Azərbaycanda Dünya

Turizm Günü qeyd edilir

 

Bu gün “Ümumdünya Turizm Günü”nə həsr olunmuş konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Turizm marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şixəmmədov, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin, həmçinin turizm sənayesində fəaliyyət göstərən özəl sektorların nümayəndələri, media mənsubları və başqaları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sahəsində görülən işlərdən, əldə olunmuş uğurlardan söz açıb: “2001-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Ümumdünya Turizm sahəsinə üzv kimi daxil olduq. Bu gün bu möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi cənab prezidentimiz İlham Əliyevin dəstəyi ilə turizmin keçdiyi inkişaf yolunun nəticəsidir. Həmçinin, Azərbaycanda turizm sahəsində illərcə işləyən, bu sahənin inkişafında əməyi keçən fədakar insanlara da minnətdaram. 2012-ci ildə ölkəmizə 2 milyondan çox turist gəlib. Bu ilin yarım ayı ərzində isə 1 milyon 200 mindən çox insan Azərbaycana səfər edib”.

Nəzərinizə çatdıraq ki, tədbir çərçivəsində son 10 ildə ölkədə turizmə göstərilən dövlət qayğısından bəhs edən “Azerbaijan review” jurnalının təqdimatı, Avropa İttifaqının “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsinin “Nailiyyətlər və perspektivlər” mövzusunda təqdimatı keçirilib. Bununla yanaşı, “Fəxri Turizm İşçisidöş nişanı və “Fəxri Fərman” ilə təltiflər, həmçinin Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən həyata keçirilən “4-cü Milli Turizm” layihəsi çərçivəsində müxtəlif nominasiyalar üzrə qaliblərə mükafatlar təqdim olunub.

Qeyd edək ki, “Ümumdünya turizm gününün qeyd olunması münasibətilə bu gün saat 10:00-dan başlayaraq Mədəniyyət və Turzim Nazirliyinin və “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə bir günlük pulsuz giriş (açıq qapı) elan olunub.

 

İki sahil.- 2014.- 27 sentyabr.- S.30.