Horadiz şəhəri abadlaşır, inkişaf edir
Prezident İlham Əliyev: “Biz burada, düşmənlə üz-üzə Horadizdə bir gülüstan, bir abad şəhər görürük”
Son bir neçə ildə müasir infrastrukturların yaradılması, paytaxtın və eləcə də regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən 20-dən çox Dövlət proqramları imzalanıb. Onların bir çoxu artıq uğurla icra olunub və yüksək nəticələr mövcuddur. Artıq bu gün ölkə vətəndaşı məişət firavanlığı səviyyəsinə görə, Avropa ölkələri standartlarına uyğun bir həyat tərzi sürür. Xüsusən, davamlı qazı, işığı, suyu olan, hətta ən ucqar dağ rayonlarında belə müasir infrastrukturu qurulan ölkənin vətəndaş olmaq insanlarda xoş əhval-ruhiyyə yaradır.
Təbii ki, belə bir inkişaf tendensiyası cəbhə xəttində
yerləşən Füzuli rayonunda da mövcuddur.
Əslində, bu rayonun
davamlı abadlaşması, inkişaf etməsi
bir həyat tərzinə çevrilmişdir.
Xüsusən rayon rəhbərliyinin
işgüzarlığı və ciddiliyi
qədər də onun
sosiallığı da daim
diqqət çəkir. Bir mətbuat işçisi kimi mənim
daim izlədiyim informasiyalar
arasında rayon rəhbərliyinin sosial məsələlərə mühüm diqqət yetirməsi və bu istiqamətdə səmərəli, maarifləndirici
tədbirlər keçirməsidir. Elə məhz bu səbəbdəndir ki,
füzulililər, xüsusən də gənclər təşəbbüskarlıqları
və sosial-siyasi fəallıqları ilə
daim fərqlənirlər.
Füzuli rayonunun iqtisadi yüksəlişi davamlıdır. Burada sənayenin və kənd təsərrüfatının
inkişafı üçün sözün həqiqi mənasında geniş imkanlar
yaradılıb. Xüsusən ölkə
başçısı İlham
Əliyevin Füzuli rayonuna
mütəmadi səfərləri və burada
aparılan abadlıq-quruculuq işlərinin nəticəsi kimi böyük istehsalat, mədəni-maarif obyektlərinin
açılışlarında iştirak
etməsi rayonun inkişafına yeni sürət gətirir. Rayon İcra Hakimiyyətinin başçısı
Alı Alıyev bildirir ki,
hər bir füzulilinin
həyatında dərin iz buraxan
hadisələrdən də biri, bu il avqustun
28-də Prezident İlham
Əliyevin Füzuli rayonuna
növbəti səfəri zamanı, burada
görülən işlərlə, həyata keçirilən
infrastruktur layihələrlə
tanış olduqdan sonra
rayon ictimaiyyəti nümayəndələri
ilə keçirilən görüş olmuşdur. Qeyd edim ki, möhtərəm
ölkə başçımızın rayona
builki növbəti gəlişi cənab İlham Əliyevin füzulililərə böyük inamı, füzulililərin
Prezidentə böyük məhəbbəti
hesab olunmalıdır. Cənab Prezident görüşdə çox
möhtəşəm bir nitq
söyləyərək demişdir: “Bu mənim Füzuli rayonuna beşinci səfərimdir.
Hər dəfə burada olarkən yeniliklər
görürəm, ürəyim sevinir və
əldə edilmiş bütün
uğurlar münasibətilə Sizi ürəkdən təbrik edirəm. Demək
istəyirəm ki, füzulililəri çox sevirəm və çox
sevinirəm ki, Füzulidə indi bu qədər inkişaf var. Siz düşmənlə üz-üzə
yaşayırsınız, siz böyük cəsarət, mərdlik göstərirsiniz.
Biz burada, düşmənlə
üz-üzə Horadizdə bir gülüstan, bir abad şəhər görürük.
Getsinlər öz şəhərlərinə
baxsınlar. Bu gün
Horadiz abadlığına görə
onların paytaxtı olan qədim Azərbaycan
şəhəri İrəvandan bir
neçə dəfə üstündür.
Bu, reallıqdır. Bunu
hər kəs görür və görməlidir.
Azərbaycan ictimaiyyəti də bunu bilməlidir.”
Təbii ki, ölkə başçısı cənab
İlham Əliyevin bu
fikirləri biz füzulililəri olduqca sevindirir və gələcək
inkişaflar üçün
daha məsuliyyətli
olmağımızı tələb edir.
Qeyd edək ki, Prezident İlham Əliyev bu rayona sonuncu
səfərində 10 obyektin
açılışında iştirak etdi. Görülmüş
işlərlə tanış oldu və həyata
keçirilən abadlıq-quruculuq işlərindən məmnunluq
ifadə etdi. Ölkə
başçısının açılışını
etdiyi müəssisələrdən biri Horadiz tikiş
fabriki oldu. Fabrikdə
işçilərin fəaliyyəti üçün
hərtərəfli şərait yaradılıb. Müasir texnika və dəzgahların
quraşdırılması keyfiyyətli məhsul
istehsalına geniş imkanlar
açır. Bu fabrikdə ilkin dövrdə məktəbli
formalarının və hərbçi geyimlərinin
istehsalı həyata keçiriləcək. Məhsullar daxili bazara yönəldiləcək.
Təxmini hesablamalara görə müəssisənin
ilkin mərhələdə illik dövriyyəsi 2 milyon
manat təşkil edəcək. Fabrikdə
açılan yeni iş
yerlərinin sayı hazırda 100-ə çatır. Yaxın
gələcəkdə bu rəqəmin bir qədər də artırılması diqqət
mərkəzindədir.
Horadiz şəhərində 10 hektar ərazidə salınan Bayraq
meydanı da şəhərə gözəllik
verən digər bir layihədir. Bayraq Meydanından bütün
Horadiz şəhəri görünür.
Burada geniş
yaşıllaşdırma və abadlıq işləri görülüb. Meydana qalxmaq üçün sağ və sol tərəflərdə
hər biri 287 pillədən ibarət olan sütunlu pilləkən
tikilib. Əraziyə avtomobil
yolu çəkilib və dayanacaq
inşa olunub. Bayraq dirəyinin yerdən hündürlüyü
68 metrdir və demək olar
ki, bütün ətraf
ərazilərdən aydın görünür.
Meydanın əhəmiyyətini artıran mühüm
amillərdən biri də burada
3 istirahət guşəsinin yaradılmasıdır. Beləliklə,
Horadizdəki Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da öz möhtəşəmliyi
ilə diqqəti cəlb edir. Ölkə
başçısı rayona səfəri
zamanı Bayraq meydanında olaraq oradan Horadiz
şəhərinin gözəlliyini seyr etmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində inşa
olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının
açılışında iştirak edib. Həmçinin ölkə
başçısı Horadizdə işğal
zamanı dağıdılmış 227 evin
və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində
iştirak edib.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində
ciddi ziyan görən
Horadiz şəhərinin yenidən
qurulması, burada geniş abadlıq-bərpa tədbirlərinin
həyata keçirilməsi istiqamətində son
illərdə bir çox
mühüm işlər görülüb.
Şəhərin simasının daha da gözəlləşdirilməsi istiqamətində
həyata keçirilən layihələr bu
gün də davam etdirilir. Müharibə zamanı
dağıntılara məruz qalan şəhərdə
quruculuq işləri geniş
vüsət alıb, yeni evlər tikilib. Bu sırada 227 evin və çoxmənzilli 3 binanın bərpasından
sonra istifadəyə verilməsi də mühüm əhəmiyyət
daşıyır. Bu cür
tədbirlər Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin
həyata keçirdiyi siyasətin mərkəzində
insan amilinin durduğuna daha bir əyani misaldır. Bundan
əlavə, “Mən hər bir azərbaycanlının
Prezidenti olacağam”
deyən dövlət başçısının fəaliyyətinin
real nəticələridir. Bu layihələr Azərbaycan dövlətinin
ilk növbədə, cəbhə xəttində
yaşayan vətəndaşların sosial-rifah halının və mənzil-məişət
şəraitinin yaxşılaşdırılması naminə
gördüyü işlər
sırasındandır. Bu, həm də Azərbaycanın
iqtisadi gücünü
və potensialını nümayiş etdirir.
Qeyd edək ki, Horadiz
şəhərində erməni işğalı zamanı
yandırılmış və dağıdılmış 227
evin və çoxmənzilli 3 binanın bərpa
edilməsi məqsədi ilə Prezident İlham Əliyevin müvafiq
Sərəncamı ilə Füzuli rayon İcra Hakimiyyətinə
2013-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait
ayrılıb. Yüksək keyfiyyətlə və müasir tikinti
normaları nəzərə alınmaqla həyata keçirilən
inşaat işləri zamanı evlərin
hamısı tam bərpa edilib.
Mənzillərin hamısı kommunal infrastrukturla təmin olunub,
insanların rahat yaşamaları üçün hər cür
şərait yaradılıb. Bütün bunlar da bir daha göstərir ki, Prezident İlham
Əliyevin bu sahədəki fəaliyyəti
çətin sınaqlardan çıxan füzulilərdə
sabaha ümid
yaradıb, dövlət başçısının hər zaman onların yanında olduğunu
təsdiqləyib. Yol mədəniyyətdir
sözlərinə istinad etsək bu istiqamtdə Füzuli rayonunda böyük işlər
görülüb. Belə ki,
Prezident bu il Əhmədalılar- Mollaməhərrəmli-Arayatlı-Babı
kəndlərarası avtomobil yolunun açılışında iştirak etmişdir. Bu yol Prezident
İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı Sərəncama
əsasən tikilib. 2013-cü və
2014-cü illərin dövlət büdcələrindən
ayrılan müvafiq vəsait hesabına bu yolun ümumi
uzunluğu 32 kilometrdən çoxdur.
Eni 8 metr olan yol 4-cü texniki dərəcəlidir. Yol
üzərində 28 su keçidi
yerləşir. Kəndlərarası avtomobil
yolunun əhəmiyyətini artıran ən
mühüm amil onun 13 yaşayış məntəqəsini
birləşdirməsidir. Uzun illər bu sarıdan əziyyət çəkən həmin
kəndlərin əhalisi artıq müasir
standartlara uyğun yoldan istifadə edə biləcəklər.
Dövlətimizin
başçısı yolun rəmzi
açılışını bildirən lenti
kəsmişdir.
Füzulinin Tarix-Diyarşünaslıq Muzeyi indi Qafqazda
ən zəngin tarixi eksponatları ilə
zəngin mədənyyət obyektidir. Heydər
Əliyev Fondunun təşəbbüsü
ilə tikilən bu muzeydə İbtidai dövr, Tunc dövrü, Orta əsrlər, Yeni və
Ən yeni dövrlərə aid bölmələr var. Xüsusi memarlıq üslubunda
tikilən bina bütün
lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub. Muzey 1981-ci ildə
yaradılıb. 1993-cü ildə Qarabağ
müharibəsinin gedişində muzeyin 7
mindən çox eksponatı rayondan çıxarılaraq Bakıdakı “İstiqlal” muzeyində saxlanılıb. Mədəniyyət
və Turizm Nazirliyi
toplanmış çoxsaylı eksponatların tarixi
əhəmiyyətini nəzərə alaraq
2006-cı ildə rayonun Bala
Bəhmənli kəndində Füzuli
Tarix-Diyarşünaslıq muzeyinin
filialını açıb. Hazırda filialın fondunda xalqımızın qədim tarixinin və dövlətçilik ənənələrinin
müxtəlif dövrlərinə işıq salan
1000-ə yaxın eksponat var.
Muzeydə Azıx mağarasının maketi
və ibtidai dövrdə istifadə olunan məişət və əmək alətləri
nümayiş etdirilir.
Horadiz şəhərinə füsunkar
gözəllik verən digər bina rayon İcra Hakimiyyətinin
binasıdır. Foyesində ümummilli lider Heydər Əliyevin büstü
qoyulan binada Ulu Öndərin və Prezident
İlham Əliyevin ölkəmizin tərəqqisi
naminə çoxşaxəli fəaliyyətlərini əks
etdirən fotoguşələr yaradılıb. Fotoguşələrdə
ümummilli lider Heydər
Əliyevin və Prezident İlham
Əliyevin Füzuli rayonunda
müxtəlif illərdə keçirilən tədbirlərdə
iştirakını əks etdirən şəkillər böyük maraq doğurur.
Prezident İlham Əliyevin “Azərbaycan
Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında 27 fevral 2014-cü il tarixli 118 ¹-li Fərmanına
uyğun olaraq Füzuli rayonunda bir sıra tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki,
Dövlət Proqramında rayonda cins heyvandarlıq, taxılçılıq, üzümçülük, tərəvəzçilik,
meyvəçilik, toxumçuluq, tingçilik sahələrinin inkişafı, iri taxılçılıq təsərrüfatlarının
yaradılması, kənd təsərrüfatı
istehsalının inkişafına xidmət
edən infrastrukturun maddi-texniki
bazasının möhkəmləndirilməsi,
yaşayış məntəqələrində modul tipli su
təmizləyici qurğuların quraşdırılması, rayon ərazisində kəndarası
yolların tikintisinin, yenidən
qurulmasının davam etdirilməsi, elektrik enerjisi təminatının
yaxşılaşdırılması sahəsində
işlərin davam etdirilməsi, istilik təchizatının
yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, qaz təchizatının
yaxşılaşdırılması, rabitə və informasiya xidmətlərinin
yaxşılaşdırılması, torpaqların su təminatının
yaxşılaşdırılması üçün
meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi, 20 ədəd artezian quyusunun
qazılması, Horadiz şəhərinin
müfəssəl planının hazırlanması,
abadlıq-quruculuq işlərinin davam
etdirilməsi, səhiyyə müəssisələrinin əsaslı
təmiri və tikintisi sahəsində
işlərin həyata keçirilməsi, mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi və tarix-mədəniyyət abidələrinin
bərpası sahəsində işlərin aparılması,
idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və
tikintisi sahəsində işlərin davam etdirilməsi, təhsil müəssisələrinin
əsaslı təmiri və tikintisi sahəsində
işlərin aparılması nəzərdə tutulmuşdur. Dövlət Proqramının qəbul
olunmasından 8 aya yaxın qısa
müddət keçməsinə baxmayaraq
Füzuli rayonu üzrə
icrası nəzərdə tutulan tədbirlərin
yerinə yetirilməsinə başlanmışdır və uğurla davam etdirilir.
Bu il rayonun
taxılçılıq sahəsində uğurları ürəkaçandır.
30 min hektar sahənin
məhsulu nəzərdə tutulmuş
müddətdə biçilərək 90 min
tona yaxın taxıl əldə edilmişdir. Qeyd edək ki, ölkə
başçısının
taxılçılığın inkişafına dair göstərişindən sonra
rayonda 300 hektar sahədə
məhsuldar toxumluq təsərrüfatı
yaradılmışdır və həmin sahələrdən
60 sentnerə yaxın taxıl götürülmüşdür.
Rayonda heyvandarlıq məhsulları
istehsalı da dinamik inkişaf etdirilir.
Hazırda rayonda 31622 baş
qaramal, 115490 baş qoyun-quzu, 407190 min baş ev quşları
vardır. Cari ilin 9
ayı ərzində heyvandarlıq məhsulları
istehsalında yenə dinamik inkişafa nail olunmuş, 3489 ton ət,
13473 ton süd, 5840 milyon ədəd yumurta,
152 ton yun istehsal edilmişdir. Bunlar isə öz növbəsində
əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə xeyli çoxdur. Başqa kənd təsərrüfatı məhsulları
istehsalında da nəticələrimizin
yüksək olacağı proqnozlaşdırılır.
Rayonda sahibkarlığın inkişafına ciddi fikir verilir.
Son 3 ildə
iş adamlarına yaradılmış
şərait nəticəsində Əhmədbəyli kəndi
ərazisində 5 min ton
kənd təsərrüfatı məhsulları saxlayan Soyuducu anbar kompleksi, ildə 2,5-3 min ton quş
əti istehsal edən “Qarabağ-Broyler”
MMC fəaliyyətə başlamış, müasir
üslubda Qarabağ
Ailəvi İstirahət Mərkəzi, bir
neçə şadlıq evləri tikilərək istifadəyə
verilmişdir. Heyvandarlığın
aparıcı sahə olduğunu nəzərə
alaraq ölkə
başçısının tapşırıqlarına uyğun olaraq iş adamları rayonun
Haramı adlanan hissəsində 5000 baş ətlik və südlük
heyvandarlıq kompleksi və sutkada ilk növbədə
10 ton süd qəbul
edəcək zavodun tikintisini
sürətlə davam etdirirlər. Rayonun Üçüncü
Zobucuq qəsəbəsində gündə
40 ton çörək-un məmulatları
istehsal edən zavodun
istifadəyə verilməsinə az
qalmışdır. Dövlət Proqramına uyğun
olaraq rayonun içməli
və suvarma suyuna ehtiyac olan
yaşayış məntəqələrində 20 ədəd
artezian quyusu
qazılmasına yaxın günlərdə
başlanacaqdır. Bunun nəticəsində
mövcud problemlər həll olunacaqdır.
Prezident İlham Əliyevin
tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayona təbii qaz çəkilişi
sürətlə davam etdirilir.
İndiyədək 29 yaşayış məntəqəsində
əhali təbii qazdan istifadə edir. Bu ilin sonunadək rayonun
39 yaşayış məntəqəsinin hamısında əhali
təbii qazdan istifadə edəcəkdir.
Ölkə başçısının Sərəncamına
uyğun olaraq rayonun 13 yaşayış məntəqəsinin
- Qarabağ-Əhmədbəyli-Böyük Bəhmənli-Kərimbəyli-Arayatılı-Qazaxlar-Mirzənağılı
kəndlərinin yararsız vəziyyətdə olan 34,6 kilometrlik
yolları əsaslı bərpa olunmuşdur.
Yaxın vaxtlarda Qayıdış qəsəbələrinin
yolları da bərpa olunacaqdır.
Dövlət Proqramına uyğun olaraq rayonda təhsil və
səhiyyənin inkişafı da diqqət
mərkəzindədir. Hazırda Qazaxlar kəndində
tam orta məktəb,
Əhmədbəyli kəndində musiqi təmayüllü
gimnaziya binaları tikilir.
Heydər Əliyev Fondunun dəstəyi ilə
Horadiz şəhərində 100 yerlik, Bala Bəhmənli kəndində
60 yerlik uşaq
bağçaları tikilmişdir. Böyük Bəhmənli kənd xəstəxanası
üçün 15 çarpayılıq
yardımçı binalar tikilməkdədir.
Mədəniyyət müəssisələrinin bərpası
və yenilərinin tikintisi də nəzərdə
tutulmuşdur. Dövlət
Proqramının tələblərinə uyğun
olaraq rayon ərazisindəki
qəzalı vəziyyətdə olan ictimai binalarda, yol kənarlarında, yataqlarda
məskunlaşmış 721 ailə üçün
yeni qəsəbə salınmasına
yaxın günlərdə başlanacaqdır.
Qeyd edək ki, rayon İcra Hakimiyyətinin
başçısı Alı Alıyev sakinlərlə yerlərdəki
davamlı görüşləri icra
aparatı ilə vətəndaşlar arasındakı
etimadı və inamı artırmışdır. Belə ki, bu ilin
doqquz ayında rayon icra hakimiyyətinin başçısı tərəfindən
kənd və qəsəbələrdə müntəzəm olaraq səyyar qəbullar keçirilmişdir.
Keçirilən onlarla səyyar qəbul-görüşlərdə
4 mindən çox sakin
iştirak etmişdir.
Onların bir çox
xahiş və istəkləri problemləri
həll edilmişdir. Hazırda Horadiz şəhərində abadlıq işləri
davam etdirilir, şəhərin
küçə və prospektləri tamet
daşlarla üzlənilir,
yaşıllıq ərazilərinin həcmi genişlənir,
müasir tipli park və istirahət yerləri
yaradılır. Rayon rəhbərliyi bir qayda olaraq
şəhid ailələrinə, Qarabağ
əlillərinə, ərazidə fəaliyyət göstərən
hərbi hissələrin əsgər və zabitlərinə
qayğı və diqqətlə yanaşır, onlara imkan daxilində
köməklik göstərir. Vətəndaşların ərizə,
şikayət və müraciətlərinə
baxılması və gecikdirilmədən həll edilməsi məsələləri
də daim diqqətdə saxlanılır.
Sonda: şəxsi qənaətimə görə,
rayonun abadlaşması, sakinlərin
sosial-məişət rahatlığının təmin
olunması rayon rəhbərliyinin
işgüzarlığından, onun təşkilatçılığından
və dövlətə, onun rəhbərinə
sədaqətindən qaynaqlanır. Eyni zamanda, məmurun vətən qarşısında
məsuliyliyət və vicdan borcu da daim
öndə olanda bu
işlərin rəvanlığı daimi
olur. Bu mənada, mən Füzuli rayonunda gedən böyük
abadlıq və quruculuq işlərinin genişliyini və səmərəliliyini, eyni zamanda, rayon
rəhbərliyinin şəxsi işgüzarlığında
görürəm. Çünki Prezident İlham
Əliyevin ölkə vətəndaşlarına diqqət və
qayğısının rayonlarda
yüksək səviyyədə təzahür tapmasında məhz
yerli məmurların iş
bacarığı mühüm rol oynayır. Bütün bunlara rəğmən demək
olar ki, cəbhə xəttindəki
bütün təhlükələrə baxmayaraq füzulilər ölkəmizin gələcəyinə,
Prezident İlham
Əliyevin siyasi kursuna
sədaqətlidirlər və ölkəmizin bundan
sonra da
inkişafına əmindirlər.
Elçin Zaman
İki sahil.- 2014.- 28 noyabr.- S.8; 17.