Narkomaniyaya qarşı
mübarizə
tədbirləri gücləndirilir
Xətai
Rayon İcra Hakimiyyətində (RİH) Narkomanlığa və
narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə üzrə rayon komissiyanın
növbəti iclası keçirildi. Tədbirdə
çıxış edən Xətai RİH
başçısının müavini, Narkomanlığa və
narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə üzrə rayon
komissiyasının sədri Xeyrulla Hüseynli bildirdi ki,
respublikada narkotiklərin qanunsuz dövriyyəsi ilə
mübarizənin güclənməsinə xidmət edən
qanunvericilik bazasının təkmilləşdirilməsinə,
beynəlxalq əməkdaşlığın genişləndirilməsinə,
hüquq-mühafizə orqanlarının fəaliyyətinin
effektivliyinin artırılmasına böyük diqqət
yetirilir.
Prezident İlham Əliyevin 28 iyun 2007-ci il tarixli
Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsi və narkomanlığın
yayılması ilə mübarizə üzrə Dövlət
Proqramı” (2007-2012-ci illər) buna əyani sübutdur. Bu
Proqramın icrası respublikada olduğu kimi, Xətai rayonu
miqyasında da uğurla həyata keçirilib. Eyni zamanda
ölkə Prezidenti İlham Əliyevin 24 iyun 2013-cü il
tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik
vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsinə və
narkomanlığa qarşı mübarizəyə dair
2013-2018-ci illər üçün Dövlət Proqramı” qəbul
edilib. Proqramın əsas məqsədi ölkədə
narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizənin
gücləndirilməsi, maarifləndirmə yolu ilə
narkotiklərin qanunsuz dövriyyəsinin və
narkomanlığın yayılmasının
qarşısının alınması, narkomanlığa
düçar olmuş şəxslərin müalicə edilməklə
sağlam həyata qaytarılması, həmçinin beynəlxalq
əməkdaşlığın inkişaf etdirilməsindən
ibarətdir.
Bildirildi ki, hesabat dövründə
Narkomanlığa və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə üzrə
komissiyanın tədbirlər planı təsdiq edilib. Tədbirlər
planına uyğun olaraq rayon ərazisində fəaliyyət
göstərən idarə, müəssisə və təşkilatlarda,
təhsil və səhiyyə ocaqlarında
narkomanlığın cəmiyyətə və insanların
sağlamlığına vurduğu ziyan barədə təbliğat
və kompleks profilaktik tədbirlər həyata keçirilib.
Rayonun yeniyetmə və gəncləri arasında
narkomanlığın yayılmasının
qarşısının alınması və narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə,
komissiyanın daim diqqət mərkəzində olub. Bu məqsədlə
rayon məktəblərində keçirilən tədbirlərdə
komissiyanın üzvləri, rayon Gənclər və İdman
İdarəsinin, rayon polis bölmələrinin əməkdaşları
tərəfindən gənclər və yeniyetmələrə
narkomaniyaya qarşı mübarizə hissi aşılanıb.
X.Hüseynli qeyd etdi ki, hazırda Xətai
rayonu üzrə qeydiyyatda olan narkoman xəstələrin
sayı 986 nəfərdir, onlardan 15-i cari ilin 3-cü
rübündə qeydiyyata götürülüb. Xətai
rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət
göstərən Müsadirə edilmiş narkotik vasitələrin,
psixatrop maddələrin və prekursorların məhv edilməsi
üzrə komissiya da öz işini günün tələbləri
səviyyəsində qurmağa çalışır. Rayon ərazisində
olan aptek və xəstəxanalar müvafiq orqanlar tərəfindən
mütəmadi nəzarətdə olub və hesabat
dövründə həmin müəssisələrdə
narkotik maddələrlə bağlı fakt aşkar
olunmayıb. Narkotiklərdən sui-istifadə edən şəxslərin
aşkara çıxarılması işində komissiya ilə
rayon Polis İdarəsi daimi olaraq qarşılıqlı tədbirlər
həyata keçirir. Narkotik maddələrdən sui-istifadə
etməsi hallarına görə Polis İdarəsinə
düşən şəxslərdə həqiqətən
asıllığın olmasını təyin etmək məqsədilə
rəsmi sənədlər əasasında yoxlamalar
keçirilir. Hesabat dövründə Polis İdarəsinin
narkotiklərlə mübarizə bölməsi tərəfindən
bir sıra kompleks əməliyyat-axtarış və
profilaktik tədbirlər həyata keçirilib. Belə ki, həyata
keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində 2014-cü ilin 9 ayı ərzində
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
bağlı 71 fakt aşkarlanıb ki, onlardan 24-ü
satışla bağlı cinayətlərdir.
O da vurğulandı ki, “Narkotik vasitələrin,
psixatrop maddələrin və prekursorların qanunsuz
dövriyyəsi və narkomanlığın yayılması
ilə mübarizə üzrə” Dövlət Proqramı
(2013-2018-ci illər) ölkəmizdə narkomaiyaya qarşı
mübarizənin gücləndirilməsi üçün
qarşıda konkret vəzifələr müəyyən edib.
Bu vəzifələrin həyata
keçirilməsi ilə əlaqədar müntəzəm olaraq rayon ərazisində
mübarizə üzrə təbliğat və təşviqat
işləri aparılır.
Tədbirdə
çıxış edən Xətai rayon
Prokurorunun müavini,
Müsadirə edilmiş narkotik
vasitələrin, psixotrop maddələrin
və prekursorların aktlaşdırılaraq məhv edilməsi
üzrə Komissiyanın sədri Fəqan Mahmudov,
Respublika Narkoloji Mərkəzin
şöbə müdiri Afət Məmmədova,
28 saylı şəhər poliklinikasının baş
həkimi Ələkbər Nəzərov, Bakı şəhər
Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Narkomaniyaya Qarşı Mübarizə üzrə
Dövlət Komissiyasının işçi
qrupunun əməkdaşı Şahin İsmayılov narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə
sahəsində görülən işlərdən
danışdılar. Sonda videoçarx
nümayiş etdirildi,
iştirakçılara bukletlər paylanıldı.
Nail Rəhimzadə
İki sahil.- 2014.- 19 noyabr.- S.6.