QARA HƏSRƏT və yaxud
AĞLA, RƏŞİD FAXRALI
29 oktyabr Zəngilanın işğalı günüdür
Həsrəti
ayrılıq yaradır. Ayrılıq ata yurduna, doğma
elə-obaya, Vətənə ad olanda daha amansız olur, könül
qübarına, can sitəminə dönür, yaşantıları son nəfəsə
yaxınlaşdırır. Üç
ayın, beş ayın
ayrılığı ruhumuzu
canımızdan alır. Bəs ata yurdu, el-obası illərlə düşmənlərin
əlində olanlar neyləsin?..
Bu biçim həsrətə
urcah olanların gecəsi ki,
gecədi, gündüzü də gecə
kimidi. Ayrılıqdan (el
arasında belə ayrılığa qara
həsrət də deyirlər) gələn sıxılcım
can üzür, ruh sarsıdır. Ata yurdu Zəngilanda olanlar da belədi. Onlar qara həsrətə görə 21 ildi Bakıdan, Saatlıdan, Zərdabdan,
İmişlidən, ... üzü Zəngilana
sarı boylanırlar...
Mənə Azərbaycanımızın
hər qarışı kimi Zəngilan da əzizdi. 1993-cü ilin
may-oktyabr aylarında (oktyabrın 30-na kimi) orda dəfələrlə
uzunmuddətli ezamiyyətdə (hər ezamiyyətdə 20-22 gün) olmuşam. Bəlkə
həm də buna görə?..
Nələr görürdüm, nələr duyurdum onda?! Zəngilanın göylərində vurnuxan
qara buludları da görürdüm, Şüküratazdan
teylənən (teyləndirilən) yöndəmsiz yelləri də,
qımıldanan (qımıldadılan) təxribatları da, kişi kimi
döyüşənləri, Zəngilanı müdafiə eləyənləri
də. Elə o təxribata görə
elliklə köç eləmiş
Mahrızlıda tək-tənha qalmış Qəfəs nənə
də yadımdadı, hər səhər əsasının əlindən
tutub qərargaha gələn 80
yaşlı Səməd kişi də. İkinci Ağalı kəndində Şükürün dediklərini də
unutmamışam (“...Niyə
qaçıram? Erməniyə evmi
tikmişəm? Sinçimə, üst-başıma baxıb məni
əliyalın, ehtiyatsız adam bilməyin.
Gələrsə, düşməni qanına qəltan
eləməyə yarağım var”. Şükürün ən etibarlı
yarağı torpağımıza, yurduna,
deməli Vətəninə qədərsiz sevgisiydi,
şübhəsiz...), Qıraq Müşlanda
11 yaşlı Əfsanənin dediklərini də (Əfsanə
təxribata uyub qaçan
qonşularına deyibmiş ki, getməyin, itiniz
dalınızca ulaya-ulaya qalacaq)...
Postlara tələsənlərin,
bügünündən sabahlara
boylananların, hövsələsizlərin dərdli-dərdli
pıçıldadığı “Ağlar
günə qalıbsan, ağla, Rəşid
Faxralı!..” misralarını unuda bilərəmmi?
(Zəngilanı nələrin hədələdiyini
duyurdum. Bir şeir yazmışdım: “Ağla,
Rəşid Faxralı”. Şəmistandanmı. Etibardanmı,
Sərvərdənmi, Xaqanidənmi, Əlidənmi,
...sızmışdı, bilmədim. Zəngilanda
çoxu bu
misraları pıçıldayırdı. Demirdi,
pıçıldayırdı). Zəngilanı
köçürməyə göndərilən yüzlərlə
yük maşınını da gördüm (sentyabr), köçməyə meyllənənləri
də, meyillələnənləri biabır eləyənləri,
kişi sözü
deyənləri də, köçüb səhərisi
gün geri
qayıdanları da...
Qubadlı, Cəbrayıl
işğal olunmuşdu.
Tam mühasirədə olan
Zəngilan müdafiə olunurdu. Zəngilanlılar
da, hərbçilər də, tam məsuliyyəti ilə deyirəm, kişi kimi döyüşürdü...
Sentyabrda Zəngilanın göylərində vurnuxan buludların işğal
buludları olduğunu duyanlar
duyurdu...
Şüküratazda duruş gətirə
bilməyən yellərin işğal yelləri
olduğunu duyanlar duyurdu...
Zəngilan ağlar günə qalmışdı...
Oktyabr ayının 29-da Araz
çayına üz tutanların
arasında bir nənə gördüm.
Südəmər nəvəsini belinə şələləmişdi,
bir əliylə 5-6 yaşlı nəvəsinin
əlindən yapışmışdı, bir
əlində balaca bir
bağlama vardı. Nəvələrinin
pal-paltarından gücü çatan qədər götürmüşdü.
Ağlayırdı. Onun səsi - səs deyildi, iniltiydi - ruhumu tar-mar eləmişdi,
gözlərimdən yaş dərmişdi...
Olanını-olmazını
bir uşaq
arabasına yük eləmiş ahıl kişi nənənin səsinə ayaq saxlamışdı. Yanağı boyunca göz
yaşları axmışdı...
Torpaq Araza sarı tələsənlərin
ayağından yapışmışdı, uzaqlaşmağa
qoymurdu: “Hara gedirsiniz? ha-raaa?”...Araz bilmirdimi, görmürdümü, torpaq
bilmirdimi, görmürdümü
gedənlər getməyə məcburdu...
Yanımızdan yükü gücündən ağır olan bir yük
maşını keçmişdi...
Mincivan ölümlə, əsirliklə yaşam arasında keçid
məntəqəsi olacaqmış. Zəngilanlılar son çarə kimi
Arazı keçməyə can
atırdı.
Həmin gün
Arazın ləpədöyənində dünyaya
gələn Arazların yaş
kağızına “Doğulduğu yer” hara yazılıb
görəsən?..
...Gün
çıxır. Hərarətdən sular
buxarlanır. Buxardan bulud
yaranır. Və o bulud
zamanında yağışa dönüb torpağa yağır...
Torpaqsevərliyimizdən,
Vətənsevərliyimizdən yaranası buludlardan
ələnəsi yağışın həsrətindəyik.
Yağış yağa,
işğalın “cücüyünü
çıxarda”, qara həsrətin beli qırıla! Zəngilanlılar (digər isğal olunmuş
rayonlarımızın camaatı da) ata yurduna dönə. Zəngilana
mən də gedəm. Bu dəfə
ayrı missiya ilə, bir
ayrı yazının işığına. Onda
Zəngilanda hamıdan “Gül, ay Rəşid Faxralı! İsğalın,
isğalçıların beli
qırıldı!” kəlmələrini eşidəm. Orda ruhum yenə Əlinin
“Ruhani”sinə sarıla...
Zəngilan işğal olunanda
Arazı mən də keçmişdim,
ürəyimdə dərd yükü. Zəngilanlılar
kimi. O vaxtdan indiyəcən
ürəyim də, ruhum da
o dərd yükünü
daşımaqdadı...
Danışıqlar
düyünə düşsə, Ali Baş Komandanın əmrinə müntəzirik.
İşğal olunmuş ərazilərimizə
ad olan qara
həsrət son nəfəs ərəfəsindədi.
..
O qara
həsrəti üşütmə tutub...
Şüküratazdan yenə yellər əsəcək. Bu dəfə Azərbaycanın
bayrağını layiq olduğu
yüksəkliklərdə dalğalandırmaq üçün!..
Rəşid Faxralı
İki
sahil.- 2014.- 29 oktyabr.- S.16.