Şərur rayonunun Diyadin kəndi

abad yaşayış məntəqəsinə çevrilib

 

Naxçıvan Muxtar Respublikası 90 illik yubileyini sosial-iqtisadi sahədə qazanılan yüksək nailiyyətlər, həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri ilə qeyd edir.

“Muxtariyyət ili” olan 2014-cü ildə də muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində kompleks abadlıq-quruculuq işləri görülür. Həyata keçirilən quruculuq tədbirləri muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunun simasını da tamamilə dəyişib. Bu gün təkcə Şərur şəhəri deyil, rayonun kəndləri də quruculuq tədbirləri sayəsində müasir görkəm alıb, sakinlərin rahatfiravan yaşayışı təmin olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq oktyabrın 8-də Şərur rayonunun Diyadin kəndində yeni sosial obyektlər istifadəyə verilib.

 

Diyadin kəndində yeni

məktəb binasının açılışı olub

 

Oktyabrın 8-də Diyadin kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Məktəbin direktoru Muxtar Ələkbərov çıxış edərək deyib ki, yeni binanın istifadəyə verilməsi ilə Diyadin kənd tam orta məktəbinin maddi-texniki bazası xeyli gücləndirilib. Məktəb binasında yetişməkdə olan nəslin təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Görülən bu işlər muxtar respublikada təhsilin inkişafına göstərilən qayğı kimi məktəbin kollektivini səylə, təşəbbüskarlıqla işləməyə ruhlandırır.

Muxtar Ələkbərov yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Diyadin kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Təhsil sistemi hər bir ölkənin milli sərvətidir. Təhsil sistemini düzgün qurmadan, bu sahədə islahatlar həyata keçirmədən ümumi inkişafı təmin etmək mümkün deyil. Bu gün müasir dünyada hər bir dövlətin sərvəti yalnız onun yeraltı və yerüstü resursları ilə deyil, həm də malik olduğu müasir təhsil sistemi ilə ölçülür. Bu məsələnin vacibliyini nəzərə alan ümummilli liderimiz Heydər Əliyev demişdir: “Təhsil sahəsində əldə etdiyimiz nailiyyətlər bizim milli sərvətimizdir”.

Ali Məclisin Sədri deyib: Müasir təhsil sisteminin qurulması dünya təhsil sisteminə inteqrasiyada vacib şərtdir. Bu istiqamətdə Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ardıcıl tədbirlər həyata keçirilir, təhsil sisteminin maddi-texniki bazası gücləndirilir. Bu gün sərhəd kəndi olan Diyadində istifadəyə verilən yeni məktəb binası da təhsil quruculuğu sahəsində görülən işlərin tərkib hissəsidir. Məktəbdə müasir tədris şəraiti yaradılıb, internetə çıxışı olan kompyuter dəstləri, elektron lövhələr, laboratoriyalar və digər təhsil avadanlıqları kollektivin istifadəsinə verilib. Məktəb pedaqoji kadrlarla tam təmin olunub. Bütün bunlar tədrisin günün tələbləri səviyyəsində qurulmasına, eləcə də gələcəkdə məktəbin nailiyyətlərinin artırılmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Məktəbdə nailiyyətləri artırmaq üçün ilk növbədə nizam-intizam yaradılmalı, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq prinsipləri üzərində qurulmalıdır. Müəllim nüfuzu qorunmalı, pedaqoji kollektiv daha məsuliyyətlə çalışmalı, vəzifələrini layiqincə yerinə yetirməlidir. Təhsilli və vətənpərvər gənclik hər bir ölkənin gələcəyidir. Müəllimlərin qarşısında ölkəmizin gələcəyini yetişdirmək kimi mühüm bir vəzifə durur. Ona görə də pedaqoji kollektiv şagirdlərlə fərdi qaydada məşğul olmalı, təhsilli və vətənpərvər gənc nəslin yetişdirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlər, yaradılan şərait, təhsil işçilərinə göstərilən qayğı bu vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəkdir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb, açılışı bildirən lenti kəsib.

Bildirilib ki, 1995-ci ildən ümumi orta məktəb kimi fəaliyyətə başlayan təhsil ocağına şagird və müəllim kontingentinin artması ilə əlaqədar 2014-2015-ci tədris ilindən etibarən tam orta məktəb statusu verilib. Üçmərtəbəli binada hərtərəfli tədris şəraiti yaradılıb, 2-si elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiyafizika laboratoriyaları, hərbi kabinə, kompyuter, şahmat və müəllimlər otaqları, kitabxanaidman zalı istifadəyə verilib, həyətdə açıq idman qurğuları quraşdırılıb.

Məktəbin kitabxana fondunda 2 mindən çox kitab vardır. Kitabxana dərsdənkənar mütaliə üçün lazım olan ədəbiyyatlarla tam təmin olunub.

Bu ildən Diyadin kənd tam orta məktəbi də elektron təhsilə keçəcəkdir. Kompyuter otağındakı kompyuterlər sürətli internet şəbəkəsinə qoşulub. Elektron lövhəli siniflərdə yaradılan şərait isə dərslərin müasir informasiya texnologiyaları əsasında keçirilməsinə imkan verəcəkdir. Eyni zamanda, hər bir fənnə aid xüsusi multimedia proqramlarından istifadə şagirdlərin müasir texnologiyalardan istifadə bacarıqlarına yiyələnməsinə geniş imkanlar açacaqdır.

Elektron lövhəli sinfə baxış zamanı Ali Məclisin Sədri muxtar respublikanın 58 ümumtəhsil məktəbi ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi arasında videobağlantı vasitəsi ilə “Bəşər silvizasiyasının ilk beşiyi: Naxçıvanqala” mövzusunda keçirilən dərsi izləyib.

Kimya-biologiyafizika laboratoriyaları müasirlik və təchizat baxımından diqqəti cəlb edir. Laboratoriyaların hər birində təcrübə avadanlıqları quraşdırılıb, əlverişli tədris-təcrübə mühiti yaradılıb. Fizika laboratoriyasında quraşdırılan elektron lövhə isə biliklərin müasir texnologiyalar əsasında möhkəmləndirilməsinə kömək edəcəkdir.

Uşaqların əqli inkişafına xidmət edən mühüm vasitə kimi şahmatın tədrisi vacib məsələdir. Son illər ümumtəhsil məktəblərində şahmatın tədrisinə diqqətin artırılması da bu məqsədə xidmət edir.

Diyadin kənd tam orta məktəbində də şahmat sinfi istifadəyə verilib. Sinif otağı şahmat masaları, maqnitli lövhələr və digər əyani vasitələrlə təmin olunub.

Məktəbdəki idman zalı və açıq idman qurğuları, hərbi kabinə yüksək intellektual səviyyəyə malik, fiziki cəhətdən sağlam və vətənpərvər gənclərin yetişdirilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri müəllimlərlə söhbət zamanı qeyd edib ki, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsi üçün məktəbdə hər cür şərait yaradılıb, müasir texnologiyalar və tədris avadanlıqları quraşdırılıb. Müəllimlər yaradılanlardan səmərəli istifadə etməli, şagirdlərin gələcək peşə seçiminə diqqəti artırmalıdırlar. Bu gün ölkəmizdə pilləli təhsil sistemi tətbiq olunur. Ona görə də gənclərin ali təhsil alması ilə yanaşı, onların peşə təhsilinə istiqamətləndirilməsi də daim nəzarətdə saxlanılmalıdır. O gənc dövlət və xalq üçün faydalıdır ki, onun peşəsi vardır. Ali təhsillə yanaşı, peşə təhsilinin əsası da ümumtəhsil məktəblərində qoyulur. Pedaqoji kollektivlər bütün bunları daim diqqət mərkəzində saxlamalı, ölkəmiz üçün vətənpərvər və intellektli kadrlar hazırlanmalıdır.

Məktəbin müəllimləri Diyadin kəndində istifadəyə verilən məktəb binasını muxtar respublikada təhsilin inkişafına göstərilən qayğının daha bir ifadəsi kimi dəyərləndirib, savadlı və vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində səylə çalışacaqlarına söz veriblər.

Məktəbin həyətində də abadlıq işləri görülüb, fərdi qazanxana quraşdırılıbdır.

 

Kənd Mərkəzində müasir şəraiti yaradılıb

 

Kənd mərkəzləri Naxçıvanın müasir kənd modelini özündə təcəssüm etdirən obyektlərdəndir. Sakinlərin zəruri sosial xidmətlərlə təminatının mərkəzləşmiş qaydada təşkilinə şərait yaradan bu mərkəzlərin inşası cari ildə də davam etdirilir.

Oktyabrın 8-də Diyadin kəndində yeni kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını edib, binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, ikimərtəbəli kənd mərkəzində kitabxana, klub, rabitə evi, 55 yerlik iclas zalı, polis sahə və feldşer-mama məntəqələri, Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün müasir otaqları vardır. Mərkəzdə klub və kitabxananın istifadəyə verilməsi sakinlərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edəcəkdir. Kitabxana fondunda 3 min 659 kitab saxlanılır.

Quruculuq tədbirləri çərçivəsində kənddə müasir rabitə sistemi qurulub. Rabitə evində müasir elektron tipli ATS qurulub, əhaliyə bank xidmətinin göstərilməsi təmin edilib. Həmçinin burada post-terminal qoyulub, kommunal xidmət haqlarının poçt şöbəsi vasitəsilə ödənilməsinə başlanılıb.

Yeni Azərbaycan Partiyası Diyadin kənd ərazi ilk təşkilatının otağına baxış zamanı bildirilib ki, kənddə 41 nəfər Yeni Azərbaycan Partiyasının üzvüdür. Onlardan 19-u gənc, 5-i isə qadındır.

Kənddə tibb xidməti günün tələbləri səviyyəsində təşkil olunacaqdır. Feldşer-mama məntəqəsində mamamanipulyasiya otaqları istifadəyə verilib, otaqların hər biri müasir avadanlıq və bütün lazımı dərman vasitələri ilə təchiz edilib.

Bildirilib ki, əhalinin sağlamlığının qorunması vacib məsələdir. Ona görə də tibb işçiləri yaradılan şəraitdən səmərəli istifadə etməli, insanlara nümunəvi səhiyyə xidməti göstərməlidirlər.

 

Diyadində yeni xidmət mərkəzi istifadəyə verilib

 

Oktyabrın 8-də Diyadin kəndində yeni xidmət mərkəzi də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri açılışı bildirən lenti kəsib, xidmət mərkəzi ilə tanış olub.

Bildirilib ki, xidmət mərkəzinin fəaliyyəti kənd əhalisinin tələbatına uyğun qurulub. Burada bərbərxana və qadın gözəllik salonu vardır. Həmçinin mərkəzdə iki mağaza və ət satışı yeri də fəaliyyət göstərir. Mağazalardan birində ərzaq, digərində isə müxtəlif sənaye məhsullarının satışı həyata keçirilir. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə 5 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri deyib: Kənd yaşayış məntəqələrinin müasirləşdirilməsi əhalinin rahatlığının təmin olunmasına hesablanmış tədbirlərdir. Bu gün Diyadin kəndində müasir məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi də sakinlərin rahatlığına xidmət edəcəkdir. Bu tədbirlər kənddə məskunlaşmanın artmasına, əhalinin torpaqlardan, fərdi təsərrüfatlardan səmərəli istifadə etməsinə şərait yaradacaqdır. Kəndin bərəkətli torpaqları, zəhmətkeş insanları vardır. Bu da əkinçiliyin inkişafına, əhalinin məşğulluğunun təmin olunmasına və rifahının yüksəldilməsinə imkan verəcəkdir. Sakinlər dövlətimiz tərəfindən yaradılan bu şəraitdən səmərəli istifadə etməli, bundan sonra da kəndin abadlaşmasına çalışmalı, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır.

Kənd sakini Teymur Babayev deyib ki, Diyadin kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi, kənd yollarının yenidən qurulması sakinlərin böyük sevincinə səbəb olub. Muxtar respublikanın digər yaşayış məntəqələri kimi, Diyadin kəndinin inkişafına da daim diqqət göstərilir. Araz çayının sahilində yerləşən bu yaşayış məntəqəsində insanların yaşayışı üçün hər cür şərait yaradılıb. Aparılan sahilbərkitmə işləri kənddə torpaqların yuyulmasının qarşısını alıb. Bu da əkinçiliyin inkişafına səbəb olub. Kənddə heyvandarlıq inkişaf etdirilir, fərdi təsərrüfatlar genişləndirilir.

Teymur Babayev bütün bunları yaradılan şəraitin nəticəsi kimi dəyərləndirib, kənd sakinləri adından minnətdarlıq edib.

 

*              *             *

 

Diyadin kəndində bir sıra abadlıq işləri də görülüb. Diyadin kəndinin ərazisində 1580 metr, Tumaslı kəndi ərazisində isə 600 metr məsafədə kənddaxili yollara asfalt örtük salınıb, 340 metrlik beton kanal və 8 su keçidi tikilib. Abadlıq tədbirləri zamanı rabitə və elektrik şəbəkələrinin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılıb, yeni rabitə və elektrik dirəkləri basdırılıb, 4 min metrdən çox fiber-optik, 1050 metr yeraltı, 2 min 550 metr uzunluğunda yerüstü rabitə kabelləri və 3 min 600 metr məsafədə elektrik xətti çəkilib. 500 metr uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yeri dəyişdirilib, yeni tikililərə 230 metr uzunluğunda qaz xətti çəkilib. Həmçinin məktəb tikintisi ilə əlaqədar evi plana düşmüş 1 ailə üçün ikiotaqlı fərdi ev inşa olunub.

 

İki sahil.- 2014.- 9 oktyabr.- S.11.