“SAĞLAM AİLƏ -
SAĞLAM CƏMİYYƏT”
Sağlam cəmiyyətin
əsasında sağlam ailə, sağlam ailənin əsasında
isə sağlam uşaq durur.
Əsrlər boyu
dünyada insanların həyatına zərər gətirə
bilən xəstəliklər, müharibələr və digər
dağıdıcı, məhvedici cərəyanların
çoxu insanların özü tərəfindən
yaradılırdı. Onların arasında XX və XXI əsirlərdə
ən çox inkişaf etmiş virus, xəstəlik və
asılılıq yaradan narkotiklərdir. Bu virus-xəstəlik
bütün dünya dövlətlərini əhatə edib.
Azərbaycanda narkotiklərlə
mübarizə koordinasiya şəklində bütün sahələri
əhatə edir.
Son illər milli
qanunvericilikdə aparılan dəyişikliklər, beynəlxalq
idman tədbirlərinin keçirilməsi və maarifləndirmə
işlərinin gücləndirilməsi narkomaniya ilə
mübarizəni respublikada gücləndirib. “Sağlam Ailə
- Sağlam Cəmiyyət” şüarı ilə ölkədə
narkomaniya ilə mübarizə sahəsində bir neçə
beynəlxalq konfranslar keçirilib.
Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi dövlətin ailə
siyasətinin möhkəmləndirilməsi, qadın və
uşaq hüquqlarının müdafiəsi sahələri
üzrə tədbirlərin gücləndirilməsi məqsədilə
narkomaniya, insan alveri, erkən nikah, məişət
zorakılığı, uşaq əməyi, baxımsız və
küçə uşaqları, selektiv abortlarla və digər
problemlərlə mübarizəni mütəmadi olaraq
aparır. Əhalini məlumatlandırmaq məqsədilə
Komitə narkomaniya və onun fəsadları haqqında
artıq bir neçə maarifləndirmə kampaniyası da
keçirib.
2006-2014-cü illər
ərzində rayonlarda və şəhərlərdə orta və
ali təhsil ocaqlarında, rayon icra hakimiyyətlərində,
hərbi hissələrdə və ümumiyyətlə cəmiyyətdə
xüsusi konfranslar, dəyirmi masalar və maarifləndirmə
tədbirləri keçirilib və davam etdirilir
(“Narkomanlıq ağ ölümdür” mövzusunda
elmi-praktiki konfrans, “Gənclər narkotiklərin əleyhinədir”
dəyirmi masa, “Narkomaniya İİV/QİÇS-in fəsadları”
mövzusunda mühazirələr, “Sağlam həyat -
sağlam gələcəkdir” adlı tədbir, “Cənubi
Qafqazda Gənclər Üçün Reproduktiv
Sağlamlıq Təşəbbüsü” adlı Milli
Konfrans, “Gənclər narkotiklərə yox deyir” mövzusunda
elmi-praktik konfranslar və digərləri).
Mütəmadi olaraq
Komitə tərəfindən müxtəlif maarifləndirmə
xarakterli bukletlər, kitabçalar (“Özünüzü və
yaxınlarınızı qoruyun”, “Reproduktiv sağlamlıq”,
“Nikahdan əvvəl tibbi müayinə”, “QİÇS
sağalmaz xəstəlikdir”, “Sağlam həyat tərzi”, “Biz
narkotiklərə yox deyirik”, “Reproduktiv sağlamlıq və
nikahdan əvvəl tibbi müayinə”, “QİÇS analizini
ver! Riski sıfıra endir!”, “Biz narkotiklərə YOX
deyirik”,”Narkotiksiz həyat. Sağlamlığın öz əlindədir”)
çap olunmuşdur.
Tədbirlərdə
Dövlət Proqramları çərçivəsində
narkomaniya, HIV/QİÇS xəstəliyinin
qarşısının alınması, insan alverinin
profilaktikası, sağlam həyat tərzinin təbliği
mövzusunda maarifləndirmə işləri
aparılmış, qeyd edilən məsələlərlə
bağlı “HIV/AİDS: Növbəti qurbanı sən olma”,
“Günəş şəhəri”, “Hədəf”, “Yuxu
yaddaşı”, “Affekt”, “İşıqlı zülmət”
adlı qısametrajlı filmlər nümayiş
etdirilmişdi.
24 iyun 2013-cü il
tarixində Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə və narkomanlığa
qarşı mübarizəyə dair 2013-2018-ci illər
üçün Dövlət Proqramı” təsdiq
edilmişdir. Dövlət Proqramına əsasən Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Xarici İşlər Nazirliyi və digər aidiyyəti
orqanlar tərəfindən “Narkomanlığa düçar
olmuş uşaqların və qadınların ailədə və
cəmiyyətdə hüquqlarının müdafiəsi”
mövzusunda beynəlxalq konfransın keçirilməsi tədbiri
əks olunub.
Cari ilin 8 dekabr tarixində
ölkədə beynəlxalq ekspertlərin iştirakı ilə
“Narkomanlığa düçar olmuş uşaqların və
qadınların ailədə və cəmiyyətdə
hüquqlarının müdafiəsi” mövzusunda konfrans
keçiriləcək. Bu fakt Azərbaycan Hökumətinin
sağlam cəmiyyətin formalaşmasına mühüm
addımlar atdığını təsdiq edir.
Son illərdə
ölkədə uşaq hüquqlarının müdafiəsi,
ailə siyasətinin möhkəmləndirilməsi sahəsində
əldə olunan nailiyyətlərə əsasən öz təcrübəsilə
dünyanın çoxlu dövlətləri üçün
bir nümunəyə çevrilmişdir. Əsasən də
ölkədə qanunvericilik sahəsində aparılan
islahatlar və tənzimlənmə Avropa və Asiya ölkələri
tərəfindən öyrənilir. Dünyada narkomaniya ilə
mübarizə bütün dövlətlərdə
aparılır. Narkotik vasitələrin
satışının və yayılmasının
qarşısının alınması bütün dünyada
koordinasiya şəklində həyata keçirilir.
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən
narkotiklə mübarizə, onun insan üçün zərərləri
barədə maarifləndirmə materialları çap edilir,
təlimlər mütəmadi olaraq keçirilir. Eyni zamanda,
Komitə tərəfindən yerli media orqanları ilə
işlər aparılır və narkomaniyanın mənfi təsirləri
ilə bağlı informasiya geniş yayılır. Dövlət
Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin
fəaliyyəti çərçivəsində yeniyetmə və
gənclərin asudə vaxtlarının səmərəli təşkili
və maarifləndirilməsi məqsədilə
vaxtaşırı təlimlər, tədbirlər təşkili
olunur.
Uşaq və
qadın hüquqlarının müdafiəsi, ailənin normal
inkişafına və sağlamlığına mənfi təsir
göstərən hallardan və narkomaniya kimi zərərli vərdişlərdən
qorunması məqsədi ilə qaçqın və məcburi
köçkün məktəblərində, yetkinlik
yaşına çatmayanlar üçün tərbiyə
müəssisələrində maarifləndirmə
kampaniyası keçirilmişdir. Kampaniyalar çərçivəsində
nazirliklər, rayon İcra Hakimiyyətlərinin Yetkinlik
Yaşına Çatmayanların İşləri və
Hüquqlarının Müdafiəsi üzrə
Komissiyaları, rayon Polis idarələrinin yetkinlik
yaşına çatmayanlarla işləyən inspektorları,
rayon Vətəndaş Vəziyyətləri Aktlarının
Dövlət Qeydiyyatı idarələrinin, müvafiq QHT-lərin
nümayəndələri, o cümlədən məktəblərin
nəzdində Valideyn-Müəllim Assosiasiyası rəhbərləri,
məktəb psixoloqları da cəlb olunmaqla müvafiq tədbirlər
keçirilmişdir.
Yeniyetmələrin
cinsi və reproduktiv sağlamlıq və
hüquqlarının təmin edilməsi, onlara sağlam həyat
tərzinin aşılanması, narkomaniya və
tütünün mənfi təsirləri barədə məlumatlandırılma
ilə bağlı qeyri-hökumət orqanlarının səmərəli
fəaliyyətinin təşkili və geniş ictimaiyyətin
bu sahədə bilik və maraq dairəsinin genişləndirilməsi
məqsədilə BMT-nin Əhali Fondu ilə birgə “Cənubi
Qafqazda Gənclərin Reproduktiv Sağlamlıq Təşəbbüsü”
adlı layihə həyata keçirmişdir.
Son 10 ildə Azərbaycanda
dövlət tərəfindən aparılan islahatlara əsasən
erkən nikahların, məişət
zorakılığının, uşaq alverinin
qarşısının alınmasında və narkomaniya ilə
mübarizə sahələrində uğurlara nail
olunmuşdu.
Azərbaycan
Uşaqlarının I (2009), II (2011), III (2014)
Forumlarının keçirilməsi uşaqların maraqlarını
və fikirlərini nəzərə alaraq sağlam şəraitin
yaradılmasına istiqamətləndirilmişdir. Forumlarda
lider uşaqların formalaşdırılması məqsədilə
xüsusi təlimlər keçirilir.
Sağlam ailədə
sağlam uşağın böyüməsi məqsədilə
Azərbaycanda qeyri-hökumət təşkilatları tərəfindən
görülən işlər mühüm yer tutur. Yeniyetmə
və gənclər arasında narkomanlığın zərərinin
təbliği və bu barədə gənclərin maarifləndirilməsi
işinə qeyri-hökumət təşkilatları cəlb
edilir (Uşaq Hüquqları üzrə Azərbaycan QHT
Alyansı, Azərbaycan Psixiatriya Assosiasiyası, “Nur” Uşaq və
Gənclərin İctimai Birliyi və digərləri).
Heydər Əliyev
Fondunun Prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda öz
peşəkar və ictimai fəaliyyəti ilə, yorulmaz əməyi,
hər bir problemə dərin insani və həssas münasibətilə
hamı üçün təkrarsız örnəkdir. Komitə
tərəfindən artıq 6-cı ildir ki, Heydər
Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə layihəsi
çərçivəsində “Azərbaycan ailəsi”
adlı film festivalı keçirilir. Film festivalının əsas
məqsədi kinematoqrafiyanın vasitəsilə Azərbaycan
gənclərinin sağlam ruhda tərbiyələndirilməsi,
ailə dəyərlərinin qorunub-saxlanılması və cəmiyyətdə
mövcud olan problemlərin kinematoqrafiyanın köməyi ilə
işıqlandırılmasıdır. Festivalda
narkomaniyanın gətirdiyi faciəsindən bəhs edən
filmlər də iştirak etmişdir.
Narkomaniya ilə
mübarizədə ailənin və həssas təbəqənin
müdafiəsi məqsədilə bir neçə istiqamətlər
üzrə ölkədə işlər davam etdirilir.
2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə yeni “Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsinə və
narkomanlığa qarşı mübarizəyə dair
2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq
edilmişdir. Proqrama əsasən narkotiklərdən zərər
çəkmiş uşaqların fərdi
reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının
həyata keçirilməsi, şəhər və rayonlarda
asudə vaxtın təşkili məsələlərinə
diqqətin artırılması, gənclər evlərinin,
idman, mədəniyyət, incəsənət müəssisələrinin,
ailələrə və uşaqlara dəstək mərkəzlərinin
fəaliyyətinin gücləndirilməsi, uşaq və
yeniyetmələrin belə müəssisələrə cəlb
olunması və digər tədbirlər nəzərdə
tutulub.
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən
uşaqlara və qadınlara narkotik prekursorların, vasitələrin
satışının, istifadəsinin
qarşısının alınması və asudə vaxtlarının
yararlı keçirilməsi məqsədilə internet
resursları vasitəsilə maarifləndirmə tədbirləri
davam etdirilir. Komitə narkomaniyaya qarşı mübarizə tədbirlərinin
“sağlam ailə-sağlam dövlət” maarifləndirmə
kampaniyası çərçivəsində vacib tədbirləri
həyata keçirir.
Elektron formada maarifləndirci
nəşriyyat vasitələrinin və sosial mövzuda
videoların Komitənin veb səhifəsində
(http://scfwca.gov.az/) və sosial şəbəkədə
(https://www.facebook.com/AilQadinVUsaqProblemlriUzrDovltKomitsi?ref=hl)
mütəmadi olaraq yerləşdirilməsi həyata
keçirilir. Narkotik prekursorların, vasitələrin
uşaqlara və qadınlara ziyanı haqqında məlumatlar
Komitənin internet səhifələrində əks etdirilir.
Komitənin veb səhifəsi
və sosial şəbəkələrdə mütəmadi
olaraq narkotik və psixotrop maddələrdən istifadə səbəbləri
və onların qanunsuz dövriyyəsinin
qarşısının alınması mövzusunda elektron
sorğular və statistik nəticələrə əsasən
analitik təhlillər aparılır.
2013-2014-cü illər
ərzində yalnız Komitənin veb və sosial şəbəkələri
vasitəsilə uşaq və qadın hüquqlarının
müdafiəsi, ailə siyasəti, sağlam həyat,
narkomaniya və insan alveri ilə mübarizə, reproduktiv
sağlamlıq sahələrində 300.000-dən çox əhali
maarifləndirmə məlumatlarını almışdır.
Bu gün narkomaniyadan
və zorakılıqdan zərər çəkmiş
uşaqlara yardımın edilməsi, reabilitasiyanın
keçməsi və cəmiyyətə reinteqrasiyası əsas
istiqamətlərdən biridir. Reabilitasiya prosesi özündə
psixoloji, hüquqi, tibbi yardımı əks etdirir. Eyni zamanda,
araşdırma nəticəsində müəyyən edilsə
ki, zorakılıqdan zərər çəkmiş uşaqlar
valideyn qayğısı ilə əhatə edilmirdi, onda bu
valideynin vəzifələrini yerinə yetirməməsi təsdiqlənir.
Həmin faktlar aşkar edilərsə valideyn
hüquqlarından məhdudlaşdırma və ya məhrumetməyə
gətirə bilər. Ancaq İnzibati Xətalar və Cinayət
məcəllələrində valideyn məsuliyyətini əks
edən müddəaları əlavə etsək, problemin həllindən
çıxış yolunu tapa bilərik.
Cəmiyyətdə
sağlam ailə nümunəsinin təşviqini gücləndirmək
məqsədilə maarifləndirmə işləri davam
etdirilməlidir. Bu gün uşaqların narkomaniyadan
yayınması məqsədilə valideyn məsuliyyətinin
artırılması məsələsi gündəmə gəlib.
Məktəblərdə, ümumiyyətlə bütün təhsil
ocaqlarında narkomaniya ilə mübarizə məqsədilə
xüsusi qabaqlayıcı tədbirlər həyata
keçirilməlidir. Yuxarıda əks olunan təkliflərin
icrası ölkədə narkotiklərlə mübarizənin
effektivliyini artıracaq.
Elgün Səfərov,
Hüquq elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin
İnformasiya
və analitik araşdırmalar şöbəsinin müdiri
İki
sahil.- 2014.- 29 noyabr.- S.21.