XXI əsrin epidemiyası-piylənmə
Müxtəlif səbəblərdən insan orqanizmində əlavə piy toxumalarının yığılması ilə nəticələnən piylənmə müasir dövrün ciddi tibbi-sosial və iqtisadi problemlərindən biridir.
Piylənmənin
aktuallığı ilk növbədə onun daha geniş
yayılması ilə əlaqədardır. Ümumdünya
Səhiyyə Təşkilatı (ÜST) piylənməni “XXI
əsrin epidemiyası” adlandırıb. Hal-hazırda Yer kürəsi əhalisinin 7%-i həddindən
artıq köklükdən əziyyət çəkir və
onların 20 milyonu 5 yaşa
qədər olan uşaqlardır. ÜST-nin məlumatlarına
görə Qərbi Avropa ölkələrinin
əksəriyyətində yaşlı əhalinin 9-20%-i piylənmə
və 25%-dən çoxunda artıq bədən
çəkisi, ABŞ-da isə müvafiq olaraq 25 və
50%, Azərbaycanda isə əmək qabiliyyətli
insanların orta hesabla
30-40%-i artıq çəkiyə malikdir.
ÜST ekspertləri tərəfindən
xəstəliyin hal-hazırkı inkişaf
tempinin saxlanıldığı halda 2025-ci ilə kimi dünyada piylənmədən əziyyət
çəkən insanların sayının bir
qədər də artacağı planlaşdırılır.
Piylənmə çox vaxt
ağır patologiyalarla müşahidə
olunaraq həyat müddətini
qısaldır, onun keyfiyyətinin pisləşməsinə
səbəb olur. Müxtəlif ölkələrdə
piylənmə və artıq çəkinin
yaratdığı xəstəliklərin müalicəsinə
çəkilən xərc bütövlükdə səhiyyə
sisteminə ayrılan vəsaitin 8-10%-ni təşkil edir.
Piylənmə
diaqnozunun qoyulması və dərəcəsinin
təyin olunması üçün bədən
çəkisi indeksi adlanan
termindən istifadə olunur və bunu hər bir kəs öz bədəninin kiloqramlarla
ifadə olunan çəkisini boyunun metrlə ifadə olunan
ölçüsünün kvadratına
bölməklə asanlıqla hesablaya bilər. Bədən çəkisi indeksinin 18,5-24,9 həddində olması normal hal hesab
edilir.
Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin son məlumatlarında respublikamızda
qadınların təxminən üçdə bir hissəsində (30%) artıq çəki
və piylənmənin qeydə alındığı öz əksini tapıb. Özü
də bu problem əsasən
45-64 yaşlılar arasında müşahidə edilir.
Ümumiyyətlə,
piylənmə və köklük ürək-damar
sistemi, onkoloji, şəkərli
diabet, ağciyərin xroniki
xəstləliklərinin inkişafına şərait yaradan əsas faktorlardan biridir. Onun
qarşısının alınmasında bəzi insanlar həkim rəyi olmadan
müxtəlif dərmanlardan, bitki
çaylarından, pəhrizlərdən, masajlardan
istifadə edirlər ki, bunlar
da əksər hallarda
digər xəstəliklərin yaranması ilə nəticələnir.
Ona
görə də həkimlər hər bir
orqanizmin xüsusiyyətlərinə uyğun olaraq fərdi rejim və metodun
seçilməsinin vacibliyini bildirir, arıqlamanın ən sadə və rahat yolunu hərəkətdə-piyada
gəzməkdə və qida rejiminə
riayət etməkdə görürlər.
Xatırladaq ki, “Forbes” jurnalı hər
il artıq çəkiyə malik vətəndaşların sayına
görə dünya ölkələrinin reytinqini dərc edir. Reytinq cədvəlində 194 ölkə
arasında Azərbaycan 53-cü yerdədir. ABŞ 74,1%-lə
9-cu, Rusiya 49,1%-lə 92-ci, Belarus
66,7%-lə 22-ci yerdədir. Yer kürəsinin
ən arıq insanları isə Eritreyadadır. Əhalisinin
yalnız 4,4%-nin kök olduğu
qeydə alınan Eritreya reytinq
cədvəlində sonuncu-194-cü yerdədir.
Cavid Əkbərov
İki sahil.- 2014.- 2 oktyabr.- S.14.