Ölkəmizin içməli su sektorunda

mühüm layihələr həyata keçirilir

 

“Azərsu” ASC tərəfindən aparılan məqsədyönlü tədbirlər nəticəsində ilin doqquz ayında 199 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb, 159 min nəfər isə fasiləsiz içməli su ilə təmin edilib

 

Bu gün ölkənin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu sahənin inkişafına böyük diqqət və qayğı göstərir. Paytaxtla yanaşı, respublikanın regionlarında da su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələr uğurla həyata keçirilir. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün infrastruktur sahələrinin inkişafı ilə bağlı dövlət siyasəti həyata keçirilir. Bu baxımdan sosial infrastrukturunun yenidən qurulması, ölkə əhalisinin içməli su təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər diqqəti daha çox cəlb edir.

 

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC-nin sifarişi əsasında Bakı şəhəri və bütövlükdə Abşeron yarımdasında, eləcə də regionlarda 24 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı mühüm layihələr həyata keçirilir. Bu baxımdan 2014-cü ilin doqquz ayında görülmüş işlər də diqqəti cəlb edir. Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında müstəsna əhəmiyyət daşıyacaq Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun inşası başa çatdırılmaq üzrədir. Burada işlərin böyük əksəriyyəti yerinə yetirilib. Xatırladaq ki, 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş bu layihəyə uyğun olaraq ultrasüzgəc binası, binanın daxili texnoloji xətləri, subölüşdürücü kamera, xam su anbarı, nasos stansiyasının, sərfölçən qurğuların, Ceyranbatan gölündən xam su anbarına suyu ötürəcək mikrotnel tipli xətti, sugötürücü qurğu tikilərək istismara tam hazır vəziyyətə gətirilib. Təsdiq olunmuş layihəyə əsasən qurğuda ən son texnologiyaya əsaslanan 5000 minə yaxın membran süzgəc quraşdırılacaq ki, onların da ümumi məhsuldarlığı saniyədə 6 kubmetr və ya sutkada 520 min kubmetr təşkil edəcək.

Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğuda aparılan işlərlə yanaşı, emal olunacaq suyun istehlakçılara çatdırlması məqsədilə magistral kəmərlərin və anbarların inşasında da böyük uğurlar əldə olunub. Prezident İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamla təsdiqlədiyi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakıətrafı kənd və qəsəbələrdə istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Belə ki, Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral xətti və Qala anbarının inşası 2013-cü ildə, anbardan Zirə qəsəbəsinə qədər olan kəmərin inşası isə bu il başa çatdırılıb. Sevindirici haldır ki, artıq bu qəsəbələrin sakinləri içməli su ilə təmin olunublar. Magistral kəmər boyu Balaxanı və Zirə anbarlarının tikintisi də sona çatmaq üzrədir. Eyni zamanda Hökməli qəsəbəsi ərazisində 20 min kubmetr tutumu olan iki anbarın (“+118 Abşeron”), ultrasüzgəcli qurğudan anbarlara qədər 11,2 kilometr uzunluğunda magistral xəttin inşası da yekunlaşıb. Qeyd edək ki, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğu, magistral kəmər, anbar və infrastrukturun digər obyektləri istismara buraxılandan sonra Abşeron yarımadasında 1 milyon nəfərdən artıq əhali özüaxımlı rejimdə olmaqla fasiləsiz və keyfiyyətli içməli su ilə təmin ediləcək.

Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramında nəzərdə tutulmuş layihələrə uyğun olaraq içməli su və kanalizasiya şəbəkələrinin yaradılması və yenidən qurulması, mövcud şəbəkələrdə sağlamlaşdırma tədbirləri davam etdirilir. “Azərsu” Acıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və Abşeron yarımadasının kanalizasiya infrastrukturunun yaxşılaşdırılması və Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması məqsədi ilə genişmiqyaslı layihələr həyata keçirir. Yarımadanın bütün yaşayış məntəqələrində kanalizasiya şəbəkəsinin yaradılması, tullantı sularının optimal idarə edilməsi və onların su hövzələrinə axıdılmasının qarşısını almaqla çirkab suların özüaxımlı rejimdə təmizləyici qurğulara yönləndirilməsi layihələrdə əsas hədəf kimi müəyyənləşdirilib. 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün hazırlanmış Master Planda tunel tipli kanalizasiya kollektorlarının tikintisi də əksini tapıb. Master Plana əsasən yarımada ərazisində formalaşan tullantı sularının nəql olunması məqsədi ilə 150 km uzunluğunda tunellər və mikrotunellər layihələndirilib.

Bunlarla paralel olaraq Abşeron yarımadasında yaranan çirkab suların operativ edilməsi məqsədilə üçün xüsusui əhəmiyəət daşıyacaq və yeni texnologiyayaya əsasən kanalizasiya kollektorlarının (Bayıl-Bibiheybət-Lökbtan, Xocasən-Binəqədi-Xırdalan, Dərnəgül-Qaraçuxur, Pişagı kanalizasiya tunelləri) inşası hesabat dövründə də davam edtirilir. Həmçinin Lökbatan qəsəbəsi yaxınlığında çirkab sutəmizləyici qurğuda işlər sürtətləndirilib.

Paytaxtla yanaşı, respublikanın regionlarında da su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələr uğurla həyata keçirilir. Bu ilin 9 ayı ərzində respublikanın regionlarında da xeyli işlər görülüb. Məlumat üçün bildirək ki, hazırda “Azərsu” ASC-nin sifarişi ilə 24, Meliorasiya və su təsərrüfatı ASC-nin saifarişi ilə 8, Ərazilərin bərpa agentliyinin sifarişi ilə 6 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Bu layihələrin 21-i beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına, 17-si isə dövlət büdcəsi vəsaiti hesabına reallaşdırılır. Bu layihələrin icrası magistral kəmərlərin keçdiyi ərazilərdə və rayon mərkəzlərinin yaxınlığında yerləşən kəndlərin su probleminin həllinə də imkan yaradacaq. Layihələrin icrasını daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bəzi şəhərlərdə keçirilmiş təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etməsi işlərin gedişini xeyli sürətləndirib.

İçməli su çatışmazlığının müşahidə olunduğu Kürətrafı rayonlarda su probleminin həll edilməsi məqsədilə Talış-Sabirabad-Saatlı magistral su kəmərinin tikintisi uğurla başa çatdırılıb. Azərbaycan hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilən bu layihə Aran bölgəsində 2 şəhərin və 44 kəndin 143 min nəfər sakini keyfiyyətli içməli su ilə təmin etməyə imkan verəcəkdir. Mənbəyini Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən Kür sutəmizləyici qurğular kompleksindən götürən Talış-Sabirabad-Saatlı su kəməri 61,5 kilometr layihələndirilib. Bundan əlavə, layihə çərçivəsində Sabirabad və Saatlı şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturları da yenidən qurulur.

Gəncə şəhərinin su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulması layihəsi üzrə də mühüm işlər görülüb. Artıq Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərində həyata keçirilən içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin birinci mərhələsi yekunlaşıb, sentyabrın 23-də Almaniya Bundetaqının üzvlərinin iştirakı ilə Göygöl mənbəyindən şəhərə suyun verilməsinin rəsmi açılışı keşirildi.

Cari ilin ötən dövründə Xanbulançay su anbarının sahilində Lənkəran və Astara şəhərlərinin, həmçinin ətraf kəndlərin keyfiyyətli içməli su təchizatı üçün nəzərdə tutulmuş və sutkalıq məhsuldarlığı 30 min kubmter təşkil edən sutəmizləyici qurğunun inşası başa çatdırılıb.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti rayon mərkəzləri və onlara yaxın kəndlərlə yanaşı cəbhə bölgəsində yerləşən, eləcə də sudan daha çox əziyyət çəkən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələr icra edir. Bu ilin iyun ayında Ermənistan qoşunlarının təmas xəttində yerləşən Tovuz rayonunun Əlibəyli kəndinə suyun verilməsi xüsusui qeyd edilməlidir. Düşmənlə bir neçə yüz metr məsafədə yerləşən və daim atəş altında olan kənddə subartezian quyusunun qazılması, anbarların, xətlətin tikintisi qısa müddətdə başa çatdırılıb. Eyni zamanda Yardımlı, Masallı, Tərtər, Ağcabədi, Ağdam, Salyan və digər rayonların sudan əziyyət çəkən kəndlərində də işlər aparılıb.

Bu ilin ötən dövründə ölkəmizdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı daha iki beynəlxalq layihə həyata vəsiqə almışdır. Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə İnkişaf Fondu arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə 35 milyon dollarlıq, Koreya Respublikasının İxrac-idxal Bankı ilə isə “Pirşağı çirkab sutəmizləyici qurğusunun tikintisi” layihəsi üzrə 44 milyon dollarlıq kredit sazişləri imzalanıb.

Bütövlükdə isə 2014-ci ilin ötən dövründə “Azərsu” ASC tərəfindən su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, ilin doqquz ayı ərzində ölkə üzrə 126,5 kilometr magistral su xətti çəkilib ki, bunun da 84 kilometri regionların payına düşür. Bundan əlavə, yeni mənbələrdən verilən içməli suyun istehlakçılara çatdırılmasını təmin etmək məqsədilə şəbəkə su xətlərinin tikintisi sahəsində də işlər getdikcə intensivləşdirilir. Cari ilin doqquz ayında bu məqsədlə 547 kilometri regionlarda olmaqla 716 kilometr uzunluğunda şəbəkə su xətləri çəkilib. Yeri gəlmişkən, regionların içməli su təchizatının yaxşılaşdırılmasına diqqətin daha bir bariz nümunəsi ölkənin digər şəhər və rayonlarda çoxsaylı su anbarlarının tikintisi ilə bağlıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin doqquz ayında inşa olunmuş 14 su anbarının hamısı məhz regionların payına düşür.

“Azərsu” ASC-nin reallaşdırdığı layihələr sırasında kanalizasiya kollektorları və çirkab su xətlərinin tikintisi də mühüm yer tutur. Onu da qeyd edək ki, işlərin əksəriyyəti uzun illər bu sahədə böyük problemlərin müşahidə olunduğu regionlarda həyata keçirilir. Belə ki, ilin ötən doqquz ayında ölkə üzrə tikilmiş 256 kilometrlik kanalizasiya kollektorları və xətlərinin 225 kilometri məhz regionların payına düşür.

Qışa hazırlıqla bağlı “Azərsu” tərəfindən mühüm işlər görülməkdədir. Bununla bağlı ASC tərəfindən 442 min kubmetr həcmində 19 mərkəzi və 163 min kubmetr həcmində məhəllədaxli anbarlar yuyularaq yenidən istismar olunmaqdadır. Anbarların yuyulması prosesi əhalinin ekoloji təmiz və keyfiyətli su ilə təmin olunması üçün həyata keçirilib. Bundan əlavə, kanalizasiya xətlərinin və yağış suları xətlərinin yuyulması işləri də həyata keçirilib. Belə ki, mütəxəssislər tərəfindən ümumilikdə 430 km uzunluğunda qeyd olunan xətlər yuyulub ki, bunun da 136 km-i xüsusi məşınlarla həyata keçirilib.

Son zamanlar “Azərsu” ASC tərəfindən sayğaclaşdırma işləri xeyli intensivləşdirilib. Təkcə bu ilin doqquz ayında ölkə üzrə 119 min ədəd “smart-kart” tipli sayğac quraşdırılıb ki, bunun da 45 mini regionların payına düşür. İlkin olaraq bu tip sayğacların quraşdırılması qeyri-əhali qrupu üzrə həyata keçirilirdisə, artıq bir neçə ildir ki, əhali qrupunun da bu prosesə cəlb olunması həyata keçirilir. Bütövlükdə isə “Azərsu” ASC tərəfindən istər paytaxtda, istərsə də regionlarda “smart-kart” tipli sayğacların quraşdırılmasından əsas məqsəd istehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, itkilərin və sudan qanunsuz istifadə hallarının qarşısını almaqdan ibarətdir.

Sayğaclaşma ilə yanaşı onlara mütəmadi texniki xidmət göstərilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə “Azərsu” ASC tərəfindən Su sayğaclarının sınağı laboratoriyasının yaradılmasına qərar verilmiş və hazırda laboratoriyada son tamamlama işləri həyata keçirilir. Türkiyə və Avropa ölkələrinin istehsalı olan müasir cihaz və avadanlıqlarla təmin olunmuş laboratoriyada məişətdə və sənayedə istifadə olunan su sayğacları dövlət müqayisəli yoxlamadan keçiriləcək, nasaz sayğclar təmir olunacaq.

ASC-də gənc mütəxəssislərin işə qəbuluna, onların fəaliyyətinə xüsusi diqqət yetirilir. Bir faktı qeyd edək ki, “Azərsu”da gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının, iş təcrübəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Ötən il 477 əməkdaşın müxtəlif sahələr üzrə təlim-tədris proseslərinə cəlb olunub. Eyni zamanda, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin daxili təlim proqramına uyğun olaraq ixtisasartırma kursları təşkil edilmiş, işçilərin nəzəri və təcrübi biliklərinin artırılması üçün kurslar təşkil olunub. Yerli mütəxəsilərin təcrübələrini artırmaq məqsədilə onların gələcəkdə də xarici ölkələrə təlimlərə göndərilməsi davam etdiriləcək.

Bundan əlavə, Fransa Respublikasının Prezidenti Fransua Ollandın Azərbaycana səfəri çərçivəsində mayın 12-da 2 ölkənin dövlət şirkətləri və biznes qurumları arasında əməkdaşlığa dair sənədlər imzalanmışdı. Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqaviləni “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və “Suez Environnement” şirkətinin baş icraçı direktoru Jan Lui Şosad imzaladılar. İmzalanmış müqavilənin şərtlərinə uyğun olaraq kadr hazırlığı sahəsində “Azərsu” ASC-yə lazımi dəstək göstəriləcək. Kadr hazırlığı işinin yüksək səviyyədə təşkil edilməsi üçün hazırda Bakı şəhərində yeni Təlim Mərkəzi inşa edilir və cari ilin sonuna qədər mərkəz fəaliyyətə başlayacaq.

Yeri gəlmişkən, son zamanlar su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericiliyin pozulması halları ilə mübarizə tədbirləri xeyli sərtləşdirilib. Belə ki, Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanununun 72-ci maddəsinə əsasən, bu qanun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Eyni zamanda, su təchizatı və kanalizasiya müəssisələri də sözügedən qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən müəyyənləşdirilib. Belə ki, sözügedən məcəllənin 189-cu maddəsinin birinci bəndinə əsasən, təbii qazdan, sudan, elektrik və ya istilik enerjisindən qeyri-qanuni istifadə talançılıq kimi qiymətləndirilir və min manatdan üç min manatadək cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda ziyan vurulmaqla törədildikdə isə üç min manatdan beş min manatadək cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası tətbiq olunur. Onu da xatırladaq ki, 2014-cü il iyun ayının 17-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Sudan istifadə Qaydaları” təsdiq edilib.

Məlum olduğu kimi, regionların inkişafını, əhalinin həyat səviyəsinin yüksəldilməsini və insanların sağlamlığını prioritet elan etmiş Prezident İlham Əliyev ölkənin şəhər və rayonlarının, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı mühüm tapşırıqlar verib. Regionların, həmçinin Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında, eləcə də 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişafla bağlı dövlət sənədində içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində genişmiqyaslı tədbirlər öz əksini tapır, artıq onların böyük bir hissəsi uğurla reallaşdırılır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu ilin doqquz ayında 199 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb, 159 min nəfər isə fasiləsiz içməli su ilə təmin edilib. Bunların da 108 min nəfəri regionlarda yaşayanlardır. Eyni zamanda, yanvar-sentyabr aylarında ölkə üzrə 99 min nəfəri regionlarda olmaqla 156 min nəfər ilk dəfə içməli su ilə təmin edilib. Bununla da, “Azərsu” ASC üzrə abunəçilərin sayı ilin əvvəlindən 90 min artaraq 1 milyon 308 min təşkil edir.

Su təchizatı sahəsində aparılan böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqinin də daim nəzarətdə saxlanılması zərurətini yaradır. Təsadüfi deyil ki, bu vacib məsələyə toxunan Prezident İlham Əliyev deyir ki, “Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. Elə etməliyik ki, dünyada mövcud olan ən qabaqcıl meyarlar Azərbaycanda bütün sahələrdə, o cümlədən insanın sağlamlığı üçün əsas olan içməli su məsələlərində tətbiq edilsin.” Prezident İlham Əliyevin söylədiyi bu fikirlər Azərbaycanda insan amilinə verilən önəmin təcəssümüdür. Bu baxımdan “Azərsu” ASC-nin mərkəzi laboratoriyasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Açılışında Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirak etdiyi laboratoriyada quraşdırılan müasir avadanlıqların köməyilə içməli suyun 84, tullantı sularının 54 olmaqla 138 parametrini təyin etmək mümkündür. Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin aqvadanlıqları və cihazları alınıb quraşdırılıb. Bu cihazlar içməli suyun, eləcə də tullantı sularının operativ, dəqiq və etibarlı analizlərini aparmağa imkan verir. Artıq Mərkəzi Laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi istiqamətində işlərə başlanılıb və yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq.

İstehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması və bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əldə olunmuş razılığa əsasən, “Asan xidmət” mərkəzlərində “Azərsu” ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılıb. Artıq Bakı şəhərində 1, 2 və 4 saylı, həmçinin Sumqayıt şəhərindəki “Asan xidmət” mərkəzlərində abunəçilər 9 xidmətdən yararlana bilərlər. Gələcəkdə Bakıda 3 saylı və Gəncə “Asan xidmət” mərkəzlərində də bu xidmətlər təşkil olunacaq.

2014-cü ilin ötən dövründə əldə olunmuş uğurların davamı olaraq Azərbaycanın su təchizatı sektorunda sektorunda görüləsi işlər hələ çoxdur. “Mən istəyirəm hər bir şəhərdə, hər bir kənddə 24 saat keyfiyyətli su verilsin” deyən Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq qarşıdakı aylarda Gədəbəy, Astara, Daşkəsən, Tərtər, Qobustan şəhərlərində işlərə başlanılması nəzərdə tutulur.

Su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm, nəhəng layihələr Azərbaycan dövlətinin gücünün, qüdrətinin, potensial imkanlarının göstəricisidir. Hər bir sahə üzrə konkret proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi və uğurlu icrası ölkəmizin hərtərəfli inkişafını sürətləndirir.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2014.- 23 oktyabr.- S.10; 13.