Pirallahı rayonunda Dövlət

Proqramları uğurla icra edilir

 

Bu haqda Dövlət Başçısına geniş məlumat verilmişdir

 

Oktyabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pirallahı rayonunda olmuşdur. Dövlət başçısı bu il yanvarın 17-də təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Pirallahı rayonunda həyata keçirilməsi vəziyyəti ilə maraqlanmışdır.

 

Cənab Prezidentə məlumat verilmişdir ki, rayonun perspektiv inkişaf planına əsasən Gürgən qəsəbəsi və Dübəndi massivi ərazisində dəniz sahili boyunca 1700 ha sahədə tam yeni bir şəhərin salınması nəzərdə tutulur. Dəniz sahili ilə bərabər ətraf ərazilər də daxil olmaqla yaşayış, ofis, istirahət və əyləncə mərkəzlərinin ən müasir tələblər səviyyəsində layihələndirilməsi planlaşdırılan bu şəhərdə 100 mindən çox insanın yaşaması mümkün olacaqdır. Yeni salınacaq şəhərdə Avropa standartlarının tələbləri səviyyəsində qurulacaq infrastruktur şəhərin gələcəkdə böyüməsinə hesablanmışdır. Şəhərdə ilkin mərhələdə 4 mərtəbəli (hər biri 2260 m2) 56 ədəd yaşayış binası, ofis binaları, 12 min yerlik 5 məktəb binası, 5600 yerlik 8 uşaq bağçası, ticarət mərkəzləri, universitet kompleksi, təmizlənmiş dəniz suyunun hesabına şəlalə kompleksi, sənaye zonası, məscid, dəniz sahili boyu bulvar, çimərliklər, restoranlar, avtodayanacaqlar, uşaq meydançaları, parklar, tennis kortu, balıqçılıq platforması və s. inşa olunacaqdır. Yeni şəhərin salınmasının Bakı şəhərindəki sıxlığın aradan qaldırılmasında da mühüm rol oynayacağı nəzərdə tutulmuşdur.

Bildirilmişdir ki, infrastruktur layihələri çərçivəsində Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik 4-6 zolaqlı müasir avtomobil yolunun əsas hissəsi artıq istismara verilmiş, işıq dirəkləri və ayırıcı çəpərlər qurulmuşdur. İndiyədək Dübəndi bağlar massivindən Gürgən qəsəbəsi istiqamətində magistral yolun genişləndirilməsi üçün 40 min m3 torpaq daşınmış, dekorativ elementlərin yüksək dizaynla hazırlanmasına sifarişlər verilmiş, geniş yaşıllıqlar salınmışdır ki, bu da yola xüsusi yaraşıq verir. Qeyd edilmişdir ki, yaşıllıq sahəsinin ümumi uzunluğu 2333 metrdir. Magistral yolun kənarındakı zolaqda ekzotik bitkilər əkilmiş, həmin ərazidə salınan qazon örtüyünün sahəsi 30000 kvadratmetr təşkil etmişdir. Rayonun girişinin sağsol hissələrində piramida formasında monument inşa edilərək üzərində “Pirallahı” sözü yazılmışdır.

Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən “Yüksək Texnologiyalar Parkı” inşa olunacağı 50 hektar ərazidə təmizlik və abadlıq işləri aparılır, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisində beton dayaqların qurulması prosesi başa çatmış, üst aşırımların qurulmasına başlanmışdır.

Pirallahı rayonunda bu il Dövlət Proqramına əsasən daha bir obyekt - 10 saylı Birləşmiş Şəhər Xəstəxanası əsaslı təmirdən sonra yenidən istifadəyə verilmişdir. 110 çarpayılıq xəstəxananın yenidən qurulması Dövlət Proqramına əsasən müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir. Ötən ilin oktyabr ayında Dövlət Proqramına əsasən başlanmış 168 ¹-li tam orta məktəbin əsaslı təmiri bu ilin əvvəlindən intensiv surətdə davam etdirilmiş, məktəb üçün 2 ədəd 100 kubmetr tutumu olan yeraltı su anbarı tikilmiş, yeni dərs ilinə məktəb istifadəyə verilmişdir.

Pirallahı rayonu üzrə 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd -140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri ilə əlaqədar sənədləşmə prosesi davam etdirilir. Bütövlükdə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə yaxın iki il ərzində Dövlət Proqramına əsasən bağça tikintisi davam etdiriləcəkdir.

Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası və Heydər Əliyev Mərkəzinin inşası davam edir. Pirallahı Rayon İcra Hakimiyyətinin 4 mərtəbədən ibarət olacaq, klassikmodern üslubun sintezini özündə əks etdirən inzibati binasında dəmir-beton konstruksiya işləri artıq üçüncü mərtəbədə davam etdirilir. Yaxınlıqda inşa edilən ikimərtəbəli, sahəsi 570 kvadratmetr təşkil edəcək Heydər Əliyev Mərkəzinin binasında da betontökmə işləri davam edir. S.Vurğun küçəsində Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün ümumi sahəsi 3000 kvadratmetr təşkil edən yeni inzibati binanın inşasına başlanılmışdır. Pirallahı rayon Polis Şöbəsinin inzibati binasının tikintisi başa çatdırılmışdır, ərazidə son tamamlama işləri görülür. Bu günlərdə 168 ¹-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisinə başlanılmışdır.

“Nümunəvi Həyətlər” layihəsi çərçivəsində işlər ilk olaraq 29-cu məhəllənin əhatə etdiyi ərazidə uğurla başa çatdırılmışdır. Daha sonra işlər 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdirilmişdir. Burada hazırda kommunikasiya xətləri yenilənir, magistral xətlər çəkilir, istilik sisteminin bərpası istiqamətində əsaslı yenidənqurma işləri aparılır. K.Rzayev küçəsində məhəllədaxili yollar asfaltlanır, köhnə bardürlər yeniləri ilə əvəz edilir.

Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasad hissələrinin təmirinə start verilib. 29-cu məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər aparılır. Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş, antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar, yaşayış olmayan, şəhərsalma və tikinti normalarına zidd olan kiçik və yarımçıq tikililər sökülür, ərazilər təmizlənərək abadlaşdırılır. Həmin binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir.

Prezident İlham Əliyev 2014-cü ili “Sənaye ilielan etmişdirbununla əlaqədar Pirallahı rayonunda da xeyli işlər görülmüşdür. Artıq tam gücü ilə işləyən Beton zavodunda yeni istehsalat sahələri işə salınmışdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmış və 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi yekunlaşaraq burada hazırda sazlama işləri başa çatdırılmışdır. Qeyd edək ki, Günəş Elektrik Stansiyasında Sumqayıt şəhərində fəaliyyət göstərən “Azgüntex” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalı olan günəş panellərindən istifadə edilmişdir.

Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq Dövlət Proqramına uyğun olaraq, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi başa çatdırılmışdır. Hazırda peçlərin və digər avadanlıqların quraşdırılması prosesi gedir. “Çörək və un məmulatları kombinatı” 30 min əhalini çörəklə təmin etməyə imkanı olan istehsal gücünə malikdir. Xəmirin yoğrulmasından çörəyin bişirilməsinədək bütün proseslər tam avtomatlaşdırılmış kombinatda 30 nəfər işlə təmin olunacaqdır. “Bakıelektrikşəbəkə” ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin İnzibati Binası üçün S.Vurğun küçəsində 0,52 hektar torpaq sahəsi ayrılmışdır və həmin ərazidə inzibati binanın tikintisi aparılır.

Cənab İlham Əliyev tərəfindən bu il yanvarın 17-də təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivlərinin öz əksini tapdığı bir daha vurğulanmışdır. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi, Pirallahı qəsəbəsində müasir çörək istehsalı kombinatının və kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisinin dəstəklənməsi, Pirallahı qəsəbəsində 168 saylı orta məktəb üçün 15 əlavə sinif otağının və idman zalının tikintisi, 235 nömrəli tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, aktidman zalının, kitabxananın, yeməkxananın tikintisiidman meydançasının yaradılması, “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi-uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi, Gürgan qəsəbəsində “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi, Pirallahı qəsəbəsində 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisində 5 yerdə idman meydançalarının yaradılması, Pirallahı rayonunda Gənclər evinin və yanğından mühafizə bölməsinin tikintisi, Pirallahı qəsəbəsində tutumu 200 kubmetr olan 1 ədəd yanğına qarşı su hovuzunun təmiri kimi bu və digər mühüm məsələlər əks olunub.Pirallahı rayonunda sakinlərin maddi-rifah halının yüksəldilməsi məqsədilə bazar, ticarət mərkəzləri, yanacaqdoldurma məntəqəsi inşa etmək nəzərdə tutulub ki, bu işlər eyni zamanda məşğulluq məsələsinin də müsbət həllinə xidmət edəcəkdir. Əhalinin istirahəti və asudə vaxtını səmərəli keçirməsi məqsədilə “Nümunəvi Həyətlər” layihəsi çərçivəsində işlər davam etdiriləcəkdir. Zirzəmilərin təmizlənməsi, hündürmərtəbəli binaların əsaslı təmiri, fasadların yenilənməsi, blokların və dam örtüklərinin təmiri istiqamətində müvafiq tədbirlər görüləcəkdir.

Yaxın gələcəkdə RİH-in tikiləcək inzibati binasının qarşısındakı parkın abadlaşdırılması, dənizkənarı parkın salınması planlaşdırılır. Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclər Əyləncə Mərkəzi”nin yaradılması və həmin mərkəzdə internet-kafe, çay evi və digər istirahət obyektlərinin inşası nəzərdə tutulmuşdur. Dövlət Proqramı çərçivəsində əhalinin 24 saat fasiləsiz su ilə təmin olunması, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri öz əksini tapmışdır. Adanın enerji dayanıqlığını təmin etmək məqsədilə alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulması davam edəcəkdir.

Pirallahı rayonunda Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin icrasından razılığını bildirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işlərin daha yüksək səviyyədə davam etdirilməsi məqsədilə tövsiyə və tapşırıqlarını vermişdir.

 

İlqar Məmmədli

 

İki sahil.- 2014.- 16 oktyabr.- S.6.