Müasir Azərbaycanın qurucusu

 

Zəkası, dövlətçilik təcrübəsi ilə liderlik zirvəsinə ucalan dahi

 

1993-cü il oktyabrın 3-də Prezident seçilərək qurucusu olduğu müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirən ulu öndər Heydər Əliyev Azərbaycanı bugünkü kimi görmək istəyirdi

 

“Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.”

 

1993-cü il oktyabrın 3-də Prezident seçilən ulu öndər Heydər Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu fikirlər gələcəyə işıq salmaqla yanaşı, onun dövlətinə, xalqına necə bağlı olduğunu də təsdiqləmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dövrünün səciyyəvi xüsusiyyətləri hər kəsə məlumdur. Bu o dövr idi ki, Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır. Belə çətin durumda xalq üzünü öz xilaskarına -ulu öndər Heydər Əliyevə tutdu. Azərbaycanın o zamankı rəhbərləri də ulu öndər Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Dahi şəxsiyyət 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Prezident seçildi.

Tarixi paralellər apardıqda bu reallıq özünü qabarıq şəkildə biruzə verir ki, sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən, Ulu Öndər ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə siyasətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi ona nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. Ulu öndər Heydər Əliyev 1993-cü ildə keçirilən andiçmə mərasimində bu gerçəklikləri bir daha diqqətə çatdırmışdır: “Azərbaycanın dövlət rəhbərliyinin buraxdığı kobud səhvlər nəticəsində iyun ayında respublikamız vətəndaş müharibəsi həddinə gəlib çatmış və onun bəzi bölgələrinin parçalanması real bir hal kimi meydana çıxmışdı. Allaha şükürlər olsun ki, bunların qarşısı alındı, bəzi cinayətkar qruplar aradan götürüldü və respublikanın daxilində ictimai-siyasi sabitliyin təmin edilməsi üçün şərait yaradıldı. Son dörd ay bizim respublika üçün ağır və çətin bir dövr oldu. Bu müddətdə respublikamız, onun vətəndaşları böyük imtahanlardan çıxdılar və bir daha sübut etdilər ki, xalqın müdrikliyi, milli birlik və həmrəylik, vətəndaş birliyi bütün bu çətinliklərin qarşısını ala bilər və respublikanı bu ağır vəziyyətdən çıxarmaq üçün imkan yarana bilər.”

Xalq-iqtidar birliyinin möhkəmliyi sayəsində atılan addımlar öz uğurlu nəticəsini verdi. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə sabitlik yarandı, iqtisadi tərəqqinin təmin edilməsi üçün zəruri olan addımlar gerçəkləşdirildi. İqtisadi tərəqqini ölkənin hərtərəfli inkişafında vacib amil kimi önə çəkən ulu öndər Heydər Əliyev ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəni qarşıya mühüm vəzifə kimi qoydu. Eyni zamanda, bu fikri bəyan etdi ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Bir əsas məqamı da xüsusi qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü ilin mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Atılan bu addım Azərbaycanın sonrakı uğurlarında əhəmiyyətli rola malik oldu. Belə ki, ölkədə sabitliyin, normal biznes mühitinin yaradılması Azərbaycana inamın artmasına səbəb oldu. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması buna əyani sübutdur. Qeyd edək ki, bu günlərdə “Əsrin müqaviləsi”nin 20 illiyi, eyni zamanda “Cənub” qaz dəhlizinin təməlinin qoyulması mərasimi keçirildi.

Qeyd etdiyimiz kimi, Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkirdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi. Bu cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi. Ümummilli lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. “Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir” söyləməklə dünya siviliyaziyasına daxil olmağın yollarını müəyyənləşdirdi, prioritetləri qarşıya qoydu.

Demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, müxalif qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi. Bütün prioritetlərin əsasında isə qüdrətli respublikanın inkişaf perspektivləri- düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, çoxmillətli respublika olan Azərbaycanın tolerant dövlət kimi bütün azərbaycanlılar üçün vətən olması,... biri-birindən məsuliyyətli vəzifələr dayanırdı.

Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədə böyükdür. Azərbaycanın ermənilər tərəfindən elan olunmamış müharibəyə cəlb olunduğu, ideoloji blokadaya alındığı bir vaxtda -1994-cü ildə dünya ictimaiyyətinin diqqətini cəlb edən, o dövrdə çoxlarına xəyal kimi görünən “Əsrin müqaviləsi”nin imzalanması ilə üç dəniz əfsanəsini gerçəkləşdirən Ulu Öndər misli görünməmiş, mühüm əhəmiyyətli, qlobal bir layihənin müəlliflik hüququnu qazandı. Azərbaycanın bugünkü uğurlarının təməlində məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. 2006-cı ilin may ayının 28-də Respublika Günündə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa təbrikində də dövlət başçısı İlham Əliyev bu reallığı bildirmişdir ki, əgər “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi inkişafının və beynəlxalq nüfuzunun hansı səviyyədə olduğunu qeyd etmək çətin deyildi. “Əsrin müqaviləsi” olmasaydı, BTC və BTƏ neft-qaz kəmərlərindən, bunlarsız isə “Cənub” qaz dəhlizindən danışmaq qeyri-mümkün idi. “Əsrin müqaviləsi” bugünkü uğurlara yol açdı.

İrimiqyaslı layihə və islahatların tətbiqi ilə ölkəni iqtisadi və demokratik inkişaf yolu ilə irəliyə aparan Ulu Öndər eyni zamanda, səbatsız AXC-Müsavat cütlüyünün səriştəsizliyindən mənəvi depressiyaya düçar olan xalqda gələcəyə inam hissi yaratdı. Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə biri-birindən çətin, o dövrdə həyati əhəmiyyətli məsələlərin həlli üçün vacib olan xalqın birlik və həmrəyliyinin, insan hüquq və azadlıqlarının təminatı konsepsiyasını hazırladı, Milli Konstitusiya qəbul olundu. Dünya Azərbaycanlılarının I qurultayını keçirməklə, soydaşlarımızın həmrəyliyini təmin etməklə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporunun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyuldu, görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün Diasporla iş üzrə Dövlət Komitəsi yaradıldı.

Hələ Naxçıvan MR Ali Məclisinin sədri olarkən icrasına başladığı özəlləşdirmə siyasətini daha geniş miqyasda həyata keçirməklə sahibkarlıq fəaliyyətinin gücləndirilməsi üçün əlverişli imkan yarandı. Neft strategiyasının tətbiqini sürətləndirməklə qeyri-neft sektorunu inkişaf etdirən, bazar iqtisadiyyatı yolu ilə irəliləmənin mexanizmlərinin təkmilləşdirilməsi üçün ölkəyə xarici investisiya axınının təməlini qoyan ulu öndər inanırdı ki, yaxın illərdə ən böyük arzusu olan Azərbaycanın dünya birliyində lider dövlət kimi tanınmasına nail olunacaq. Məhz düzgün qurulan siyasətin nəticəsidir ki, Azərbaycan bu gün Cənubi Qafqazın parlayan ulduzu, dünyanın 10 xoşbəxt ölkəsindən biri kimi dəyərləndirilir.

Neft strategiyasının əsasını təşkil edən Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarından səmərəli istifadə, xarici ölkələrin tanınmış neft şirkətləri ilə birgə fəaliyyətə əsaslanan, neft və təbii qaz hasilatının artırılmasını təmin edən yeni yataqların kəşf olunub birgə işlənməsi istiqamətində görülən işlər miqyasına və geosiyasi əhəmiyyətinə görə yeni mərhələlər üzrə davam etdirilirdi. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan ümummilli lider Heydər Əliyev Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Hazırda aktivlərinin həcmi 36 milyard dollar olan Dövlət Neft Fondu şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilir.

Bütün fəaliyyəti ilə Heydər Əliyev siyasi kursunun, Ulu Öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar dağ kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır. Qazanılan hər uğur isə ümummilli lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərinin əməli nəticəsi kimi diqqət çəkir.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2014.- 3 oktyabr.- S.12.