumu dəyərləndirən Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, düşmən panikadadır, isterikadadır. İşğalçı dövlət hazırda da eyni şoku yaşayır. “Biz bunu bilirik. Bizim kifayət qədər imkanlarımız var ki, qarşı tərəfdə nələr baş verdiyini bilək. Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik. Biz öz torpağımızdayıq” söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin haqlı olaraq verdiyi sual yenə də aktuallaşır: Erməni əsgərinin - işğalçı qüvvələrin əsgərinin Azərbaycan ərazisində nə işi var? “Bu gün Ermənistanın faşist rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər.”

Qardaş Türkiyə mətbuatında olduğu kimi Böyük Britaniyanın “Guardian” qəzetində də hadisə ilə bağlı açıqlamalarda başqasının ərazisinə müdaxilə yolverilməz, beynəlxalq qanunlara hörmətsizlik kimi dəyərləndirilir. Münaqişə nəticəsində Azərbaycan torpaqlarının separatçı ermənilər tərəfindən işğal olunması, 30 mindən artıq soydaşımızın qətlə yetirildiyi açıqlanır. Türkiyə qəzetləri yazır ki, Ermənistan silahlı qüvvələrinin işğal altında olan Azərbaycan torpaqlarında keçirdiyi hərbi təlimlər zamanı təxribat xarakterli uçuşların nəticəsi kimi ermənilərin helikopterinin vurulmasında qeyri-adi heç nə yoxdur. Eyni səpgili yazılar başqa ölkələrin mətbuatında da yer alıb.

Ölkəmizin Müdafiə Nazirliyi Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri ilə görüş keçirərək onları düşmən helikopterin vurulması ilə bağlı məlumatlandırıb. Bildirilib ki, Azərbaycanın dəfələrlə beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğu, bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşların ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcəyi və hava sərhədlərimi pozanların Azərbaycanın hərbi aviasiyası və hava hücümündan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcəyi ilə bağlı xəbərdarlığına baxmayaraq Ermənistan silahlı qüvvələrinə məxsus helikopter müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum ediblər. Beləliklə beynəlxalq hüquqlara tabe olmayan Ermənistan helikopteri məhv edilib.

İllərdən bəri saxtakarlıq edərək, şər, böhtan ideologiyasından istifadə yolu ilə dünya ictimaiyyətini çaşdıran, özünü yazıq, miskin, guya soyqırılmlara məruz qalan kimi tanıtmağa çalışan Ermənistanın onsuz da müstəqil olmayan bədnam siyasəti məhz Azərbaycan diplomatiyasının uğuru nəticəsində fmaskoya uğramışdır. İndi bütün beynəlxalq təşkilatlar, daim ikili siyasət yeridərək təcavüzkarla təcavüzə məruz qalana eyni münasibət göstərən ölkələr də işğalçı dövlətin separatçılıq siyasətini aydın başa düşür, rəsmi Yerevana təsir və təzyiqlər artır. Müxtəlif səviyyələrdə Ermənistanı işğalçı dövlət kimi tanımış, AŞPA, İslam Əməkdaşlıq kimi təşkilatların qətnamələrində və digər sənədlərində bir dövlətin digər ölkənin ərazisini işğal siyasəti yolverilməz hesab olunur. Məhz həmin qətnamələrdə milyona yaxın azərbaycanlının öz torpaqlarından didərgin düşdüyü, işğal olunmuş ərazilərdə xalqımızın mədəni və tarixi irsinin məhv edildiyi və məsələlər öz əksini tapmışdır.

Prezident İlham Əliyevin, Azərbaycan diplomatiyasının, Azərbaycan diaspor təşkilatlarının məqsədyönlü fəaliyyəti nəticəsində dünya ictimaiyyəti qarşısında Ermənistanın işğalçı, qeyri-konstruktiv siması ifşa olunmuş, informasiya müharibəsində Azərbaycan Ermənistanı üstələməyə başlamışdır.

Azərbaycanın qüdrətli dövlət kimi tanınması ölkəmizin hərbi sənayesinin, müdafiə qüdrətinin artması ilə də bağlıdır. Ölkəmiz müdafiə sənayesinin inkişafına görə regionda birinci olduğu kimi, Silahlı Qüvvələrin möhkəmlənməsi üçün ən çox vəsait ayrılan ölkədir. Azərbaycanın hərbi potensialı gücləndirilmiş, son 10 ildə hərbi sahəyə ayrılan vəsaitin həcmi 25 dəfəyə yaxın artmış, büdcədən hərbi sahəyə ayrılan vəsait Ermənistan büdcəsini 2 dəfə ötmüş, Azərbaycan Ordusu müasir silah-sürsat və hərbi texnika ilə təchiz edilmiş, Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Bu gün Azərbaycan 900 adda hərbi təyinatlı məhsul istehsal edir.

Ən müasir hərbi avadanlıq, silah-sursatla təmin olunmuş Azərbaycan ordusu ilə müqayisədə Ermənistanın əsgər və zabitlərinin miskin vəziyyəti, hərbi kontingentini ərazisində (Gümrüdə) yerləşən Rusiya hərbçiləri ilə ort-basdır edən rəsmi Yerevanın bu hərəkəti ilk növbədə ermənilər tərəfindən lənətlənir, ölkədə daxili gərginliyi artırır, Sarkisyan iqtidarının istefası tələbi bütün ölkəni bürüyür.

Son hadisə rəsmi İrəvanın təcavüzkarlıq siyasətini ifşa etməklə, beynəlxalq qanunlara, ərazilərin toxulmazlığı ilə bağlı qərar və qətnamələrə biganəlik göstərən Ermənistanın riyakarlığı aydın oldu. Müstəqil siyasəti olmayan, saxta bəyanatları, təxribat hərəkətləri ilə də beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışan erməni lobbisinin maliyyəsi ilə ağı qara rəngdə görən, təcavüzkara haqq qazandıran bəzi dairələr də anladılar ki, həqiqəti nə qədər gizlətməyə çalışsalar da niyyətlərinə çata bilməyəcəklər. Çünki siyasi, iqtisadi, hərbi qüdrəti ilə bölgədə liderlik edən Azərbaycanla müqayisədə miskin, dilənçi vəziyyətində yaşayan, əhalisi ölkəni tərk edən korrupsioner dövlət kimi tanınan Ermənistan məhvə məhkumdur.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2014.- 15 noyabr.- S.4.