Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti

 

Bu gün Bakı Slavyan Universitetində (BSU) akademik Ramiz Mehdiyevin rus dilində çap olunmuş “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının birinci hissəsinin ilk təqdimatı keçirilib.

AZADİNFORM xəbər verir ki, bu əsər görkəmli dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlətin – Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəvinin (1487-1524) hərbi-siyasi, ideolojidiplomatik irsinə milli tarix elmimizdə ən bitkinsistemli baxışın məhsuludur.

Tədbiri BSU-nun rektoru, professor Asif Hacıyev açaraq kitabın tarixi əhəmiyyətindən danışıb. Bildirilib ki, bu dəyərli əsərdə orta əsrlər tarixinə yeni bir baxış ortaya qoyulub. Kitabda müəllif Azərbaycanın tarixi torpaqlarını bütövlükdə təhlil edib, bu ərazidə baş verən hadisələrə obyektiv münasibət ortaya qoyub. Rektor tariximizin öyrənilməsi, tədqiqi və gələcək nəsillərə çatdırılmasında böyük əmək sərf etmiş akademik Ramiz Mehdiyevə dərin təşəkkürünü bildirib.

Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov akademik Ramiz Mehdiyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. O vurğulayıb ki, müəllif bu kitabı yazarkən həm Azərbaycan, həm də xarici səfəvişünaslığın əsas nailiyyətlərini nəzərə alıb. Eyni zamanda, kitabda ilk dəfə olaraq dünyanın görkəmli şərqşünaslarının araşdırmalarında əksini tapmamış məxəzlərdən istifadə edilib.

Diqqətə çatdırılıb ki, akademik Ramiz Mehdiyevin bu əsəri yeddi fəsildən ibarətdir. Müəllifin toxunduğu məsələlərin vacibliyi və əhatə dairəsi barədə tam təsəvvür yaranması üçün həmin fəsillərin adlarını sadalamaq kifayətdir: “Qərəzsiz və nifrətsiz”, “Səfəvilər sülaləsinin etnik mənsubiyyəti”, “Səfəviyyə” ordeninin yaranması və siyasiləşməsi”, “Səfəvilərin ideologiyası. Şiəlik və qızılbaşlıq siyasi mübarizə vasitələri kimi”, “İsmayıl tərəfindən Azərbaycan torpaqlarının birləşdirilməsi və Səfəvilər dövlətinin yaranması”, “Şah İsmayılın böyük dövləti: hərbi və siyasi sistemə baxış”, “Şah İsmayıl Səfəvi və Azərbaycan mədəniyyətinin və dilinin çiçəklənməsi”.

Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, bu yeni nəşr Azərbaycan dövlətçiliyinin tarixində ilk mərkəzləşmiş dövlətin əsasını qoymuş Şah İsmayıl Səfəvinin diplomatiksiyasi fəaliyyətinə həsr olunub. Kitab Səfəvilər dövlətinin tarixinin öyrənilməsi və bu sahədəki boşluğun doldurulması baxımından olduqca əhəmiyyətlidir.

Qeyd edilib ki, “Şərq-Qərb” nəşriyyat evində çapdan çıxmış bu kitab mütəxəssislər – tarixçilər və şərqşünaslar, habelə Azərbaycan tarixinin həmin dövrüŞah İsmayıl Səfəvinin siyasi irsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

 

İki sahil. - 2014.- 22 oktyabr.- S.2.