Ölkəmizin turizm
sahəsində
böyük inkişaf perspektivləri var
“Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası çərçivəsində 2020-ci ilədək
turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq
standartlara cavab verən turizm xidmət sahələri dairəsinin
genişləndirilməsi, sektorun rəqabət qabiliyyətinin
yüksəldilməsi və digər məsələlər nəzərdə
tutulur
Azərbaycan
çox nadir təbii,
mədəni, milli, etnoqrafik
ehtiyatlar, zənginliklər kompleksinə malikdir. Əlverişli coğrafi
mövqeyi, doqquz iqlim qurşağı, flora
və faunasının müxtəlifliyi, zənginliyi, dəniz
sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik
ənənələri
ölkəmizdə turizmin inkişafı üçün böyük
perspektivlər açır. Zəngin mədəni-tarixi irsi və əlverişli təbii şəraiti
olan Azərbaycanın turizm
sahəsində böyük inkişaf perspektivləri var.
Bu sahədə aparılan işlərin nəticəsi
olaraq, demək olar ki, son illər dövlətimizin
qayğısı sayəsində turizm
inkişafımızın prioritet istiqamətlərindən
birinə çevrilmişdir. Turizmin
ölkə iqtisadiyyatının mühüm
hissəsinə çevrilməsi regionların infrastruktur
cəhətdən inkişafını da
təmin edir. Ümumiyyətlə,
respublikamızın bütün
rayonlarında - Qobustan,
İsmayıllı, Qəbələ, Oğuz,
Şəki, Qax, Zaqatala,
Balakən, Lerik, Masallı, Gədəbəy,
Naftalan, Şamaxı və digər
adlarını sadalaya bilmədiyimiz
bölgələrimizdə müasir turizm obyektləri, mehmanxanalar,
istirahət zonaları tikilməkdədir. İnfrastruktur
yenilənir ki, bu proses də daxili və xarici turizmin inkişaf etdirilməsi istiqamətində mühüm addımdır.
Davamlı
və tarazlı inkişafda, büdcə
gəlirlərinin formalaşmasında, vergi
daxilolmalarının həcminin artımında mühüm rol oynayan turizm sektorunda zəruri infrastrukturun
formalaşdırılması son illər
hökumət üçün prioritet məsələlərdən birinə
çevrilib. Ölkəmizin sosial-iqtisadi inkişafının sürətlənməsi, beynəlxalq əlaqələrin
genişlənməsi, habelə mədəniyyət və idman sahələrində əldə olunan nailiyyətlər turizm
sahəsinin davamlı inkişafını təmin edir.
Azərbaycanda turizm sahəsində mövcud
olan geniş imkanlar ölkəmizin bir
sıra beynəlxalq təşkilatlarla turizmin
inkişafı istiqamətində əməkdaşlıq etməsinə
şərait yaradır. Son illər Azərbaycanın
bu sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatlar
və maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir.
Xatırladaq ki, bir
müddət əvvəl Dünya İqtisadi Forumunun dünya ölkələrinin turizm
sahəsində rəqabət qabiliyyətinə görə tərtib
etdiyi reytinq cədvəlində
respublikamız irəliləyərək 7-ci onluqda
qərarlaşıb. Dünya Turizm Təşkilatı (DTT) Azərbaycanda turizmin inkişafını yüksək dəyərləndirərək,
xüsusən də elektron viza sisteminə keçidi
alqışlayıb. Təşkilatın baş
katibi Taleb Rifai Azərbaycanın bu qərarının
ölkədə turizm sektorunun
inkişafına təkan verəcəyini bildirib.
Qeyd edib ki, yeni sistemin
tətbiqi Azərbaycana turist
axınını gücləndirməklə,
bütövlükdə ölkəmizin turistlər üçün daha sadə
və əlverişli viza prosedurunun
formalaşmasına imkan verəcək. Qurumun baş katibi həmçinin vurğulayıb ki, Azərbaycan regionda
yüksək turizm potensialına malik ölkədir və bu
sahədə ildən-ilə müsbət irəliləyişlər
hiss olunur.
Azərbaycanın
turizm imkanlarının xarici
ölkələrdə təbliği məqsədilə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
müxtəlif vaxtlarda İtaliyanın “Classis Assoiation”, “İtalian Multimedia Group Sri” şirkətlərinin,
Cənubi Koreyanın “Educational Broadcasting System” dövlət
televiziyakanalının, Rusiyanın “Kommersant
FM” radiosunun
və Yaponiyanın “Turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu” layihəsi çərçivəsində
kütləvi informasiya vasitələri
nümayəndələrinin ölkəmizə press-turları
təşkil edilmişdir. Bakı şəhərində
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı
(BMÜTT) və Azərbaycan Turizm
Assosiasiyasının birgə təşkilatçılığı
ilə “İpək yolunun tamı: kulinariya, mədəniyyət və turizm” adlı beynəlxalq konfrans
keçirilmişdir. Nazirlik
tərəfindən Azərbaycanın turizm
imkanlarının daha səmərəli təbliğatını
həyata keçirmək məqsədilə 2014-2016-cı illər
üçün marketinq
strategiyası hazırlanıb. Artıq marketinq
strategiyasına uyğun olaraq
Azərbaycan 2014-cü ildə bir neçə
beynəlxalq turizm sərgisində iştirak etmişdir. Onlardan Türkiyə, Almaniya,
Rusiya, Ukraynada və
Digər ölkələrdə keçirilən sərgiləri
qeyd etmək olar.
Bu gün Azərbaycanın
turizm marşrutları üzərində rayonlarda müxtəlif turist
layihələri həyata keçirilir,
bölgələrimiz beynəlxalq səviyyədə təbliğ
olunur. Bu sırada “Böyük İpək yolu”,
“Şərab yolu”,
“Xalçaçılıq”, “Aleksandr Düma Qafqazda” və “Azərbaycanda
alman məskənləri” layihələrini
qeyd etmək olar.
Sözügedən layihələr ölkəmizə gələn
turistlərin sayının artırılmasına və çoxçeşidli turizm
məhsulunun yaradılmasına xidmət edir.
Mühüm yeniliklərdən biri də turizm sahəsində
elektron xidmətlərin təşkilidir. Bu məqsədlə yaradılmış yeni saytda (e-services.mct.gov.az)
vətəndaşlara 12 növ elektron xidmət göstərilir.
Qəbul edilmiş dövlət proqramları,
davamlı olaraq həyata keçirilən
tədbirlər bu inkişafı şərtləndirən
əsas amillərdəndir. Qeyd edək ki, Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət
Proqramının həyata keçirilməsi nəticəsində
münbit şərait
yaradılmış, beynəlxalq turizm
bazarına inteqrasiyanın təmin olunmasının əsası
qoyulmuş, milli turizm kompleksinin rəqabətə
davamlılığı yüksəlmişdir. Ona görə də 2010-cu ildə “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair” Dövlət
Proqramı qəbul olundu. Bu
proqramın başlıca məqsədi ölkədə turizm sahəsinin daha da inkişaf etdirilməsinin
təmin olunması idi. “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair” Dövlət
Proqramı bir neçə istiqamətdə
məqsədyönlü tədbirlərin həyata
keçirilməsini nəzərdə tuturdu.
Proqramın icra olunması turizm sahəsində normativ
hüquqi bazanın və dövlət tənzimlənməsi
mexanizmlərinin təkmilləşdirilməsi, ölkənin turizm potensialından istifadə
imkanlarının genişləndirilməsi, turizm
sahəsinə yerli və xarici
investisiyaların cəlb edilməsi, turizmin
müxtəlif növlərinin inkişaf
etdirilməsi, yeni turizm marşrutlarının yaradılması,
turizm sahəsi üçün
kadr hazırlığı, Azərbaycanın
milli-tarixi, mədəni və mənəvi
irsinin, milli adət-ənənələrin
dünyada təbliği və s. istiqamətlərdə həyata keçirilən
tədbirlər öz real
nəticələrini verir. Turizmin inkişafını sürətləndirmək
üçün 2011-ci il
ölkədə “Turizm ili”
elan olundu.
Müvafiq dövlət proqramları, o cümlədən “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında da turizmin
inkişaf hədəfləri dəqiq əksini
tapıb. Konsepsiya çərçivəsində 2020-ci ilədək
turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmət sahələri dairəsinin
genişləndirilməsi, sektorun rəqabət
qabiliyyətinin yüksəldilməsi, turizmin
ÜDM-də xüsusi çəkisinin
artırılması istiqamətində tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur.
Bu sahəyə
dair qanunvericilik və
standartların təkmilləşdirilməsi, bölgələrdə
turizm fəaliyyətinin
stimullaşdırılması, informasiya-təbliğat işinin gücləndirilməsi, milli, tarixi-mədəni, sosial-iqtisadi
və təbii xüsusiyyətlərin nəzərə
alınması yolu ilə turizm
marşrutlarının yaradılması təşviq
ediləcək.
Müasir, inkişaf etmiş turizm infrastrukturunun yaradılması istiqamətində
həlledici rolu ölkə Prezidenti İlham Əliyev
tərəfindən həyata keçirilən, məqsədi
ölkəmizi inkişaf etmiş
infrastruktura malik turizm mərkəzinə çevirmək olan siyasət oynayır. Bununla
əlaqədar olaraq, ilk
öncə, Azərbaycanda nümunə olan
dağ turizm kompleksi Şahdağı, həmçinin
Bakıda və Bakı ətrafında tikilmiş
məşhur beynəlxalq brendlərin çoxsaylı iri otellərini qeyd etmək
yerinə düşər. Qeyd etmək
lazımdır ki, Azərbaycanda turizm sahəsində reallaşdırılan ən
böyük layihələr
sırasında “Şahdağ” və “Tufandağ” qış-yay turizm
komplekslərinin yaradılması özünəməxsus yer tutur.
Onu da qeyd etmək
yerinə düşər ki, ölkəmizdə
turizmin müxtəlif növlərinin
inkişafına, turizm sahəsində
çalışan kadrların hazırlanmasına yeni təkan verəcək “Azərbaycan
Respublikasında 2007-2016-cı illər üçün
turizmin inkişafına dair
Dövlət Proqramı” qəbul edilib. Turizm sektorunun dinamik
inkişafı üçün peşəkar
kadrların hazırlanmasına diqqət
artırılmaqdadır. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
ilə Turizm Universiteti
yaradılıb, ixtisaslı kadrlar
hazırlanır. Həmin kadrlar
dünyanın məhşur otel və
mehmanxanalarında təcrübə keçirlər. Bundan əlavə, turizm
sahəsi üçün əlverişli
guşələrimizdən olan
İsmayıllıda peşə məktəbinin
yaradılması da bu
sahədə olan təcrübəli
mütəxəssislərin yetişməsinə xidmət edir.
Vətənimizdə
həmişə gəzmək, istirahət etmək üçün gözəl şərait olmuşdur. Bunu görkəmli
fransız yazıçısı Aleksandr
Dümanın (1802-1870) fikirləri də bir
daha təsdiqləyir. Tarixən Azərbaycana
səyahət etmiş şəxsiyyətlər
bu ölkənin mədəniyyəti və
incəsənəti, ədəbiyyatı, coğrafiyası,
habelə Azərbaycan xalqının qonaqpərvərliyi
haqqında çox maraqlı və dəyərli
fikirlər söyləyiblər. Yeni tarixi dövrünü yaşayan Azərbaycanda beynəlxalq turizmin, turizm xidmət sahəsinin
hərtərəfli inkişafı gələcəkdə də
inkişafı ilə ölkəmizə səyahət edənlərin
yaddaşında silinməz izlər yazacaq.
Orxan Vahidoğlu
İki sahil.- 2014.- 20 noyabr.- S.21.