Novruz Məmmədov:
Bu gün YAP
Qafqazın ən
böyük ümumxalq
partiyasıdır
Azərbaycan
Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın
Xarici
əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədovun SƏS TV-yə
müsahibəsi
-
Novruz müəllim, Yeni Azərbaycan Partiyası hansı zərurətdən
yarandı?
- Əslində Yeni Azərbaycan
Partiyasının yaranması XX əsrin (müxtəlif
ölkələrdə partiyaların yaranması) çox
mühüm hadisələrindən biridir. Yəni, cəmiyyətin
inkişafında artıq elə bir mərhələ
özünə yer tapır ki, bu zaman cəmiyyətin
inkişafında partiyaların rolu artır və zəruri
olur. Bu nöqteyi-nəzərdən YAP-ın
yarandığı dövrdə xüsusi bir situasiya,
böyük təcrübə var idi. Dünyanın inkişaf
etmiş bir çox ölkələrində partiyaların
rolu haqqında məlumatlar bizdə çox idi. Azərbaycan
isə bu dövrdə bütün cəmiyyətin
bütün təbəqələrinin qüvvəsini,
resurslarını bir yerə cəmləyib. Çünki
çox çətin bir dövr idi. O dövrdə
qarşıya çıxan həddindən artıq
böyük çətinlikləri aradan qaldırmaq lazım
idi. Partiyaların yaranmasında böyük şəxsiyyətlərin
rol oynadığı danılmaz faktdır. Bəzən isə
görürsən ki, partiyanın yaranması
üçün şərait yaranıb, amma aparıcı
qüvvə yoxdur və onun yaranması da problemə
çevrilir. Lakin Azərbaycanın o dövründə, həmin
o çətin anlarda xalqımız və ölkəmiz
üçün şərait yaranmışdı.
Çünki həmin dövrdə Ümummilli Lider Heydər
Əliyevin mövqeyi, iradəsi var idi. Dahi şəxsiyyətə
bağlı Azərbaycanda yüzlərlə, minlərlə,
on minlərlə insan bu səylərin, qüvvələrin
bir yerə toplanmasını və həmrəyliyin
formalaşmasını istəyirdi. O zaman Azərbaycanın
çətin vəziyyətdən çıxması
üçün ciddi siyasi quruma ehtiyac var idi. Ona görə də,
belə bir partiyanın, yəni YAP-ın yaradılması istəyi
ortaya qoyuldu və yaradıldı.
-
Yarandığı ilk gündən sıralarını
genişləndirən YAP sözün əsl mənasında,
ümumxalq partiyası kimi çıxış etdiyini demək
olarmı?
- YAP yarandığı ilk vaxtlar ona
ümumxalq partiyası deyilməsə də, əslində,
ümumxalq ruhu üzərində qurulmuşdu. Çünki o
zamanlar Azərbaycan üçün siyasi mənsubiyyəti
olanların da, olmayanların da, hətta başqa
partiyaların üzvü olanların da beynində, ürəyində
bir fikir dolaşırdı, bu çətin vəziyyətdən
Azərbaycanı yalnız Ümummilli Lider Heydər Əliyev
qurtara bilər. Bu mənada YAP yaranan dövrdə artıq
ümumxalq ruhlu bir partiya olaraq həyata vəsiqə aldı.
Bu gün YAP Qafqazın ən böyük ümumxalq
partiyasıdır. Təbii ki, bu ümumxalq ruhunu, statusunu da
ona Ulu Öndər Heydər Əliyev verib.
-
Siyasi təhlilçilər YAP-ı öz fəaliyyəti ilə
Azərbaycanı müstəqillik ideyaları əsasında
parlaq gələcəyə aparan avanqard qüvvə hesab edirlər.
Sizin buna münasibətiniz necədir?
- Bəli, bu fikir tamamilə doğrudur. Bu
gün Azərbaycanın indiki səviyyəyə
çatmasında Ümummilli Lider Heydər Əliyevin, indi isə
Prezident İlham Əliyevin çox böyük rolu var.
Çünki Ulu Öndərin ideyaları partiyanın ideyalarıdır.
Partiya Ümummilli Liderin ideyalarını həyata
keçirir. Təbii ki, burada çox güclü bir vəhdət
var. Əsas məqam isə Azərbaycanın milli
maraqlarını qorumaqdan, onun müstəqil xarici siyasət
kursunu həyata keçirməkdən ibarət idi. Bu illər
ərzində bir çox müstəqil dövlətlər
yarandı. Amma sadaladıqlarım heç birinə nəsib
olmayıb. Azərbaycan müstəqilliyini qazandıqdan sonra ən
böyük nailiyyətlərindən biri, onun bu müstəqilliyini
sabitlik və təhlükəsizlik şəraitində qoruyub
saxlaya bilməsidir. Ölkəmizin ikinci böyük tarixi
nailiyyəti isə stabillik və təhlükəsizlik şəraitində
çox böyük iqtisadi, siyasi, mədəni, idman və
digər sahələrdə uğurlara nail olmasıdır.
Bununla bağlı bu dövrdə Azərbaycanla müqayisə
ediləcək ikinci bir dövlət tapmaq mümkün deyil.
-
YAP-ın Ümummilli Lider Heydər Əliyev ideyalarına
söykənərək çox böyük və şərəfli
yol keçdiyini daha hansı faktlarla ifadə edə bilərik?
- Ümumiyyətlə, Azərbaycanın
keçdiyi yolu, qazandığı nailiyyətlərin hər
birini YAP-la əlaqələndirmək lazımdır. Azərbaycanın
müstəqilliyinin qorunması, onun bu illər ərzində
sabitliyinin, təhlükəsizliyinin təmin olunması, eyni
zamanda bütün sahələrdə qazandığı
nailiyyətlərin hər birində YAP-ın
özünün töhfələri var. Çünki bu
gün YAP Azərbaycanda iqtidar partiyasıdır və bu
partiyanın Sədri vasitəsilə idarə olunur. Heç
şübhəsiz ki, bu gün ölkəmizdə müxtəlif
vəzifələrdə, siyasi və məmur elitasında
partiyanın üzvləri çoxdur. Təbii ki, bütün
bunların hamısı sözün həqiqi mənasında
Azərbaycanın idarəçiliyində çox
mühüm yer tutur.
- Son
olaraq Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalan
və bu ideyalar əsasında fəaliyyət göstərən
YAP Prezident İlham Əliyevin Sədrliyi ilə hansı
uğurları əldə edib?
- Əslində bu gün xalqımız və
ölkəmiz tarixinin qızıl dövrünü
yaşayır. Azərbaycanın və xalqımızın
tarixində hələ belə uğurlu 20 il olmayıb.
Dövlətçilik, müstəqil xarici siyasət kursu
baxımından, müstəqil inkişaf, eləcə də
təhlükəsizlik baxımından bu cür uğurlu illərimiz
heç bir zaman olmayıb. Təbii ki, bunun da əsasını
qoyan Ümummilli Lider, eyni zamanda YAP-ın banisi Heydər
Əliyev olub. Dahi şəxsiyyətin qazandığı
nailiyyətlər, qoyduğu fundament Prezident İlham Əliyev
tərəfindən modern formada möhkəmləndirilir. Bu
iki böyük şəxsiyyətin ölkəmizə rəhbərliyi
Azərbaycan xalqı üçün ən böyük tarixi
şansdır. Əsas məqam isə ondan ibarətdir ki,
Ümummilli Lider Heydər Əliyevin yolunu, onun kursunu (ölkənin
daxili və xarici siyasəti ilə bağlı) Prezident
İlham Əliyevdən başqa heç kim belə uğurla
davam etdirə bilməzdi. Əgər siz fikir versəniz
görərsiniz ki, sanki Ulu Öndər hələ də
hakimiyyətdədir və onun ideyaları həyata
keçirilir. Ulu Öndər böyük layihələrin əsasını,
təməlini qoydu, Prezident İlham Əliyev isə onları
həyata keçirdi və davam etdirdi. İndi isə cənab
İlham Əliyev daha böyük və yeni layihələrin
təməlini qoyub. Elə biz bu il çox böyük layihənin
açılışını etdik. Gələn il isə
daha böyük layihənin (Bakı-Tbilisi-Qars və s.) tam
başa çatması prosesi olacaq. Biz siyasi, iqtisadi, mədəniyyət,
idman, elm və digər sahələrdə tədbirlər həyata
keçirmişik. Böyük beynəlxalq layihələrə
misal olaraq 2012-ci ildə Bakıda keçirilən “Avroviziya”
mahnı müsabiqəsini və s. göstərə bilərik.
Gələn il isə idman sahəsində dünya və Avropa
tarixində ilk Avropa Oyunlarını keçirəcəyik.
Bu, Olimpiya oyunları səviyyəsində olan bir yarışdır.
Yəni, bu gün bunların hamısı çox uğurla
davam etdirilir. Təbii ki, bunu da davam etdirən cənab Prezident
İlham Əliyevdir.
Ceyhun
Rasimoğlu
İki
sahil.- 2014.- 21 noyabr.- S.9.