ARDNŞ və BP arasında kadr hazırlığı üzrə sənədlər
imzalandı
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində ARDNŞ və BP arasında yerli işçi qüvvəsinin təlimi və inkişafı, eləcə də insan resursları sahəsində əməkdaşlığın genişləndirilməsinə dair iki sənəd imzalandı. Qeyd edək ki, birgə təşkil olunmuş tədbirdə imzalanan sənədlər tərəflərin neft-qaz sənayesi ilə bağlı peşələr üzrə ixtisaslaşan azərbaycanlı işçilər üçün təlim və inkişaf imkanlarının yaradılması istiqamətində əməkdaşlıq etmək öhdəliyinə sadiqliyini bir daha təsdiq edir.
Tədbirdə çıxış edən ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirdi ki, imzalanan sənədlər BP-nin Azərbaycandakı fəaliyyətləri üçün tələb olunan neft-qaz ixtisasları və peşələri üzrə personalın milliləşdirilməsi sahəsində mövcud əməkdaşlığı daha da genişləndirmək imkanı verir: “Birinci sazişə əsasən, BP şirkəti öz üzərinə ARDNŞ-in Qobustandakı Regional Təlim Mərkəzində 100 nəfər azərbaycanlı gəncin təlim almasına dəstək göstərmək haqqında öhdəlik götürür. Biz hesab edirik ki, bu, Azərbaycan gəncləri üçün ölkəmizdə həyata keçirilən dünya səviyyəli neft və qaz layihələrinə cəlb olunmaq baxımından əlverişli fürsətdir. Saziş eyni zamanda Azərbaycan neft-qaz sənayesi üçün müasir standart və tələblərə cavab verən peşəkar fəhlələrin hazırlanması işinə mühüm töhfə olacaq.”
X.Məmmədov qeyd etdi ki, şirkətlərimiz saziş çərçivəsində təhsil alan gənclərin təlim prosesinə nəzarəti birlikdə həyata keçirəcək, onların ən yaxşıları məktəbi bitirən kimi müxtəlif layihələrdə işə cəlb ediləcək: “İmzaladığımız Anlaşma Memorandumu ölkəmizin əmək ehtiyatlarından səmərəli istifadə etmək məqsədi ilə birgə fəliyyətimizi tənzimləmək üçün etibarlı əsas yaradır. Bu sənəd bizə imkan verəcək ki, ARDNŞ və BP Azərbaycanın neft-qaz sənayesində ehtiyac duyulan milli kadrların ehtiyat bazasını yaratsınlar və həmin bazanın resurslarından səmərəli istifadə etsinlər. ARDNŞ, BP və digər tərəfdaşlar gənclərimizə yeni imkanlar yaradılması və neft sənayesində yüksək ixtisaslı yerli kadrların yetişdirilməsi istiqamətində fəaliyyətlərimizdə öhdəliklərimizə sadiqlik nümayiş etdirirlər.”
Qeyd edək ki, imzalanan sənədlərdən biri ARDNŞ-in Qobustan Regional Təlim Mərkəzində yerli işçi qüvvəsinin təlimi sahəsində əməkdaşlığa dair saziş çərçivəsində BP şirkəti Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan 100 nəfərin peşə və texniki təliminə dəstək olmaq barədə öhdəlik götürür. Onların bir illik təlimi ilə bağlı təhsil haqqı və digər xərcləri BP və onun tərəfdaşları tərəfindən ödəniləcək. Digər sənəd ARDNŞ və operator BP şirkəti arasında razılaşdırılmış işəgötürmə və təyinat proseslərinə dair Anlaşma Memorandumu Azərbaycanda BP şirkətinin əməliyyatçılığı ilə həyata keçirilən bütün hasilatın pay bölgüsü haqqında sazişləri əhatə edir və işçilərin işə götürülməsi sahəsində əməkdaşlıq etmək üçün ümumi bir baza təqdim edir. Anlaşma Memorandumu BP şirkəti tərəfindən şirkətxarici namizədlərin işə götürülməsi məqsədilə elan edilmiş və yerli əməkdaşlar üçün nəzərdə tutulmuş vakansiyalara işçilərin qəbul olunmasında ARDNŞ və BP-yə əməkdaşlıq imkanı yaradır.
Bildirildi ki, BP və onun tərəfdaşları neft sənayesindəki yerli işçi qüvvəsinin inkişaf etdirilməsi istiqamətində ARDNŞ ilə daha yaxından əməkdaşlıq etmək üçün yeni imkanların yaranmasından məmnunluq duyur. BP şirkəti ölkənin nəhəng neft və qaz layihələrinin artan tələbatını ödəmək üçün dünya səviyyəli potensialın yaradılması istiqamətində Azərbaycanın göstərdiyi səyləri dəstəkləmək öhdəliyinə sadiqdir. İmzalanan sənədlər ixtisaslı kadrların və işçi qüvvəsinin inkişafına dəstək olaraq, onların BP-nin əməliyyatçı olduğu layihələrdə maksimum sayda işə cəlb oluna bilməsi üçün göstərilən səylərə uyğundur. Bu səylər BP-nin 2014-2018-ci illəri əhatə edən milliləşdirmə planının bir hissəsidir. Ümumilikdə, bu plan milliləşdirmə ilə bağlı qarşıya qoyulan hədəflər istiqamətində irəliləməyi nəzərdə tutur və bunun bir hissəsi kimi, BP və onun tərəfdaşları yerli işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaq üçün müxtəlif təhsil və təlim proqramları vasitəsilə ARDNŞ ilə əməkdaşlıq etməkdən məmnunluq duyur.
Sonra sənədlərin imzalanma mərasimi
keçirildi. İlk olaraq ARDNŞ-in Qobustan Regional Təlim Mərkəzində
yerli işçi
qüvvəsinin təlimi sahəsində əməkdaşlığa
dair sazişi ARDNŞ-in kadr, rejim və informasiya
texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və “BP-Azerbaijan”
Şirkətinin əlaqələr, şirkətxarici
işlər və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov
imzaladılar. ARDNŞ və operator
BP şirkəti arasında
razılaşdırılmış işəgötürmə
və təyinat proseslərinə dair Anlaşma Memorandumu isə
ARDNŞ-in kadr, rejim və informasiya
texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və “BP-Azerbaijan”
Şirkətinin insan resursları üzrə
vitse-prezidenti Leyla Novruzova imzaladılar.
Rəhimzadə Nail.
İki sahil. -2014.- 2 sentyabr. S. 7.