Siyavuş Novruzov: “Heydər Əliyevi qəsdən

Naxçıvan deyil, Naftalan təyyarəsinə mindirmişdilər...”

 

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Publika.az-a müsahibəsi:

 

– YAP-ın yaranmasının 22 ili tamam olur. Siz partiya yaranandan bəri onun üzvüsünüz. Hətta belə bir deyim də var: Siyavuş Novruzov YAP-da saç ağartdı. İstərdim ki, YAP-ın keçdiyi bu 22 ili bir də yada salaq...

İlk növbədə onu qeyd edim ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi. Hətta hərdən bizim partiyaya deyirlər ki, YAP zərurətdən yaranan partiyadır. 90-cı illərin əvvəllərində artıq siyasi sistem dəyişmişdi, yəni Sovetlər İttifaqı yenicə dağılmışdı və yeni sistem formalaşırdı. Həmin dövrdə bir çox adamlar siyasi partiya yaratmağa başladılar. Hərə bir partiya yaradırdı. Kimi millətçi, kimi sosial-demokrat, kimi mərkəzçi və sairə mövqeli siyasi partiyalar yaratdı. Əslində, bu partiyalar həmin ərəfədə yaranmış boşluğu doldurmaq məqsədi güdürdü. Bu gün Azərbaycanda 100-ə yaxın siyasi partiya var, bunun da 50-si Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. Bu partiyaların da böyük əksəriyyəti həmin dövrdə yaranıb. Ancaq sonradan bu partiyaların böyük əksəriyyəti özlərini doğrultmadı və necə yaranmışdılarsa, eləcə də kağız üzərində qaldı. Amma Yeni Azərbaycan Partiyası doğrudan da ehtiyacdan yaranan partiya oldu. Bu da nədən irəli gəlir? Çünki o dövrdə hakimiyyətin qanunu və hüquqi yeganə yolu seçkilər yolu idi.

Məhz Yeni Azərbaycan Partiyası hakimiyyətə seçkilər yolu ilə gəlməklə digər siyasi partiyalara nümunə oldu. O dövrdə Azərbaycanda xaos və hərc-mərclik hökm sürürdü. Həmin vaxtı Azərbaycan xalqı və cəmiyyəti düşünürdü ki, Azərbaycanı bu düşdüyü vəziyyətdən ancaq Heydər Əliyev xilas edə bilər. Bu baxımdan da Heydər Əliyevin hakimiyyətə gəlməsinin yolları aranırdı. Bu yollardan da ən əsası siyasi partiya vasitəsilə Heydər Əliyevin hakimiyyətə gəlməsi idi. Ümummilli lider Heydər Əliyevin nüfuzu o qədər böyük idi ki, istər-istəməz partiyanın yaradılması prosesi bütün respublika üzrə tez zamanda uğurla başa çatdı. Ulu öndər hakimiyyətə gələnədək, yəni, 1988-ci ildən 1993-cü ilədək Azərbaycanda 5 nəfər birinci şəxs oldu. Ancaq hamısı da bir il və ya 5-6 ay hakimiyyətdə qaldı. Təbii ki, bütün bunların xalqa təsiri çox idi. Çünki hər gələn adam yeni komanda gətirirdi, müxtəlif dəyişikliklər baş verirdi və sairə. Ulu öndərə qədər hakimiyyətə gəlmiş 5 nəfərin idarəçilik qabiliyyəti yox idi, ona görə də həmin dövrdə Azərbaycanda böyük çətinliklər yaşanırdı. Azərbaycanda çox ciddi anarxiya və xaos yaranmışdı. Ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Bir tərəfdən Azərbaycanda separatizm baş alıb gedirdi, digər tərəfdən isə ərazilərimiz işğal olunurdu.

Həmin ərəfədə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri seçildi və o, çox böyük işlər gördü. Müstəqillik qazandıqdan sonra ilk dəfə Azərbaycanın 3 rəngli bayrağı Naxçıvanda qaldırıldı, “Sovet Sosialist Respublikası” sözləri burada çıxarıldı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü Naxçıvanda elan olundu. O dövrdə Qarabağın ayrı-ayrı bölgələrində bir çox insanlar itkin düşürdü. O zaman iqtidarda olan adamlar dövləti idarə edə bilmirdi. Ölkədə anarxiya və xaos yaranmışdı. İnsanların müraciət etməyə ünvanı yox idi, şikayətlərə baxan olmurdu. Buna görə də həmin illəri bir çox valideynlər məcburiyyət qarşısında qalıb Naxçıvanda Heydər Əliyevin yanına üz tuturdular, ondan şikayətlərinə baxılmasın xahiş edirdilər. Heydər Əliyev də imkan daxilində çalışırdı ki, insanların şikayətlərinə baxılsın, problemləri həll edilsin. Ulu öndər Heydər Əliyevin insanlara qarşı bu cür yardım göstərməsi və insanların da ancaq ümummilli liderdən kömək istəmələri o dövrdə hakimiyyətdə olan AXC-Müsavat və Ayaz Mütəllibov hakimiyyətini ciddi narahat edirdi. Ona görə də o zaman iqtidarda olan şəxslər Azərbaycanın Konstitusiyasının 121-ci maddənin ikinci bəndinə belə bir düzəliş etdi ki, yaşı 65-dən çox olan şəxs prezident seçilə bilməz. Həmin vaxtı Heydər Əliyevin də 68 yaşı var idi. Təbii ki, bu addım bilavasitə Heydər Əliyevin prezident olmaq üçün yolunu kəsmək məqsədi daşıyırdı. Heydər Əliyevə qarşı digər Konstitusiya dəyişikliyi isə onun Milli Məclisin sədr müavini olması ilə bağlı oldu. Yəni, əvvəllər Naxçıvan Ali Məclisin sədri həm də Milli Məclisin sədr müavini olurdu və parlamentdə yuxarı kürsüdə əyləşirdi. Ancaq Heydər Əliyev Naxçıvan Ali Məclisinə sədr seçilən kimi, o vaxtkı hakimiyyət Konstitusiyaya dəyişiklik etdi. O dövrdə YAP-ın yaranmasına qarşı daxildən kifayət qədər təzyiqlər var idi. Ayaz Mütəllibov və AXC-Müsavat hakimiyyətləri Heydər Əliyevə görə Naxçıvanı blokada vəziyyətində saxlayırdı. Təsəvvür edin ki, o zaman Naxçıvanı Ermənistan ilə yanaşı, Azərbaycan hökuməti də blokadaya almışdı. Dövlət büdcəsindən Naxçıvana ayrılan vəsaitlər ödənilmirdi, ərzaq məhsulları çatdırılmırdı və sairə. Bütün sahələrdə Naxçıvana qarşı təzyiqlər var idi. Belə bir vəziyyətdə Azərbaycan xalqının bir qrup tanınmış insanı o vaxtkı Ali Sovetin binası qarşısında 18 gün mitinq keçirdilər. Tələb Konstitusiyanın 121-ci maddəsinin 2-ci bəndinin ləğv olunması və ümummilli lider Heydər Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması idi. O vaxtın qanunlarına görə, prezidentliyə namizədləri ancaq seçici qurumları deyil, hər hansı müəssisə və təşkilatlar da irəli sürə bilərdi. O zaman qısa müddət ərzində Azərbaycanda 300-dən çox müəssisə və təşkilat ulu öndər Heydər Əliyevin namizədliyini irəli sürmüşdü. Bu prosesin iştirakçılarından biri də şəxsən mən olmuşam. Rəhmətlik Cəfər Vəliyev də Mərkəzi Seçki Komissiyasının sədri idi. O zaman ulu öndərin də prezidentliyə namizədliyinin qeydə alınması üçün Cəfər Vəliyevin yanına getdik. Həmin vaxtı Əbülfəz Elçibəy, Etibar Məmmədov, Nizami Süleymanov və digər bir neçə şəxslər prezidentliyə namizədliyini irəli sürmüşdü. Təxminən 7 nəfər namizəd var idi. Ümummilli lider Heydər Əliyevin də namizədliyi 300 müəssisə və təşkilat tərəfindən irəli sürülmüşdü. Təbii ki, bütün bunlar digər namizədləri qorxuya salmışdı. Adam gərək haqla danışsın, o dövrdə MSK sədri Cəfər Vəliyev məsələyə çox ədalətlə yanaşdı və dedi ki, Heydər Əliyev hakimiyyətə gəlməsə, bu ölkə düzəlməyəcək. Ancaq çox təəssüf ki, Konstitusiyada olunan dəyişiklik mənə imkan vermir ki, Heydər Əliyevin namizədliyini qeydə alım. Buna görə də o vaxt MSK Heydər Əliyevin namizədliyini qeydə almadı. Əgər yadınıza gəlirsə, o vaxt Nizami Süleymanov belə bir fikir də söyləmişdi: 7 namizədik. 7-ni 7-yə vursaq belə, yenə də Heydər Əliyevi əvəz edə bilmərik. Bütün bunlardan sonra belə bir qərar verildi ki, Heydər Əliyevin hakimiyyətə gəlməsini süni əngəlləyən şəxslərə qarşı mübarizə davam etdirilsin. Xalqın böyük əksəriyyəti də bunu tələb edirdi. Mübarizənin sivil forması isə yeni siyasi partiyanın yaranması idi. 1992-cü il mayın 28-də Naxçıvanda “Ümid körpüsü”nün açılması münasibətilə mən də rəhmətlik Murtuz Ələsgərovla birgə Naxçıvana getmişdim. O vaxt mən “Əlincə” Cəmiyyətinin məsul katibi idim, Murtuz müəllim isə bu cəmiyyətin Ağsaqqallar Şurasına rəhbərlik edirdi, həm də “Əlincə” Cəmiyyətinin İdarə heyətinin üzvü idi. Biz Naxçıvana gedəndə, ilk dəfə siyasi partiya yaradılması məsələsi burada müzakirə olundu. Həmin vaxtı mən, Murtuz Ələsgərov, Ziyafət Əsgərov və Munis Bayramov bir yerdə idik. Dördümüz də ilk dəfə bu müzakirələrdə iştirak etdik. Biz ilk dəfə ona siyasi partiyanın yaradılması və digər bu kimi məsələlərlə bağlı fikir söylədik. Təbii ki, Ümummilli lider o zaman partiyanın yaradılması ilə bağlı bu təklifə nə “hə”, nə də “yox” demədi. Sonra isə 1992-ci ilin iyun və iyul aylarında Əli Nağıyevin rəhbərliyi altında bir qrup ziyalı Naxçıvana getdilər və partiyanın yaradılması ilə bağlı müzakirələr aparıldı. Sonralar isə belə bir qərar verildi ki, bu məsələ ilə bağlı Azərbaycanın tanınmış ziyalılarına müraciət edilsin. Sonradan bu müraciət tarixə “91-lər”in müraciəti kimi düşdü. Bu gün çox təəssüf ki, “91-lər”lə bağlı bir sıra ziddiyyətli fikirlər söylənilir. Ancaq mən bilavasitə bu proseslərin yaxından iştirakçısı olmuşam. Ona görə də deyim ki, həmin vaxtı imza toplama prosesi çox çətin idi. İndi bir neçə adam telekanallarda sinəsinə döyüb deyir ki, mən də “91-lər”ə imza atan adamlardan biriyəm və sairə. Az qalır ki özünü Yeni Azərbaycan Partiyasının yaradıcısı kimi aparsın. Ancaq vaxtilə onların qapısını döyəndə, “91-lər”ə imza atmaqdan imtina etmişdi. Bu cür şəxslər kifayət qədərdir və məndə bunların hamısının siyahısı var. Bu adamların adları həm öz yaddaşımda, həm də partiyanın arxivində mövcuddur. O vaxt “91-lər”ə imza atılması ilə bağlı bir neçə qrup fəaliyyət göstərirdi. Onların hər biri parlamentin deputatlarından, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), universitetlərin işçilərindən, incəsənət xadimləri və digər sahələrin tanınmış nümayəndələrindən imzalar toplayırdı.

Bilirsiniz ki, Ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsinə çox böyük diqqət və qayğı göstərirdi. O, hər zaman mədəniyyət və incəsənət xadimlərini təltif edirdi, mənzillər verilirdi, irəli çəkirdi və sairə. Bu gün də bu siyasət cənab Prezident tərəfindən davam etdirilir. Ancaq çox təəssüf ki, o dövrdə yazıçılar və mədəniyyət adamları arasından həmin “91-lər”ə cəmi 4 nəfər imza atmışdı. Bunlar Xəlil Rza Ulutürk, Zeynəb Xanlarova, Sirus Təbrizli və Ömər Eldarov idi. Baxmayaraq ki, hamısına müraciət olunmuşdu, ancaq yazıçılar, rəssamlar, mədəniyyət nümayəndələrindən cəmi 3 nəfər bu müraciətə imza atmışdı. Sovet İttifaqı dövründə Heydər Əliyevin yetişdirdiyi kadrlar var idi. Həmin adamlar Heydər Əliyev tərəfindən ayrı-ayrı dövlət vəzifələrinə də irəli çəkilmişdi. “91-lər”ə imza atılan zaman onlara da müraciət olundu. Ancaq onların böyük əksəriyyəti buna imza atmaqdan imtina etdi. O zaman Pedaqoji Universitetdə “91-lər”ə imzaları Həsən Mirzəyev toplayırdı. O dövrdə Həsən Mirzəyev bizə dedi ki, filankəsin də adını siyahıya yazın. Biz də yazdıq. Səhəri günü onun adı qəzetdə çıxanda, bizi məhkəməyə verirdi ki, mən ona imza atmamışam, adımı ora salıblar və sairə. Lakin Heydər Əliyev hakimiyyətə gələn kimi, hamıdan birinci o adam gəlib qapını kəsdirdi ki, mən də “91-lər”dənəm, özü də ən fəalından. Halbuki, o adam vaxtı ilə bizi məhkəmə ilə hədələyirdi. Həmin “91-lər” Yeni Azərbaycan Partiyasının qızıl fondudur. Yeni Azərbaycan Partiyası yaranan ərəfədə ulu öndər Heydər Əliyev də bəyan etdi ki, əgər bu partiya yaranarsa, o zaman mən bu partiyaya sədrlik edə bilərəm. Həmin vaxtı Milli Məclisdə təmsil olunan 350 nəfər deputatdan cəmi 4 nəfəri “91-lərə” imza atdı. Halbuki, həmin 350 nəfərin böyük əksəriyyəti Heydər Əliyevin çörəyi ilə böyümüş insanlar idi. Heydər Əliyev onları müxtəlif vəzifələrə yüksəltmişdi, onun kadrları idi. Bu cür hallar çox olub. İndi görürsən ki, bəzi adamlar Heydər Əliyev haqqında bərli-bəzəkli kitablar yazır. Ancaq həmin adamlara vaxtilə müraciət olunanda, “91-lər”ə imza atmamışdı. İndi o adamlar Heydər Əliyev haqqında xatirə yazır ki, guya mən onun ən sevimli kadrı idim və sairə. Bu tarixdir və tarixdə də qalacaq.

1993-cü ilin iyun ayına kimi, yəni, Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər artıq 36 rayonda partiya təşkilatı təsis olunmuşdu. Digər rayonlarda da olacaqdı, ancaq Xalq Cəbhəsi xalqın Heydər Əliyevə qarşı bu qədər sevgisini görüb bütün ölkədə fövqəladə vəziyyət elan etdi. Fövqəladə vəziyyət elan olunandan sonra isə artıq yerlərdə toplantıların keçirilməsi qadağan olundu. Fövqəladə vəziyyət aradan qalxandan sonra isə YAP-ın daha 51 təşkilatı təsis olundu. YAP-ın 70 rayon təşkilatı 1993-cü ildə yaranıb. Digərləri isə sonradan yeni rayonlar yaradılanda yarandı. Bu gün YAP-ın 600 min nəfər üzvü var. Azərbaycan cəmiyyətinin qaymaqları Yeni Azərbaycan partiyasında təmsil olunur.

– Partiyanın adı necə yarandı? Niyə məhz Yeni Azərbaycan Partiyası oldu?

– Çox maraqlı sualdır. Bunu ilk dəfə mətbuatda sizə açıqlayıram. Çünki görünür, bu barədə çox adamın məsələdən məlumatı yoxdur. Yeni Azərbaycan Partiyasının yaradılması vaxtı ortaya belə bir sual çıxdı ki, bu partiyanın adı nə olsun. Müxtəlif fikirlər və adlar təklif olundu. Ancaq “Doğru Yol Partiyası” adı üzərində dayanıldı. Çünki həmin vaxtı Süleyman Dəmirəl Naxçıvanda “Ümid körpüsü”nün açılış mərasiminə qatılmışdı. Bilirsiniz ki, Süleyman Dəmirəl Heydər Əliyev ilə də yaxın dost idi. Buna görə də, o vaxt razılıq var idi ki, yeni partiyanın adı “Doğru Yol Partiyası” olsun. Belə düşünülürdü ki, Doğru Yol Partiyasının Türkiyədə rəhbəri Süleyman Dəmirəldir. Azərbaycanda da bu adda partiyanın rəhbəri Heydər Əliyev olsun və sairə. Hətta, buna hazırlıq işlərinə də başlanılmışdı. Ancaq həmin ərəfədə Tamerlan Qarayev elan etdi ki, mən Doğru Yol Partiyası yaratdım. Bu səbəbdən də “Doğru Yol Partiyası” adından imtina edildi. Sonra fikir mübadiləsi aparıldı və rəhmətlik Sirus Təbrizli təklif etdi ki, partiyanın adı Yeni Azərbaycan Partiyası olsun. O vaxtı rəhmətlik Murtuz Ələsgərov da hüquqşünaslardan ibarət qrup təşkil etmişdi və partiyanın Nizamnaməsini yazıb Heydər Əliyevə aparmışdı. Ancaq Ulu öndər həmin Nizamnaməni qarşısına qoyub baxandan sonra hamısının üzərindən xətt çəkdi. Daha sonra isə partiyanın Nizamanməsini yenidən özü yazdı. Bu gün də həmin Nizamnamədə bir nöqtə belə dəyişməyib. Ulu öndər 22 il öncə uzaqgörən siyasəti ilə necə yazıbsa, bu gün də elə qalır. Yəni, Ulu öndər Heydər Əliyev bir saat, bir gün deyil, on illərlə gələcəyi görürdü. Vaxtilə Ulu öndərə partiyanın adının Yeni Azərbaycan Partiyası olması barədə təklif veriləndə, Heydər Əliyev bunu onun üçün əsaslandırmağı istədi. Nə üçün Yeni Azərbaycan Partiyası? Deyiləndə ki, artıq müstəqil Azərbaycanın yeni erası və dövrü başlayır və partiya da Yeni Azərbaycan Partiyası olsun, buna hamı razı oldu. Ulu öndər də partiyanın adının Yeni Azərbaycan Partiyası olmasına razılıq verdi.

– O dövrdə iqtidarda olan hakimiyyət nümayəndələri tərəfindən sizə təzyiqlər çox olurdu?

– Təzyiqlər var idi, özü də çox idi. O vaxt yaş senzi ilə bağlı mitinqlərə başlanılanda, mən və Ziyafət Əsgərov bir yerdə Azərbaycan Milli Elmlər Akademiyasının “Aspirantlar yataqxanasında” yaşayırdıq. O vaxt mitinqlərdə plakat, şüarlar və digər ləvazimatları gəzdirən şəxslərin hamısı izlənilirdi. Ona görə də mitinqdə istifadə olunan plakatları heç kəs öz evinə apara bilmirdi. Hətta, o vaxtı biz 3 dəfə avtobus, 2 dəfə metro dəyişirdik ki, harada yaşadığımız bilinməsin. Bizə qarşı hücumlar və təzyiqlər olurdu. Təsəvvür edin ki, 18 gün dalbadal mitinqin plakatları hər gün aparılıb-gətirilirdi və mənim otağımda saxlanılırdı. O vaxt Ayaz Mütəllibovun avtomatlı dəstəsi bir neçə dəfə gəlib otağımızı və plakatları dağıtdılar, bizə də hücum çəkdilər. Həmin silahlı dəstənin üzvləri Bakının ayrı-ayrı kəndlərindən yığılmışdı. Həmin dəstə silah çəkib mitinqi də dağıdırdı. Hətta, atışma da olmuşdu. Ancaq Heydər Əliyev hər dəfə bizə deyirdi ki, heç bir halda qarşıdurmaya və qan tökülməsinə getməyin. Sonrakı hadisələrdə də, “OMON” və oktyabr hadisələrində də hamı gördü ki, Heydər Əliyev məsələləri ancaq sözün və siyasətin gücü ilə həll edir. AXC-Müsavat hakimiyyəti dövründə də partiyamızın fəalları izlənilirdi. Hətta, rəhmətlik Murtuz Ələsgərovun əl-ayağını sındırmışdılar. O vaxt Yeni Azərbaycan Partiyasının qərargahına da silahlı basın edilmişdi. Bu zaman mən və Abdin Fərzəliyev də ciddi xəsarət aldıq. Ayrı-ayrı partiya funksionerlərinə qarşı telefon zəngləri və hədələri var idi. Bu cür hadisələr regionlarda da baş verirdi. Partiya tərəfdarlarına qarşı ciddi təzyiqlər var idi.

O zaman Ulu öndər Moskvadan Bakıya qayıtmışdı. Ancaq bütün yolları bağlamışdılar ki, Heydər Əliyev Naxçıvana gedə bilməsin. Mən də Naxçıvana gedə bilmirdim. Hava limanına gedən yolda ən azı 10 yerdə postlar qurulmuşdu ki, bizi saxlayıb həbs etsinlər. O vaxtkı hakimiyyət o qədər ədalətsiz idi ki, hətta atanın övladları ilə görüşməsinə belə qadağa qoyurdu. Bir dəfə də Ulu öndər Heydər Əliyev Bakıda Ali Sovetin iclasından çıxandan sonra, onu qəsdən Naxçıvan deyil, Naftalan adlı yük təyyarəsinə oturtmuşdular. O, bir neçə saat həmin təyyarədə qalmışdı. Yəni, bu cür insanlığa zidd və ədalətsizlik var idi.

 

İki sahil.- 2014.- 22 noyabr.- S.8.