Zamanın tələbindən
geri qalmaq olmaz
Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Mübariz Qurbanlının www.yap.org.az
saytına müsahibəsi
- Mübariz müəllim, bir neçə aydır ki, Dini Qurumlara İş üzrə Dövlət Komitəsinə rəhbərlik edirsiniz. Ötən müddət ərzində bu sahə ilə bağlı bir sıra təşəbbüslərlə çıxış etmisiniz. Hazırda din-dövlət münasibətlərində mövcud vəziyyəti necə dəyərləndirirsiniz?
- Bu gün Azərbaycan
sürətlə inkişaf edir, ölkəmiz sosial-iqtisadi,
siyasi sahədə ciddi
uğurlara imza
atıb. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə əldə
etdiyimiz uğurlar həm
Azərbaycan cəmiyyətində, həm də beynəlxalq
müstəvidə qəbul olunur və təqdir
edilir. Azərbaycan hazırki şəratdə
müsəlman ölkəsi olaraq
din-dövlət münasibətləri baxımından
nümunə olacaq bir
ölkədir. Bu gün
Azərbaycan tolerantlıq məkanı kimi
hamı tərəfindən qəbul olunur.
Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın bu
sahədə çox böyük
uğurlar əldə etdiyini
qeyd edirlər. Bir məsələni
də xüsusi vurğulamaq
istəyirəm ki, ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar
xalqımızın digər sahələrdəki
uğurları ilə də səsləşməlidir. Bununla nəyi nəzərdə tuturam? Biz çox
sürətlə irəliyə getməkdəyik və əldə
olunan sosial-iqtisadi, diplomatik-siyasi uğurlar
milli-mənəvi dəyərlərimizə də öz təsirini göstərməkdədir. Yəni
cəmiyyətin sosial-siyasi həyatında
baş verən dəyişikliklər istər-istəməz
digər sahələrə də öz təsirini
göstərir. Biz iqtisadi
sahədə keçid dövrünü
arxada qoymuşuq. Keçid dövrünə aid
olan xüsusiyətlər bu
gün Azərbaycana şamil
edilə bilməz.
Azərbaycan müasir bir ölkədir,
müstəqilliyinin dönməzliyini tam
təmin edib. Ancaq
milli-mənəvi sahədə xalqımız yeni
mərhələyə qədəm qoyur.
Yəni biz zamanında sovet
totalitar sisteminin
qalıqlarını siyasi-iqtisadi sahədə
aradan qaldırmaqla bərabər həmin
dövrdən milli-mənəvi dəyərlərimizə hopmuş olan bir sıra zərərli adətləri də aradan qaldırmalıyıq. Ona
görə də, bu proseslər paralel getməlidir. Milli-mənəvi sahədə
müəyyən dəyişikliklərə zərurət
yaranıb.
Din-dövlət münasibətləri dedikdə, biz Azərbaycanda dini dəyərlərə dövlətin diqqət və qayğısını ilk növbədə göz önünə gətiririk. Bu gün ölkədə 2050-yə qədər məscid fəaliyyət göstərir. Eyni zamanda, müxtəlif konfessiyaların nümayəndəlikləri var, xristian kilsələri, yəhudi sinaqoqu, digər dinlərin ibadət yerləri açıq şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycanda dini zəmində hər hansı qarşıdurma ehtimalı yoxdur. Bu yaxınlarda ölkəmizdə keçirilən 4-cü Bakı Beynəlxalq Humanitar Forumunda Prezidentimiz cənab İlham Əliyev çıxışında bu məsələni xüsusi vurğuladı. Azərbaycan din-dövlət münasibətləri baxımından sözün həqiqi mənasında nümunə olacaq ölkədir.
- Son zamanlar yas mərasimlərində israfçılığın aradan qaldırılması məsələsi gündəmdədir. Bununla əlaqədar olaraq rəhbərlik etdiyiniz Dövlət Komitəsi, eləcə də cəmiyyətimin müxtəlif təbəqələrinin nümayəndələri təşəbbüslərlə çıxış ediblər. Hazırda bu yöndə maarifləndirmə işləri aparılır. Bu təşəbbüslər hansı nəticələr verməkdədir?
- Azərbaycan cəmiyyətində
din sahəsində böyük
maarifləndirmə işləri aparılmaqdadır. Bu istiqamətdə görülən işlər
içərisində milli-dini adət ənənələrimiz
və burada zamanı çatmış dəyişikliklərin
edilməsi də vacib bir
məsələ kimi qarşıda durur. Son vaxtlar
yas mərasimlərində
israfçılığın aradan
qaldırılması ilə bağlı təşəbbüslər
daha da artıb. Bu, cəmiyyətiin tələbatı kimi gündəmə gəlib və bu yöndə də bizim
müəyyən tövsiyilərimiz verilib.
Bu mövzu indi həm kütləvi informasiya
vasitələrində, həm də sosial
şəbəkələrdə geniş
müzakirə olunmaqdadır. Qeyd edim ki, təşəbbüslər
və tövsiyələr irəli sürüldükdən sonra bu sahədə xeyli dəyişikliklər müşahidə
olunmaqdadır. Yəni yerlərdə yas mərasimlərində
ifrat israfçılığın aradan qaldırılması yönündə vətəndaşlar
özləri addımlar atmaqdadırlar. Burada
hər hansı məcburilikdən söhbət gedə bilməz.
Ümumiyyətlə,
milli adət-ənənələr qanunlarla tənzimlənmir, onlar
tarixən formalaşıb və zərurətdən irəli
gələrək müəyyən dəyişikliklərə
də məruz qalır. Ona görə də,
milli adət-ənənələrimizin, o cümlədən islam dinimizin tələblərində nə varsa, bu tələblərə
uyğun olaraq
addımlar atılır. Qeyd edim ki, yas
mərasimlərində israfçılığın aradan qaldırılması təşəbbüsləri
əvvəllər də olub. Bu yöndə Qafqaz
Müsəlmanları İdarəsi də fətva verib, KİV-də zaman-zaman
ziyalılar, nüfuzlu şəxslər
çıxış edərək öz
fikirlərini bildiriblər. Hətta mən deyərdim ki, milli adət-ənənələrimizdə
ifrat şəkildə özünü
büruzə vermiş bu
və digər qaydaların aradan
qaldırılması yönündə atılan addımlar
zamanında xeyli dəyişiklikləri ortaya qoyub.
Bu gün Azərbaycanda,
xüsusilə dini maarifləndirmə
istiqamətində aparılan işlər demək olar ki, hər yerdə getməkdədir.
Bu yöndə mətbuatda dəyərli
yazılara rast gəlirik. Bu məsələdə əsas
diqqət vətəndaşların öz
istək və arzuları nəzərə alınmaqla
addımların atılmasına yönəlib. Əgər bu gün monitorinq
aparsaq, əksər bölgələrimizdə
yas mərasimlərində
israfçılığın aradan
qaldırıldığını görə bilərik.
Bir məsələni də xüsusi
qeyd edim ki, bu tövsiyələr əksəriyyət
tərəfindən qəbul edilib. Bizim komitəyə gələn məktublar,
KİV-də, sosial şəbəkələrdə
gedən diskussiyalar bir
daha onu göstərir
ki, vətəndaşların böyük əksəriyyəti yas mərasimlərində ifrat
israfçılığın əleyhinədir.
Yeri gəlmişkən, qeyd
etmək istəyirəm ki, yas mərasimlərində
israfçılığın aradan
qaldırılması yalnız islam toplumuna şamil edilmir. Bu,
bütövlükdə, cəmiyyətimizdəki digər dini icmalara da
aid olan məsələdir.
Xristianlar, yəhudilər və digər
dinlərin nümayəndələrinin də bu
tövsiyələrə əməl etmələri məqsədəuyğundur.
Onlar öz dinlərinin
mahiyyətini əsas götürməli, yas
mərasimlərində israfçılığa yol verməməlidirlər.
- Mübariz müəllim, bir sıra ölkələrdə zərərli dini cərəyanların fəallaşması da narahatlıq doğurur. Bu baxımdan, ölkəmizdə vəziyyət necədir?
- Azərbaycanda dini radikal qrupların mövcud olduğu bəllidir.
Lakin bütövlükdə bu qruplar cəmiyyətimizə
təsir göstərmək imkanına malik
deyillər. Onların ölkədə sosial dayaqları yoxdur. Çünki dini radikal qrupların Azərbaycana gətirərək
təbliğ-təşviq etmək istədikləri «ideyalar» xalqımıza, cəmiyyətimizə
xas deyil. Əslində,
dini-radikal qrupların meydana
gəlməsi İslam dininin
özünə, islam dünyasına ziyan vuran məsələdir.
Yəni onların ortaya qoyduqları fəaliyyət
bütövlükdə İslam dəyərlərinə
ziddir. Bu fəaliyyət
müsəlman dövlətlərində qarşıdurmalara gətirib
çıxarır. Dini radikal
qrupların təhlili göstərir ki, bu qrupların yaradılmasında məqsəd
müəyyən siyasi və geopolitik maraqları həyata keçirmək
məqsədi daşıyır. Dini radikal qruplar hansı islam ölkəsində yaranırsa, orada biz müəyyən
qarşıdurmaları, silahlı münaqişəni görürük. Ona görə də,
xalqımız bu cür
qrupların təbliğinə qarşıdır, onun aradan
qaldırılmasında cəmiyyətimiz vahid
şəkildə iştirak edir və burada bizim ənənəvi islami
dəyərlərin daşıyıcıları olan məscidlərimiz, dini
icmalarımız yaxından iştirak
edirlər.
Bizim ulu
babalarımızın islamı qəbul etməsindən bu yana ənənəvi olaraq həyata keçirdiyimiz
islami ənənələr davam etməlidir. Kimlərsə, başqa ölkələrdə yaranmış
xırda dini cərəyanların, radikal qrupların fikirlərini Azərbaycana gətirib
təşviq etmək istəyirsə, əlbəttə, bu yolverilməzdir. Biz bunun qarşısını almağa
qadirik və faktiki olaraq qarşısı alınmış vəziyyətdədir.
Bugünlərdə xalqımız müqəddəs Qurban bayramını qeyd etdi. Qurban bayramı dinimizin ən mühüm bayramlarından biri sayılır. Bu bayram tədbirlərində məscidlərimizdə keçirilən dini ayinlər, mərasimlər bir daha göstərdi ki, cəmiyyətin böyük əksəriyyəti ənənəvi islami dəyərləri qoruyur və onun tərəfindədir. Müəyyən dini radikal qrupların cəhdlərinə baxmayaraq, onların arxasınca gedən yoxdur. Əlbəttə, bəzən ayrı-ayrı faktlar üzə çıxır, radikal qrupların təşviqi ilə Azərbaycandan kənara gedərək hansısa ölkənin ərazisində silahlı birləşmələrə qatılanlar var. Amma bunlar tək-tək faktlardır. Bu hadisələr ümumi cəmiyyətə şamil edilə bilməz. Xalqımızın söykəndiyi islami dəyərlər və ənənələr var ki, bunlardan bizi heç kim uzaqlaşdıra bilməz.
- Bəzi dairələr dini radikal qrupların yalnız islam ölkələrində mövcud olduğunu iddia edirlər. Digər dinlərin daşıyıcısı olan cəmiyyətlərdə radikalizm yoxdurmu?
- Dini
radikal qruplardan
danışarkən bunu yalnız islama aid etmək düzgün olmazdı. Dini
radikalizm xristianlıqda, yəhudi dinində,
buddizmdə də var. Yəni dini radikalizmin hansısa formada üzə çıxması nəticə
etibarilə həmin ərazilərdə toqquşmaların baş verməsinə gətirib
çıxarır. Dini radikal
çağırışlar ya dinlərarası,
ya da dindaxili
toqquşmalara gətirib çıxara bilər.
Ona görə də, dini
radikal qrupların xristian,
islam, buddist, iduaist olmasından asılı olmayaraq,
təzahür etməsi yolverilməzdir və onlarla
kəskin mübarizə getməlidir.
Xristian dinində də radikalizmə
qarşı xristian kilsəsi
açıq şəkildə mübarizə aparır. Bu, digər dinlərə də aiddir.
Bəzən Qərb mətbuatında
dini radikalizmdən və terrordan
danışarkən bunu islama
bağlamağa cəhd edirlər. Bu da İslam dinini
gözdən salmaq üçün
aparılan təbliğatlardan biridir. İslam dini müqəddəsdir
və onun əsas mahiyyəti də sülhdür, dostluqdur və
insanları doğru yola
çağırır. İslam terrordan uzaq bir dindir. İslam
dini adı altında terrora
rəvac verənlər isə nəticə etibarilə bu dinə qarşı olanlardır. Çünki bütün
bunlar islamı gözdən salmağa yönələn addımlardır.
- Yeri gəlmişkən, İraqda və Suriyada baş verən son hadisələr də radikal qrupların fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir...
- Əlbəttə, bu, belədir. Həmin radikal
qrupların «fəaliyyətinin» nəticəsidir ki, biz bu
gün İraqda, Suriyada qarşıdurma, qan
tökülməsi ilə müşayiət olunan
qırğınları görməkdəyik. Həmin
qrupların, xüsusilə İŞİD-in
terror fəaliyyəti əslində,
bütövlükdə İslam
dünyasına ziyan vurmaqdan
başqa bir şey deyil. Təsəvvür edin ki, onların törətdiyi hərəkətlər,
qətliamlar KİV-lər vasitəsilə
işıqlandırılır və bu cür məlumatları izləyən insanlar harada
yaşamasından asılı olmayaraq, bu qrupların əməlində böyük təhlükə görür.
Əgər bu fəaliyyəti islamla bağlayırlarsa, dünyada
bu mənzərəni seyr
edən insan istər-istəməz İslam dininə mənfi yanaşır.
Əslində, bu «fəaliyyət» islam törəməsi kimi
təqdim edilsə də, belə deyil. Bunu süni surətdə yaradanlar vardır. Zaman-zaman
İslam dininin
içərisində müəyyən radikal
qruplar yaranaraq
islamın yayılmasına, dünyadakı mövqelərinə
ziyan vurublar.
Əgər biz islamın yayılma coğrafiyasına nəzər
salsaq, bu dinin çox sürətlə
yayıldığını, geniş əraziləri
əhatə etdiyini deyə bilərik. Xüsusilə,
20-ci əsrdə dünyada ideoloji böhran
yaşandıqda, Qərb ölkələrində insanların
İslam dininə üz
tutduğunu görə bilirdik.
Və islamı qəbul edənlərin sayı Qərb
dünyasında artmaqda idi.
İndiki şəraitdə
İŞİD kimi terrorçu
qrupların meydana gəlməsi, «islam» adı altında terror
hərəkətləri bu dini qəbul etmək istəyən insanları
çəkindirir. Ona görə də, bu cür hərəkətlər
bütövlükdə islama zərbə
vurur.
Azərbaycanda
bu qrupların dayağı yoxdur. Milli təhlükəsizlik və
digər müvafiq qurumlarımız, həm də cəmiyyətimiz bu zərərli cərəyanların yayılmasına
qarşıdır və
bu yöndə lazımi səviyyədə
işlər görülür.
Azərbaycan cəmiyyəti intellektual
cəmiyyətdir və
belə qruplara bu cəmiyyətizdə yer yoxdur.
Bununla
belə, qarşımızda
müəyyən vəzifələr
dayanır və bu vəzifələrdən
biri də dini maarifləndirmə işini sürətləndirmək,
bölgələrdə vətəndaşlarla
daha sıx əlaqələr qurmaq, müxtəlif tədbirlərlə
islami dəyərlərin
əsl mahiyyətini insanlara çatdırmaqdır. Ölkədə məscidlərdə xütbələr verilir, bütün bunlar cəmiyyətdə din-dövlət
münasibətlərinin ən
müasir səviyyəyə
qaldırılmasına xidmət
edir. Hər bir dövrün
özünəməxsus çağırışları
var və bu baxımdan, 21-ci əsrin ikinci onilliyinə qədəm qoyduğumuz bir şəratdə müasir
dünyanın çağırışlarına
uyğun da addımlar atılmalıdır.
Zamanın tələbini mütləq
zamanında cavablandırmaq
lazımdır. Zamanın tələbindən
geri qalmaq olmaz.
İki sahil.- 2014.- 14 oktyabr.- S.11.