İlham Əliyev: Bizim əsas istinad nöqtəmiz,

güc mənbəyimiz iqtisadi müstəqilliyimizdir

 

Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında görülən işləri diqqətə çatdıran dövlət başçısı İlham Əliyev bir daha bu əminliyi ifadə etdi ki, 2014-cü il də tarixdə uğurlu il kimi qalacaq

 

Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev bir daha ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlara diqqət yönəldərək, bu əminliyi ifadə etdi ki, ilin sonuna qədər qarşımızda duran bütün məsələlər öz həllini tapacaq və Azərbaycan 2014-cü ili böyük uğurlarla başa vuracaq, 2015-ci ili də uğurla başlayacaq.

 

Bu fikir xüsusi vurğulandı ki, bugünə qədər ölkədə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bugünkü reallıqları təmin edir. İqtisadiyyat 2,5 faiz, qeyri-neft sektoru 6 faiz artıb. Bunu müsbət hal kimi dəyərləndirən ölkə Prezidenti qeyd etdi ki, məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuş və bu məqsədə çatmışıq. “Ölkəmiz qeyri-neft sektoru hesabına bundan sonra da inkişaf edəcək və bu, bizim inkişafımızı dayanıqlı edəcək. Yəni, bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir.”

Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir, fərman və sərəncamlar imzalanır. Bu məqsədlə yaradılan Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına ayrılan güzəştli kreditlərin həcmi artırılır, əlavə imtiyazlar müəyyənləşdirilir. Ölkəmizdə çox gözəl investisiya şəraiti vardır. İlin əvvəlindən ölkə iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulub ki, onun da 11 milyard dolları daxili sərmayədir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, xarici və daxili investorlar Azərbaycana inamla yanaşırlar: “Bu gün deyə bilərəm ki, dünyanın əksər ölkələrində xarici investisiyaları cəlb etmək üçün çox böyük işlər aparılır. Çünki hər bir ölkənin iqtisadi inkişafını investisiyalar müəyyən edir. Bu gün avrozonada müşahidə olunan vəziyyət onu göstərir, ekspertlər, alimlər qeyd edirlər ki, investisiyalar olmasa, bu böhrandan çıxmaq çətin olacaqdır. Azərbaycanda isə bu sahədə vəziyyət çox müsbətdir.” Təbii ki, bu inamı şərtləndirən əsas amil ölkəmizdə sabitliyin və əlverişli biznes mühitinin mövcudluğudur ki, bunun da əsası ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qoyulmuşdur. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, sabitlik olmasa, hansısa sosial-iqtisadi layihəninin həyata keçirilməsindən danışmaq mümkün deyil. 1994-cü ildə ölkədə yaradılan sabitlik investisiya axınının sürətləndirilməsində stimulverici amilə çevrildi. Azərbaycan qısa zamanda böyük investisiyalar məkanı kimi tanındı. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 160 milyard dollara çatıb. Dövlət başçısı İlham Əliyev bildirir: “Mən dəfələrlə demişəm ki, əvvəlki illərdə bizim əsas vəzifəmiz iqtisadi müstəqilliyimizi yaratmaq idi. Bunu da yaratmışıq. Biz iqtisadi cəhətdən tam müstəqilik, heç kimdən asılı deyilik və bu bizə imkan verir ki, siyasi sahədə də, o cümlədən xarici siyasətdə də müstəqil siyasət aparırıq. Bizim əsas istinad nöqtəmiz, güc mənbəyimiz iqtisadi müstəqilliyimizdir.”

Dövlət başçısı İlham Əliyev müşavirədə bu mühüm vəzifəni xüsusi vurğuladı ki, istehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir. Bildirildi ki, kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar - məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının daha da böyük həcmdə alınması və digər tədbirlər nəticəsində bizdə daha da böyük ixrac potensialı yaranacaq və bizim artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı məhsullarını həzm edə bilməyəcəkdir. Bu fonda belə bir əminlik ifadə edildi ki, indi aparılan islahatlar nəticəsində biz gələn illərdə daha da böyük artıma nail olacağıq.

Müasir dövrün əsas çağırışı yoxsulluqla mübarizə, işsizlik probleminin həllidir. Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi siyasət beynəlxalq tədbirlərdə, maliyyə qurumlarının hesabatlarında da təqdir olunur. Bugünlərdə işini uğurla başa çatdıran IV Bakı Beynəlxalq Humanitar Forumunda BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark ölkəmizin yoxsulluqla mübarizə sahəsində qazandığı uğurları önə çəkərək, təcrübənin öyrənilməsinin vacibliyini, digər ölkələrə nümunə olduğunu bildirmişdir. Bu fikri xüsusi qeyd etmişdir ki, insan inkişafı üçün innovativ yanaşmaların mübadiləsi sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirən Azərbaycan ilə çiyin-çiyinə çalışmaqdan məmnunuq. Aparılan mübarizənin uğurlu nəticəsidir ki, son ildə yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə enib. Dövlət başçısı bildirir ki, yoxsulluqla mübarizə artıq başa çatmaq üzrədir. Yaxın bir neçə il ərzində yoxsulluq Azərbaycanda bir amil kimi tamamilə aradan götürüləcək.

Son on ilin sosial-iqtisadi göstəriciləri fonunda bu inam ifadə edilir ki, Azərbaycan iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkə olmuşdur. İqtisadiyyat son on ildə 3, büdcə gəlirləri 20 dəfədən çox artıb. Büdcə gəlirlərinin düzgün bölüşdürülməsi, sosial proqramların icrası, infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin inkişafını təmin edir.

Ölkənin hərtərəfli inkişafını şərtləndirən amillərdən biri də hər ilin konkret bir sahənin adı ilə bağlanması və lazımi tədbirlərin həyata keçirilməsidir. Ölkə Prezidentinin sərəncamı əsasında 2014-cü il “Sənaye ili” elan olunub. “Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” söyləyən dövlət başçısı İlham Əliyev müşavirədə bu məqsədi də açıqladı ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilməlidir: “Onu da nəzərə almalıyıq ki, hazırda Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik. Azərbaycan İnvestisiya Şirkəti əlbəttə ki, bu işlərin böyük hissəsini öz üzərinə götürməlidir və biz xarici investorları cəlb etməklə bu işlərdə daha da yaxşı nəticələrə nail olacağıq.” “Sənaye ili” çərçivəsində həyata keçirilən tədbirlər işsizlik probleminin həllinə də öz müsbət təsirini göstərir. Yeni sənaye müəssisələrinin yaradılması minlərlə iş yeri deməkdir. Elmi əsaslara söykənən inkişaf strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açır. Yeni mərhələnin əsas məqsədi iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bu mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zərurətə çevrilib. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində də bu məqsədin gerçəkləşməsi üçün yerinə yetirilməsi zəruri olan tədbirlər öz əksini tapıb. Dövlət başçısı bildirir: “Bu məqsədlə artıq neçə ildir ki, sənayeləşmə siyasəti aparılır, texnoparklar yaradılır, digər təşəbbüslər vardır və olacaqdır... Bir sözlə, bizim sənayemiz də buna hazır olmalıdır. Müəyyən dərəcədə hazırdır, ancaq hesab edirəm ki, bir-iki il ərzində sənaye məsələlərinə həm dövlət xətti ilə, həm özəl qurumlar hesabına daha böyük diqqət göstərilməlidir.”

Uğurlu sosial-iqtisadi islahatların nəticəsidir ki, Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə artaraq, qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə yüksəlmişdir. Eyni zamanda ABŞ-ın “Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq indeksi-2014” adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olub. Hesabatda ölkəmizdə yaradılan əlverişli biznes mühiti təqdir olunaraq, şəffaflıq prinsipinin qorunmasına xidmət edən addımlar önə çəkilmişdir. Həmin sənədlərdə son on ildə ümumi daxili məhsulun 3,4 dəfədən çox artması, ölkə iqtisadiyyatına 160 milyard dollardan artıq investisiyanın yatırılması uğurlu hadisə kimi vurğulanmışdır.

Qeyd etdiyimiz kimi, ölkənin hərtərəfli inkişafında mühüm rol oynayan əsas amillərdən biri hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbulu və uğurlu icrasıdır. Dövlət başçısı İlham Əliyev müşavirədə əsas diqqəti regionların, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramına yönəldərək bildirmişdir ki, 2018-ci ilə qədər bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapmalıdır. Bakı və Bakıətrafı qəsəbələrin inkişaf proqramı isə qısamüddətlidir. 2016-cı ilə qədər nəzərdə tutulan bütün məsələlər icra olunacaq. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Azərbaycan quruculuq meydançasına çevrilib. Paytaxt və bölgələrdə quruculuq, abadlıq işləri geniş vüsət alıb, ölkə əhalisində xoş əhaval-ruhiyyə mövcuddur. Rayonlar arasında sağlam rəqabət qarşıya qoyulan məqsədlərə zamanında nail olmağa əsas yaradır.

İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Cari ilin ötən dövründə əhalinin pul gəlirləri 5,4 faiz artıb. Dövlət başçısı İlham Əliyev diqqəti Avropada davam etməkdə olan iqtisadi maliyyə böhranına yönlədərək bildirir ki, bunun əksinə olaraq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur.

Prezident İlham Əliyev çıxışlarında daim bildirir ki, biznes mühitinin yaxşılaşdırılması daimi prosesdir. Yeni yanaşmaları tətbiq etməklə bu sahədə daha da böyük nəticələrə nail olmaq olar. Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin 5 sentyabr 2012-ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanına uyğun olaraq istifadəyə verilən “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi də dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların, “bir pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin-”dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. “Elektron hökumət” prinsiplərinə keçməyin özü də Azərbaycanın iqtisadi cəhətdən azad ölkə olmasını təsdiqləyən amillərdəndir.

Qeyd edilənlərin fonunda bir daha bu reallıq öz əksini tapır ki, Azərbaycanın qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərin gerçəkləşməsini şərtləndirən bütün amillər mövcuddur. Əsas amil isə əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycandakı sabitlikdir. Dövlət başçısı İlham Əliyev müşavirədə bu amili xüsusi qeyd etmişdir ki, sabitliyin qarantı Azərbaycan xalqıdır və gördüyümüz işlərdir. Azərbaycan xalqının rifahı, cəmiyyətdə bərqərar olan ədalət, o cümlədən sosial ədalət və xoşagəlməz hallarla mübarizə bu müsbət meylləri daha da gücləndirir. Azərbaycanın iqtisadi inkişaf strategiyasını düzgün əsaslar üzərində qurması hər bir problemi həll etməsinə stimul verir. Dövlət başçısı İlham Əliyev hər zaman bəyan edir ki, həyata keçirilən sosial-iqtisadi islahatların əsasında vətəndaş amili dayanır. İnkişaf, tərəqqi təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında özünü göstərir. “Azərbaycan hazırda iqtisadi, siyasi cəhətdən müstəqil bir ölkədir, müstəqil xarici siyasəti var” söyləyən ölkə Prezidenti bildirir ki, biz iqtisadi sahədə öz işimizlə bölgədə gedən regional əməkdaşlığa müsbət təsir göstəririk. Bir çox hallarda nəhəng regional layihələrin, enerji, nəqliyyat layihələrinin təşəbbüskarı Azərbaycan olmuşdur və əsas iqtisadi riskləri də öz üzərinə götürmüşdür.

“Bir sözlə, ölkəmizin hərtərəfli inkişafı imkan verir ki, biz gələcək planlarımızı da müəyyən edək” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, bu planlar ictimaiyyət üçün aydındır. Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş proqramı, konsepsiyası- “2020 konsepsiyası” vardır. Qarşıya qoyulan əsas hədəf Azərbaycanın yüksək gəlirli ölkəyə çevrilməsi, inkişaf etmiş ölkələr sırasında olması, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasıdır.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2014.- 10 oktyabr.- S.2.