Səngərin gecəsi-gündüzü
olmur
Horadizin payızının görkəmi bir duyum qədərincə kövrək olsa da hökmü yoxdu. Ağacların yarpağını saraltsa da, saralmış yarpaqları budağından üzsə də insanların iradəsini üşüdə bilmir. Niyə belədi, nədən belədi, illərin o üzünü xatırlamalısan, illərin o üzündə qalanların harayını dinşəməlisən, bir də hərbçilərin baxışlarında çırpınan qətiyyəti duymalısan...
Ürəyim
məni səngərlərə çəkməkdədi.
Əsgərin ürəyi bildiyim səngərlərə,
əsgərin ürəyi olan səngərlərə,
əsgərin isindiyi, əsgərin Vətən
sevgisiylə isinən səngərlərə. Mənə elə
gəlir ki, səngərlər ayaq səsimi eşidincə dirsəklənəcək, incik
baxışları üzümdən üzülməyəcək,
“Hardasan?” - deyəcək. Bu
qınağın ağırlığı ruhumu
sarsıdacaq, canımı üşəndirəcək,
şübhəsiz. Öz
gühaımdı. Dözməliyəm...
Səngərlərə
gedirik. Hərbi hissənin zabiti
Fariz Hüseynovun
müşayiətiylə...
Fariz Hüseynov bildirir ki, indiyə kimi tərxis olunan əsgərlərimiz
xidməti xasiyyətnaməni adi
kağız bilirdi. Müsbət
xasiyyətnamə təqdim etməyənlərin dövlət
müəssisələrində işlə təmin edilməməsi
ilə bağlı Fərman bu münasibəti
dəyişdi. Əsgər bilir ki, xasiyyətnamə hərbi xidmət dövrünü ümumiləsdirir, mülki həyatda onun gərəyi
olacaq, Hərbi Nizamnamələrin tələblərinə
əməl etməlidi.
Yol boyu bizi
görüncə ayaq saxlayanları, qədərsiz
sayğıyla salamlaşanları, əlini işdən üzüb qürurla bizə
(əslində bizi müşayiət eləyən
zabitə) baxanları görüncə qərargahda zabit Musa Hüseynovun
dediklərini xatırlayıram:
- Mirzənağılı
və Əhmədalılar kəndlərinin əli silah tutanları bizə müraciət elədilər,
müdafiəyə kömək eləmək istədiklərini
bildirdilər. Bu, zabitlərə də, əsgərlərə
də olduqca böyük
mənəvi dəstək oldu. Hərbçi mülki əhalini,
mülki əhali əsgəri özünə
arxa-dayaq bilirsə, düşmən
qarşımızda həmişə aciz olacaq. Ümumilli liderimiz Heydər Əliyevin
arzuladığı kimi, əhali ilə hərbçilərin
məqsəd eynuliyi ordunun
gücünü artıran amillərdəndir.
Biz bunun nəticəsini
gördük, indi də
görürük. Aparılan islahatlar Silahlı Qüvvələrin döyüş hazırlığını təmin
etməklə bərabər, əhalinin orduya
inamının da artmasına təsir
göstərib. Xalqla ordunun
birliyi, eyni məqsədin
daşıyıcısı olması, xalqın Ali baş Komandana,
Orduya inamının zəmanəti ilə
deyə bilərik ki,
torpaqlarımızı azad etməyə qadirik. Biz də Müdafiə
nazirinin “Ən yaxşı silah yaxşı öyrədilmiş əsgərdir”
tövsiyəsinə əsaslanıb əsgərlərin döyüş hasırlığını bütün xidməti boyu
davam etdiririk...
Yeri gəlmişkən onu da qeyd edim
ki, hərbi xidmətdə fərqlənənlərə
qiymətli hədiyyələr, Fəxri Fərmanlar təqdim
edilməsi, bəzilərinin yerindəcə məzuniyyətə
buraxılması, əsgərin daha
nümunəvi xidmət etməsində mühüm
əhəmiyyətə malikdir.
...Keçib
getdiyimiz kəndlərin yollarında
işə, evə tələsənlərin, doqqaz
qapılarında “atüstü söhbətləşənlərin”
baxışlarında ötərgi bir
narahatlıq sezilir. Bu narahatlıq Vətənin
narahatlığıdı, isğal
altında qalan torpaqlarımıza ad olan həsrətin
narahatlığıdı. Fariz
qarşıda görünən, könül
küsdürən binalardan üzülməyən
baxışlarımı sezincə “Cəbrayılın Cocuq Mərcanlı kəndidi” deyir.
Bir vaxtlar
çal-çağırı, şamartısı Arazın ləpədöyənini
titrədən Cocuq Mərcanlı. Evlər
uçub-sökülüb -
xarabalığı xatırladır (ifadəyə görə
Mərcanlılar məni qınamasın).
Uşaqlığımda bir kəlam eşitmişdim: “Gözlər olsun,
görməsin”. Görürəm. Ürəyim burxulur. Dar macalda
jurnalist dostum Musa Mərcanlı düşür
yadıma. Tələbəykən Mərcanlıdan söz düşəndə sinəsi ürəyinə
darlıq eləyən Musa Mərcanlı.
Bəs indi? Rastlaşsaq
Mərcanlıdan nə danışar? Qədərsiz təəssüflə,
ürək ağrısıyla, adını ədəbi
soyadı elədiyi kəndinin bu
günündən yana-yana
danışar...
Budur müharibə...
Ermənilik budur...
Beynəlxalq təşkilatların
səlahiyyətliləri Cocuq Mərcanlını
dəfələrlə görüb. Kəndin
niyə bu günə düşdüyünü
yaxşı bilsələr də susurlar.
Niyə susurlar?..
Öyrənirəm ki, hərbi hissənin zabitlərindən biri bu kənddəndi. vaxt tapanda
uşaqlığının, yeniyetməliyinin ünvanına üz tutur. Ata yurdunun həyətində
dayanıb baxdıqca baxır. Ürəyi gizildəyir. Güman ki, rütbəsindən
çəkinməsələr əsgərlər ona “Qisas qiyamətə
qalmır, komandir. Qisas
alınacaq. Cocuq Mərcanlının da, sənin ata yurdunun da,
uşaqlığının, yeniyetməliyinin xatirələrinin
də” - deyərdi...
...Bu
da səngərlər. Həsrətini
çəkdiyim canım səngərlər...
Bu da səngərdə
isinən, səngərləri isidən əsgərlər.
Baxışlarında çırpınan sevgini
tütyə kimi gözlərimə
sürtmək istədiyim əsgərlər...
Bura gəlincə zabit Musa Hüsenyovla söhbətləşmişdik.
Məlum olmuşdu ki,
tabor Cəbrayıl, Qubadlı, Zəngilan
istiqamətlərində döyüş
tapşırığını yerinə yetirir.
Olduqca çətin, təhlükəli
relyefə malik ərazilərdi. Niyəsə,
“Çətin deyil ki?”
soruşuram. Gülümsünür.
Bu çarəsiz təbəssümün
içində bir narazılıq
çırpındığını duyuram.
Yəni, torpaqlarımız işğaldan
azad edilməyincə çətinlik kəlməsini
unutmalıyıq. Araya
başaçılmaz sükut çökür. Zabitin sükut biçimli
haqlı iradı məni də, Farizi də,
qəzetimizin foto-müxbiri Namiq Arifoğlunu da duyğulandırır. Musa
Hüseynov söhbətini davam
etdirir:
Silahlı Qüvvələrimizdə
aparılan uğurlu islahatlar
ordumuzun döyüş
qabiliyyətinin gücləndirilməsini təmin edir. Hərbi hissələrin yeni texnikalarla, döyüş silahları ilə təchiz
edilməsi, əsgərlərin məişətinin kifayət
qədər yaxşılaşdırılması təbii ki, döyüş
hazırlığının artırılmasında mühüm vasitələrdəndir. Şəxsi
heyətin mənəvi-psixoloji hazırlığı yüksəkdir.
Məlum iyul döyüşləri təsdiqlədi
ki, əsgərlərimiz səngərlərdən
üzü qarşı tərəfə yeriş eləmək istəyir. Torpaqlarımızı azad eləmək
üçün. İstər Ali Baş Komandanın, istərsə
də Müdafiə nazirinin ön cəbhəyə gəlməsi, əsgərlərlə
səngərlərdə söhbət eləməsi şəxsi
heyətin döyüş ruhunu
kifayət qədər artırıb. Sonuncu
döyüşlərdə düşmən əsgərlərimizin
qətiyyətini, döyüş əzmini
gördü, dərk elədi ki, gec-tez səngər deyib, təmas xətti deyib
dayandığı yeri tərk etməlidi.
Yoxsa can itirəcək...
- Bütün
toplantıların bu hərbi hissədə
keçirilməsi təsdüfi deyil, - zabit Fariz Hüseynov
onun fikrini
tamamlayır. - Həm ərazi baxımından mühüm strateji əhəmiyyətə
malik olduğuna, həm
təmas xəttində relyefin mürəkkəbliyinə,
həm də şəxsi heyətin döyüş
hazırlığının yüksək olmasına görə.
Bu yaxınlarda keçirilən təlim
atışlarından narazı qalmağa
haqqımız yoxdur. Tam
məsuliyyəti ilə deyə bilərəm ki,
Azərbaycan əsgəri dözümüylə, qətiyyətiylə,
Vətən sevgisiylə heç bir dövlətin əsgərindən geri qalmır.
Səngərlərdə
əsgərlərlə kəlmələşirik...
Öyrənirik ki, gecələr qarşı tərəfdə
sözün həqiqi mənasında, qorxu, vahimə yaşanılır. Düşmən
dan yeri sökülənə
kimi projektorlarla təmas
xəttini işıqlandırırlar, anlaşılmaz səs-küy
salırlar, məqsədsiz atıslar aparır. Yəni
oyağıq. “Qorxu cana
kafirdi” deyimi düşür yadıma. Onu
da düşünürəm ki, düşmən bu minvalla orda çox
duruş gətirə bilməyəcək.
O qorxu, o vahimə, o səksəkə ürəyini üzəcək.
Əsgər postda sevgidən dayanar. Ermənilərin əsgərləri orda tribunal qorxusundan,
cəzalandırılmaq qorxusundan - can qorxusundan dayanır.
İmkanı olsa qaçar
da. Bəlkə də qaçır!..
Bölük komandiri kapitan Vüqar Məmmədovun
təqdimatıyla əsgər Nicat Məmmədovla
kəlmələşirik. Nicat Neft Akademiyasının məzunudu. Dörd aydı döyüş
növbəsindədi. Düşüncələrindən
qürurlanırıq:
- Göz
gəzdirib ocağı yanan,
işığı gələn evlər görəndə daha qətiyyətli oluruq.
O evlərdə yaşayanların məhz bizə güvəndiyini
dərk edirik. Onda döyüş növbəsində daha məsuliyyətli, daha
sərvaxt oluruq. Əhali bizə güvəndiyi
üçün təmas xəttinin
yaxınlığında vahiməsiz, səksəkəsiz
yaşayır. Valideynlərim Kəlbəcərdəndi. Kəlbəcəri
mən də görmək istəyirəm. Həm də tezliklə.
İşğal altında qalan
torpaqlarımızın azad edilməsi bizim hər birimizin təkcə
əsgəri vəzifəsi deyil, həm də
vətəndaşlıq borcudu. Ali Baş
Komandanımız əmr versəydi...
Çavuş Mahmud Salahov haqqında tabor komandiri səxavətlə, sevgilərlə
danışmışdı. Onunla kəlmələsmək
istədiyimizi bildirirəm. Kapitan Vüqar Məmmədov iki-üç
addımlığımızda dayanmış hərbçini
göstərib “Budur” deyir.
Mahmud Astaradandı, Əxsənəkəran
kəndindən:
- Həmin gecəyə
kimi ermənlər vaxtaşırı təmas
xəttini keçməyə cəhd göstərmişdi. Hər
dəfə də itgi verib
geri çəkilmişdi. Əsgərlərimiz
onsuz da döyüş növbəsində
ayıq-sayıq dayanır. Ermənilər bu
dəfə daha çevik
hərəkət eləmək, bizdə müəyyən
çaşqınlıq yaratmaq istəyirdilər.
Döyüş növbəsi çəkən
əsgər mənə məlumat çatdırdı ki, düşmənlər qamışlıq tərəfdən
yaxınlaşır. Mənim göztərişimlə
düşmənləri bir qədər
yaxına buraxdılar. Az sonra
atış əmri verdim. Neçə
düşmən məhv edildi, bilmədik.
Bizim itgimiz olmadı.
Düsmənlər təmas xəttini keçə bilmədilər...
4 aydı hərbi xidmətdə
olan Amil Quliyev deyir ki,
döyüş növbəsinə
alışandan sonra çətinlik olmur. Vəzifə borcumuzu
yerinə yetiririk.
...Canım Araz, səni sonuncu dəfə
Zəngilan işğal olunanda
görmüşdüm. Onda
da “səsini içinə çəkib” sakit-sakit axırdın. Sənə pənah gətirənləri
məğmun eləmirdin. İndi bir güllə məsafəsiycə
aralıdan sənə göz qoyanların
kimliyini duymusan deyəsən,
onların çəkilib gedəcəyi günün
həsrətindəsən. Düşmənlər
qımıldananda dalğaların sahilə
çırpılır, qəzəblənirsən. Az qalıb, Arazımız, az
qalıb. Bir səbr müddətiycə də
döz. Yenə dalğaların sahili sığallaycaq, yenə həsrətində
olduqlarının nəfəsini duyacaqsan...
* * *
...Gəldik, gördük. Dönməz inamla
qayıdırıq: Azərbaycan əsgəri səngərdə
mətin dayanıb. Torpaqlarımız inamla,
sevgilərlə qorunur, işğal
altında qalan torpaqlarımız da azad ediləcək.
Əsgərlərimiz Ali Baş
Komandanın əmrinə müntəzirdir...
Dönüb gecəsi-gündüzü olmayan səngərlərə tərəf
baxıram. Əsgərlərin baxışlarında Qarabağda bayrağımızın
dalğalanacağı günün
açılan dan üzünü
görürəm...
Rəşid FAXRALI
İki
sahil.- 2014.- 30 oktyabr.- S.16.