«Azərbaycan 2020: gələcəyə baxış»
İnkişaf Konsepsiyası Azərbaycanın sürətli
inkişafının aydın
proqnozlaşdırılmış mənzərəsidir
Milli Məclisin
iqtisadi siyasət komitəsinin üzvü, iqtisad elmləri
doktoru
Ayaz Orucovun www.yap.org.az saytına müsahibəsi
- Ayaz müəllim, bu günlərdə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsi keçirildi. Dövlət başçısı İlham Əliyevin rəqəmlərə söykənərək diqqətə çatdırdığı uğurlar bir reallığı ortaya qoydu ki, cari il də ölkəmiz üçün uğurlu mərhələ kimi tarixə düşəcək. Uğurlara yol açan amilləri necə şərh edərdiniz?
- Öncə
inkarolunmaz bir faktı qeyd etmək istərdim ki, Azərbaycan əlverişli
biznes mühiti olan islahatlar ölkəsidir. Möhtərəm
Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü
ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş müşavirəsində də bu
reallığı bir daha faktlar əsasında diqqətə
çatdırdı. Bildirildi ki, doqquz ayın nəticələri
onu göstərir ki, bu il də tarixdə uğurlu il
kimi qalacaq. Bu da təbiidir. Çünki son illərdə
aparılan islahatlar, irəli sürülən təşəbbüslər
ölkəmizin dinamik inkişafını təmin etmişdir.
Təkcə cari ilin doqquz ayının sosial-iqtisadi göstəricilərinə
diqqət yetirək. Ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft
sektoru 6 faiz artıb. Ölkə iqtisadiyyatına 19 milyard
dollar sərmayə qoyulub. Valyuta ehtiyatlarımız 53 milyard
dollar təşkil edir. Cari ilin ötən
dövründə yüz mindən artıq yeni iş yeri
açılıb ki, onlardan 80 mini daimi iş yeridir.
İşsizliyin səviyyəsi 5, yoxsulluğun səviyyəsi
5,3 faiz təşkil edir. Əhalinin pul gəlirləri cari ilin
ötən dövründə 5,4 faiz artıb.
Dövlət
Proqramlarının həyata keçirilməsi ilə ölkədə
əsaslı islahatların aparılması, ən
mühüm infrastruktur layihələrinin tətbiqi nəticəsində
özəl bölmənin formalaşdırılması və
təkmilləşdiriləsi istiqamətində kompleks tədbirlərin
həlli ilə əhəmiyyətli uğurlar qazanılıb. On ildə ÜDM 3 dəfədən
çox artan ölkə iqtisadiyyatında 85 faiz paya sahib
qeyri-neft sektorunun cari ilin ötən dövründə 6 faiz
inkişafı yaradılan biznes mühinin, şəffaflığın
təsdiqi, dövlətin iş adamlarına dəstəyinin
ifadəsidir. Belə ki, ötən dövrlərdə
sahibkarlığın inkişafına dövlət dəstəyi
hər il daha da gücləndirilmiş, iş
adamlarının hüquqlarının qorunması
üçün qanunvericilikdə dəyişikliklər
aparılmış, bizneslə məşğul olanların sərbəst
fəaliyyəti üçün qeyri-qanuni, lüzumsuz
yoxlamaların, müdaxilələrin qarşısı
alınmışdır. Digər sahələrdə olduğu
kimi, aqrar sahənin inkişafı da diqqətdə
saxlanılmış, fermer təsərrüfatlarının,
taxılçılığın və
heyvandarlığın inkişaf etdirilməsi prioritet vəzifəyə
çevrilmişdir. «Son 10 il ərzində
sahibkarlığın inkişafına çox böyük
diqqət göstərmişik. Xüsusilə
sahibkarların ölkə iqtisadiyyatına sərmayə
qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən
konkret proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb
edilmişdir», söyləyən möhtərəm Prezident
İlham Əliyevin vurğuladığı kimi, bu müddətdə
Sahibkarlığa Kömək Milli Fondu hesabına iş
adamlarına güzəştli şərtlərlə kreditlər
verilmişdir. Son 10 ildə xüsusilə
bölgələrdə istifadəyə verilən 1200-dən
artıq obyektin açılışında iştirak edən
dövlət başçısının başlıca tələbi
daxili bazarı yerli məhsullar hesabına təmin etməklə
Azərbaycan markası ilə məşhur olan məhsulların
xarici ölkələrdə tanıdılmasıdır.
Hər il sahibkarlara verilən 300 milyon manat həcmində
güzəştli kreditin 2018-ci ilədək 1,5 milyard manata
çatdırılması nəzərdə tutulur. Bəllidir
ki, yerli istehsalın gücləndirilməsi, idxaldan
asılılığımızı azaltmaqla
ixracyönümlü məhsulların çeşidinin
artırılmasını da şərtləndirir.
Qazanılan uğurlar
gələcək inkişafın təməli kimi dəyərləndirilir.
Nazirlər Kabinetinin 2014-cü ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında açıqlanan rəqəmlər sevindirici
olmaqla düşünülmüş siyasətin uğuru və
təntənəsidir. İslahatların məntiqi nəticəsi
kimi dəyərləndirilən
inkişafımızı statistik rəqəmlərlə
açıqlayan cənab İlham Əliyevin
vurğuladığı kimi bu dövrü əhatə edən
iqtisadi göstəricilərimiz çox müsbətdir. Hər
ölkənin gələcəyə təminatının,
qüdrətinin, iqtisadi inkişafının və əhalinin
sosial müdafiəsinin barometri olan inflyasiya Azərbaycanda 1,5
faiz təşkil edir. Davamlı diqqət yetirilən əməkhaqqı
siyasətinə uyğun maaşlar, pensiyalar ildən-ilə
artırılır, sovet vaxtından qalmış əmanətlər
kompensasiya şəklində, MDB-də ən böyük əmsalla,
ən qısa müddət ərzində insanlara
qaytarılmışdır. Bütün bu amillərə
baxmayaraq, inflyasiya cəmi 1,5 faizdir. Prezident İlham
Əliyevin vurğuladığı kimi, bu dinamika Azərbaycanın
xarici ticarət əlaqələrinə də müsbət təsir
edir.
Zamanın
çağırışına uyğun hədəflər
davamlı inkişafa stimul verir. Uzunmüddətli
məşğulluq konsepsiyasının hazırlanması, sənayeləşmə
və kənd təsərrüfatı, yüksək texnologiyalar
və s. digər sahələrin sürətli inkişafı
ilə işsizliyin aradan qaldırılması, 2018-ci ilədək
infrastruktur və sosial layihələrin tam həllinə nail
olmaq mühüm vəzifələr
sırasındadır. Kredit reytinqlərinin
artırılmasından da aydın olur ki, respublikamızda
maliyyə vəziyyəti sabitdir, zəngin maliyyə
potensialı mövcuddur. Dünya miqyasında adambaşına
düşən valyuta ehtiyatlarına görə Azərbaycan
aparıcı, yəni, ən qabaqcıl yerlərdədir. Xarici iş adamları Azərbaycanda yaranan əlverişli
biznes mühitindən razılıq edirlər. 2020-ci ildə
iqtisadi və siyasi cəhətdən inkişaf etmiş,
bütün sahələrdə rəqabət qabiliyyətli
ölkə olan Azərbaycanın ən ucqar kəndlərində
belə, vətəndaşların rahat, gündəlik həyatı
üçün lazımi bütün şərait
yaradılacaq, səhiyyə və təhsil xidmətləri təmin
ediləcəkdir. Azərbaycan əhalisinin gəlirlərinin
davamlı artımı, işsizlik səviyyəsinin minimum həddə
olduğu, yüksək dərəcədə inkişaf
etmiş insan kapitalına, mühafizə edilmiş, sağlam ətraf
mühitə və hər bir vətəndaşı
üçün geniş imkanlara malik məkan olacaqdır.
Adambaşına düşən ÜDM-in həcmi
iki dəfədən çox artaraq 13000 dollara
çatdırılacaq. 2020-ci ildə Azərbaycanın
Dünya Bankının adambaşına düşən
Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı
orta gəlirli ölkələr» arasında və BMT
İnkişaf Proqramının İnsan İnkişafı
ilə bağlı təsnifatına əsasən “yüksək
insan inkişafı” ölkələri qrupunda ilk sıralarda
yer almaq da niyyətlərdəndir.
Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri əsas götürüləcək. Konsepsiya çərçivəsində ölkədə məhsuldarlığa əsaslanan iqtisadiyyata nail olunacaq. İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətlərə diqqət artırılacaq. Gələcəkdə də inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik məzənnə rejiminə tədrici keçidin təmin olunması nəzərdə tutulur. Yəni qarşıdakı illərdə də beynəlxalq reytinq agentliklərinin Azərbaycanla bağlı rəyləri məqbul, ürəkaçan olacaq. Bunun üçün etibarlı baza, zəngin potensial, dövlət siyasətinin başlıca istiqaməti olan insan amilinə diqqət və qayğı, iqtidar –xalq birliyi və həmrəyliyi mövcuddur. Kosmik sənayeyə malik Azərbaycan eyni zamanda özünə məxsus brendi «ASAN xidmət»i ilə də seçilir. Ölkəmizdə həyata keçirilən bütün islahatların mərkəzində insan amili dayanır və bu istiqmətə yönəldilir. Nəticədə isə beynəlxalq sahədə artan nufuzumuza yeni dəyərələr əlavə olunur.
- Müşavirədə bu fikir xüsusi vurğulandı ki, iqtisadiyyatın şaxələndirilməsi qarşıdakı illərdə də prioritet məsələ olacaq...
- Təbii
ki, dinamik inkişaf mərhələsində olan Azərbaycanın
əsas hədəfi çoxşaxəli, səmərəli
və innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması, şaxələndirilməsi, əhalinin
rifahının beynəlxalq standartlara uyğun səviyyəyə
çatdırılmasıdır. Planlı iqtisadiyyatı əvəz edən
bazar iqtisadiyyatı institutlarının yaradılması və
sahibkar təşəbbüskarlığına söykənən
müasir modelin bərqərar olması, sosial infrastrukturun təkmilləşdirilməsi
ölkəmizin gələcək inkişafı
üçün geniş imkanlar açıb. Aparılan
düzgün siyasət nəticəsində Azərbaycanda
makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub,
yoxsulluğun azaldılmasında və əhalinin sosial
rifahının yüksəldilməsində ciddi uğurlar
qazanılıb. Qəbul edilən Dövlət Proqramları
bu məqsədlərə yüksək səviyyədə
nail olmağa yol açır. Regional inkişaf
proqramlarının uğurlu nəticələri göz
qabağındadır. Artıq regionların sosial-iqtisadi
inkişafına dair üçüncü Dövlət
Proqramının icrasına başlanılıb. Möhtərəm
Prezidentimiz İlham Əliyev bu əminliyi ifadə edir ki,
üçüncü proqram da uğurlu başa çatacaq və
həlli vacib məsələlər öz həllini tapacaq.
Uğurlu nəticələr Azərbaycanın dünyaya
özünün inkişaf modelini təqdim etdiyini deməyə
əsas verir və qısa zaman kəsiyində ölkəmizdə
sözün əsl mənasında inqlabi yeniləşməyə
və tərəqiyyə nail olunub.
Prezident İlham
Əliyevin vurğuladığı kimi 2013-2020-ci illəri əhatə
edəcək bu mərhələdə Azərbaycanın hədəfi
inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq,
qeyri-neft sektorunun hərtərəfli inkişafına nail
olmaqdır.
Regionda
liderlik səviyyəsinə yüksələrək beynəlxalq
mövqelərini daha da gücləndirən, enerji təhlükəsizliyi
sahəsində həlledici söz sahibi olan, Asiya və Avropa
arasında strateji nəqliyyat dəhlizinə çevrilən
Azərbaycanda aparılan islahatlar uğurla nəticələnir. Yaxın 10 il üçün müəyyən
edilmiş prioritet isə Azərbaycanın milli
iqtisadiyyatını dünya iqtisadi sisteminin ayrılmaz tərkibinə
çevirməkdir. Bunun üçün möhkəm təməl
formalaşıb.
Göründüyü
kimi, bütün sahələr üzrə qəbul edilmiş
proqramlar həyata keçirilir və Azərbaycanda artıq
yeni mərhələdə kəmiyyət dəyişikliklərindən
keyfiyyət dəyişikliklərinə keçid
başlayıb. Dövlət Proqramları, «Azərbaycan 2020: gələcəyə
baxış» İnkişaf Konsepsiyası bu yeni mərhələnin
aydın proqnozlaşdırılmış mənzərəsini
ortaya qoyur.
İqtisadiyyatın
şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi
hesabına davamlı və sabit iqtisadi inkişafa nail
olunması, ÜDM-nin və dövlət büdcəsinin
formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması,
bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin
müasir tələblər səviyyəsinə çatdırılması,
ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin
yüksəldilməsi və milli məhsulların dünya
bazarlarına ixrac imkanlarının artırılması, əhalinin
etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi
rifah halının durmadan
yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin
və işsizliyin minimuma endirilməsi, orta təbəqənin
hər vasitə ilə genişləndirilməsi və cəmiyyət
həyatında rolunun artırılması başlıca
perspektivlərdəndir. Dövlət
başçısı cənab İlham Əliyev dəfələrlə
öz çıxışında hökumətin
sahibkarlıq subyektlərinə dəstək olduğunu bildirərək
iş adamlarına üzləşdikləri problemlərlə
bağlı müvafiq instansiyalara məlumat vermələrini
tövsiyə edib: «Mən çox şadam ki, Azərbaycanda
özəl sektor inkişaf edir. Yerli sahibkarlar Azərbaycan
iqtisadiyyatına sərmayə qoyurlar. O sahələrə ki,
Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm
rol oynayır. O sahələrə ki, hələ biz idxaldan
asılıyıq. Eyni zamanda, çox şadam ki, Azərbaycanda
məhz müasir sənaye müəssisələri
yaradılır. Bu müəssisələr
bundan sonra uzun illər ərzində Azərbaycan
iqtisadiyyatının inkişafına xidmət edəcək.
Ümumilikdə isə biz iqtisadiyyatımızın şaxələndirilməsi
işində müsbət nailiyyətlərə
çatmışıq.» Qarşıya qoyulan məqsəd isə
gələcək illərdə bu müsbət meyilləri
daha da gücləndirmək, ölkədə müasir sənaye
komplekslərinin sayını artırmaq, aqrar və emal sahəsinin
inkişafı ilə bağlı əlavə addımlar
atmaqdır.
Yoxsulluğun
azaldılması və əhəalinin məşğulluq səviyyəsinin
artırılmasında başlıca amil olan özəl
bölməyə, sahibkarlara dövlət dəstəyinin
davamlı olmasını siyasi, iqtisadi və maliyyə
baxımından əhəmiyyətli hesab edən Prezident
İlham Əliyevin vurğuladığı kimi, sahibkarlar
ölkəmizin iqtisadiyyatına sərmayə qoymaqla öz imkanlarını genişləndirir,
eyni zamanda, ümumi inkişafımıza xidmət etmiş
olurlar. Gələcək illərdə isə özəl
bölməni əhatə edən çox güclü emal sənayesi
sektoru yaradılacaq. Bununla bərabər, sağlam rəqabət
ölkə əhalisini narahat edən, idxalda və yerli
istehsalda özünü göstərən
inhisarçılıq hallarını aradan qaldıracaq.
Sağlam rəqabət isə biznes mühitinin şəffaflaşdırılması
üçün ən vacib amillərdəndir. Tam məsuliyyətlə
demək olar ki, Azərbaycanda azad sahibkarlıq
üçün kifayət qədər münbit şərait
yaradılıb.
Bütün bunlar o
deməkdir ki, dövlət sahibkarlığın
inkişafında maraqlıdır və bu sahəyə
böyük önəm verir.
- XXI əsrin çağırışı olan bazar iqtisadiyyatı sistemində sağlam rəqabətin təmin edilməsi istiqamətində atılan addımlara nəzər yetirmənizi istərdik...
- Bu faktı qeyd etmək
istərdim ki, 1993-cü ildən başlayaraq həyata
keçirilən islahatlar 2000-ci illərdə daha da sürətləndi,
istiqamətləri kimi coğrafiyası da genişləndi.
Sovet dövründən miras qalmış inzibati amirlik
üsul-idarəsi yeni rəqabət münasibətləri-
bazar iqtisadiyyatı ilə əvəz olundu. Azərbaycanın
zəngin karbohidrogen ehtiyatlarının xalqın mənafeyi
naminə istifadəsi üçün imkanları artıran «
Əsrin müqaviləsi»nin imzalanması ilə investisiya
mühitinin yaradılması istiqamətində önəmli
addımlar atıldı. Dünyanın ən iri neft şirkətlərinin
Azərbaycanla əməkdaşlıqda maraqlı olması,
neft müqaviləsinin imzalanması ölkəmizin təbii
resurslarının geniş şəkildə hasilatına və
ixracına imkan yaratmaqla respublika iqtisadiyyatının strateji
prioritetlərini müəyyənləşdirdi. Nəzərdə tutulduğu müddətdə
başa çatdırılan Bakı-Tbilisi-Ceyhan neft,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə
verilməsi ilə artan neft gəlirlərin bazar
iqtisadiyyatının əsas tələb və şərtlərindən
olan qeyri-neft sektoruna yönəldilməsi ilə özəl
bölmənin inkişafı təmin olundu. Azərbaycanın bütün alternativ enerji layihələrində
iştirakını ölkənin inkişafı, bölgədə
sabitliyin təminatı, dövlətlərarası əməkdaşlığın
möhkəmlənməsi prizmasından dəyərləndirən
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan BTC,
BTƏ neft -qaz kəmərlərinin Transanadolu, «Cənub
qaz dəhlizi», AGRİ kimi ardıcıllarının
reallaşmasını hər zaman dəstəkləyir. Avropanın enerji təhlükəsizliyinin təminatına
diqqət yetirən qitə dövlətlərinin enerjiyə tələbatının
ödənilməsi üçün Xəzər bölgəsində
hasilat, tranzit baxımından ən əlverişli coğrafi
məkanda yerləşən Azərbaycanla əməkdaşlıqda
maraqlı olması da təsadüfi deyil. Enerji
layihələrinin ölkələrarası əməkdaşlıqda
mühüm vasitə olduğunu bütün enerji sammitlərində
, zirvə toplantılarında dəfələrlə
vurğulayan Prezident İlham Əliyev bildirir ki,
qarşılıqlı əməkdaşlığa, maraqlara
xidmət edən bütün layihələrə inamla
yanaşan Azərbaycan hər zaman
etibarlı tərəfdaş statusunu əməli işi ilə
doğruldur. 40-50 illik bir dövrü əhatə edəcək
Transanadolu kimi sazişin imzalanması, Türkiyədə
«Star» neft emalı zavadunun inşası ARDNŞ-in sahiblik etdyi
«Petkim» kimi nəhəng neft-kimya müəssisəsinin istehsal
imkanlarının və gəlirlərinin artması, Azərbaycan
qazını Avropaya çıxaracaq marşrutların alternativ
variantları ətrafında müzakirələrin
aktuallaşması ölkəmizin dünya birliyində artan və
möhkəmlənən mövqeyinin ifadəsidir. Bir
mühüm addımı da qeyd etmək istərdim ki,
«Əsrin müqaviləsi»nin 20 illiyində «Cənub» qaz dəhlizinin
təməlinin qoyulması Azərbaycanın Avropanın enerji
təhlükəsizliyinin təminatında rolunu daha da
artıracaq. Etibarlı tərəfdaş olan ölkəmiz
neft-qaz sahəsində qlobal əhəmiyyət
daşıdığı üçün xarici bazarlara
çıxış imkanları da artır. Qlobal layihələrin
həllində iqtisadi, siyasi gücü artan Azərbaycanın
maliyyə resursları çoxaldıqca dünya maliyyə
bazarında iştirakı da aktuallaşır. Artıq
respublikamızda bütün istiqamətlər üzrə həlli
vacib proqramlar daxili imkanlar hesabına həyata keçirilir. Dövlət büdcəsi 25 milyard, valyuta
ehtiyatları 53 milyard dolları ötən respublikamızda
potensial və resurslardan səmərəli istifadəyə
xüsusi diqqətlə yanaşılır. «Ümumiyyətlə
gələcəkdə böyük valyuta
ehtiyatlarımızın idarə edilməsi və ölkə
maraqlarına daha çox diqqət göstərilməsi
işində çevik siyasət aparılmalıdır»,
söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın
artıq donor ölkə kimi sərmayə yatırmaq
imkanları istənilən səviyyədədir.
Bu sadalanan uğurlar
qazandığımız nailiyyətlərin yalnız
kiçik bir hissəsidir.
Qloballaşma
dövründə Azərbaycanın qarşısında duran əsas
vəzifə dünya ölkələrinin inkişaf prosesində
iştirak etmək, ənənəvi iqtisadiyyatdan «bilik
iqtisadiyyatına» keçidin əsaslarını qoymaqdır.
Azərbaycanlı gənclərin xarici ölkələrdə
təhsilini davam etdirməsi üçün həyata
keçirilən Dövlət Proqramının tətbiqi ilə
bu prosesisin təməli qoyulub. Azərbaycan İKT tətbiqinə,
geniş zolaqlı, azad internetin təşkilinə görə
MDB-də lider ölkədir.
Sənayeləşmə
istiqamətində önəmli islahatların
aparıldığı ölkəmizdə bütün proseslərin
elektronlaşdırılması üçün əhəmiyyətli
Dövlət Proqramı həyata keçirilir. İKT və rabitə xidmətlərindən istifadə
imkanlarının genişləndirilməsi, İKT-nın
inkişaf etdirilməsi istiqamətində etibarlı təhlükəsizlik
sisteminin yaradılması, milli standartların
formalaşdırılıması, ölkə daxilində rəqəmsal
yayımın, «elektron hökumət» xidmətlərinin 100
faiz tətbiqi Azərbaycanın müasir dövlət
kimi formalaşmasının əsas prioritetləri kim diqqətdə
saxlanılacaq.
Bəllidir ki, növbəti
dövr dünya iqtisadiyatının əsas mərkəzləri
arasında tarazlığın dəyişməsi və
bununla əlaqədar yenidən qurulması, regional iqtisadi
ittifaqların rolunun güclənməsi ilə səciyyələnənəcək.
Azərbaycan inkişaf etməkdə olan ölkələr
sırasına daxil olduğundan göstərilən məqsədə
çatmaq üçün bazar iqtisadiyyatı şəraitində
sağlam rəqabəti təmin edən səmərəli
dövlət tənzimlənməsi, enerjidən səmərəli
istifadə və yüksək əlavə dəyər
yaradan ixracyönümlü iqtisadiyyata, trasformasiya və sosial
iqtisadi sahələrin inkişafına kompleks yanaşma
prinsipləri ölkəmizdə də əsas prinsiplər kimi
götürüləcək. Təcrübə göstərir
ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə
və sərbəst rəqabətə əsaslanan bazar
münasibətləri şəraitində
mümkündür. Gələcəyə daim
nikbin baxan dövlət başçımız eyni zamanda
vurğulayır ki, vəsaitlərdən qənaətlə
istifadə etməli, büdcəmizi elə
formalaşdırmalıyıq ki, Azərbaycanda valyuta
ehtiyatları daim artsın. Çünki bu iqtisadi və siyasi
təhlükəsizlik baxımından daha önəmlidir:
«Gələcək nəsillər üçün elə
güclü iqtisadiyyat qurub qoymalıyıq ki, Azərbaycanın
gələcək inkişafı ilə bağlı heç
bir problemi olmasın. Ona görə maliyyə
sahəsində düşünülmüş,
ölçülüb-biçilmiş addımlar və vəsaitdən
qənaətlə istifadə etməyimiz strateji xarakter
daşıyır.» İnkişaf Konsepsiyanın qəbulunda əsas
məqsəd bu göstəriciləri daha böyük rəqəmlərlə
ifadə etmək, sosial-iqtisadi sahədə titanik
inkişafı gerçəkləşdirməkdir. Qeyri-neft sənayesinin
inkişaf etdirilməsi məqsədilə ölkənin malik
olduğu təbii və iqtisadi resursların təsərrüfat
dövriyyəsinə cəlbinə diqqət
artırılacaq.
- Ayaz müəllim, Azərbaycanın dünya iqtisadi birliyində nüfuzunun artmasını necə dəyərləndirirsiniz?
- İqtisadi
inkişaf dinamikasına görə Azərbaycanı dünya
iqtisadiyyatının ayrılmaz parçası adlandıran
Prezident İlham Əliyevin vurğuladığı kimi
mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını
müəyyən edərkən, Azərbaycanın bundan
sonrakı uzun illər ərzində uğurlu
inkişafını qeyd edirlər. Möhtərəm Prezidentimiz bildirir:
«Bizim islahatlarımız, eyni zamanda, müxtəlif
qurumların reytinqlərində də özünü göstərir.
Dünyanın aparıcı reytinq agentlikləri bizim kredit
reytinqlərimizi artırırlar. Bu gün xarici maliyyə
bazarlarından kredit resurslarının cəlb edilməsi
üçün bizdə heç bir problem yoxdur. Əksinə,
biz bu məsələyə bir qədər təmkinlə
yanaşırıq. Çünki hesab edirik ki, daha çox
daxili imkanlardan istifadə etməliyik.
Hesab
edirəm ki, gənc müstəqil ölkə
üçün bu, çox böyük göstəricidir.»
Davos Dünya İqtisadi Forumunun növbəti « Dünya ticarətinə
cəlb edilmə -2014» hesabatına görə ölkəmizin
irəliləyərək 138 dövlət arasında 77-ci pillədə
yerləşməsi ölkəmizdə yaranan sağlam biznes mühitinin və
investisiya cəlbediciliyinin daha bir təsdiqi idi. «Daxili bazara
çıxış», «Sərhəddə inzibati idarəetmə»,
«İşgüzar mühit», « Nəqliyyat və kommunal
infrastruktur» kimi dörd əsasda tərtib olunan hesabatda qeyd olunduğu
kimi Azərbaycan bir çox nominasiyalar üzrə irəliləyib.
«Standart & Poors» kredit reytinqləri xidmətinin Azərbaycanın
uzunmüdətli və qısamüddətli suveren kredit
reytinqini «Sabit» proqnozla təsdiqləməsi dövlətin
düşünülmüş siyasətinin, dinamik inkişafın
nəticəsidir. «Standart & Poors»un qiymətləndirmə
prinsipində bu amil ölkə iqtisadiyyatının ümumi mənzərəsinə
təsir edən amil kimi dəyərləndirilir. Dünya Bankı və Beynəlxalq Maliyyə
Korporasiyası tərəfindən hazırlanan «Doing Business»”
hesabatlarında Azərbaycan mövqeyini
yaxşılaşdırmış, Dünya İqtisadi
Forumunun «Qlobal Rəqabətlilik Hesabatı»”nda Müstəqil
Dövlətlər Birliyi və region ölkələri
arasında lider mövqeyinə yüksəlmişdir.
İllərdən
bəridir ki, dünya təcrübəsində analoqu olmayan «
bir pəncərə» sisteminin tətbiqi ilə ölkədə
biznes mühitinin yaxşılaşdırılması istiqamətində
həyata keçirilən layihələrinin əhəmiyyətinə
görə islahatçı ölkə kimi elan olunan Azərbaycan
beynəlxalq səviyyədə daha bir uğur qazanmışdır. Azərbaycanda
əlverişli investisiya və biznes mühitinin olması beynəlxalq
miqyasda da xüsusilə qeyd edilir və aparıcı dünya
təşkilatlarının hazırladıqları hesabatlarda
bu amil daim ön plana çəkilir. Azərbaycan bu günlərdə
açıqlanan Dünya İqtisadi Forumunun «Qlobal rəqabətqabiliyyətlik
hesabatı 2014-2015”» adlı hesabatında daha bir pillə irəliləyərək
144 ölkə arasında 38-ci yerə yüksəlib. Hesabata əsasən,
biznesin qeydiyyatı üçün lazım olan
prosedurların sayına görə Azərbaycan 10-cu, biznesin
qeydiyyatı üçün tələb olunan vaxta görə
36-cıdır. ÜDM-in həcminə görə ölkəmiz
70-ci pillədə, inflyasiya səviyyəsinə görə
birinci yerdədir. Hesabatda həmçinin qeyd edilir ki, Azərbaycan
makroiqtisadi sabitlik göstəriciləri üzrə 9-cu, biznesə
dəstək üzrə 80-ci, əmək bazarının
effektliyi üzrə 33-cü, infrastrukturun inkişafı
üzrə 70-ci, ali təhsil üzrə 90-cı, maliyyə
bazarının inkişafı üzrə 89-cudur. Habelə
ölkəmiz avtomobil yollarının keyfiyyətinə
görə 69-cu, dəmir yolu infrastrukturunun keyfiyyətinə
görə 37-ci, hava yolları infrastrukturunun keyfiyyəti
üzrə 44-cü yerdə qərarlaşıb. Rəqabətə davamlılılıq indeksinə
görə Azərbaycan artıq altı ildir ki, MDB ölkələri
arasında liderliyini qoruyur. Ümumdünya İqtisadi Forumunun
açıqlanan yeni hesabatında da ölkəmizin inkşaf
dinamikası başqa respublikalarla müqayisədə aydın
görünür. Hesabatda qeyd olundğu kimi rəqabətə
davamlılıq indeksinə görə Qazxıstan 50-ci, Rusiya
51-ci, Gürcüstan 69-cu Ukrayna 76-cı, Ermənistan isə
85-ci yerdədirlər.
Uğurlu sosial-iqtisadi
islahatlar Azərbaycanın qarşıdakı illərdə də
öz liderliyini qoruyacağına əsas verir.
İki
sahil.- 2014.- 16 oktyabr.- S.18.