Ənənəvi mediadan dünya informasiya
şəbəkəsinə transformasiya labüddür
İlk sosial şəbəkə olan Classmate-nin internetdə göründüyü vaxtdan heç 20 il keçməyib. Amma dünya artıq sosial media bumu yaşayır. XXI əsrin əvvəlindən başlayaraq bəşəriyyət transformasiya erasına, praktiki olaraq hər bir dövlətdə sosiumun müxtəlif sektorları arasında qarşılıqlı əlaqələrə əsaslanan sosial münasibətlərin inkişafının yeni mərhələsinə qədəm qoyub. Gündəlik həyatımıza daxil olan internet cəmiyyətin hər bir üzvünü həm informasiya istehlakçısına, həm də informasiya daşıyıcısına çevirib.
Yaxşı və pis xəbər
“Yaxşı xəbər:
internetdə hər şey var. Pis xəbər:
internetdə hər şey var”. Bu ifadə publisist
R.Xoçbrayta məxsusdur. O, internetin qiymətini obrazlı
şəkildə belə verib. İnternetdə hər
şeyin olmasının müsbət və mənfi cəhətlərini
kənara qoyub etiraf etməyə məcburuq ki, o, sözün əsl
mənasında, informasiya məkanında inqilab yaradıb.
İstifadəçilərinin sayının az qala həndəsi
silsilə ilə artması sosial şəbəkənin ictimai
xarakter aldığına əyani sübutdur. 2014-cü ilin əvvəllərinə
olan statistikaya görə, Facebook-un 1,16 milyard, izləyicilərinin
sayına görə ikinci sırada olan Youtube-un 1 milyard istifadəçisi
var. Həmkarlarımın bir çoxunun fikrincə, sosial
media çoxlu sayda informasiya almaq, ən son xəbərlərlə
tanış olmaq üçün mühüm mənbədir.
Eyni zamanda, belə bir fikirlə də razılaşmamaq olmaz
ki, jurnalistika qaydalarından uzaq olan sosial media
informasiyaları, fakt və hadisələri subyektiv, qeyri-dəqiq,
şəxsi münasibətə uyğun çatdırır.
Bu media ənənəvi jurnalistikanın dəqiqlik və
obyektivlik kimi tələblərinə cavab vermir. Bundan əlavə,
onlayn istifadəçilər jurnalistlər kimi sosial məsuliyyət
daşımadıqlarından məsələlərə fərqli
yanaşırlar.
Bu və digər çatışmazlıqlara baxmayaraq,
informasiyanın sosial şəbəkələrdə
yayılması qarşısıalınmazdır. Mənbə
və maddi vəsait azlığı ilə üzləşən
jurnalistikadan fərqli olaraq sosial şəbəkələr
informasiya ötürücü maşına çevrilib.
İştirak etdiyim konfrans və görüşlərdəki
müşahidələrimə əsasən deyə bilərəm
ki, əksər peşəkar jurnalistlər jurnalistikanın
inkişafı üçün sosial mediadan bir vasitə kimi
istifadə edilməsinə tərəfdardırlar.
Burada bir məqama da diqqət yetirmək lazımdır.
Proses heç də hər yerdə eyni templə getmir.
Müxtəlif inkişaf mərhələsində olan ölkələrdə
həmin sosial hadisə özünü bir qədər fərqli
şəkildə büruzə verə bilər. Lakin
bütövlükdə cəmiyyətin informasiyanın ənənəvi
media strukturları hüdudlarından kənarda
yaradılması və onun istehlakı prosesinə
inteqrasiyası trendi bu və ya digər dərəcədə
oxşardır.
Qarşıdurma
əvəzinə qarşılıqlı fəaliyyət
yaxşı deyilmi?
Sosial jurnalistika cəmiyyətə geniş sirayət
etdikcə ənənəvi KİV sektorunda diplomlu jurnalistlər
ilə cəmiyyətin qalan hissəsi, o cümlədən
internet arasında qarşıdurma nə ilə nəticələnəcək,
üstünlük kimin tərəfində olacaq? Bununla
bağlı mübahisələr uzun müddətdir səngimir.
Bəzən fikirlər üst-üstə düşür, bəzən
haçalanır. Tərəflərin bir-birinə rəqib
gözü ilə baxması hallarına da təsadüf
olunur. Bu yaxınlarda bu qarşıdurmanı hətta “soyuq
müharibə” adlandıranlar da oldu. Lakin vəziyyət
doğrudanmı müharibə həddindədir,
doğrudanmı qarşıdurma bu dərəcədə
antaqonistdir? Mənim fikrimcə, heç də belə deyil.
Əlbəttə, ola bilsin ki, qısqanclıq elementləri
var, lakin burada qeyri-sağlam rəqabətdən daha çox,
qarşılıqlı fəaliyyət müşahidə
olunur.
Təbii ki, bu məsələ, ilk növbədə, ənənəvi
media nümayəndələrini narahat edir. Onlar sosial şəbəkə
auditoriyasının genişlənməsini, sosial media bumunu
televiziya verilişlərinə baxış reytinqləri və
çap məhsullarının satışı
üçün təhdid mənbəyi hesab edirlər. Lakin
onlar, eyni zamanda, özlərini, peşə fəaliyyətlərini
aypədlərdən, smartfonlardan və sosial şəbəkələrdən
ayrı təsəvvür etmirlər.
Heç də təəccüblü deyil ki,
telekanallara, xəbər agentliklərinə və ya qəzetlərə
əsaslanan media məktəblərində son dövrdə
treninqlərin çoxu məhz sosial şəbəkələrdə
iş mövzusuna həsr edilir. Bu da internetin peşəkar
jurnalistlər üçün əsas kommunikasiya kanalı
olmasına dəlalət edir. Mənim fikrimcə, söhbət
əslində hansısa “soyuq müharibə”dən yox,
texnologiyaların qarşılıqlı fəaliyyətindən,
bir-birinə nüfuz etməsindən gedir.
“İnformasiya
girdabında” mayak
Bir müddət əvvəl IV Bakı Beynəlxalq
Humanitar Forumu çərçivəsində AzərTAc-ın
bu mövzuda təşkil etdiyi “dəyirmi masa” ənənəvi
media nümayəndələrinin məsələyə
baxışlarını növbəti dəfə müqayisə
etməyə, gələcək barədə təsəvvürləri
aydınlaşdırmağa imkan yaratdı. Odur ki, hələlik
şəxsi mülahizələrimi dayandırıb, həmkarlarımın
çıxışlarından bir neçə məqamı
diqqətə çatdırmaq istərdim. Avstriya Xəbər
və Mətbuat Agentliyinin (APA) baş icraçı direktoru
Peter Kropşun fikrincə, xəbər agentlikləri media məkanında
və cəmiyyətdə ənənəvi rolunu qoruyub
saxlamaq üçün rəqəmsal zəmanəmizdə
iki mühüm vəzifəni əsas götürməlidirlər.
Birinci vəzifə istehlakçılar üçün daha
etibarlı və faktlara əsaslanan məlumat və xəbər
istehsal etməkdir. Xəbər agentliklərini “informasiya
girdabında” mayaka bənzədən P.Kropş hesab edir ki,
onların ikinci vəzifəsi informasiyaların
strukturlaşdırılması yolu ilə KİV-lərin və
bütün istifadəçilərin “məlumatlı olmaqdan
anlamağa aparan yolunu” hamarlamaqdan ibarətdir.
Vyetnam Xəbər Agentliyinin baş direktoru Nquyen Duc Loi
Forumda belə bir fikir irəli sürdü ki, biz sosial mediadan,
həmçinin informasiyanı yaymaq vasitəsi kimi istifadə
etməliyik. Unutmamalıyıq ki, bir vaxt elektron saytlar meydana
çıxanda qəzetlər öz aqibətindən ciddi
narahatlıq keçirməyə başlamışdılar.
Twitter və Facebook kimi sosial şəbəkələrin
yaranması ilə xəbər saytları da hazırda eyni təhlükə
qarşısındadır.
Azərbaycanda da oxşar proseslər yaşanmaqdadır.
Bakı Slavyan Universitetinin yeni media və kommunikasiya
texnologiyaları kafedrasının müdiri Aynur Bəşirlini
Azərbaycan mediasında Facebook statusunun xəbərə
çevrilməsi narahat edir. O, Humanitar Forumdakı
çıxışında ənənəvi mediada xəbərlərin
ictimai önəmliliyinin kəskin surətdə
azalmasının səbəblərindən birini jurnalistlərin
sosial medianın təsiri altına düşməsi ilə
izah edərək soruşur: Əgər sosial media ənənəvi
medianı əvəz edə bilirsə, onda jurnalistlərə,
jurnalistika təhsilinə ehtiyac qalırmı?
Mən mütəxəssisin narahatlığını
başa düşür və onunla razılaşıram ki, xəbər
agentlikləri nəinki sosial şəbəkənin təsiri
altına düşməməli, əksinə Avstriyadan olan həmkarımızın
dediyi kimi, “informasiya girdabında” mayak olmağa can
atmalıdır.
Zamanın
xəbər meyarları: sürət və rahatlıq
Əsrimiz sürət əsri olduğundan xəbəri
kimin daha tez və izləyici üçün daha rahat şəkildə
çatdırması xüsusi önəm kəsb edir. Sosial
mediada xəbərin paylanması və oxunması
arasındakı zaman fərqi, demək olar ki, yoxdur. Adətən
insanlar onlayn qəzetdəki xəbəri oxumaq
üçün tez-tez sayta nəzər yetirməli olurlar.
Halbuki sosial media “göndər” düyməsini basan kimi mətn,
yaxud foto, video halındakı informasiya dərhal istifadəçilərin
ekranlarında görünür. Xəbər və mətbuat
agentlikləri məhz bu üstünlükdən istifadə edərək
informasiyalarını yaymaq üçün özlərinin
sosial şəbəkə hesablarını yaradıblar. Sosial
media istifadəçiləri həmin xəbəri
paylaşmaqla informasiyanın daha geniş kütləyə
çatmasına yardımçı olurlar.
Başqa söhbətdir ki, yeni, bəzən qeyri-adi
trendlərdən istifadə etməyə heç də
hamı, xüsusən yaşlı nəslin nümayəndələri
bir o qədər həvəs göstərmirlər. Amma mən
fəxrlə deyə bilərəm ki, bizim agentlik müasir
dövrün çağırışından geri qalmır,
əməkdaşlarımızın demək olar
hamısı, yaş kateqoriyasından asılı olmayaraq,
gündəlik işlərində sosial texnologiyalardan geniş
istifadə edir. Başqa cür ola da bilməz, çünki əsrimiz
kağız və qələm əsri yox, yüksək
texnologiyalar əsridir.
Bizim jurnalistlər və redaktorlar öz işlərində
Facebook, Youtube, Twitter və başqa sosial şəbəkələrdən
yararlanmağa can atırlar. Məxsusi olaraq sosial media vasitəsilə
yayılmaq üçün materiallar yaradan, kifayət qədər
yüksək səviyyədə multimedia reportajı
hazırlayıb təqdim etməyi bacaran ştatlı əməkdaşlarımız
var.
Razılaşın ki, bu yeni janr - multimedia reportajı
jurnalistin hökmən hadisə yerində olmasını tələb
etmir. Bu reportaj real vaxt rejimində yaranır. Əgər bizim
jurnalist tədbirdə və ya hadisədə iştirak edirsə,
öz müşahidələrini izləyiciləri ilə
onlayn rejimdə bölüşür, bu halda izləyici şərhləri
həmin jurnalistin materialını faktlar və rəylərlə
tamamlayır və dolğunlaşdırır. AzərTAc-ın
multimedia reportajları hadisə yerindən operativ fotoşəkillər,
hadisə şahidlərinin şərhləri,
iştirakçıların və vəzifəli şəxslərin
sosial şəbəkələrdə yayılan müsahibələri,
habelə videomateriallar və ekspert rəyləri ilə zəngindir.
Biz reportajı, yaxud xəbəri əvvəlcə agentliyin
saytında yerləşdirmək və yalnız bundan sonra
sosial şəbəkələrdə yaymaq yolu tutmuşuq. AzərTAc-ın
sosial şəbəkələrdə öz səhifəsi var
və bu mənada özümüzün özümüzlə
rəqabət aparmağımız məntiqə nə dərəcədə
uyğundur? Bizim üçün əsas məsələ
baş vermiş hadisə barəsində cəmiyyətə
maksimum dəqiq və operativ məlumat çatdırmaq,
yoxlanılmamış informasiyanın miqdarını
sıfıra endirməkdir.
Yeni
texnologiyalar və fərdi brendlər
Sosial media və yeni texnologiyalar praktiki olaraq multimedia
materialları istehsalından ayrılmazdır. İnfoqrafika,
video və audiomateriallar, statistik cədvəllər,
coğrafi-iqtisadi xəritələr – bütün bunlar
multimedia reportajının ən mühüm, analitik tərkib
hissələridir. Vaxtilə qəzetçilərin
xoşladıqları belə bir ənənəvi ifadə
vardı: “Qeydlərimə burada nöqtə qoyuram”. Amma
multimedia reportajı son nöqtəni xoşlamır. Əslində
bu, mümkün deyil, qəbulolunmazdır. Çünki onlayn
reportaj materialın sayta yerləşdirilməsi ilə bitmir,
mövzu üzərində işləyən jurnalist hadisələrin
axarını bir müddət izləməkdə davam edir.
İnformasiyanı apdeyt (update) formatında tamamlamaq, ona əlavələr
etmək imkanına malik olur. Bu, auditoriyanı yenidən həmin
materiallara qayıtmağa, yaddaşını təzələməyə
və hadisələrin təfərrüatları ilə
maraqlanmağa təşviq edir. Bir neçə on il bundan əvvəl
biz özümüz jurnalist fəaliyyətinə
başlayanda, internet haqqında hətta nəzəri anlayışın
belə olmadığı, qəzet çıxandan sonra
öz işimizi bitmiş hesab etdiyimiz vaxtlarda bütün
bunlara nail olmaq mümkün idimi?
Sosial şəbəkələr bütün dünyada
müasir jurnalistikaya ciddi təsir göstərir. Özü də
onlar təkcə nyusmeykerlərdən (“xəbər yaradanlardan”)
və hadisə şahidlərindən alınmış
eksklüziv informasiyanın operativ mənbəyi olaraq
qalmır, həm də öz auditoriyasını
formalaşdırma vasitəsi kimi böyük təsir
gücünə malikdir. Məsələnin digər
mühüm aspekti ondan ibarətdir ki, hər bir agentlik təkcə
kollektiv deyil, həm də fərdi jurnalistlər deməkdir.
Təbii ki, həmin jurnalistlərin və
reportyorların hər biri çalışdığı
agentliyin ümumi konsepsiyasına və işəgötürənin
ümumi siyasətinə riayət etməyə borcludur. Amma
eyni zamanda, onlardan hər birinin öz fərdi üslubu, öz
dəst-xətti var. Çox vaxt hətta materialın sonunda
imza olmasa da, onun müəllifini müəyyən etmək
olur. Əksər hallarda əməkdaşlardan çoxunun fərdi
bloqları, öz agentliklərinin internet-portallarında
ayrıca rubrikalar çərçivəsində məxsusi
guşələri olur. Məhz bu cür müasir jurnalistlər
üçün öz sahəsində sadəcə məlumatlı
yox, həm də səriştəli mütəxəssis kimi fərdi
brendinin formalaşması böyük əhəmiyyət kəsb
edir. Buna görə də onlar təkcə xəbər
agentliyinin əməkdaşları kimi deyil, həm də fərdi
onlayn-bloqların müəllifləri kimi auditoriyanı öz
akkauntuna cəlb etmək yollarını öyrənməlidirlər.
Belə üsullar çoxdur. Məsələn,
sensasiyaların “tvitlənməsi”, haş-teqlərdən
istifadə, özlərinin maraqlı hesab etdiyi məlumatı
mənbələrinə istinad etməklə auditoriya ilə
“paylaşma” (sharing) və sair. Ədalət naminə etiraf etməliyəm
ki, iri media strukturlarının əməkdaşlarının
(mən frilanserləri - “azad sənətkarları” nəzərdə
tutmuram) əksəriyyəti onlayn-bloqingi artıq yük hesab
edir və eyni bir işi nəyə görə iki dəfə
etməli olduqlarını anlamırlar. Buna görə onlar
çox vaxt istinadları Facebook-da bölüşmək və
şərh etməklə kifayətlənirlər. Bu adamlar
çox vaxt haqlı olaraq təəccüblənirlər: fərdi
bloqlar yaratmaq nəyə gərəkdir? Axı onlar nyusmeykerlərin
tvitlərini kompilyasiya edib şəbəkələrdə
yerləşdirmək yox, hadisə yerinə getmək, çəkilişlər
aparmaq və həmin nyusmeykerlərlə canlı ünsiyyətdə
olmaq istəyirlər. Lakin internet nəşrlərin müəllifləri
üçün rəqəmsal jurnalistikanın gələcəyi
məhz peşəkar “layvbloqinq” formatı ilə
bağlıdır.
Gələcəyin
ən perspektivli jurnalist peşələri
Zəmanəmiz media kimi, jurnalist peşəsinə də
fərqli, müasir yanaşma tələb edir. Bu mənada
Moskva Dövlət Universitetinin jurnalistika fakültəsindən
olan həmkarım Andrey Vırkovskinin fikirləri ilə
razılaşmamaq mümkün deyil: “Bloqlar tədricən ənənəvi
KİV-lərin informasiya məkanını onların əlindən
alır. İri nəşrlər məşhur bloqqerlərin
postlarını öz saytlarında yerləşdirməklə
oxucuları cəlb edirlər. Gələcəkdə ənənəvi
medianın əsas rəqibi mövcud informasiyanın
kompilyasiya edilməsinə əsaslanan jurnalistika olacaq. Orijinal
mətnlərdən seçilmiş hissələri birləşdirən,
müxtəlif mövqeləri üz-üzə qoyan, gözlənilməz
diskussiyaları qızışdıran mahir kompilyator daha bir
perspektivli peşədir”.
Bununla əlaqədar bir məqamı xatırlatmaq yerinə
düşər. Nüfuzlu “Forbs” jurnalı 2009-cu ildə
qlobal trendləri təhlil edərək bu qənaətə gəlib
ki, qarşıdakı onilliklərdə jurnalist–aqreqator
peşəsi ən çox tələbat olan ixtisaslardan birinə
çevriləcək.
Qərbdə sosial jurnalistikanın və ya belə demək
mümkündürsə, vətəndaş
jurnalistikasının inkişaf təcrübəsi göstərir
ki, ənənəvi medianın rəqibləri internet
auditoriyada tədricən populyarlıq qazanır. Bu auditoriya
televiziya, mətbuat və radio auditoriyasından fərqli olaraq
ilbəil genişlənir. Buna görə də şübhə
yoxdur ki, ənənəvi medianın dünya şəbəkəsinə
transformasiyası labüd olduğu kimi, müasir jurnalistlərin
offlayn rejimində işlə onlayn bloqları
uzlaşdırması da zəruridir.
İnformasiyanı yeni media vasitəsilə istehlak edənlərin
sayının televiziya tamaşaçılarını və
ya qəzet oxucularını üstələyəcəyi vaxt
yaxındırmı? Yaxud nə qədər uzaqdadır? Bu,
klassik medianın çevikliyindən, zəmanənin
çağırışlarına nə dərəcədə
həssas yanaşmasından, yeni texnologiyaları, müasir
brendləri mənimsəmək bacarığından və əlbəttə,
maddi vəsaitdən çox asılıdır.
Aslan
Aslanov
AzərTAc-ın
Baş direktoru
İki sahil.- 2014.- 15 oktyabr.- S.11.