Azərbaycan qadınları cəmiyyətin

fəal və aparıcı qüvvəsidir

 

YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü

Nurlana Əliyevanın www.yap.org.az saytına müsahibəsi

 

- Nurlana xanım, Azərbaycanın ictiami-siyasi həyatında qadınların fəallığı günbəgün artır. Təbii ki, bu yönümdə ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının rolu da inkaredilməzdir. İstərdik qadınların fəallığını şərtləndirən amillərə bir baxış keçirəsiniz...

- Hazırda qadınlarımızın müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında getdikcə artan rolu və mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır. Bu uğurlar bir tərəfdən, Azərbaycanda qadın fəallığı sayəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən ölkə rəhbərinin həyata keçirdiyi strateji inkişaf xəttində qadın siyasəti ilə bağlı seçilmiş prioritetlər üzərində qərar tutur. Bu gün respubilkamız geniş miqyasılı infrastrtuktur layihələri, dünyanın ən modern ölkələrindən birinə çevrilməsi məqsədinə yönələn ardıcıl tədbirlərlə sanki yenidən qurulur. Bu inkişaf meyilləri tarixin bütün dövrlərində ən yüksək dəyərlərlə hazırlanan Azərbaycan qadını üçün də ictimai fəallığın artırılması prosesində möhtəşəm bir mərhələnin yaradılmasının yeni mühitidir. Müstəqiliyimizin ilk illərində cəmiyyətdəki mürəkkəb ictimai-siyasi, sosial-iqtisadi, mənəvi problemlərin burulğanına düşən fədakar, mübariz qadınlarımız o illərdə yaşanan sıxıntılara rəğmən bu gün üçüncü minilliyin növbəti onilliyində dünya qadınlarının öncülləri sırasında qərar tutur. Müharibələrdən, soyqırımı aktlarından, beynəlxalq terrorizmdən əziyyət çəkən dünyanın qadın humanizmindən, qadın nəcibliyindən irəli gələn mənəvi-əxlaqi dəyərlərin hakimliyinə, qadın həmrəyliyinə daha böyük ehtiyacı olduğu bir zamanda kişilərlə çiyin-çiyinə dayanan, öz əməli dəstəyini bir an belə əsirgəməyən Azərbaycan qadını hazırda müstəqil dövlətimizin inkişafı, tərəqqisi istiqamətində də görülən ardıcıl işlərdə ön sıradadır. Azərbaycan qadını bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə övladlarının parlaq gələcəyini, əmin-amanlıq içərisində yaşayacağına inanır.

Qadınların, gənclərin ictimai-siyasi fəallığının artırılmasında Yeni Azərbaycan Partiyası ardıcıl tədbirlər həyata keçirir. Hazırda YAP cəmiyyətin siyasi avanqardı, ölkənin ən nüfuzlu siyasi qüvvəsidir. Partiya çox geniş potensiala malikdir və qadınlarımızın da bu uğurlarda özünəməxsus payı vardır. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Onlar öz vətəndaş mövqeyini əmək fəaliyyətlərini uğurla davam etdirməkdə görürlər. Bir sözlə, Azərbaycan qadınları tükənməz enerji ilə doğma ailələrində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar. Bu gün onlara ruh verən ölkənin birinci xanımı Mehriban Əliyevanın YAP Sədrinin müvini, YAP-ın Qadınlar Şurasının İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərməsidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət vermiş, bu gün həmin ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Artıq 2014-cü ilin son aylarındayıq. Sentyabrın 27-də YAP Qadınlar Şurası sədrlərinin toplantısı keçirildi. Məqsəd YAP Qadınlar Şurasının fəaliyyətini gücləndirmək, onun yeni istiqamətlərini müəyyənləşdirmək, tədbirlər planında daha geniş məsələləri əhatə edən fəaliyyət istiqaməti müəyyənləşdirmək, xüsusilə, bələdiyyə seçkilərində qadınların fəallığını artırmaq üçün tövsiyyələrimizi vermək idi. Bu tövsiyyələr qadın şura sədrlərinin müşavirəsindən əvvəl keçirilmiş İdarə Heyətinin iclasında işçi qrupları yaratmaqla müəyyənləşmişdi. Bu işçi qrupları 4 qrupdan ibarət oldu. İqtisadi-sosial, ailə qadın, elm-təhsil, humanitar, mədəniyyət, beynəlxalq əlaqələr, özünüidarəetmə və intizam məsələləri. Qadınların fəaliyyət göstərdiyi sahələrdən asılı olaraq onların həmin qruplarda təmsilçilikləri nəzərdə tutuldu. Bu proqrama əsasən, təhsil, elm, mədəniyyət, səhiyyə aksiyalarının keçirilməsi, hərbi vətənpərvərlik, erkən nigahlar, gənc qızların təhsili ilə bağlı təbliğat xarakterli tədbirlərin keçirilməsi, cəbhə bölgələrində görüşlər fəaliyyətimizin əsas istiqamətlərindəndir. Əlbəttə, xeyriyyəçilik tədbirləri də bu sıradandır. Tarixi günlərimizlə bağlı , xüsusilə Xocalı faciəsinə, 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə, 20 Yanvar faciəsinə həsr olunan tədbirlər YAP Qadınlar Şurasının tədbirlər planında xüsusi yer tutur.

Təsis konfransında bir sıra yeniliklər həyata keçirildi. Dövlətin gəncləşmə siyasətinə uyğun olaraq, rayon təşkilatı sədrlərinin bəziləri gənclərlə əvəzləndi. Bu gün gənclərin həyata baxışı, düşüncə tərzi fərqlidir. Onların konfransdakı çıxışları da bizi əmin etdi ki, işə böyük həvəs və maraqla başlayırlar. Hər bir çıxış konkret bir rayonda görülən işlərə, onların qadınların fəaliyyətinə nə kimi təsir göstərməsinə bir baxış idi. Ümumiyyətlə, bütün məsələlərə aid diskusiyalar aparıldı, təkliflər verildi, problemlərdən və həlli yollarından bəhs olundu. Bu konfrans qadınlarımızın fəallıqlarının artmasını bir daha təsdiqlədi.

Konfransda Milli Məclisin sədr müavini Bahar Muradova çıxış etdi və təkliflərini diqqətə çatdırdı. Bu gün qadınlarımızın əksəriyyəti qanunvericilikdəki məsələlərdən xəbərsizdirlər. Təbliğat xarakteri daşıyan tədbirlərin keçirilməsi tövsiyə olundu. Çünki hər bir vətəndaş cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunları bilərsə, hansı sahədə necə fəaliyyət göstərməsini də düzgün müəyyənləşdirmiş olar. Bütün bunların hamısının fonunda qeyd etmək istərdim ki, qadınlarımızın fəallığı artdıqca yeni-yeni vəzifələrin müəyyənləşdirilməsinə, tədbirlər planinin tərkib hissəsinin genişləndirilməsinə stimul olur. 5 il üçün YAP Qadınlar Şurası İdarə Heyətinin fəaliyyət istiqaməti müəyyənləşdirilib. Artıq qarşıdakı bir il üçün görüləcək işlərin planı hazırdır. Bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri YAP Qadınlar Şurası İdarə Heyətinin qarşısında dayanan əsas məsələdir. Biz fəaliyyətimizi məhz bu istiqamətdə artırmaqla, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkədə keçirilən bütün seçkilərdən uğurla çıxan Yeni Azərbaycan Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərində də qələbəsinə öz töhfəmizi verməliyik. Qadınların, eyni zamanda, gənclərin bələdiyyələrdə təmsilçiliklərinin artdığı keçirilən seçki proseslərinin təhlilindən də aydın görünür.

- Qarşıdan gələn bələdiyyə seçkilərində qadınların təmsilçilik faizlərinin artırılması üçün hansı işlər görülür?

- Konfransda bu fakt bir daha diqqətə çatdırıldı ki, ölkədə keçirilən ötən bələdiyyə seçkilərində qadınların fəallığı 10 dəfədən çox artıb. Bu artımı biz daima izləyir və arzulayırıq. Bu artım qadınlarımızın fəallığı, dünyagörüşü, həyata baxışı deməkdir. Eyni zamanda, onların məharətli işləmək, təşkilatçılıq bacarığı deməkdir. Buna görə də biz onların fəallığının yüksəldilməsini birinci növbədə arzulayırıq və bunu təşkil etmək niyyətindəyik. Amma bu gün kəmiyyətdən daha çox keyfiyyətə fikir vermək dövrüdür. Bələdiyyə seçkilərində təhsilli, təşkilatçılıq bacarığına malik, əhali arasında özünəməxsus nüfuzu və hörməti olan, ümumiyyətlə, ölkəmizin inkişafında bələdiyyələrin yeri, rolu məsələsini özləri üçün aydın dərk edə bilən qadınlar iştirak etsə, əlbəttə, bu, daha məqsədəuyğun olar. İstərdik evdar qadınlar da, müxtəlif təşkilatlarda çalışan qadınlar da seçkilərdə fəallıq nümayiş etdirsinlər. Biz bu məsələni Qadınlar Şurasının yığıncağında müzakirə etdik, təkliflər səsləndirildi və artıq Azərbaycanın müxtəlif rayonlarında tədbirlərin keçirilməsinə qərar qəbul etmişik. Bu tədbirlərdə YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvləri iştirak edəcək və düşünürəm ki, bu gün gənc qızlarımızın həyata hazırlanması onların təhsili, vətənpərvərlik mövzusu, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və digər dövrümüz üçün ən aktual məsələlər, xüsusilə əlbəttə, bələdiyyə seçkiləri geniş müzakirə olunacaq. Çünki bu seçkilərdə dövlətimizin siyasətinə uyğun olaraq ölkə qadınlarının bələdiyyə seçkilərində təmsilçiliyinin faizini artırmaq, onların daha fəal, daha işgüzar mövqeyini təmin etmək bu gün həm də Yeni Azərbaycan Partiyasının siyasətidir.

- Nurlana xanım, hər bir məsələdə təbliğat işininin lazımi səviyyədə qurulması mütləqdir...

- Nəzərdə tutmuşuq ki, oktyabr ayı ərzində regionlar üzrə bütün rayonları əhatə etməklə bu tədbirləri keçirəcəyik. Eyni zamanda, tədbirlərin keçirilməsi üçün müəyyənləşdirilən məqsəd də əsasdır. Təbliğat işini nə qədər yüksək səviyyədə qursaq, düşünürəm ki, məqsədə nail olacağıq. Təbliğatımıza stimul verən əsas amil isə ölkəmizin uğurları, qadın hərəkatının günbəgün genişlənməsidir. Məlumdur ki, Ulu Öndər Heydər Əliyevin qadın hərəkatına verdiyi çox mühüm, diqqət, qayğı onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha da gücləndi. Dahi şəxsiyyət Heydər Əliyev qadınların ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında çoxluq təşkil etməsini vacib amil kimi önə çəkirdi. 1995- ci ildə Ulu Öndər Azərbaycan qadının milli-mənəvi dəyərlərimizi özündə ehtiva edən, cəmiyyətdə hörmətə ehtirama malik mövqeyini nəzərə alıb YAP-ın tərkibində Qadınlar Şurası yaradılmasını tövsiyyə etdi. 2015-ci ilin iyun ayında Qadınlar Şurasının 20 illiyini qeyd edəcəyik. Həmin proses, yəni, qadın hərəkatına dövlət qayğısı bu gün də çox yüksək səviyyədə davam edir. Ən bacarıqlı qadınlarımızın yüksək vəzifələrə təyin olunmasının şahidi oluruq. Onların əksəriyyəti gənc xanımlardır. Düşünürəm ki, bu diqqət və qayğı da YAP Qadınlar Şurasının fəaliyyətinin daha da güclənməsinə öz müsbət təsirini göstərir. Bacarıqlı, işgüzar qadınların təmsilçiliyinə, irəli çəkilməsinə YAP Qadınlar Şurasında da xüsusi diqqət yetirilir. Bu, bir daha Qadınlar Şurasının fəaliyyətinə, onun məqsədinin, amalının, arzusunun çin olacağına nikbin yanaşmağa imkan verir.

Əvvəlki illərə nəzər salanda biri-birindən əhəmiyyətli uğurlarımızın sayının artdığını görürük. Belə ki, bu illər cəmiyyətimizin, Azərbaycan Dövlətinin müstəqilliyinin əbədiliyinin, dönməzliyinin təmin olunmasında Ulu Öndər Heydər Əliyevin ideyalarının yorulmaz daşıyıcıları, reallaşdırıcıları olan Yeni Azərbaycan Partiyasının həyatında əhəmiyyətli hadisələrlə yadda qalıb. Azərbaycan qadınları fəaliyyət göstərdikləri sahələrdə fədakarlıqla çalışmış, dövlət quruculuğu prosesinə layiqli töhfələr vermişlər. Bu gün partiya sırasına daxil olanlar arasında qadınlar böyük çoxluq təşkil edir. YAP Qadınlar Şurasının uğurlu fəaliyyətinin nəticəsidir ki, xalqımızın ümummilli lideri, müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin ideyaları geniş təbliğ edilir və sağlam düşüncəli, ölkəmizin bu günü və sabahı ilə qürur duyan qadınlar partiya sıralarına cəlb olunurlar. Ümumilikdə bu fikri böyüyk inam hissi ilə qeyd etmək olar ki, son illər Azərbaycanda mövcud qadın hərəkatının ictimai-siyasi, sosial- mədəni, ən müxtəlif istiqamətdə fəaliyyət göstərən qadın təşkilatlarının avaqard qüvvəsi olan YAP Qadınlar Şurasının həyatında əhəmiyyətli illər kimi yadda qalıb. Uğurlarımız qarşıya yeni-yeni vəzifələr qoyur. Məqsədlərə nail olmaq üçün bütün əsaslar mövcuddur. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı əsasında təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası məhz ötən 20 ilin uğurlarına əsaslanmaqla yanaşı, yeni-yeni hədəfləri müəyyənləşdirir. Əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Müstəqil Azərbaycanımızın möhkəm təmələ əsaslanan siyasəti bu məqsədə də yüksək səviyyədə çatmağa əsas verir.

- Nurlana xanım, siz həm də Azərbaycan Dövlət Pedaqoji Kolleçinə rəhbərlik edirsiniz. Nəzərə alsaq ki, bu kollektivdə əksəriyyət qadınlardır, isətərdik təhsil ocağında YAP Qadınlar Şurasının fəaliyyəti haqqında məlumat verəsiniz. Məqsədə çatmaq üçün birlik vacib şərtdir. Bu amilin rolunu necə şərh edərdiniz?

- YAP Qadınlar Şurası siyasi bir qurumdur. Azərbaycanda fəaliyyət göstərən bütün idarə və müəssisələrdə YAP-ın özəkləri vardır. Buna müvafiq olaraq Azərbaycan Dövlət Pedoqoji Kollecində də YAP-ın özəyi yaradılıb. Bizim müəllimlərimizin demək olar ki, hamısı YAP-ın üzvüdür. Onıarın sayı 218 nəfərdir. Bu təkibin böyük əksəriyyəti gənc müəllimlərdir. Gənclərin partiyaya axını yüksək səviyyədədir. Onlar YAP-ın məramını, məqsədini, fəaliyyətini görür və belə bir partiyanın sıralarında birləşmək arzularını ifadə edirlər. Tələbələrin də 400 nəfəri YAP üzvüdür. Ümumiyyətlə isə, partiya sıralarına son bir ildə 17772 qəbulun 9780 nəfəri qadınlardan ibarətdir. Bu da çox fərəhli bir haldır. Çünki qadınlarımız ölkəmizin həyatında böyük rola malik olan partiyanın sıralarına şüurlu şəkildə, niyə gəldiklərini dərk edərək qoşulurlar. Bu partiya daim cəmiyyətimizin tərəqqisi, inkişafı, beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsi uğrunda müəyyən məqsədə nail olmaq üçün mübarizə aparır. Partiyanın hər bir üzvü bu mübarizəyə könüllü qoşularaq, öz töhfəsini verməyə səy göstərir. Bu, fərəh doğuran bir haldır. Onu da qeyd edim ki, kollecdə qadınlarımız gənclər təşkilatları ilə böyük iş birliyi qurublar. Ankarada AKP-nin Qadınlar Qurultayında iştirak edərkən bir şüar diqqətimi çəkdi- «70 milyon bayan, erkek hepsi bir ürək». Yəni, ağıllı insanlar ali məqsədlərinə çatmaq üçün bərabər fəaliyyət göstərirlər. «Harda birlik var, orda dirilik var» deyib atalarımız. Biz də fəaliyyətimizi bu istiqamətdə qurmalıyıq. Biz gözəl gənclik və kamil vətəndaşlar yetişdirməliyik. Biz Vətənimizin bütövlüyü və tərəqqisi uğrunda bütün varlığından keçməyə hazır olan vətənpərvər, kamil, sərbəst düşünən, müstəqil qərarlar qəbul etməyi bacaran vətəndaşlar yetişdirmək üçün əlbir olmalıyıq, məramımız, amalımız, məqsədimiz eyni olmalıdır. Yalnız belə bir birlik vətənimizin rihafını, dövlətimizin müstəqilliyini əbədiləşdirə bilər. Müdrik siyasəti ilə Azərbaycanı tərəqqi və inkişaf yolunda sürətlə irəliyə aparan dövlət rəhbərimizə etibarlı dəstək ola bilər.

Bu gün bütün dünyada gedən proseslər göstərir ki, Azərbaycan qadını öz ölkəsinin əminamanlığı, stabilliyi, övladlarının səadəti, xoşbəxtliyi naminə dövlətimizin yürütdüyü daxili və xarici siyasətə yüksək dəyər verir. Qadınlarımız bu siyasətin ətrafında ürəklə, cəhdlə birləşmək üçün məhz YAP-ın sıralarında fəaliyyət göstərməyi vacib sayır. Bu fəaliyyət bu gün uşağa, böyüyə, cəmiyyətə, Vətənə, onun gələcəyinə çox gərəkdi. Buna görə də Azərbaycan qadını xoşbəxtdir.

 

İki sahil.- 2014.- 4 oktyabr.- S.18.