Vətənpərvərlik daim gündəmdə olmalıdır

 

Oktyabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində “Atilla” jurnalının və Zərdabi Mətbuat Mərkəzinin birgə layihəsi çərçivəsində “Qəhrəmanlıq mövzusu Azərbaycan Kütləvi İnformasiya Vasitələrində” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbir cəsur Azərbaycan hərbiçisi, Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli, kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynovun doğum gününə həsr olunub.

Tədbirdə “Atilla” jurnalının baş redaktoru Gülşən Behbud çıxış edərək İbad Hüseynovun döyüş yolundan, torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə göstərdiyi şücaətlərdən söz açıb.

Bildirilib ki, oktyabrın 18-də doğum gününü qeyd edəcək İbad Hüseynov kimi qəhrəmanların keçdikləri şərəfli döyüş yolu gənclərimiz üçün bir örnəkdir.

Media mənsublarını Vətən uğurunda döyüşlərdə qəhrəmanlıq göstərən igid Azərbaycan oğulları ilə bağlı ürəklə, isti qələmlə təsirli yazılar yazmağa səsləyən Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə qəhrəmanlıq mövzusunun hər zaman aktual olduğunu söyləyib. Vurğulanıb ki, jurnalistlər gərək torpaqlarımızın bütövlüyü uğrunda fədakarlıq göstərən hər bir Vətən oğlunun döyüş yolu barədə yazmağı özlərinin peşə borcu bilməlidir. Belə oğullarımızdan biriİbad Hüseynovdur.

Həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə sərf etmiş İ.Hüseynovun Qarabağ savaşında əsl kəşfiyyatçı kimi dəfələrlə ermənilərə ağır zərbələr endirməsindən söz açan Rəhim Hüseynzadə vurğulayıb ki, o, ağır yaralandıqdan sonra müalicə olunaraq bacarıqlı və cəsur döyüşçü kimi yenidən cəbhə bölgəsinə qayıdaraq düşmənin susdurulmasında öz sözünü deyib.

Rəhim Hüseynzadə Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin nəticələrinin, eləcə də Qarabağ haqqında həqiqətlərin dünyaya daha dolğunobyektiv çatdırılması istiqamətində son illər Azərbaycan dövləti tərəfindən mühüm addımlar atıldığını bildirib.

Tədbirdə digər çıxış edənlər də İbad Hüseynovun qəhrəmanlığını Azərbaycan tarixinin bir səhifəsi kimi qiymətləndiriblər. Bildirilib ki, İbad Hüseynov çətin sınaqlardan uğurla çıxıb. İgid kəşfiyyatçı nəinki Azərbaycan xalqı və türk dünyasının, bütövlükdə insanlığın qarşısında böyük xidmət göstərərək Monte Melkonyan kimi qəddar terrorçunu məhv edib. İbad Hüseynov sağlığında əfsanələşmiş qəhrəmana çevrilib. Ona görə xalqımız daim belə oğulları ilə fəxr etməlidir.

Tədbirdə İbad Hüseynovun həyat yolundan bəhs edən videomateriallar nümayiş olunub.

Görüşdə çıxış edən qəhrəman kəşfiyyatçı İbad Hüseynov işğal altında olan torpaqlarımızın azad edilməsi naminə yenidən döyüşə atılmağa hazır olduğunu deyərək, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

İki sahil. - 2014.- 18 oktyabr.- S.21.