Mədəni irs Azərbaycan dövlətinin
prioritetləri arasında xüsusi yer tutur
Azərbaycanın
Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi
çərçivəsində oktyabrın 14-də “Avropa irs
günlərinin qeyd edilməsi: Bakı-2014” tədbiri
keçirilib.
Tədbir Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin
və Avropa Şurasının demokratik idarəçilik
direktorluğunun nümayəndələrinin iştirakı ilə
baş tutub.
Mərasim
iştirakçıları əvvəlcə “İcmalar irsi
formalaşdırır: Azərbaycan simaları” mövzusunda
hazırlanmış fotosərgi ilə tanış olublar.
Açılış mərasimində
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev ölkəmizin Avropanın
bütün beynəlxalq layihələrində, tədbirlərində
fəal iştirakından söz açıb.
Bildirilib ki, Azərbaycanın
Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi
çərçivəsində nəzərdə tutulan silsilə
tədbirlər sırasında məhz mədəniyyət və
turizm tədbirlərinin keçirilməsi sevindirici haldır.
Müvafiq sahədə ilk tədbirin “Mədəniyyət və
rəqəmsallaşmanın mübadiləsi üzrə
birinci platforma – Bakı konfransı” olduğunu diqqətə
çatdıran nazir ölkəmizin özünü Avropa ailəsinin
ən yaxın üzvü kimi tanıtdıra bildiyini qeyd edib.
Ə.Qarayev deyib: “Mədəni irs Azərbaycan
dövlətinin prioritetləri arasında xüsusi yer tutur. Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası təsdiq olunub. Bu konsepsiyada mədəni irsin
qorunması əsas istiqamətlərdən biri kimi əksini
tapıb. Fəxr edirik ki, mədəni irsə
marağımız nəinki ölkə daxilində, eyni
zamanda bütün qitələrdə də öz əksini
tapıb. Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın rəhbərliyi altında Heydər Əliyev
Fondu tərəfindən dünyanın bir çox ölkələrində
mədəniyyət obyektlərinin bərpası, yenidən
qurulması istiqamətində layihələr həyata
keçirilir. Qloballaşan dünyada Azərbaycan bütün
mədəniyyətlərə doğru açıq sima,
açıq niyyət arzusu ilə gedir”.
Belə möhtəşəm tədbirin Azərbaycanda
təşkilinin əhəmiyyətini vurğulayan mədəniyyət
və turizm naziri təşkilatçılara dərin təşəkkürünü
bildirib.
Tədbirdə “Avropa
irs günləri layihəsi və onun Azərbaycanda qeyd
olunması”na dair film nümayiş olunub.
Sonra Avropa
Şurasının demokratik idarəçilik direktorluğunun
rəhbəri Klaudia Luçianinin videomüraciəti
nümayiş etdirilib.
Avropa
Şurasının Bakı ofisinin rəhbəri Draqana
Filipoviç, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin
rəhbəri Malena Mard, Avropa Komissiyasının
“Yaradıcı Avropa proqramının” rəhbəri Monika
Urian de Souza və “Avropa irs günləri” layihəsinin meneceri
Madelena Qrosman tədbirin əhəmiyyətindən və təmsil
etdikləri ölkədə müvafiq sahə üzrə təcrübələrindən
söz açıblar.
Bildirilib ki, layihənin
əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin
mədəni irs obyektlərinə sərbəst girişini təmin
etmək, tarix və mədəniyyət abidələrinin
qorunması məsələlərinə geniş ictimaiyyətin
diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.
Tədbir işini sessiyalarla davam etdirib.
İki
sahil.- 2014.- 15 oktyabr.- S.17.