Əsas hədəf: Çoxşaxəli, səmərəli və innovasiya

yönümlü iqtisadiyyatın formalaşdırılması

 

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası müxtəlif istiqamətli olmaqla qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərə çatmağın yollarını əhatə edir

 

Dinamik inkişaf mərhələsində olan Azərbaycanın əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, şaxələndirilməsi, əhalinin rifahının beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Qarşıya qoyulan bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış”” İnkişaf Konsepsiyası geniş, müxtəlif istiqamətli olmaqla qarşıdakı illər üçün nəzərdə tutulan prioritetləri əhatə edir. Planlı iqtisadiyyatı əvəz edən bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən müasir modelin bərqərar olması, sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açır. Aparılan düzgün siyasət nəticəsində Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb. Ölkə Prezidentinin sərəncamları əsasında qəbul edilən və ictimai-siyasi, sosial-iqtisadi, humanitar, mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-dan çox konseptual, strateji əhəmiyyətli dövlət proqramları icra edilir. 10 ilə yaxın bir müddətdə görülən işlər və nəticələr Azərbaycanın dünyaya özünün inkişaf modelini təqdim etdiyini deməyə əsas verir və qısa zaman kəsiyində ölkəmizdə sözün əsl mənasında inqilabi yeniləşməyə və tərəqqiyə nail olunub. Artıq Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətlərdə etibarlı tərəfdaş kimi beynəlxlaq təhlükəsizlik və neft sektorunda söz sahibi, tolerantlıq nümunəsi, sivilizasiyalararası dialoq məkanı kimi tanınır və qəbul edilir”.

Prezident İlham Əliyevin vurğuladığı kimi 2013-2020-ci illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olmaqdır. Bugünədək üç dəfə artan ÜDM-nin daha iki dəfə artırılması, dövlətlə özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaların tətbiqi, iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan yeni cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi Konsepsiyanın başlıca məqsədi və istiqamətidir. Regionda liderlik səviyyəsinə yüksələrək beynəlxalq mövqelərini daha da gücləndirən, enerji təhlükəsizliyi sahəsində həlledici söz sahibi olan, Asiya və Avropa arasında strateji nəqliyyat dəhlizinə çevrilən Azərbaycanda ölkə daxilində aparılan islahatlar uğurla nəticələnir. Yaxın 10 il üçün müəyyən edilmiş prioritetləri isə Azərbaycanın inkişaf potensialının, milli iqtisadiyyatımızın dünya iqtisadi sisteminin ayrılmaz tərkibinə çevirməkdir.

Bunun üçün möhkəm təməl formalaşıb. Bütün sahələr üzrə qəbul edilmiş proqramlar həyata keçirilir və Azərbaycanda artıq yeni mərhələdə kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid başlayıb. Qeyd olunduğu kimi İnkişaf Konsepsiyası bu yeni mərhələnin aydın proqnozlaşdırılmış mənzərəsini ortaya qoyur. 2020-ci ildə hədəf götürülən iqtisadi, siyasi, sosial parametrlər və meyarlarla bugünkü səviyyə arasındakı fərqlərin aradan qaldırılması, konsepsiyanın və strateji planlaşdırmanın başlıca mahiyyətini və məzmununu təşkil edir.

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və milli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi rifah halının durmadan yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin və işsizliyin minimuma endirilməsi, orta təbəqənin hər vasitə ilə genişləndirilməsi və cəmiyyət həyatında rolunun artırılması başlıca perspektivlərdəndir”.

Respublikada özəl sektor sürətlə inkişaf edir. Ölkədə yeni istehsal müəssisələrinin və iş yerlərinin artması, sahibkarların birbaşa ünsiyyətdə olduğu dövlət qurumlarında elektron xidmətlərin tətbiqi sərmayədarların işini daha da asanlaşdırıb. Ümumi daxili məhsulda qeyri-neft sektoru artıq 55 faizdən çoxdur. Qeyd edək ki, dövlət başçısı dəfələrlə öz çıxışında hökumətin sahibkarlıq subyektlərinə dəstək olduğunu bildirərək iş adamlarına üzləşdikləri problemlərlə bağlı müvafiq instansiyalara məlumat vermələrini tövsiyə edib.

Yoxsulluğun azaldılması və əhalinin məşğulluq səviyyəsinin artırılmasında başlıca amil olan özəl bölməyə, sahibkarlara dövlət dəstəyinin davamlı olmasını siyasi, iqtisadi və maliyyə baxımından əhəmiyyətli hesab edən Prezident İlham Əliyevin vurğuladığı kimi sahibkarlar ölkəmizin iqtisadiyyatına sərmayə qoymaqla öz imkanlarını genişləndirir, eyni zamanda, ümumi inkişafımıza xidmət etmiş olurlar. Gələcək illərdə isə özəl bölməni əhatə edən çox güclü emal sənayesi sektoru yaradılacaq. Bununla bərabər, sağlam rəqabət ölkə əhalisini narahat edən, idxalda və yerli istehsalda özünü göstərən inhisarçılıq hallarını aradan qaldıracaq. Sağlam rəqabət isə biznes mühitinin şəffaflaşdırılması üçün ən vacib amillərdəndir.

Qeyd olunanların ümumiləşdirilmiş ifadəsi budur ki, dayanıqlı inkişafın yol xəritəsi kimi dəyərləndirilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin icrası Azərbaycana daha möhtəşəm uğurlar vəd edir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallığa çevrilməsi üçün bütün əsaslar mövcuddur.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2014.- 18 noyabr.- S.6.