Müstəqil dövlətimiz bu gün çox etibarlı əllərdədir

 

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun www.yap.org.az saytına müsahibəsi

 

- Cəbi müəllim, 23 il öncə - 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı qəbul edib. Bu tarix həmin ildən etibarən dövlət bayramı kimi qeyd olunur. Tarixçi-alim olaraq müstəqilliymizin bərpası illərini necə səciyyələndirərdiniz?

- Əlbəttə ki, bu hadisənin Azərbaycan müasir tarixində xüsusi yer var. Qeyd etməliyik ki, 18 oktaybra gedən yol çox ağır bir tarixdir. Çünki həmin dövrdə Azərbaycanda mürəkkəb proseslər baş verirdi. Təbii ki, 18 oktyabr 1991-ci ildə qəbul olunmuş «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı mühüm sənəddir. Belə ki, bu sənəd Azərbaycanın müstəqilliyinin bərpasını özündə ehtiva edir. Eyni zamanda, bununla 1918-1920-ci ildə mövcud olmuş müstəqil dövlətimiz yenidən bərpa olundu. Konstitusiya Aktında da vurğulanır ki, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Beləliklə, xalqımız vaxtilə süqut etmiş dövlət müstəqilliymizi bərpa etdi.

Amma bu müstəqilliyin qazanılmasına doğru gedən yol heçhamar deyildi, o illərdə Azərbaycan bir çox çətinliklərlə üz-üzə qalmışdı. 1991-ci ildən 1993-cü ilin payızına qədər vəziyyət çox ağır idi. Respublika dağıdılmış, viran edilmiş, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdı. Xüsusilə 1988-ci ildə keçmiş SSRİ mərkəzi hakimiyyətinin dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiaları qaldıran Ermənistan həmin ilin fevral ayından 1991-ci ilin dekabrına qədər xalqımıza qarşı qanlı cinayətlər törətdilər. Belə ki, Qərbi Azərbaycan torpaqlarından bütün azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar və deportasiya edildilər. Amma soyqırım cinayətləri, 1990-ci ildə törədilən 20 Yanvar faciəsi, keçmiş SSRİ mərkəzi hakimiyyətinin və onların əlaltısı olan ermənilərin qanlı əməlləri xalqımızı azadlıq yolundan döndərə bilmədi. Beləliklə, müstəqilliyimizin bərpası tökülən qanlar hesabına əldə olundu. Biz 30 min nəfərdən çox şəhid vermişik, 945 yaşayış məntəqəmiz işğalçılar tərəfindən məhv edilib, ekologiyamıza ağır zərbə vurulub, ərazilərimiz talan edilib. Öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların sayı 1 milyon 500 min nəfərə çatıb.

- Sizcə, bu çətinliklərin aradan qaldırılmasında əsas amillər nədən ibarət idi?

- Qeyd etdiym kimi müstəqilliyimizin bərpasından sonra ilk illər Azərbaycan üçün çox çətin idi. Ölkədə xaos, anarxiya, hərc-mərclik baş alıb gedirdi. Siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi respublikanı iflic vəziyyətinə salmışdı. Siyasiiqtisadi böhran xalqımızın həyat şəraitinə ağır zərbə vurmaqla yanaşı, Azərbaycan beynəlxalq müstəvidə ciddi qəbul olunmurdu, xüsusilə torpaqlarımız işğal edilirdi. Təbii ki, vəziyyət dözülməz idi və belə bir şəraitdə müstəqilliymizin gələcəyindən söhbət gedə bilməzdi. Ona görə də, cəmiyyətin sağlam təbəqələrinin nümayəndələri vəziyyətdən çıxış yolunu böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdülər. Nəhayət, xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyev Bakı şəhərinə qayıtdı və 15 iyunda Azərbaycan parlamentinin sədri seçildi. Həmin ilin oktyabr ayında Ulu öndərimiz Azərbaycan Prezidenti seçildi.

Təbii ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevə çox ağır miras qalmışdı. Amma böyük dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan bütün çətinlikləri dəf etdi. Və Azərbaycan xalqı sübut etdi ki, dövlət yaratmaq və idarə etmək iqtidarında olan xalqdır. Eyni zamanda, xalqımız Heydər Əliyevin timsalında çətin anlarda xalqı xilas edib onu çox düzgün istiqamətə yönəltmək bacarığı olan şəxsiyyət yetişdirdiyinisübut etdi. Məhz buna görə də, xalqımız haqlı olaraq Ümummilli lider Heydər Əliyevi müstəqil Azərbaycanın memarı və qurucusu hesab edir.

Biz tariximizə nəzər salsaq, Azərbaycan xalqının dünya tarixinə görkəmli dövlət xadimləri verdiyini görərik. Onların sırasında Atropat, Babək, Şəmsəddin Eldəniz, Uzun Həsən, Şah İsmayıl, Əlimərdan bəy Topçubaşovun və başqalarının adını çəkə bilərik. Eyni zamanda, xalqımız elm, mədəniyyət sahəsində də bəşəriyyət üçün görkəmli şəxsiyyətlər yetişdirib. Məsələn, Nizami Gəncəvi səviyyəsində mən böyük yaradıcı insan, mütəfəkkir dünyada tanımıram. Eləcə də, Nəsimi XV əsrdə yaşamış dünyanın ən böyük filosoflarından biri olub. Mən həmçinin, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Qara Qarayev kimi böyük şəxsiyyətlərin də adını çəkə bilərəm ki, xalqımızın yetişdirdiyi bu insanlar dünya mədəniyyətinə və elminə böyük töhfələr veriblər. Təbii ki, Ümummilli liderimiz Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdəndir. Heydər Əliyev millətimizin qürurudur, müstəqil dövlətimizin qurucusudur. Ona görə də, Azərbaycan xalqı öz qəlbində Ulu öndərimizin əbədi abidəsini ucaldıb.

- 23 il öncə müstəqilliyini bərpa etmiş Azərbaycanın bugünkü inkişafı, qazandığı uğurlar haqqında nə deyə bilərsiniz?

- Ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil Aərbaycan dövləti bu gün dünya miqyasında böyük nüfuza malikdir. Prezident İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirir. Müdrik, uzaqgörən dövlət xadimi kimi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı firəvan gələcəyə aparır. Müstəqil dövlətimiz bu gün çox etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyevin vurğuladığı kimi Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Bu müdrik kəlam uğurla inkişaf edən müstəqil ölkəmizin timsalında öz təsdiqini tapır.

Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir, ölkəmiz dünyaya yeni simada təqdim olunur. Müstəqil Azərbaycanımız Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır, ölkəmizin razılığı olmadan regionda heç bir beynəlxalq layihə reallaşa bilməz. 23 illik müstəqilliyimiz dövründə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv oldu ki, dünyada söz sahibi olan dövlətlər sırasına qoşuldu. Bu gün Azərbaycanın üçrəngli bayrağı BMT-də, Avropa Şurasında, ATƏT-də və digər mötəbər beynəlxalq qurumların önündə ucalır. Bu bayram ərəfəsində arzu edirəm ki, dövlətimiz daha da güclənsin və bayrağımız əbədi olaraq zirvələrdə dalğalansın. Azərbaycanın yeganə problemi Ermənistanın torpaqlarımızı işğal etməsidir. Amma inanıram ki, bu yöndə görülən işlər nəticə verəcək, tezliklə xalqımızın öz gücü, intellektual, iqtisadi, hərbi qüdrəti hesabına torpaqlarımız işğaldan azad olunacaq. Biz bütün itirilmiş torpaqlarımızı geri qaytaracağıq.

- Cəbi müəllim, AMEA-nın Tarix İnstitutu bu dövrü hansı səviyyədə araşdırır?

- Bu tarix çox geniş şəkildə araşdırılıb. Qeyd edim ki, bu dövrlə bağlı 1997-ci ildə institutumuzun əməkdaşı, mərhum Tahir Qafarovun «Azərbaycan 20-ci əsrin 1980-ci illərinin sonu – 1990-cı illərin birinci yarısında» adlı monoqrafiyası nəş olunmuşdu. Bundan sonra isə 1998-2003-cü illərdə AMEA-nın Tarix İnstitutu 7 cildlik «Azərbaycan tarixi» nəşr etdi. Onun 7-ci cildində həmin məsələlər geniş əksini tapıb. Buraxılışın məsul katibi və müəlliflərindən biri kimi mən məsuliyyətlə deyə bilərəm ki, müstəqilliymizin bərpası illərini əhatə edən dövrə həmin nəşrdə geniş yer verilib. O dövrlə bağlı başqa əsərlərimiz nəşr olunub. Onların içərisində mən xüsusi olaraq Ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən «Heydər Əliyev» adlı ikicildlik monoqrafiyanı qeyd etmək istəyirəm. İnstitutumuz keçən il Ulu öndərin 90 illik yubileyi münasibətilə bu monoqrafiyanı hazırladı. Bu nəşrdə də müstəqil dövlətimizin bərpası ilə ciddi məqamlar var. Bütün bunlarla yanaşı, namizədlik və doktorluq dissertasiyalarında da müstəqilliyimizin bərpası illərini əhatə edən dövrlərə həsr olunan elmi işlər yazılır.

 

İki sahil. - 2014.- 18 oktyabr.- S.20.