“Asiya-Avropa” Sammiti:
sülh və dialoq çağırışları
İtaliyanın
Milan şəhərində “Asiya-Avropa” Sammitinin növbəti toplantısı
keçirilib. Adətən, həmin təşkilatın
tədbirlərində iki qitə ölkələri
üçün aktual
olan məsələlər müzakirə
edilir. O cümlədən, təhlükəsizlik
sisteminin yaradılmasına diqqət yetirilir. Bu dəfə
gündəmin əsas məsələsi Ukraynada
yaranmış vəziyyət və Rusiyanın tutduğu mövqe olub. Bir sıra ekspert hətta V.Putini tədbirin
hamıdan çox diqqəti çəkən
iştirakçısı hesab ediblər.
Doğrudan da, Avropa İttifaqının liderləri Rusiya prezidenti ilə Ukrayna məsələsini geniş
müzakirə ediblər. Bu hadisə
bütövlükdə Asiya və Avropada geosiyasi proseslərin
dinamikası ilə əlaqədar müəyyən təsəvvürlər
yaradır. Bu iki qitədə
həmin problemdən daha aktual
olan məsələ yoxdurmu?
İki qitənin ortaq problemi:
fikir
ayrılığı və ümumi məqamlar
Şərqi Asiya və Avropanın 51 ölkəsini
özündə birləşdirən “Asiya-Avropa”
Sammitinin (ASEM - Asia-Europe
Meeting) 20 illik təcrübəsi
var. Avropa
Komissiyası və Cənub-Şərqi Asiya
Dövlətləri Assosiasiyasının (ASEAN) katibliyi də buraya daxildir. Bu təşkilat
kifayət qədər iqtisadi gücə malikdir. Ancaq etiraf edilməlidir ki, builki Milan görüşü
ASEM üçün daha
əhəmiyyətli idi. Asiya
və Avropa təhlükəsizliyin təmin
edilməsi məsələsində üz-üzə gəlirdilər.
Ortada çoxlu sayda problemlər vardır. Münaqişələr
səngimir. Ən maraqlısı isə bu
proseslərə Avropa ilə Asiyanın fərqli
yanaşmasıdır.
İtaliyadakı tədbirdə
bu məqam aydın hiss
olunub. ASEM-ə üzv
olan dövlətlərlə
yanaşı, Ukrayna da
buraya dəvət edilmişdi.
Tədbirin ən qızğın müzakirələri də
məhz Ukrayna məsələsi ilə
bağlı olub. Şübhəsiz ki, Asiya və Avropa ölkələri bütövlükdə
təhlükəsizlik sisteminin
yaradılması perspektivlərinə də toxunublar.
Burada daha çox mövcud problemlərdən söhbət
açılıb, bu kontekstdə
qarşılıqlı etimadsızlıqdan beynəlxalq miqyasda xaosun meydana gəldiyi vurğulanıb (bax: məs., Elena Çernenko. “Nablödaetsə
xaos i opasnıy rost defiüita doveriə”
/ “Kommersantc”, 16 oktyabr
2014).
Böyük dövlətlər öz
maraqları naminə beynəlxalq hüquqa
zidd olan addımlar
atırlar. Rusiyanın xarici
işlər naziri S.Lavrov
bu məsələyə toxunaraq,
“razılaşmanı öz mövqeyinə
məcburən uyğunlaşdırmaq kimi
cəhdlər təəssüf ki, davam edir”, məqamını
xüsusi vurğulayıb (bax:
əvvəlki mənbəyə). Bu,
həqiqətən, çox əhəmiyyətli
bir qeyddir. Çünki müxtəlif regionlarda
müşahidə edilən ixtilaflar məhz
həmin faktorla sıx bağlıdır.
Əgər bu məsələyə Avropa
və Asiya ölkələrinin münasibəti
müstəvisində baxsaq, ortaya kifayət qədər düşündürücü
incəliklər çıxar. O cümlədən, Cənubi Qafqazda və Şərqi Avropada
olan münaqişələrin həllinin
hansı səbəblərdən uzadılmasını
araşdırmağa ehtiyac yaranır. Doğrudur, Azərbaycan və Gürcüstan
ASEM-in üzvü
deyildirlər. Ancaq Ukrayna
da buraya daxil deyil.
Dağlıq Qarabağ həm Avropa, həm
də Asiyanın məsələsidir. Bəs nəyə
görə, bu problemin
həlli ilə əlaqədar bu təşkilat
hansısa addım atmır? Burada
ATƏT-in Minsk qrupunu
xatırlatmaq olar, çünki
münaqişənin həlli ilə bu qurum məşğul olur.
Amma Ukrayna məsələsi
ilə bütün beynəlxalq təşkilatlar
maraqlanır. Moskvaya bu
və ya digər dərəcədə təsirlər
edilir. Hansı səbəblərdən Cənubi
Qafqaza da eyni cür
yanaşılmır?
Milanda
ASEM-in əsas müzakirə
etdiyi problem Ukrayna oldu. Hətta Almaniyanın kansleri A.Merkel bu məsələni
müzakirə etmək üçün Rusiya prezidentini 1 saat yarım oteldə gözləyib (bax: Sammit “Aziə-Evropa”:
pervoe svidanie Putina i Merkelğ
proşlo neqladko /
DELFI, 17 oktyabr 2014).
Danışıqlarda tərəflər razılığa gələ
bilməyiblər. Almaniya ilə Rusiya arasında Ukraynada
böhranın yaranma səbəbləri və
onun həlli yolları ilə bağlı
fikir ayrılığı vardır. Bunu A.Merkel və V.Putin müzakirədən sonra
etiraf ediblər.
Sonrakı mərhələdə
Almaniya, Rusiya, Fransa və Ukrayna
danışıqlar aparıblar. Bunun nəticəsi pozitiv qiymətləndirilsə
də, ümumilikdə “irəliyə sıçrayış
əldə edilməyib” (bax: Zaçem Putin poexal v Milan?
Mneniə amerikanskix gkspertov / “Qolos Ameriki”, 17 oktyabr 2014).
Tərəflər qazla bağlı
müqavilənin əsas parametrlərini
razılaşdırıblar. Lakin müəyyən
məqamlarda fikir ayrılığı
qalmaqdadır. Bütövlükdə Avropa
liderləri, xüsusilə, Böyük
Britaniyanın baş naziri
D.Kemeron Moskvanın Ukrayna
məsələsində lazımi addımları
atmadığını ifadə ediblər.
Xaos və
etimadsızlıq:
təhlükəsizlik necə mümkündür?
Avropalı siyasətçilər
yalnız Ukrayna ilə bağlı deyil, ümumiyyətlə, Rusiyanın bu tədbirdə iştirakına da eyni mövqedən yanaşmayıblar.
Karnegi Fondunun vitse-prezidenti E.Vays deyib ki, Avropa
İttifaqına üzv olan
bir sıra dövlətlərin rəhbərləri
İtaliyanın V.Putini Milana
dəvət etməsinə soyuq
yanaşıblar (bax: əvvəlki mənbəyə).
Ancaq maraqlıdır ki,
tədbirdə Aİ-nin rəsmi şəxsləri
V.Putinlə apardıqları müzakirələrə müsbət
qiymət veriblər. H.V.Rompey, J.M.Barrozu və başqa
yüksək vəzifəli şəxslər Rusiya
prezidenti ilə müzakirələrə
ümidlə yanaşdıqlarını deyiblər.
ABŞ-ın
Ukraynadakı keçmiş səfiri C.Herbst isə V.Putini tədbirin
“mərkəzi fiquru” adlandırıb (bax: əvvəlki mənbəyə). Rusiya dövlət
başçısının Serbiyada hərbi
paradda iştirakı da
pis qarşılanmayıb. Bu,
diplomatik gediş kimi qiymətləndirilib. Lakin
bir sıra siyasətçilər V.Putinin sadəcə manevr
etdiyini söyləyirlər. Onların fikirlərinə görə, Rusiya prezidentinin əsas məqsədi
ölkəni sanksiyalardan
yayındırmaqdır (bax: Sammit “Aziə-Evropa”:
povestka dnə pereqovorov
/ “Qolos Ameriki”, 16 oktyabr 2014).
Bütövlükdə
isə Qərblə Rusiya Milanda
Ukrayna məsələsində
razılığa gələ bilməyiblər. Prezident P.Poroşenko da bunu müəyyən dərəcədə
etiraf edib.
Ukraynanın şərqində seçkilərin dekabr ayında olması və onun
rəsmi Kiyevin qəbul etdiyi
qanunlar çərçivəsində həyata
keçirilməsi haqqında razılığa necə əməl
ediləcəyi də tam məlum deyil. Bu səbəbdən
ASEM-in həmin problemin
həllində hansısa bir ciddi rol oynaya
biləcəyi məsələsi qaranlıq qaldı. Əvəzində,
Moskvanın Avropa siyasətinin bir sıra məqamları aydın oldu.
Ekspertlər hesab edirlər ki, Kreml Avropa dövlətləri
arasında fikir ayrılığı
yaradır. Serbiya prezidenti
Rusiyanı dəstəkləməkdə davam
edəcəklərini açıq bildirib.
V.Putin də cavabında hər zaman onların yanında olacaqlarını deyib. Moskvaya mülayim münasibət bəsləyən başqa Aİ ölkələri də
vardır. Bu o deməkdirmi
ki, Aİ-nin Rusiya siyasəti təşkilatın daxili problemləri ucbatından müəyyən
düzəlişlərə məruz qala
bilər? Bu proses ABŞ-Avropa əməkdaşlığına
zərər yetirə bilərmi?
Çox güman ki, Milan
toplantısından sonra bu
suallara cavab axtarmağa çalışacaqlar. Hər bir halda Asiya
və Avropanın yüksək tədbirində Ukrayna məsələsi kontekstində
Rusiyanın diqqət mərkəzində olması bir çox məqamlardan xəbər
verir.
Görünür, bu səbəbdəndir
ki, toplantıda bir vaxtlar Sinqapur, Yeni Zelandiya və Çilinin təklif etdiyi
və sonralar Amerika
proqramı hesab edilən Trans-Sakit
okean tərəfdaşlığı
(TST) bir qədər kölgədə
qalıb (bax: Rossiə na sammite
“Aziə-Evropa”: mojet li
led tronutğsə? / “Rossiyskiy sovet po mejdunarodnım delam”, 16 oktyabr 2014). O cümlədən, Asiya ölkələri tərəfindən bir zamanlar irəli
sürülən inteqrasiya modellərinə
elə də diqqət yetirilməyib. Təbii ki,
bunlara müəyyən dərəcədə
toxunulub, lakin daha aktual olan
yenə də Ukrayna problemi
hesab olunur.
Bunlar ASEM-in Milan toplantısının dünya
siyasəti üçün xüsusi əhəmiyyət kəsb edən Ukrayna böhranına daha çox diqqət yetirdiyini
göstərir. Bu onu
ifadə edir ki,
hazırda Avropa və Asiya
arasında münasibətlərin dinamikasında məhz bu problem ayrıca əhəmiyyət
kəsb edir. Maraqlıdır ki, İŞİD də bu
dərəcədə diqqətə layiq
olmayıb. Avropa özünün
enerji ilə təminatını digər
problemlərdən daha aktual
sayır. Ukrayna-Rusiya münasibətləri
burada prinsipial rol oynayır.
Avropa İttifaqı Şurasının sədri H.V.Rompeyin ASEM-in plenar sessiyasında çıxışı
zamanı “Asiya və Avropanın bir-birinə
ehtiyacı var” tezisini
vurğulamasının yuxarıda ifadə edilən fikirlərə
birbaşa aidiyyəti var
(bax: Elena Çernenko. “Nablödaetsə xaos i opasnıy rost defiüita doveriə” / “Kommersantc”,
16 oktyabr 2014). Onun
sözlərinə görə, XXI əsrdə heç bir ölkə təcrid
vəziyyətində yaşaya bilməz. Bu səbəbdən mövcud
münaqişələri sülh yolu ilə həll etmək zəruridir.
Bizcə, yaxşı
mövqedir. Qalır buna
reallıqda əməl etmək. Bunun üçün ilk
növbədə ikili yanaşmalardan
imtina etmək gərəkdir. Qərb bu barədə düşünürmü?
Milan toplantısında həmin məsələ
ilə bağlı müzakirə aparılıbmı? Düşünürük ki,
aparılmayıb.
İki sahil.- 2014.- 31 dekabr.- S.15.