Yeni Azərbaycan Partiyası öz fəaliyyətini
Ümummilli lider
Heydər Əliyevin ideyaları
əsasında uğurla
davam etdirir
Milli
Məclisin sədr müavini, YAP İdarə Heyətinin
üzvü Bahar Muradovanın www.yap.org.az saytına müsahibəsi
-
Bahar xanım, noyabrın 21-də Yeni Azərbaycan
Partiyasının yaradılmasının 22-ci
ildönümü tamam olur. 22 il əvvələ nəzər
saldıqda həmin dövrdə Azərbaycanın ictimai-siyasi
mənzərəsi fonunda YAP-ın yaradılmasını zəruri
edən hansı amilləri qeyd etmək olar?
- Əlbəttə ki, hər bir xalqın, toplumun
öz müstəqilliyi uğrunda mübarizələr tarixi
vardır. Azərbaycanın da özünəməxsus tarixi
keçmişi həmin dövr hadisələrinə qiymət
vermək üçün də mənbə rolunu oynayır.
1990-cı illərin əvvəlləri Azərbaycanda tarixin
başqa bir şəkildə təkrarını
xatırladırdı. XX əsrin əvvəlində birinci dəfə
müstəqilliyin əldə edilməsindən sonra baş
verən hadisələr, qısa müddətdə müstəqilliyə
yaranan təhlükə, daxildən və xaricdən olan təhdidlər,
təzyiqlər əsrin sonunda yenidən təkrarlanırdı.
Bu dövrlər arasında paralellər apardıqda əlbəttə,
hadisələrin təsviri üst-üstə düşsə
də, nəticələr fərqli idi. Çünki birinci
müstəqillik dövründə əldə etdiyimiz nailiyyətləri
qorumaq üçün Azərbaycanın yetərli
gücü, müttəfiqləri yox idi, ölkə daxilində
birlik əldə etmək mümkün deyildi, xarici faktorlar isə
vəziyyəti daha da gərginləşdirirdi. Bu vəziyyətdən
çıxmaq üçün Azərbaycanın
özünün birləşdirici, bütün qüvvələri
səfərbər edəcək, onları əsas məqsədə,
hədəfə yönəldə biləcək bir faktoru yox
idisə, əsrin sonunda baş verən hadisələrdə
biz artıq bu amilin mövcudluğunu xüsusi şəkildə
vurğulamalıyıq.
Həmin dövrdə Azərbaycan
xalqının düşünən beyinləri, öndə
gedən ziyalıları bu çətin durumdan
çıxmağın yeganə yolunu Ümummilli lider Heydər
Əliyevin siyasi hakimiyyətə qayıdışında
görürdülər. Çünki çoxsaylı siyasi hərəkatların,
ən müxtəlif məqsədlərə və hədəflərə
yönəlmiş axınların dağıdıcı fəaliyyətinin
qarşısını yalnız müdrik siyasət, möhkəm
iradə, güclü şəxsiyyət ətrafında
xalqın birliyi ala bilərdi. İlk növbədə, Heydər
Əliyevin siyasi proseslərə təsir göstərməsi,
ictimai-siyasi hərəkatı düzgün istiqamətə
yönəltməsi üçün bir siyasi təşkilata
ehtiyac duyulurdu. 1992-ci ilin ağır günlərində,
xüsusən də həmin ilin payızına doğru hadisələrin
gərginləşdiyi bir məqamda Heydər Əliyevə
edilən çoxsaylı müraciətlərdən sonra Azərbaycanda
yeni bir siyasi təşkilatın yaradılması işinə
başlandı. Qısa müddətdə görülən
işlər öz nəticəsini verdi və 1992-ci il
noyabrın 21-də YAP-ın təsis konfransı
keçirildi. Ölkənin o zamankı rəhbərliyi tərəfindən
Azərbaycanın demokratik inkişaf yoluna qədəm
qoyduğu iddia edilsə də, bu konfrans Bakıda yox, məhz
Naxçıvanda keçirildi, çünki onun Bakıda
keçirilməsinin mümkün olmaması üçün
o zamankı AXC-Müsavat cütlüyü bütün
“addımları” atmışdı. Bütün bunlara
baxmayaraq, ölkənin hər yerindən nümayəndələrin
iştirakı ilə baş tutan konfransda çox ciddi qərarlar
qəbul olundu, partiyanın Nizamnaməsi, Proqramı, rəhbər
strukturu, seçkili orqanları formalaşdı,
qarşıda dayanan vəzifələri müəyyənləşdirildi
və Heydər Əliyev partiyanın sədri seçildi. Azərbaycan
xalqına edilən müraciət nəticəsində bu təşkilatın
yerlərdə rayon-şəhər özəkləri
yaranmağa başladı. Ölkədə ictimai-siyasi proseslərə
müdaxilə etmək istiqamətində ciddi addımlar
atıldı və qısa müddətdə YAP Azərbaycandakı
ictimai-siyasi təşkilatlar içərisində
aparıcı bir gücə çevrildi. Ölkənin xaosa
sürükləndiyi, iqtisadi tənəzzülə
uğradığı, separatçılıq meyillərinin
güclənməkdə olduğu bir vaxtda bu işi təşkil
etmək o qədər də asan deyildi. Lakin yalnız Heydər
Əliyev şəxsiyyəti və Heydər Əliyev siyasəti
bunun öhdəsindən gələ bilərdi ki, müxalifət
partiyası kimi təsis olunan YAP yarandığı vaxtdan bir
neçə ay keçdikdən sonra hakim partiyaya
çevrildi. Beləliklə, xalqın təkidli
çağırışı və həmin dövrdə
ölkəni idarə edə bilməyən rəhbərliyin
müraciəti ilə Heydər Əliyev Azərbaycanda siyasi
hakimiyyətə qayıtdı. Azərbaycan xalqının
ürəyində bir ümid, xaosa, anarxiyaya, qeyri-sabitliyə,
Azərbaycanın məhvə sürüklənməsinə
son qoyulacağına böyük inam yarandı.
Beləliklə, Ulu öndər Heydər
Əliyevin partiyanın yaranmasına razılıq verməsi,
onun başında dayanması, partiyanın işini təşkil
etməsi, onun vasitəsilə Azərbaycanın ictimai-siyasi
spektrini bir araya gətirərək ölkəni xaosdan,
anarxiyadan qurtarmaq istiqamətindəki səyləri xalqın
mütləq əksəriyyəti tərəfindən dəstəkləndi.
Heydər Əliyev şəxsiyyətinin gücü hər
birimizə yaxşı bəllidir, lakin o, xalqın
gücü ilə birləşdikdə
qarşısıalınmaz bir qüvvəyə çevrilir və
yolunda olan bütün maneələri süpürüb
atır. Elə o vaxtkı iqtidar da daxil olmaqla bütün maneələr
bu gücün qarşısında aciz qaldı. Ölkə
sabitlik və quruculuq dövrünə qədəm qoydu.
- Ulu
öndərin rəhbərlik etdiyi Yeni Azərbaycan
Partiyası Azərbaycan siyasi sisteminə hansı keyfiyyət
dəyişiklikləri gətirdi?
- Heydər Əliyevin hakimiyyətdə
iştirakı idarəetmənin, parlament və siyasi fəaliyyətin,
dövlət quruculuğunun nə olduğunu insanlara bir daha
xatırlatdı. Ümumiyyətlə, keçmiş
Sovetlər Birliyi dağıldıqdan, rejimin buxovları qırıldıqdan sonra bəzi insanların anarxiyaya
gətirib çıxaran hərəkətlərini cilovlamaq üçün güclü
siyasi iradəyə ehtiyac
var idi. Eyni zamanda, həmin dövrdə Azərbaycanda siyasi mədəniyyətin, davranış mədəniyyətinin
çatışmadığı, mövcud
qayda-qanunların, ənənələrin tamamilə
dağıdılması istiqamətində gedən proseslər,
ümumilikdə, ictimai-siyasi həyat, iqtisadiyyat, kənd təsərrüfatı da daxil olmaqla
bütün sahələrdə tənəzzülün
baş alıb getməsi əsas nəzərə
çarpan cəhət idi.
Ölkədə parlament mədəniyyətindən
danışmaq mümkün deyildi. Parlament ayrı-ayrı maraq
qruplarının nümayəndələrinin cəmləşdiyi
bir yer idi
və burada yalnız söz,
maraqlar davası və heç
bir etik çərçivəyə,
milli-mənəvi dəyərlərimizə sığmayan,
dövlət quruculuğu adına uyğun gəlməyən hadisələr baş verirdi və bütün bunların qarşısını
almaq lazım idi.
Yalnız siyasi məktəb keçmiş, həm də öz
fəaliyyəti ilə məktəb yaratmış bir insan bunların öhdəsindən
gələ bilərdi.
Heydər
Əliyevin parlamentə qayıdışı və YAP-ın
Azərbaycanın ictimai-siyasi sferasında
özünə geniş yer
tutması nəticəsində siyasi
mübarizə və mübahisə mədəniyyəti, parlamentarizm ənənəsi yenidən formalaşmağa, həqiqi mənada dövlət
quruculuğuna uyğun
qaydalar tətbiq olunmağa
başladı. Həmçinin, iqtisadiyyatda tənəzzülə
son qoymaq istiqamətində
ciddi islahatların əsası qoyuldu, dağıdıcılığın
qarşısı alınmaqla bütün
potensialın quruculuğa yönəldilməsi,
ictimai-siyasi sabitliyə nail
olunması, qanunların aliliyinin yüksək
bir prinsip kimi gözlənilməsi, hər kəsin öz sözünə, hərəkətinə,
fəaliyyətinə görə məsuliyyət
daşıması təmin olundu. Ordu quruculuğunda ciddi addımlar atıldı, ərazilərimizin
bir-birinin ardınca işğalına son qoyuldu, qeyri-qanuni
silahlı birləşmələr ləğv edildi.
Separatçılıq, ərazilərin
bölünməsinə edilən cəhdlərin
qarşısı alındı. İqtisadi
və coğrafi resurslardan
yalnız milli və dövləti maraqlar naminə istifadə üçün
lazımi addımlar atıldı. Ən əsası isə silah gücünə hakimiyyətə gəlmək
ənənəsinə birdəfəlik son
qoyuldu. Ölkədə hakimiyyət
dəyişikliyinin yalnız demokratik
seçkilər vasitəsilə mümkünlüyünə
inam formalaşdı.
Əlbəttə
ki, bütün bunlara asanlıqla nail
olunmadı, bildiyimiz kimi,
həmin dövrdə bir sıra şəxslər
hərbi, mülki cinayətlərə
görə məsuliyyətə cəlb olundu,
bəziləri öz zərərli fəaliyyətinin
müqabilində məsuliyyətə cəlb
olunacaqlarını dərk edərək fəaliyyətlərini dondurdular. Bununla onlar məsuliyyətdən yayınmağa
çalışmaqla yanaşı, hakimiyyətə gələn
yeni qüvvələrin işini
sabotaj etməyi də
düşünürdülər. Bildiyimiz kimi,
fəaliyyətin dondurulması ordudan başlayaraq, bütün
sahələri əhatə edirdi. Özlərinə
məxsus silahlı dəstələri, hərbi texnikanı,
avadanlığı cəbhədən geriyə çəkməkdən
tutmuş, iqtisadi sabotajlara qədər müxtəlif üsullara əl atılırdı. Bununla onlar özlərinin
dövlətin maraqlarına zidd hərəkətlərinə
haqq qazandırmağa, həmçinin, cəmiyyətdə
yeni siyasi hakimiyyətin
ölkəni idarə edə bilməməsi təsəvvürünü
yaratmağa
çalışırdılar. Bu zaman bir sıra daxili və xarici faktorlar əlaqəli şəkildə fəaliyyət
göstərirdi.
Əlbəttə ki, bütün bunların
qarşısını almaq üçün çox ciddi siyasi iradə və güc lazım idi. Məhz Heydər Əliyev həmin dövrdə
istirahət bilmədən həm parlamentdəki fəaliyyətini,
həm Prezident kimi, həm
də Ali Baş Komandan kimi səlahiyyətlərini
həyata keçirməklə yanaşı, quruculuq
işlərinə, iqtisadi dirçəlişə,
əhalinin dövlət və milli
maraqların reallaşdırılmasına cəlb edilməsinə,
ictimai-siyasi sferada sabitliyin yaranmasına, hər kəsin qanun çərçivəsində fəaliyyətə
cəlb olunmasına yönəlmiş çox
geniş miqyaslı bir
fəaliyyət sərgiləyirdi. Görülən
işlər isə qısa müddətdə öz
nəticələrini verməyə başladı. Burada YAP-ın siyasi sferada sayca daha
çox, keyfiyyətcə daha
zəngin və Azərbaycan vətəndaşlarının
qabaqcıl hissəsindən ziyalı, siyasi
aktiv təbəqəsinin daha
çox cəmləşdiyi təşkilat kimi yeni bir siyasi
mədəniyyət, yeni davranış sərgiləməsi
də Azərbaycandakı siyasi
ab-havanın normallaşmasına gətirib çıxardı
və bu günə qədər də YAP
öz adından doğan
bir fəaliyyət sərgiləməkdədir.
Yəni, partiya tamamilə yeni, müasir standartlara uyğun,
dünyanın çağırışlarına cavab verə biləcək, ölkənin
qarşısında duran hədəflərə
yönələn bir siyasi
mövqe, mədəniyyət ortaya qoyurdu. Əlbəttə
ki, bu, digər ictimai-siyasi təşkilatları da fəaliyyətlərini buna uyğun qurmağa vadar edirdi.
Hesab edirəm ki, YAP-ın sədri kimi, Heydər Əliyevin siyasi
hakimiyyətinə qayıdışı və bu təşkilatın özünün
ölkənin bütün
regionlarındakı fəaliyyəti mövcud
imkanların bütün istiqamətlərdə
səfərbərlik işinə təkan verdi
və Azərbaycan öz potensialını dinc quruculuq işinə yönəldə bildi, xaosun, anarxiyanın,
tənəzzülün qarşısı alındı.
Artıq qısa müddət sonra, yəni
1994-1995-ci illərdə bir sıra sahələrdə
uğurların əldə olunmasının şahidiyik.
Bununla da, Azərbaycan
xalqının öz gücünə, bütün problemlərin öhdəsindən
gələ biləcəyinə inamı artdı. YAP isə Azərbaycanın
yeni siyasi tarixində öz yerini tutmağa başladı.
Bu
məqamda qeyd etmək istəyirəm ki, bütün bu tarixi vəzifələri
uğurla yerinə yetirən Ümummilli lider Heydər
Əliyev Azərbaycanı tənəzzüldən xilas edərək dirçəliş, tərəqqi
yoluna çıxardı. Ona
görə də elə bir an yoxdur ki,
biz Heydər Əliyev şəxsiyyətini xatırlamayaq, Onun əziz xatirəsini ehtiramla
yad etməyək. Bu gün də Yeni Azərbaycan
Partiyasını yaradaraq yeni
müstəqil Azərbaycanı qurub-yaradan
Ümummilli lider Heydər
Əliyevi minnətdarlıq hissi ilə yad edir, şəxsiyyəti
qarşısında baş əyirəm.
Eləcə də bu günün
dəyərini bilən hər kəsi Yeni
Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə təbrik
edir, partiyamıza Azərbaycanın ömrü qədər ömür
arzulayıram.
- Bahar
xanım, Yeni Azərbaycan Partiyası
hazırda Azərbaycan siyasi sisteminin lokomotiv, avanqard siyasi qüvvəsi
kimi çıxış edir
və öz sıralarında cəmiyyətin
bütün təbəqələrinin
nümayəndələrini birləşdirir.
Bütövlükdə, partiyanın yüksək nüfuzunu, ciddi sosial dəstəyini şərtləndirən
faktorlar haqqında nə deyə bilərsiniz?
- Ötən zaman ərzində vətəndaşların
yüksək etimadını qazanan Yeni Azərbaycan Partiyası hazırda
xalqın mütləq əksəriyyətinin dəstəyi ilə
fəaliyyət göstərir. Partiyanın gücü
yalnız onun sıralarında olan insanların sayı ilə ölçülmür.
Yeni Azərbaycan Partiyasının gücü bu gün Azərbaycanın milli
gücü, qüdrəti kimi
xarakterizə edilir. Xalqımızın
mütləq əksəriyyəti YAP-ın avanqard
rolunu, onun təkamül
yolu ilə ölkəmizi uğurdan-uğura
apardığını qəbul edir, bundan qürur duyaraq hər zaman ona dəstək verir.
Onu da qeyd
etmək istəyirəm ki, Azərbaycan cəmiyyətinin
bütün təbəqələrinin
nümayəndələri Yeni Azərbaycan
Partiyasının sıralarında fəaliyyət göstərirlər.
Partiyamızın nümayəndələri Ümummilli
lider Heydər Əliyevin müəyyənləşdirdiyi
Azərbaycanın inkişaf yoluna sədaqət nümayiş
etdirərək milli maraqlar
ətrafında sıx birləşiblər.
Təsadüfi deyil ki, Azərbaycan
ictimaiyyətinin birmənalı şəkildə dəstəklədiyi
Yeni Azərbaycan Partiyası bu zamana qədər
qatıldığı bütün
seçkilərdə qələbə qazanıb. Bələdiyyə,
parlament və prezident
seçkilərinin nəticələri, bütövlükdə,
YAP-ın üstün nüfuzunu,
xalqın bu partiyaya
inamını göstərən başlıca amillərdəndir.
Bu məqamda vurğulamaq
istəyirəm ki, YAP seçkidən
seçkiyə yeni texnologiyalar
və mexanizmlərlə gedir,
dünyanın qabaqcıl seçki təcrübəsini
Azərbaycana gətirməklə ölkəmizin öz təcrübəsini dünyaya
təqdim edir. Hazırki
reallıqlar göstərir ki, Azərbaycan
digər ölkələrin onilliklər ərzində keçdiyi yolu qısa
müddətdə keçib və mühüm nailiyyətlər əldə edərək
özünəməxsus milli inkişaf modeli
formalaşdırıb.
Bütövlükdə
hesab edirəm ki, Azərbaycan
siyasi sisteminin
aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti, əldə etdiyi nailiyyətlər hələ uzun illər müxtəlif
araşdırmaçıların tədqiqat obyekti
qismində çıxış edəcək. Bu istiqamətdə bundan sonra aparılacaq kompleks araşdırmalar, eyni
zamanda, Heydər Əliyev irsinin
öyrənilməsi və təbliği baxımından
müstəsna əhəmiyyət kəsb edəcək.
Əlbəttə,
sadalananlar təsadüfi deyil,
çünki məhz Ümummilli
lider Heydər Əliyevin müəyyənləşdirdiyi
strateji kursun Onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində Azərbaycan dinamik inkişaf edən, beynəlxalq arenada
etibarlı tərəfdaş kimi
tanınan bir dövlətə çevrilib.
Hazırda dünya ictimai-siyasi
sisteminin sütunları – dayaqları
sarsıldığı halda, Azərbaycan
milli təhlükəsizliyin etibarlı
şəkildə təmin olunduğu sabit ölkə qismində
çıxış edir. Buna
paralel olaraq
inkişafın Azərbaycan modeli dünya miqyasında öyrənilir və təqdir
olunur.
Bütün bunların fonunda Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın
yox, bütövlükdə, regionun ən güclü siyasi partiyalarındandır. Yüksək beynəlxalq
nüfuza malik olan YAP qlobal miqyasda öz dost və tərəfdaşlarının
sayını artırmaqla əməkdaşlıq dairəsini daha da genişləndirir.
- Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin hazırki səviyyəsi haqqında düşüncələrinizi bilmək istərdik...
- Əlbəttə,
Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər beynəlxalq
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Bununla yanaşı, ölkəmiz regional və qlobal miqyasda söz sahibinə çevrilib, beynəlxalq təşkilatlarda öz milli maraqlarına əsasən
uğurla təmsil olunur.
Təkcə bir faktı deyim ki, Azərbaycanın
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü kimi sərgilədiyi
fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən
155 ölkənin etimadının doğruldulması deməkdir.
Azərbaycan Təhlükəsizlik Şurasındakı fəaliyyəti
ilə humanizm dəyərlərinə,
dünyanın müxtəlif regionlarındakı
münaqişələrin aradan
qaldırılması üçün
göstərilən səylərə verdiyi
önəmi nümayiş etdirdi.
Bütün bunlar isə
onu göstərir ki,
Azərbaycan qlobal taleyüklü
məsələlərin həllində aktiv
iştirak edir və
yüksək beynəlxalq nüfuza malikdir. Eyni zamanda, Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti
onu göstərdi ki, müasir dövrdə böyük
və ya kiçikliyindən asılı olmayaraq, dövlətin qlobal
miqyasda mövcud
çağırışlara cavab vermək
iradəsi və iqtidarı əsas rol
oynayır. Əgər dövlət müstəqil siyasət
həyata keçirirsə, istənilən
çağırışa qarşı adekvat
reaksiya verə bilər. Azərbaycan bunu bir daha
nümayiş etdirirək beynəlxalq
münasibətlərin subyekti kimi müstəqil iradəyə sahib olduğunu növbəti
dəfə göstərdi.
Beləliklə, Azərbaycanın
müstəqil və səmərəli xarici
siyasətinin fonunda Yeni
Azərbaycan Partiyası da çoxşaxəli
beynəlxalq əlaqələrə malikdir.
YAP-ın beynəlxalq əlaqələri mütəmadi olaraq genişlənir və birmənalı
şəkildə dövlətin milli
maraqlarına xidmət edir.
Bütövlükdə, Yeni Azərbaycan
Partiyası bir neçə istiqamətdə
beynəlxalq əlaqələrini inkişaf
etdirir. Partiyamız həm Avropanın, həm
də Asiyanın müxtəlif siyasi təşkilatları
ilə geniş əməkdaşlıq
münasibətlərinə malikdir. Bu kontekstdə Mərkəzçi Beynəlxalq
Demokratlar Təşkilatı, Avropa Xalqları Partiyası ilə geniş əlaqələrə malik olan Yeni
Azərbaycan Partiyası həm də Asiya
Siyasi Partiyalarının Beynəlxalq
Konfransı (İCAPP) çərçivəsində səmərəli
fəaliyyət göstərir. Bundan başqa, YAP-ın təşəbbüsü
və təşkilatçılığı ilə ölkəmizdə
müxtəlif konfrans və forumların
keçirilməsi, partiyanın Gənclər Birliyinin
nümayəndələrinin Avropanın gənclər təşkilatlarının
müxtəlif forumlarında uğurla təmsil
olunmaları kimi amillər də çoxşaxəli
əməkdaşlıq əlaqələrinin inkişafına
mühüm töhfələr verir. YAP Qadınlar
Şurasının həm ölkədaxili, həm də beynəlxalq
qadın hərəkatının tərkib hissəsi kimi sərgilədiyi mövqe
isə təqdirəlayiqdir və hər bir
qadını fəal siyasi həyata daha da ruhlandırır.
Bütövlükdə,
sadalananlar onu göstərir
ki, Yeni Azərbaycan
Partiyası regionun və dünyanın
tanınmış, nüfuzlu siyasi partiyalarından biridir.
- Məlum olduğu kimi, dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq səviyyəsi necədir?
- YAP ölkəmizdə
keçirilən bütün seçkilərə
çox ciddi məsuliyyətlə
yanaşaraq möhtəşəm qələbələr
əldə edib. Partiyamız hər zaman olduğu kimi, bu seçkilərə
hazırlıq çərçivəsində də öz işini yüksək
səviyyədə qurub. Seçkilərə
hazırlıq seçki qanunvericiliyinə
müvafiq olaraq davam etdirilir. Bütün təşkilatı şəbəkə
- insani və siyasi resurslar bu seçkilərdə
də yüksək qələbənin əldə
olunmasına səfərbər olunub.
Partiyanın İcra Katibliyi
və İdarə Heyəti, eləcə də müvafiq rayon təşkilatlarının
toplantıları keçirilərək bələdiyyə
seçkilərinə hazırlıq məsələsi
müzakirə olunub, müvafiq
tapşırıqlar verilib.
Onu da qeyd
edim ki, bu seçkilərdə də qadınlar və
gənclərin yüksək fəallığının təmin
olunması nəzərdə tutulub. Bizim ümumi işimizdə
yerli özünüidarə
orqanlarında YAP üzvlərinin həm çəkisinin, həm
də iş keyfiyyətinin
artırılması əsas hədəfimizdir. Bu prosesdə qadınların, gənclərin
iştirakı da prioritet
məsələlərdən biridir. Biz bu dəfə də prosesi irəliyə aparmaq
üçün daha geniş fəaliyyət sərgiləməkdəyik.
Ümumilikdə
hesab edirəm ki, Azərbaycanın
iqtisadi inkişaf təcrübəsi,
özünəməxsus inkişaf modeli dünyanı ciddi
şəkildə maraqlandırdığı kimi
seçki sahəsində əldə olunan nailiyyətlərimiz də beynəlxalq
müstəvidə yüksək dəyərləndirilir. Bu təcrübə
başqaları üçün də
önəmli ola bilər. Biz
artıq dünyaya bu
istiqamətdə də öz təcrübəmizi
nümayiş etdirməkdəyik.
Nəticə etibarilə,
YAP budəfəki seçkilərə də gücünü
nümayiş etdirəcək və qalib çıxacaq. Fikrimcə,
həm seçilən nümayəndələrimizin sayı artacaq, həm onların içərisində
qadınların və gənclərin nümayəndələri
çox olacaq. Əlbəttə,
əsas hədəflərimizdən biri də
bələdiyyə qurumlarında daha çox sayda gənclərin
və qadınların rəhbər seçkilərində
qalib gəlməsinə nail
olmaqdır.
Bir sözlə, hər bir
vətəndaşımıza daha
yaxın olmaq, onun
problemlərinin daha yaxşı həlli yolunu tapmaq və
onların həyatının bir
parçası olmaq üçün
mümkün olan hər
şeyi edəcəyik. Buna
heç kimin
şübhəsi olmasın.
İki sahil.- 2014.- 21 noyabr.- S.10-11.