Sərmayələr üçün
etibarlı ölkə
Dövlət
başçısı İlham Əliyev uğurların
fonunda bu əminliyi ifadə edir ki, Azərbaycan çox önəmli
iqtisadi və enerji tərəfdaşına çevriləcək,
ən əsası bundan sonra da xalqımızın yüksək
rifahı təmin ediləcək
Ölkə Prezidenti İlham Əliyev müstəqillik tarixində qazanılan uğurlardan bəhs edərkən bir daha bu reallığı diqqətə çatdırır ki, ölkə iqtisadiyyatı və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil “Əsrin müqaviləsi”nin imzalanması oldu. Bu müqavilə imzalanmasaydı, Azərbaycanın vəziyyəti tam başqa ola bilərdi. “Əsrin müqaviləsi” Azərbaycanı dünyada tanıtdı, dünya iqtisadiyyatının bir parçası kimi təqdim etdi, ölkəyə böyük həcmdə investisiyalar gətirdi. Azərbaycan bu gün nəinki öz, eyni zamanda tərəfdaşlarının maraqlarını təmin edir. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi kimi qəbul edilir, yeri və rolunu daha da möhkəmləndirir.
Bu uğurlara nail olmaq üçün keçilən yola nəzər salaq. Ulu öndər Heydər Əliyevin iqtiadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi onun uzaqgörən siyasətinin göstəricilərindəndir. Dahi şəxsiyyət bildirirdi ki, heç bir dövlət qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi olmadan iqtisadiyyatını təkbaşına inkişaf etdirə bilməz. Dövlətimizin “açıq qapı” siyasəti, xarici investorlarda qoyacaqları vəsaitlərin təhlükəsizliyinə böyük inam yaratması investisiya axınının sürətlənməsinə, əməkdaşlıq əlaqələrinin genişlənməsinə imkan yaratdı. Azərbaycanın malik olduğu təbii resursların dünya bazarlarına çıxarılması, neft gəlirlərinin ölkəmizin hərtərəfli inkişafına, xalqımızın rifahının yüksəlməsinə yönəldilməsi ulu öndər Heydər Əliyevin uzağa hesablanmış fəaliyyətində əsas yer tuturdu. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Bakıda təntənəli şəkildə Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti arasında sonralar “Əsrin müqaviləsi”” adını almış “Azəri, Çıraq və Günəşli (suyun dərin hissəsi)” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalandı. Ulu öndərin müəllifi olduğu neft strategiyasının təməli “Əsrin müqaviləsi””nin imzalandığı gün qoyuldu və 1994-cü ilin 20 sentyabrı tarixə müstəqil Azərbaycanın neft sənayesinin ən parlaq mərhələsi kimi yazıldı. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev həmin günü müvafiq fərmanı ilə Neftçilər Günü” kimi əbədiləşdirdi. “Əsrin müqaviləsi”nın imzalanması ilə Azərbaycan nəinki Xəzər hövzəsinin böyük, zəngin resurslarını dünya şirkətləri üçün açdı, eyni zamanda, ölkəmizin uzunmüddətli və uğurlu inkişafını təmin etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını əks etdirir. Bu gün Azərbaycan investisiya cəlbediciliyinə görə MDB məkanında ön yerdə dayanır. 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 160 milyard dollar investisiya qoyulub. Bu investisiyaların 50 milyard dollardan çoxu neft-qaz sektorunun payına düşür.
Beynəlxalq əhəmiyyətli BTC neft kəmərinin 2006-cı ildə, BTƏ qaz kəmərinin 2007-ci ildə istifadəyə verilməsi ölkəmizin uzunmüddətli iqtisadi inkişafının əsasını qoydu. BTC Azərbaycanın milli maraqlarına cavab verən, respublikamızın iqtisadi qüdrətinin yüksəlməsinə, təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş çox mühüm bir layihə olduğunu sonrakı illərdə təsdiqlədi. Regional əhəmiyyətli bu layihə həm də ölklərarası dostluğun, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. “Neft siyasəti təkcə iqtisadi amil və enerji amili deyil, bu geniş, geosiyasi gündəliyin böyük tərkib hissəsidir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi enerji təhlükəsizliyi məsələləri nəinki enerji resurslarını istehlak edən, o cümlədən onları hasil edən ölkələrdə ciddi müzakirə olunur. Buna görə də istehlakçıların, tranzit ölkələrin və hasilatçıların maraqları arasında tarazlıq və bu maraqların üst-üstə düşməsi birgə səylərin əsasını təşkil edir.
Zaman keçdikcə Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü təsdiqini tapdı. Kəmərin istifadəyə verilməsi ilə regional statusdan çıxaraq beynəlxalq əhəmiyyətli layihə kimi dünya birliyi dövlətlərinin marağına səbəb olan BTC-nin istismarı ilə Azərbaycanın büdcəsi möhkəmləndi. Azərbaycan Hasilat Sənayesi üzrə Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkə kimi tanındı. Neftdən əldə olunan gəlirin ədalətli bölünməsi və əhalinin sosial müdafiəsinin təminatı, qeyri- neft sektorunun inkişafı naminə sərf olunması üçün yaradılan Dövlət Neft Fondunun aktivlərinin 35 milyard dollardan artıq olması neft strategiyasının uğurlu icrasının nəticəsidir.
BTC-dən sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, əhəmiyyətinə görə bu layihələrdən heç də geri qalmayan, istifadəsi cari ildə nəzərdə tutulan, Avropa və Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilişinə başlanılması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu, regional əhəmiyyətini artırdı.
Bu gün Azərbaycan nefti Bakı -Tbilisi-Ceyhan, Bakı-Novorossiysk, Bakı -Supsa kəmərləri, təbii qazı isə Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə dünyanın bir çox ölkəsinə nəql olunur. Bu sistemdə ulu öndər Heydər Əliyevin şah əsərlərindən hesab olunan, sutkada bir milyon barrel Azərbaycan neftini tam təhlükəsiz Aralıq dənizi sahillərinə ixrac imkanına malik BTC-nin xüsusi yeri var. İndi BTC artıq Azərbaycan neftinin deyil, Mərkəzi Asiya ölkələrinin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan yaradan infrastruktur kimi böyük əhəmiyyət daşıyır.
Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün həm də qaz ixracatçısıdır. Son illərdə müxtəlif ölkələrlə imzalanan sazişlərə, Anlaşma Memorandumlarına diqqət yetirsək, qaz sahəsində əməkdaşlığa xüsusi önəm verildiyinin şahidi olarıq. Azərbaycan o ölkələrdəndir ki, həm qaz, həm neft resursları kifayət qədər böyükdür. Neft-qaz hasilatı ildən-ilə artır. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu məsələyə diqqət yönəldərək bildirir ki, enerji siyasətimiz Azərbaycan xalqının maraqlarını təmin etməklə yanaşı regional əməkdaşlığı dərinləşdirmək məqsədinə xidmət edir. Azərbaycanın ixrac imkanlarını genişləndirmək üçün ciddi səylər göstərdiyini xüsusi vurğulayan dövlət başçısı İlham Əliyev bütün tranzit məsələlərin həllini tapacağına və Azərbaycan qazı üçün yeni bazarların aşkarlanacağına əminliyini ifadə edir. Ölkə Prezidenti bildirir ki, 2010-cu ilin sonunda aşkarlanan “Ümid”, 2011-ci ilin sentyabarında “Abşeron” qaz yatağı Azərbaycanın qaz potensialına öz töhfəsini verməklə, Avropa və dünya qaz bazarlarında rolunu artıracaq. Azərbaycan qaz ölkəsi kimi də dünyada öz sözünü deyəcək.
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti dünyanın aparıcı şirkətləri arasındadır. Xarici şirkətlərlə uğurla əməkdaşlıq ölkəmizə yeni, müasir təcrübəni gətirdi. “Ümid” qaz yatağının aşkarkarlanması ARDNŞ-in hansı imkanlara və potensiala malik olduğunu açıqladı. Dövlət başçısı İlham Əliyev “Abşeron” blokunda yeni böyük qaz yatağının kəşfində də bu amilin rolunu xüsusi vurğulamışdır. “Abşeron” yatağının Azərbaycan geoloqları tərəfindən hələ 60-cı illərdə kəşf edildiyini xatırladan ölkə Prezidenti bildirmişdir ki, suyun dərinliyini nəzərə alsaq o vaxt bu yataqda işlərin aparılması üçün imkanlar yox idi. Hazırda ölkəmizin, eyni zamanda ARDNŞ-in malik olduğu iqtisadi və texniki imkanlar Xəzər dənizinin istənilən yerində qazma və kəşfiyyat işlərini aparmağa əsas verir.
Bu gün Azərbaycan şirkətləri başqa ölkələrə böyük həcmdə investisiyalar qoyurlar. Beynəlxalq enerji bazarlarına çıxmaq üçün xarici investisiya layihələrini qətiyyətlə davam etdirən ARDNŞ müxtəlif ölkələrdə investisiya layihələri həyata keçirir. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev Şirkətin qarşısında dünya miqyasında beynəlxalq və aparıcı şirkətlərin birinə çevrilmək vəzifəsini qoymuşdur. ARDNŞ-in adının nüfuzlu beynəlxalq şirkətlər sırasında çəkilməsi bu istiqamətdə atılan addımların nəticəsidir. Son illər ARDNŞ 10-dan artıq ölkədə fəaliyyət göstərən nümayəndəlikləri, İsveçrə, Türkiyə, Gürcüstan, Ukrayna və Sinqapurdakı müəssisələri vasitəsilə dünya enerji bazarına inamla daxil olmuşdur. Xaricdəki investisiya layihələri özünü doğruldur. 2008-ci ildə ARDNŞ Türkiyədə “Petkim” şirkətinin əsas səhmdarlarından biri oldu.
Qonşu Gürcüstandakı investisiya layihələrindən bəhs edərkən ilk növbədə Kulevi Qara Dəniz Terminalı qeyd edilir. Eyni zamanda Gürcüstanda neft məhsullarının səmərəli satışını həyata keçirən “SOCAR Georgia Petroleum”, qonşu ölkənin indiyədək qazlaşdırılmamış bölgələrinə yeni xətlərinin çəkilməsində, əhalinin təbii qazla təminatında mühüm rol oynayan “SOCAR Georgia Gaz” kimi ARDNŞ-in törəmə müəssisələrinin fəaliyyəti də yüksək qiymətləndirilir. Şirkət Gürcüstanda yanacaqdoldurma stansiyalarından ibarət böyük bir şəbəkə yaratmış və neft məhsullarının SOCAR brendi altında reallaşdırılması istiqamətində mühüm iş aparır. “SOCAR Georgia Petroleum” MMC qonşu ölkədə müasir standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin inşasını davam etdirir.
ARDNŞ-in ölkəmizin sərhədləri xaricində həyata keçirdiyi investisiya layihələri Türkiyə və Gürcüstanla məhdudlaşmır. Ukraynada da ARDNŞ yanacaqdoldurma məntəqələrinin yaradılması proqramının reallaşdırır və neft emalına sərmayə qoyuluşu imkanlarını öyrənir. Bu da Şirkətin etibarlı tərəfdaş kimi uğurlu əməkdaşlığına sübutdur.
2011-ci ildə ARDNŞ Avropadakı kommersiya fəaliyyətinin genişləndirilməsi istiqamətində daha bir uğura imza ataraq, “Esso Schweiz GmbH” şirkəti səhmlərinin alqı-satqısı ilə bağlı “Exxon Mobil Central Europe Holding GmbH” şirkəti ilə saziş imzalamışdır. Bu əlamətdar hadisə tək ölkəmizdə deyil, Avropada da böyük marağa səbəb olaraq, mətbuat orqanlarında geniş şərh olundu.
Ölkəmizin neft-qaz sahəsində əməkdaşlıq təcrübəsi nümunə göstərilir. Yeni yataqların aşkarlanması neft-qaz ehtiyatlarının həcminin artmasına geniş imkanlar açır ki, bu da yeni layihələrin gündəmə gətirilməsini zərurətə çevirir. “Bizim çox böyük qaz yataqlarımız, kəmərlərimiz, şaxələndirilmiş ixrac yollarımız vardır. Biz bu imkanlardan istifadə etməliyik. Nə qədər çox ixrac imkanlarımız olsa, bizim üçün o qədər yaxşıdır” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, bu gün enerji inkişafımızın yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bizim üçün çox əhəmiyyətlidir.
Azərbaycanla Avropa İttifaqı arasında imzalanan enerji sahəsində əməkdaşlığa dair Memorandum, 2011-ci ilin yanvarında “Cənub qaz dəhlizi haqqında” Birgə Bəyannamə bir daha təsdiqlədi ki, zəngin neft və qaz yataqlarına, müasir infrastruktura malik olan ölkəmizin enerji təchizatının şaxələndirilməsində rolu daha da artır. Hər iki tərəfin bu əməkdaşlıqdan səmərə qazana biləcəyini bildirən Avropa İttifaqının təmsilçiləri qeyd edirlər ki, Azərbaycan neft-qaz ölkəsi kimi bizim üçün çox vacib tərəfdaşlardan biridir, hasilatçı, trazit ölkə kimi çox mühüm rol oynayır. Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə rolunu oynadığı xüsusi vurğulanır. Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, millətləri, xalqları bir-birinə birləşdirməlidir.
Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bolgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı da Azərbaycanın müxtəlif sahələrdə iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bildirir ki, bütün layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır.
“Azərbaycan əvvəlcədən Cənub enerji dəhlizinə dəstək vermişdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir: “Cənub dəhlizi deyəndə, bütün Qərb istiqamətində gedəcək layihələr nəzərdə tutulub. O layihələr çoxdur, ona görə onları bir-birindən ayırmaq, məncə, düzgün olmaz. Baxmayaraq ki, Avropada bəzi ölkələr hansısa bir layihəni dəstəkləyir. Bizim üçün, əslində bunun böyük fərqi yoxdur. Cənub dəhlizi deyəndə, biz həm Nabukkonu, həm Türkiyə-Yunanıstan-İtaliya, həm də Transadriatik layihələrini nəzərdə tuturuq. Artıq Azərbaycan, Gürcüstan, Rumıniya arasında qaz nəqliyyatı üzrə memorandum imzalanmışdır. Ümid edirəm ki, bu layihə də uğurlu olacaqdır. Əslində bu layihə də “Cənub dəhlizi”nin bir parçasıdır. Biz bütövlükdə, bu istiqamətə “Cənub dəhlizi” kimi baxırıq və öz siyasətimizi buna uyğun şəkildə aparırıq.”
Bu qənaət bildirilir ki, qeyd olunan layihələr həyata keçirilsə, Azərbaycanda qazın hasilatı indikindən ən azı 16 milyard kubmetr çox olacaq və ümumi hasilat 40 milyard kubmetri keçəcək. “ Bir daha demək istəyirəm ki, biz azad rəqabət, bazar iqtisadiyyatı prinsiplərinin tərəfdarıyıq. Biz nəinki qaz sahəsində, bütün sahələrdə istəyirik ki, azad rəqabət və bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etsin. Bizim təklifimiz məhz bunun əsasında qurulubdur. Biz də bəzi başqa ölkələr kimi, reallığı əks etdirməyən təkliflər verə bilərdik. Biz onları vermirik. Yenə də demək istəyirəm, Azərbaycanın coğrafi vəziyyəti və infrastruktur imkanları elədir ki, biz öz qaz potensialımızı istənilən həcmdə, istənilən istiqamətdə reallaşdıra bilərik.”
Ölkəmizin enerji resurslarından bəhrlənməkdə maraqlı olan avropalı ekspertlərin respublikamıza rəsmi səfərləri zamanı keçirilən müzakirələrdə enerji ilə təminat məsələsinin prioritet təşkil etməsi bir daha göstərir ki, Avropada enerji təhlükəsizliyi ilə bağlı baxışlar Azərbaycanın mövqeyi ilə eynidir. Avropa dövlətləri üçün Azərbaycan sabit və mühüm enerji mənbəyi olmaqla sərmayələr üçün də etibarlı ölkədir. Ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlara diqqət yönəldən dövlət başçısı İlham Əliyev bu gerçəkliyi də açıqlayır: “Azərbaycan həm də qlobal transmilli və çoxsaylı regional layihələrin əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də regionumuz və dünya üçün mühüm əhəmiyyət kəsb edir... Hesab edirəm ki, “Şahdəniz-2” dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə “XXI əsrin kontraktı”” kimi düşəcəkdir.”
Ölkə Prezidentinin xarici ölkələrə, eyni zamanda bu və ya digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri zamanı keçirilən görüşlər tərəflərin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu təqdimatları daha da zənginləşdirən amillərdən biri də keçirilən biznes forumlar, imzalanan sənədlər olur. Keçirilən görüşlərin hər birində Azərbaycanın bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu önə çəkilərək gələcəkdə bu rolun daha da artacağına inam ifadə edilir. “Azərbaycan Xəzər hövzəsində enerji resurslarının dünya bazarlarına, o cümlədən Avropaya çıxarılmasında öz liderlik funksiyasını davam etdirir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir: “Əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri hər bir ölkənin milli təhlükəsizlik məsələlərinə çevrilmişdir və Azərbaycanın zəngin neft-qaz resursları, mövcud və yaranmaqda olan nəqliyyat infrastrukturu Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişdirmişdir.”
Bu fikir dəfələrlə qeyd olunmuşdur ki, Azərbaycan neft və qaz ixracatçısı kimi beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir, təşəbbüsçüsü və iştirakçısı olduğu layihələr ölkələr, xalqlar arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə öz töhfəsini verir. “Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir. Bizim hər bir məsələ ilə bağlı öz fikirlərimiz, mövqeyimiz vardır. Beynəlxalq müstəvidə müstəqil siyasət aparmaq üçün ilk növbədə, daxildə bütün işlər lazımi səviyyədə təşkil edilməlidir. Əlbəttə ki, bizim iqtisadi gücümüz, iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi böyük dərəcədə gücləndirmişdir” söyləyən dövlət başçısı İlham Əliyev görülən işlərin ümumiləşdirilmiş ifadəsi olaraq bildirir ki, məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür. Regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirir. Son on ildə ölkəmiz dünyada ən sürətli templərlə inkişaf edib. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyi ələ almaq da uğurlu sosial-iqtisadi siyasətə əsaslanır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyat 3,4, sənaye istehsalı 2,7 dəfə artıb. Cari ilin ötən dövründə qeyri-neft sektoru 8,8 faiz təşkil edib. Bu da dünya miqyasında ən böyük göstəricilərdən biridir. Son on ildə bir milyon 300 mindən artıq yeni iş yeri açılıb. Yoxsulluq 5,3 faiz, işsizlik 5 faiz təşkil edir. Bir əsas rəqəmi də qeyd edək ki, iqtisadiyyatın aynası olan dövlət büdcəsi son on ildə 20 dəfədən çox artıb. Bütün bunlar bir neçə il bundan öncə Beynəlxalq Valyuta Fondunun proqnozunda əksini tapan bu rəqəmin reallığa çevriləcəyinə əsas verir. Qurumun hesabatında bildirilmişdir ki, yaxın illər ərzində Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə 200-250 milyard dollar vəsait daxil olacaq. İnkişaf tempi bu şəkildə davam etdiyi təqdirdə ölkədə yoxsul olmayacaq. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə dövlət büdcəsi 1,3 milyard dollar olmuşdur. Bu gün isə həmin rəqəm 25 milyard dollardan çoxdur. Valyuta ehtiyatları 2003-cü ildə 1,6 milyard dollar, bu gün isə 54 milyard dollara çatıb. Yoxsulluğun səviyyəsi 2003-cü ildə 49 faiz, hazırda isə 5,3 faizdir. İqtisadiyyatın inkişafında neft amilinin önə çəkilərək, ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəyə xidmət edən enerji layihələrinin uğurlu icrası, eyni zamanda neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin qorunması qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir. Artıq bu gün dünya “Şahdəniz-2” layihəsinin perspektivlərindən, Azərbaycana qazandıracağı uğurlardan bəhs edir. Ötən ilin iyununda Trans-Adriatik kəməri layihəsinin (TAP) seçilməsinə, ilin sonunda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanmasına diqqət yönəldən Prezident İlham Əliyev bildirir ki, bu gün Azərbaycan enerji təhlükəsizliyi baxımından qitə üçün əvəzolunmaz tərəfdaşa çevrilib. XXI əsrin kontraktı imzalanmışdır. Azərbaycan əsas iqtisadi yükü və əsas məsuliyyəti öz üzərinə götürüb. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti dərk edirik və biz liderlik göstərərək bu layihələri, böyük layihələri icra edə bilərik. Dövlət başçısı İlham Əliyev uğurlarımızın fonunda bu fikri böyük qətiyyətlə və inamla ifadə edir: “Azərbaycan beynəlxalq birliyin fəal üzvüdür. Ölkə müasirləşir və biz gələcəyə böyük nikbinliklə baxırıq.”
Ölkəmiz tərəfindən irəli sürülən layihələrə beynəlxalq dəstək eyni zamanda həyata keçirilən siyasətə dəstəkdir. Ölkəmizin ev sahibliyi etdiyi forumların, konfransların, sammitlərin miqyasına, keçirilən görüşlərdə söylənilən fikirlərə diqqət yetirdikdə də bu dəstək özünü qabarıq şəkildə büruzə verir. İyunun əvvəlində ənənəvi keçirilən XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi-konfransı da Azərbaycanın bir ildə enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyəti rol oynadı. Bu əminlik ifadə olunmuşdur ki, növbəti sərgidə yeni uğurlardan danışılacaq. Azərbaycan dövlətinin siyasi iradəsi və qətiyyəti əsasında gerçəkləşən layihələr iqtisadi və maliyyə imkanlarının genişlənməsi ilə müşaiyət olunur ki, bu da öz növbəsində yeni-yeni layihələrə stimul verir. Bir faktı da qeyd edək ki, ilkin hesablamalara görə, “Şahdəniz-2” və bu layihə ilə bağlı olan digər layihələr Azərbaycana təxminən 45 milyard dollar yeni investisiyaların qoyulmasına gətirib çıxaracaq. Ölkə iqtisadiyyatına qoyulan investisiyarın həcmində ilbəil nəzərə çarpan artım da Azərbaycanın gələcəyinə inamın göstəricisidir.
Bütün bunları ümumiləşdirilmiş şəkildə belə ifadə edə bilərik ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Dünya enerji xəritəsində özünəməxsus rola malik olan ölkəmizin mövqeləri möhkəmlənir, irəli sürdüyü və gerçəkləşdirdiyi təşəbbüslər bu sahədə yeni vəziyyətin yaranmasına gətirib çıxarır.
Əliyeva Yeganə.
İki sahil. -2014.- 2 sentyabr. S. 6.